4:29 pm - Çərşənbə İyul 26, 2017

İSLAM ƏXLAQI

(əvvəli ötən saylarımızda)

İslam

İslam

Zülmün ziddi bir fəzilətdir ki, ona ədalət və insaf deyilir. Bu barədə Quran ayələri, hədis və əxbar həddən ziyadədir. Allah-təala Quranda buyurub: “Allah ədalətə və yaxşı əməllərə əmr edir”.

İmam Cəfər Sadiq (ə) buyurub: “Ədalət baldan şirin, yağdan yumşaq, müşkdən ətirlidir”.

Bu kəlamın mənasını dərindən düşündükdə bu barədə mübaliğə yoxdur; həqiqətən bir cəmiyyət təmamilə ədalət üzərində qurulmuş olarsa, heç kəsin hüquqi tapdalanmasa, izzəti-şəni hifz olunub, heysiyyətinə hörmət olarsa, orada yaşamaq və o cəmiyyətin üzvlərilə ünsiyyətdə olmaq məzkur kəlamda bəyan edilən kimi olar. Çünki balın şirinliyi, yağın yumşaqlığı və müşkün xoş ətri cismani aləmdəki hissiyyatla duyulur. Lakin ədalətli bir cəmiyyətin həyatından alınan ləzzət, ruhani ləzzətdir. Ruhani ləzzət isə cismani ləzzətdən çox-çox ləzzətlidir.

* * *

Müsəlman qardaşları qorxutmaq, onların qəlbinə xövf salmaq da əziyyətin bir növüdür. Belə şeylər çox vaxt ədavətdən və paxıllıqdan meydana çıxır ki, bu da qəzəb qüvvəsinin rəzalətlərindəndir.

Paxıl adamlar bu işə daha çox meyil göstərir; onlar həsəd apardığı şəxsi bilavasitə incitmək üçün cəsarət etmirlər, çünki əksər hallarda paxıl adamlar qorxaq olurlar.

Odur ki, onlar bir vasitə ilə o şəxsi qorxuya salıb, onu nigaran və narahat etməklə bu işdən həzz alıb rahatlanırlar.

Bu rəzalətin ziddi müsəlmanları sevindirmək, onların qəlbinə fərəh daxil etmək bir fəzilətdir ki, onun həqqində çoxlu hədis və əxbar varid olubdur.

Peyğəmbər (s) buyurub: “Hər kəs bir mömini şad etsə, məni şad etmiş olar, hər kəs məni şad etsə Allahı şad etmiş olar”.

Yenə buyurub: “Həqiqətən, Allah-təalanın ən çox xoşuna gələn əməl, möminlərin qəlbinə şadlıq daxil etməkdir”.

Yenə o Cənab buyurub: “Hər kəs mömini zalimdən qoruyub himayə etsə, Qiyamət günü Allah-təala bir mələk təyin edər ki, onun bədənini Cəhənnəm odundan qorusun”.

Yenə də buyurub: “Müsəlman qardaşın zalim də olsa, məzlum da olsa, ona kömək elə”.

O Həzrətdən soruşdular ki, zalimə necə kömək edək, bu cayizdirmi? Buyurur ki, bəli, onu zülmdən çəkindirsəniz, ona kömək etmiş olarsınız. Doğrudan da, hər kəs zalimi zülmdən çəkindirsə, ikiqat səvab etmiş olar: zalimi zülmdən saxladığı üçün o zülmü etməz, günaha batmaz və bu zülm məzluma yetişməz, asudə qalar. Odur ki, bu şəxs iki müsəlmanı əziyyətdən xilas etmiş olar.

İmam Cəfər Sadiq (ə) buyurub: “Hər kəs bir möminin qəlbindən kədəri götürsə, Allah-təala Qiyamət günü onun qəlbindən bütün kədərləri aparar və qəbrdən qalxanda ürəyi buz kimi olar”.

* * *

Qəzəb qüvvəsinin rəzalətlərindən biri də müsəlmanlara kömək etməkdən boyun qaçırmaqdır. Bu keyfiyyət insanlara ya nəfsin zəifliyindən, ya kəsalətdən, ya da simiclikdən meydana çıxır.

Kömək üçün müraciət etmiş adamı rədd etmək, onu pəşiman edib yola salmaq, insanlığa yaraşmayan bir xüsusiyyətdir.

Peyğəmbər (s) buyurub: “Hər kəs müsəlmanların işinə himmət göstərməsə, müsəlman deyil”.

Yenə buyurub: “Hər kəs eşitsə ki, bir nəfər çağırır: “Ay müsəlmanlar!”, ona cavab verməsə, müsəlman deyil”.

Həqiqətən ağır vəziyyətə düşüb insanlardan kömək istəyən kəsə etinasız qalan adam nəinki müsəlman deyil, ona heç insan da demək dürüst deyil. Bu elə rəzalətdir ki, ona heç vaxt həqq qazandırmaq və onu bağışlamaq olmaz.

Bu rəzalətin ziddi-müsəlmanların ehtiyacını ödəmək, onların ləng işlərinə kömək etmək, bir fəzilətdir ki, çox böyük səvabı var. Peyğəmbər (s) buyurub: “Hər kəs müsəlman qardaşın işi üçün gündüz ya gecə bir saat getsə, iki ay etikafdan yaxşıdır, istər o, iş düzəlsin, istər düzəlməsin”.

Müqəddəs məkanlarda, məscidlərdə, məsələn Kufə məscidində uzun müddət qalıb xaricə çıxmamaq şərtilə ibadət etməyə etikaf deyirlər. Demək, müsəlmanlara kömək etmək, şəxsi və fərdi ibadətdən çox- çox əfzəldir.

İmam Cəfər Sadiq əleyhis-səlam buyurub: “Mömin şəxsin ehtiyacını ödəmək, bir qul azad etməkdən və Allah yolunda min at verməkdən yaxşıdır”.

Əgər hədis və əxbarda göstərilən tapşırıqlar olmasaydı da, hər insan öz növünə lazım olan və öz əlindən gələn köməkliyi etməli idi. Bunu hər insanın vicdanı və insafı tələb edir. İnsanlıq zövqündən, az da olsa, xəbərdar olan kəs möhtacın ehtiyacını rəvan etməyin ləzzətini duymalıdır; bu, yüksək mənəvi bir ləzzətdir.

İnsanlıq keyfiyyətlərinə sahib olan şəxs, ona çətin vaxtda göstərilən köməyi ömrü boyu yaddan çıxarmır, yaxşılıq edən kəsə həmişə kiçiklik edir.

Təəssüf ki, əksər hallarda belə olmur; pis günündə ona himayə etdiyin adam xoş günə çıxdıqda nəinki sənin yaxşılıqlarını xatırlayıb öz minnətdarlığını bildirmir, üstəlik, sənə pislik etməyə başlayır.

Bu sətirlərin müəllifinin başına bir neçə dəfə belə işlər gəlib və hər dəfə özünü sakit etmək üçün Həzrət Əli əleyhis-səlamın şeirlə buyurduğu kəlamını xatırlayıb:

“Günlərlə məşğul olub, ona ox atmaq öyrətdim,
Elə ki, qolu qüvvətləndi, mənə ox atmağa başladı.
Uzun zaman ona qafiyə öyrətdim,
Elə ki, qafiyə ilə söz deyə bildi, məni həcv etməyə başladı”.

Məlum olur ki, tarix boyu belə olub; hər yaxşılığa pisliklə cavab veriblər. Bu məsələ ilə əlaqədar olaraq belə bir ibrətamiz əhvalat nəql edirlər:

Bir kişi atla səfərə gedirmiş. Uzaq dağların, vadilərin arasından keçərkən bir uşağın ağlamaq səsini eşidir. Yaxınlaşıb görür ki, atla gedən bir uşağın atının çulu əyilib, xurcunu bir tərəfə sallanıb. Uşaq onu düzəltmək istəyir, lakin gücü çatmır. O, əlləşib yorulmuş, daha heç nəyə ümidi qalmadığı üçün bu tənha çöldə ağlamaqdan başqa əlindən başqa iş gəlmir.

Bu kişi çatan kimi atdan düşür; onun atının çulunu bərkidir, sonra xurcunu atın üstünə salır, uşağı ata mindirib yola salır.

Uşaq deyir:

– Çox sağ ol, əmi; yetiməm mənə kömək elədin, Allah da sənə kömək olar.

Kişi deyir:

– Necə? Yetimsən? Mən nə qədər yetimlər böyüdüb həddi-kəmala yetirmişəm; onların ağızı çörəyə çatan kimi mənə düşmən kəsiliblər. Sən də onların tayı olacaqsan.

Kişi uşağı atdan endirir, atın çulunu boşaldır, xurcunu əvvəlki şəkildə sallana-sallana qoyub yoluna davam edir.

Bu əhvalat, yəqin ki, olmayıb; onu ibrətdən ötrü düzəldiblər; amma həyatda yaxşılıqların nəticəsi belə olur. Odur ki, farslar belə hallarda deyiblər:

“Mən ki, sənə yaxşılıq etməmişəm, nə üçün mənə pislik edirsən?”
Bütün bunlarla bərabər, insan gərək yaxşılıqlardan qalmasın:
Pislik edənə sən yaxşılıq et, ta bəlkə o pislər yaxşılaşa,
İnsanlara bədxah olmaginen ki, çəkməyəsən əfsusu ziyan.
Yoldaşlara Sadiq qal, çətin işlərdə onların imdadına çat,
Bil ki, bu cahan əhli edəcək hər yaxşılığa axırda yaman.

MƏRUFƏ ƏMR. MÜNKƏRDƏN NƏHY

Məruf-şəriətdə vacib və ya müstəhəbb, el içində isə xoşa gələn, cəmiyyətə faydalı olan bəyənilmiş xeyir əməllərə deyilir. Belə yaxşı işlərə bir-birini vadar etmək hər müsəlmana vacibdir.

Müngər isə mərufun əksinə, şəriətdə həram və ya məkruh, el içində isə pis, alçaq, qəbahət və cəmiyyətə zərər verən əməllərə deyilir. Belə əməllərdən nəhy etmək, yəni uzaqlaşdırmaq hər müsəlmana vacibdir.

Bunlar fürui-dinin yeddi və səkkizinci maddələ- ridir ki, mərufə əmr və münkərdən nəhy, yaxud əmr-bə- məruf və nəhy əz- münkər adlanır. Bunların barəsində “İslamın əsasları” kitabında lazımi qədər izahat verilir.

Mərufə əmr və münkərdən nəhy etməyin tərki və ya onlardan boş yapışmaq nəfsin rəzalətlərindən hesab olunur. Bu keyfiyyət əgər nəfsin zəifliyindən baş verərsə, qəzəb qüvvəsinin təfritindən, əgər dünya malı təməindən ötrü olarsa, şəhvət qüvvəsinin ifratından meydana çıxmış olar.

Bu rəzalət hansı səbəb nəticəsində ortaya çıxırsa çıxsın, həmişə cəmiyyət üçün təhlükəlidir. Həqiqətən, əgər yaxşı işlər təbliğ olunmasa, pis əməllərin də qarşısı alınmasa, cəmiyyət fəlakətə doğru sürüklənər. Buna görə də bu iki maddənin yerinə yetirilməsi şəriətdə çox təkidlə tapşırılıb.

Peyğəmbər buyurub: “Dini olmayan zəif mömindən Allahın xoşu gəlmir”.

Ondan soruşurlar ki, “Dini olmayan mömin kimdir?” Buyurur: “Münkərdən nəhy etməyənlər”.

Yenə o Cənab buyurub: “Əlbəttə-əlbəttə mərufə əmr, münkərdən nəhy edin, yoxsa Allah-təala sizin pislərinizi sizə müsəllət edər; sizin yaxşılarınız dua edərlər, müstəcəb olmaz”.

Həzrət Əli əleyhis-səlam buyurub: “Hər kəs münkərdən nəhy etməyi öz qəlbi, əli və dili ilə tərk eləsə, o, dirilərin arasında bir meyitdir”.

Həqiqətən, əgər pis əməllərdən çəkindirmək üçün insanın əlində və dilində imkan olmayan halda qəlbində də nəhy etmək arzusu yoxdursa, onda dirilikdən bir əlamət görünməz.

Əgər münkər icra olunan məclisdəki müsəlmanın məclis əhlini o münkərdən çəkindirməyə imkanı olmasa, o məclisdə oturmamalıdır; məsələn, şərab məclisində oturmuş bir şəxs o camaatı şərabdan nəhy edə bilmirsə, o, məclisdən çıxıb getməlidir; əgər orada qalsa, xəbərlərdə deyildiyi kimi, Allahın lənətinə müstəhəqq olar.

(ardı var)

Əhmədağa ƏHMƏDOV

Filed in: İSLAM ƏXLAQI

Hələ şərh yoxdur

Şərh yazın