2:21 pm - Cümə İyun 23, 2017

Gənclərin ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ FƏNNİNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

Bəşər tarixi böyük müharibə və qarşıdurmalarla zəngin olmuşdur. İnsanlar əvvəl yaşamaq, sonra isə özlərini və torpaqlarını qorumaq uğrunda mübarizə aparmışlar. Bu mübarizələrdə öz vətəninin və xalqının müdafiəsinə qalxan insanlar inam və qətiyyətlə vuruşmuşlar. Onlar mənsub olduqları xalqın, yaşadıqları ölkənin maraqlarını qorumağı hər şeydən üstün hesab etmişlər. Ölkələrin silahlı qüvvələri məhz bu zərurətdən yaranmışdır.

Müasir dünyada dövlətlərin inkişaf səviyyəsi həm də onların müdafiə gücü ilə ölçülür. Onların hər bir vətəndaşının əqli, fiziki və mənəvi cəhətdən bu işə hazır olması ən vacib amillərdən biri kimi dəyərləndirilir.

Gənclərin çağırışaqədərki hazırlığı fənninin ümumtəhsil məktəblərində tam orta təhsil səviyyəsində tədris olunması da Azərbaycan xalqının və dövlətçiliyi-nin qorunmasının və onun ərazi bütövlüyünün təmin edilməsinin əsas qarantı olan Azərbaycan Silahlı Qüvvələrinə əqli və fiziki cəhətdən sağlam və vətənpərvər ruhlu gənclər hazırlamaq zərurətindən irəli gəlir.

Xalqına, vətəninə, tarixinə və adət-ənənələrinə sonsuz məhəbbət hissi bəsləmək, hər an vətənin müdafiəsinə hazır olmaq gənc nəslin yüksək mənəvi keyfiyyətləri hesab olunur. Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi bu keyfiyyətlərin formalaşması üçün geniş imkanlar yaradır.

Sülh şəraitində mürəkkəb və çətin hərbi xidmətin qüsursuz keçilməsi, müharibə zamanı isə döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsini təmin edən bir sıra sosial-psixoloji və intellektual keyfiyyətlərin formalaşdırılması, ilk növbədə isə cəsurluq, düşmənlə mübarizədə dözümlülük, qələbə naminə iradə və təmkinlilik, mürəkkəb şəraitdə düzgün qərar qəbuletmə yüksək psixoloji keyfiyyətlər hesab edilir. Bu keyfiyyətlərin yaranmasında Gənclərin çağırışaqədərki hazırlığı fənninin rolu böyükdür.

Gənclərin çağırışaqədərki hazırlığı fənni Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarına, Nazirlər Kabinetinin qərarlarına və digər normativ-hüquq aktlara əsasən orta ümumtəhsil məktəblərinin tam orta təhsil səviyyəsində və digər təhsil müəsisələrinin buna bərabər mərhələlərində həyata keçirilir. Fənnin tədrisi məktəblərdə əyani tədris vəsaitləri və texniki vasitələrlə təchiz edilmiş hərbi kabinetlərdə ixtisaslı hərbi rəhbərlər tərəfindən aparılır.

Bu fənn tabeliyindən və mülkiyyətindən asılı olmayaraq ümumtəhsil məktəblərində, gimnaziyalarda, liseylərdə tam orta təhsil pilləsində, texniki peşə məktəblərində, peşə liseylərində və orta ixtisas məktəblərində dövlət əhəmiyyətli bir fənn kimi tədris edilir.

Fənn üzrə tədris proqramı üç məzmun xəttindən ibarətdir:
Birinci məzmun xətti: Dövlət təhlükəsizliyinin tarixi və hüquqi əsasları;
İkinci məzmun xətti: Həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı;
Üçüncü məzmun xətti: Tibbi biliklər və ilk tibbi yardım qaydaları.

Birinci məzmun xəttinin tədrisi zamanı şagirdlər Azərbaycan Silahlı Qüvvələrinin tarixini öyrənməklə vətənpərvərlik ruhunda tərbiyə alır, onlarda vətənə və xalqa sədaqət, Azərbaycan Silahlı Qüvvələrində xidmətin müqəddəs və şərəfli bir iş olmasına inamın, əqidəlilik, cəsurluq və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin formalaşmasına zəmin yaranır. Onlar Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunvericilik aktlarının ölkənin müdafiəsinə aid tələbləri ilə tanış olur, ölkənin müdafiəsinə dair vətəndaşlıq borcunu və məsuliyyətini başa düşür, habelə ordu həyatı ilə tanış olur, əsgərin vəzifə, hüquq və məsuliyyətini dərk edirlər. Bu məzmun xətti üzrə əldə olunmuş bilik və bacarıqlar gənclərin əvvəlcədən ordu mühiti haqqında anlayışlarını artırır, şagirdlərin idrak fəallığının yüksəlməsini stimullaşdırır. Şagirdlər öz ölkəsinin həm dövlətçilik, həm də hərb tarixi haqqında məlumatlar əldə edirlər. Onların tədqiqat aparma, mühakimə yürütmə və qərar qəbuletmə bacarıqlarının formalaşmasına geniş şərait yaranır.

İkinci məzmun xəttində şagirdlər Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulduğu, separatçıların terror təhdidi və işğalı ilə üz-üzə qaldığı bir dövrdə həyat fəaliyyətinin təhlükəsizliyinin təminatına dair zəruri biliklər alırlar. Onlar ümumqoşun döyüşünün əsasları, taktika və müasir silahlar haqqında biliklərə, topoqrafiya üzrə bacarıqlara yiyələnirlər.

Əldə olunan bilik və bacarıqlar, ilk növbədə, hərbi xidmətə gedəcək gənclərin çağırışaqədərki hazırlıq dövrü üçün böyük əhəmiyyətə malikdir. Bu o cümlədən tez bir zamanda ümumi hazırlığa yiyələnməyə və ixtisas üzrə hazırlıq üçün daha az vaxt ayrılmasına imkan verir. Digər tərəfdən hərbi xidmət keçməyənlər üçün bu bilik və bacarıqlar müharibə (terrorizm) şəraitində özünü mühafizə etmək üçün faydalı olur. Şagirdlər tədqiqat aparmaq, mühakimə yürütmək və qərar qəbul etməklə yanaşı, ünsiyyət qurmaq, öyrəndiklərini əlaqələndirmək və tətbiq etmək bacarıqlarına da yiyələnirlər.

Üçüncü məzmun xəttində şagirdlərə həyat üçün ən vacib amil olan sağlam həyat tərzinin öyrədilməsi ilə yanaşı, istər müharibə, istərsə də sülh şəraitində baş verə biləcək fövqəladə hadisələr zamanı xəsarət alanlara və zərərcəkmişlərə göstəriləcək ilk tibbi yardım haqqında ibtidai biliklər verilir. Şagirdlərin yiyələndikləri bilik və bacarıqlar onların əqli və fiziki cəhətdən inkişaf etməsinə geniş imkanlar yaradır, onlarda xəstələrə (yaralılara) humanist yanaşma, əsl insani keyfiyyətlər mövqeyi nümayiş etdirməklə təmənnasız tibbi yardım göstərmək bacarığı tərbiyə edir.

Gənclərin çağırışaqədərki hazırlığı fənni özünün fəndaxili və fənlərarası inteqrativliyi ilə başqa fənlərdən nəzərəçarpacaq dərəcədə fərqlənir. Belə ki, fəndaxili inteqrativlik zamanı hər hansı bir taktiki tapşırığın yerinə yetirilməsində fənnin bütün təlim istiqamətləri (atəş hazlığı, topoqrafiya hazırlığı, tibbi hazırlıq və s.) üzrə bilik, bacarıq və vərdişlərdən istifadə olunur.

Fənnin tədrisində fənlərarası inteqrativliyə gəldikdə isə bu fənn tarix, coğrafiya, fizika, riyaziyyat, həndəsə, biologiya, həyat bilgisi və s. fənlərlə əlaqələrin qurulması inteqrativlik baxımından onun didaktik əhəmiyyətini artırır və müxtəlif fənlərlə qarşılıqlı fəaliyyətin təmin olunmasına münbit zəmin yaradır.

Tədris prosesində şagirdlərə dayanıqlı və kompleks şəkildə biliklər verilməsində, onların dünyagörüşünün artırılmasında, təfəkkürlərinin inkişafında tədqiqatçılığa meyilliyin yaradılmasında, qazanılan nəzəri biliklərin praktiki olaraq həyatda tətbiq edilməsndə və bacarıqların formalaşdırılmasında inteqrativ metodun əhəmiyyəti əvəzedilməzdir.

Fənnin tədris məqsədi şagirdlərdə respublikanın müdafiə qüdrəti, Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarından irəli gələn vəzifələr, Nazirlər Kabinetinin qərarları, Azərbaycan Silahlı Qüvvələrinin vəzifələri, onların xüsusiyyəti və əhəmiyyəti, hərbi xidmətin vətəndaşlar üçün şərəfli vəzifə olması, Silahlı Qüvvələrin nizamnamələrinin tələblərindən irəli gələn vəzifələri, əsgərlərin yerləşməsi, həyat tərzi və xidməti, fövqəladə hallarda mühafizə qaydaları və tibbə dair bilik və bacarıqlar əsasında təhlükəsizliyi təmin etmək və müdafiə qabiliyyətini, səhiyyə və ekoloji mədəniyyəti formalaşdırmaqdan ibarətdir. Şagirdlər bu məqsəddən irəli gələn bilik və vərdişlərə yiyələnməklə ətraf mühitə qısa zamanda adaptasiya olur və qeyri-adi (ekstremal, böhranlı, fövqəladə) vəziyyətlərə düşərkən sağlamlıqlarını və həyatlarını mühafizə etmək imkanları qazanırlar.

Fənnin vəzifələri şagirdlərə Azərbaycanın Silahlı Qüvvələri haqqında ümumi məlumatlar çatdırmaq, hərbi nizamnamə qaydalarını öyrətmək, ordu həyatı ilə bağlı zəruri bilgilər vermək, onlarda mülki müdafiə və tibbi yardım bacarıqları formalaşdırmaqdır.

Gənclərimizin hərbi xidmətə fiziki və psixoloji cəhətdən hazırlanması, onlara Azərbaycanın Silahlı Qüvvələrində xidmətin müqəddəs və şərəfli vəzifə olmasının aşılanması, fövqəladə vəziyyətlərdə mühafizə vasitələrindən düzgün istifadə qaydalarının və zədəalma hallarında yerindəcə yoldaşına və özü-özünə ilk tibbi yardım göstərmə bacarıqlarının formalaşdırılması da fənnin əsas vəzifələrindən biri kimi səciyələndirilir. Bu gənclərimizdə vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsində ən ümdə məsələlərdən biridir.

Unutmamalıyıq ki, Vətənin müdafiəsi işi hər bir Azərbaycan vətəndaşının müqəddəs, şərəfli və təxirəsalınmaz ən başlıca vəzifəsi olmalıdır.

Ceyhun Məmmədyarov,
ARTİ-nin “Ümumi təhsilin və məktəbdənkənar təhsilin kurikulumu” şöbəsinin böyük
elmi işçisi

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın