3:11 pm - Bazar Noyabr 24, 1585

Xalqımızın milli həmrəyliyi onun yenilməzliyidir!

Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin növbəti, 210-cu məşğələsi keçirilib. “Heydər Əliyev və Dünya Azərbaycanlılarının Həmrəyliyi” mövzusuna həsr olunmuş məşğələni giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq bildirib ki, hər hansı bir xalqın varlığı, siyasi iradə və qətiyyət nümayiş etdirərək qalib gəlməsi onun milli birliyindən asılıdır. Rektor azərbaycançılıq və milli həmrəylik ideyalarının təşəkkül tarixindən və əhəmiyyətindən danışaraq vurğulayıb ki, ən böyük azərbaycanlı, ümummilli lider Heydər Əliyevin xalqımızın milli həmrəylik əldə etməsində, dünyada Azərbaycan diasporunun formalaşmasında və təşkilatlanmasında misilsiz xidmətləri olmuşdur.

Universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Şamxal Məmmədov mövzu ilə bağlı məruzə edərək, milli müstəqillik, milli həmrəylik uğrunda mübarizənin bünövrəsinin 1989-cu ildə Naxçıvandakı sərhəd hərəkatı ilə qoyulduğunu xatırladıb. Qeyd olunub ki, dahi şəxsiyyət Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi 1991-ci il dekabrın 16-da 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması ilə bağlı xüsusi qərar imzalayaraq bu ictimai-siyasi prosesi vaxtında və düzgün qiymətləndirib. Məruzədə Heydər Əliyev milli siyasətinin bu gün də uğurla davam etdirilməsindən danışılıb, dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi, Ümummilli Liderin buradakı proqram xarakterli tarixi çıxışı və qarşıya qoyduğu mühüm vəzifələr barədə məlumat verilib. Bildirilib ki, bu gün dünyanın dörd bir qitəsində yaşayan, fəaliyyət göstərən həmvətənlərimiz inkişaf etmiş, müstəqil, demokratik Azərbaycan dövlətinin qayğı və himayəsini daim öz üzərlərində hiss edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə yaradılan Diasporla İş üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun Azərbaycanın həqiqətlərinin, milli-mənəvi dəyərlərinin dünyada təbliği istiqamətində gördüyü işlər bunu bir daha təsdiq edir. Azərbaycan diasporu isə milli maraqlarımızı və müstəqil Azərbaycan dövlətinin siyasətini bundan sonra da qətiyyətlə müdafiə etməlidir. Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov məşğələyə yekun vuraraq, kollektivi əlamətdar bayram münasibəti ilə təbrik edib və tələbə gəncliyi öz milli mənsubiyyəti ilə daim qürur duyan, siyasi fəaliyyətini Azərbaycanın tərəqqisinə və təbliğinə həsr etmiş Ümummilli Liderin idayaları ətrafında sıx birləşməyə çağırıb.

Mehriban Sultan,
NDU-nun Mətbuat şöbəsinin müdiri

Filed in: XƏBƏRLƏR

Hələ şərh yoxdur

Şərh yazın