2:22 pm - Cümə İyun 23, 2017

Ali təhsil ocağında elmi konfrans keçirilib

“Naxçıvan” Universitetinin Pedaqoji fakültəsinin Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə Abbas Zamanovun anadan olmasının 105 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə universitetin tərbiyə işləri üzrə prorektoru Əli Yusifov açaraq, A.Zamanovun həyat və fəaliyyətindən söhbət açıb. Konfransda universitetin müəllimləri Təranə Qəbulovanın “Abbas Zamanovun yaradıcılıq yolu”, universitet kitabxanasının müdiri, dosent Aypara Behbudovanın “A.Zamanovun xarici ölkələrlə ədəbi-mədəni əlaqələri”, filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyevanın “A.Zamanov M.Ə.Sabir irsinin tədqiqatçısı kimi”, Rəna Əliyevanın “Abbas Zamanov haqqında xatirələr” mövzularında çıxışları dinlənilib. Bildirilib ki, Abbas Zamanovun çoxşaxəli fəaliyyəti ədəbiyyatşünaslıq elmimizin inkişafında ayrıca bir mərhələ təşkil edir. Azərbaycanın, eləcə də, muxtar respublikamızın qədim, həm də zəngin maddi və mənəvi sərvətlərinin, mədəni xəzinəsinin qorunub mühafizə edilməsində, görkəmli şəxsiyyətlərin həyatının, yaradıcılıq fəaliyyətinin öyrənilməsi və təbliğ edilməsində Abbas Zamanovun çox böyük rolu vardır. Bütün mənalı həyatını Azərbaycan ədəbiyyatşünaslığının inkişafına, ədəbi irsimizin öyrənilməsinə, təbliğinə sərf edən fədakar alim Abbas Zamanov haqqında bir çox tədqiqat əsərləri yazılmış, onun həyat və fəaliyyəti araşdırılmışdır.

O da vurğulanıb ki, A.Zamanov 1929-1937-ci illərdə Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra rəhbər komsomol işçisi kimi çalışmış, iki il də “Gənc işçi” qəzeti redaksiyasında məsul redaktorun müavini vəzifəsində işləmişdir. Sonra “Ədəbiyyat” qəzetində məsul katib və Azərnəşrin bədii ədəbiyyat şöbəsində müdir olmuşdur. 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyat fakültəsini qiyabi bitirmiş və oraya müəllimliyə dəvət edilmişdir. M.F.Axundov adına Opera və Balet Teatrının Təbrizə qastrol səfərinə rəhbərlik etmişdir. İkinci dünya müharibəsi illərində Ordu sıralarında xidmət etmişdir. Ədəbi fəaliyyətə 1937-ci ildə çap etdirdiyi publisist və elmi-kütləvi məqalələrlə başlamışdır. Həmin vaxtdan ölkəmizdə və onun hüdudlarından uzaqlarda XX əsr Azərbaycan ədəbiyyatına dair elmi-tədqiqat əsərləri müntəzəm dərc olunmuşdur. Bolqarıstan, İran, Türkiyə, İraq, Avstriya və digər ölkələrdə məqalələri çıxmışdır. “Sabir və müasirləri” monoqrafiyası Əsəd Behrənginin tərcüməsində Təbrizdə, “Cəlil Məmmədquluzadə” oçerki Ələkbər Qəhrəmanının tərcüməsində Tehranda fars dilində nəşr olunmuşdur. Türk Dil Qurumunun (Türkiyə) müxbir üzvü (1971), Konya və Səlcuq Universitetlərinin (Türkiyə) fəxri doktoru seçilmişdir. Mətnşünaslıq sahəsində ciddi fəaliyyət göstərmiş, C.Məmmədquluzadə, M.Ə.Sabir və Ə.Haqverdiyev, N.Nərimanov, S.S.Axundov, S.Hüseyn, H.Nəzərli, S.Ə.Şirvani, S.M.Qənizadə və Q.Zakirin əsərlərini rus və azərbaycan dillərində tərtib və nəşr etdirmişdir. O, M.Ə.Sabir və Cavid haqqında xatirə və məqalələri toplayıb ön sözlə “Sabir xatirələrdə” (1982) və “Cavidi xatırlarkən” (1982) adı ilə kütləvi tirajla çap etdirmişdir. I dərəcəli “Vətən müharibəsi” ordeni, döyüş xidmətlərinə görə medalı və bir sıra digər medallarla təltif edilmişdir.

Sonda Abbas Zamanovun həyat və fəaliyyətini əks etdirən slayd nümayiş etdirilmişdir.

Nuray Əsgərova,
Naxçıvan Universitetinin əməkdaşı

Filed in: XƏBƏRLƏR

Hələ şərh yoxdur

Şərh yazın