2:50 pm - Çərşənbə axşamı May 23, 2017

Mətn üzərində işin aparılmasına dair

İnsan şüurlu varlıqdır. Sual yaranır: Bəs onda şüur nədir? Müdriklər bu suala belə cavab veriblər: “Obyektiv aləmə münasibətim mənim fikrimdir”. Münasibət bildirmək üçün onu dərk etmək, anlamaq və başa düşmək lazımdır. Baş verən və baş verməsi mümkün olan təbii, yaxud sosial hadisələrin mahiyyətinə nüfuz etmək gərəkdir. Lakin bu, o qədər də asan deyil. Obyektiv aləmdə baş verən hadisənin mahiyyətini anlamaq, hadisəni təhlil-tərkib etmək, nəticə çıxarmaq və onun əsasında fikir söyləmək zərurəti yaranır. O da məlumdur ki, hər hansı cism və hadisə haqqında söz demək, fikir söyləmək müəyyən biliyə və məlumata malik olmağı tələb edir. Həyat hadisələrinin məzmununun başa düşülüb dərk olunaraq münasibət bildirilməsinə xidmət edən bilik heç kəsə birdən-birə ve-rilmir. Allah tərəfindən də göndərilmir. Lazım olan həyati bilik bütün ömürboyu zəhmət hesabına qazanılır. Bu mühüm təcrübə insanların həyatının mənasını təşkil edən işdə əsas məsuliyyət məktəblə bağlıdır. Təbiətşünas alimlərin gəldiyi elmi qənaətə görə insan anadan olanda başı ağ lövhəyə bənzəyir (Con Lok), lakin o, müəyyən təbii imkanlarla gəlir. Həmin imkanlara əsasən ağ lövhəyə hər nə yazılırsa, həyatda yazılır. Həyati bilik qazanmaq isə təhsil illərinə təsadüf edir. Onu da qeyd etmək gərəkdir ki, əsas ağırlıq ümumtəhsil məktəblərinin üzərinə düşür. Ətraf aləmi müşahidə etmək, təhlil-tərkib əməliyyatı aparmaq vərdişi yaratmaq, cism və hadisə haqqında müstəqil fikir yürütmək bacarığı əsasən orta təhsil pilləsi ilə əlaqədardır. Bu iş də ayrı-ayrı fənlərin tədrisi prosesində həyata keçirilir.

Orta ümumtəhsil məktəblərində müxtəlif fənlər tədris edilir. Tədris fənlərinin hər biri şagirdlərə təbiət və sosial hadisələrin müxtəlif sahələri haqqında məlumat verir. Elm sahələrinin, ayrı-ayrı fənlərin həyat hadisələrinə yanaşma tərzi və vasitələri də başqa-başqadır. Görkəmli rus ədəbiyyatşünası V.Q.Belinski müxtəlif sahə adamlarının hadisələrə yanaşma tərzini ifadə edərək deyirdi ki, iqtisadçı rəqəmlərlə, filosoflar sillogizmlərlə (məntiqdə üç şey əsasdır: Təfəkkürün formaları – məhfum; hökm; sillogizm yəni, hökm verib ondan – hadisədən nəticə çıxarmaqdır), yazıçılar obrazlarla düşünür. Başqa sözlə, hər bir təlim fənninin spesifik xüsusiyyəti var ki, təlim prosesində bunlar diqqət mərkəzində saxlanılmalıdır. Tədris fənlərinin özəl xüsusiyyəti odur ki, şagirdlərə təqdim edilən materiala xüsusi yanaşma tələb edir. Təlim materialının məzmununa uyğun yanaşmanı müəllim nəzərdə tutmalı və şagirdləri də həmin istiqamətdə tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi baxımından işlətməli və axtarışa salmalıdır.

Ümumtəhsil məktəblərinin tədris planında (hazırda Yeni Təhsil Proqramı kurikulum adlanır) ədəbiyyat əsas yerlərdən birini tutur. Məktəb tarixinə nəzər saldıqda aydın olur ki, təhsildə ədəbiyyatın tədrisinə önəm verilməsi təhsilalanın (yəni, şagirdin) dərk etməsinin inkişafında oynadığı rolla bağlıdır. Belə ki, ədəbiyyat tədrisi şagirdlərdə bədii təfəkkürün, obrazlı düşüncənin və fantaziyanın inkişafına xidmət edir. İnkaredilməz həqiqətdir ki, fəaliyyət sahəsindən asılı olmayaraq yaradıcılıq işində fantaziyanın çox mühüm əhəmiyyəti var. Müasir elmi nailiyyətlərin və kəşflərin meydana çıxmasında təfəkkürün yüksək məhsulu olan fantaziyanın rolu danılmazdır. Bu baxımdan yanaşdıqda müasir gənclərdə fantaziyanın inkişaf etdirilməsi həyati tələbdir.

Onu da demək lazımdır ki, insanda fantaziya birdən yaranmır və o, ardıcıl zehni fəaliyyət tələb edir. Bu baxımdan ədəbi materialın təhlili geniş imkana malikdir. Bunu nəzərə alaraq “Ədəbiyyat dərslərində bədii mətnlərdən istifadə etməklə şagirdlərin tədqiqatçılıq bacarıqlarının formalaşdırılması (V-IX siniflər)” məqsədi ilə bədii mətn üzərində onların işinin təşkili mövzusunu tədqiq etməklə, müəllimlərin işinə metodik istiqamət verməyi qarşıya qoyduq. Bunları bilmədən bədii mətnin dərk olunmasından söhbət açmaq olmaz. Bütün zamanlarda bədii mətnin tədqiqi aktual olmuş və aktual olaraq qalır. Ona görə də şagirdləri bu istiqamətdə işlətməyi vacib hesab etdik.

Əlbəttə, ümumtəhsil məktəblərində şagirdlər digər təlim fənlərinin tədrisi prosesində də müstəqil işlədilərək onların tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi üçün imkan var. Lakin məktəb təcrübəsinə əsasən demək lazım gəlir ki, bədii mətn üzərində şagirdlərin müstəqil işlədilməsi və bu sahədə bacarıq formalaşdırılması nisbətən çətindir, çətin olduğu qədər də lazımlıdır və faydalıdır. Belə ki, bədii mətndə irəli sürülən fikir, əsasən, məcazlarla verilir, mətndə ifadə olunan fikri başa düşmək, ideyanı anlamaq üçün fikirdəki məcaziliyi anlamaq və sətiraltı mənanı dərk etmək gərəkdir. Təhsil Proqramının bütün siniflərinin 1.1.5. standartında müxtəlif vəznli (heca, əruz) şeirlərdə, mürəkkəb süjetli və kompozisiyalı ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (epitet, bənzətmə, metafora, metonimiya, sineqdoxa, simvol, mübaliğə, litota, bədii sual, təkrir, bədii təzad, kinayə (sarkazm) inversiya) müəyyənləşdirilmişdir ki, deyilənlərin bədii mətnin təhlili zamanı tətbiqinə nail olunmalıdır. Bunları bilmədən, tətbiqinə nail olmadan tədqiqatçılıq bacarığının formalaşmasından danışmaq çətindir, bəlkə də mümkün deyil. Bu sahədə müəyyən bacarığa yiyələnmədən bədii əsərin sənətkarlıq xüsusiyyətini dərk etmək ağlasığmazdır. Fikir aydınlığı üçün konkret bir parçanı nəzərdən keçirmək olar:

Yaşıl taxt üstündə oturub pəri,
Yaquta, mərcana bənzər ləbləri.
Uzaqdan baxanda üzün gizlətməz,
Əlini uzatsan vurar xəncəri.

Dörd misralıq bu konkret nümunə bütövlükdə məcazlar üzərində qurulmuş xalq tapmacasıdır. Lakin əlamətlər üzərində dərindən düşünmədən və tədqiqat aparmadan dəqiq cavab söyləmək çətindir. İlk nəzərdə oxucuya və dinləyiciyə elə gəlir ki, söhbət pəri adlı qızdan gedir. Düşünülür ki, üstündə oturduğu taxt nə üçün yaşıldır? Misralardakı digər əlamətlər də insan üçün səciyyəvi deyil. Sözlərin mənası üzərində düşünülür: Pəri “gözəl” deməkdir. Hər bir əlamət üzərində düşündükdə aydın olur ki, yaşıl taxt bitkidir. Bitkinin əlamətləri haqqında mühakimə yürütdükdə fikirləşirsən ki, həmin əlamətlər canlı qızılgül kolunun əlamətləridir. Qənaətə gəlinir: Tapmacanın cavabı qızılgüldür. Bu tapıntı isə müəyyən axtarış və tədqiqat nəticəsində meydana çıxır. Bu mənada tapmaca haqlı olaraq ağlın gimnastikası (idmanı) adlandırılır.

Əqli (zehni) fəaliyyət nəticəsində müəyyən edilir ki, qızılgülün incəliyi və lətifliyi ilə gözəl qadın (pəri gözəl deməkdir) arasında oxşarlıq yaratmışlar. Gül yarpağının incəliyi ilə qızın incə dodaqları arasında, gülün tikanları ilə xəncər arasında bənzətmə olduğu ifadə edilmişdir. Qızılgülə kənardan baxdıqda onun gözəlliyi adamı valeh edir. Ona əl vurduqda isə tikanları adamın əlinə batır.

Əşyalar arasında oxşarlıqları müəyyənləşdirmək sözün əsl mənasında ciddi axtarış tələb edir. Ümumtəhsil məktəblərində bu işi müəyyən sistemlə aparmaq və sadədən başlamaq daha yaxşı səmərə verir.

Bu da məlumdur ki, bədii mətnlər forma və məzmunca müxtəlifdir. Bu müxtəlifliyi janra görə müəyyənləşdirsək lirik, epik və dramatik janr deyə üç qismə ayrılar. Bunların hər birinin özünəməxsus xüsusiyyəti var. Mətn üzərində tədqiqat apararkən bu janrların hər birinin xüsusiyyətini şagirdlərə mənimsətmək müəllimin diqqət mərkəzində saxlanılmalıdır. Müxtəsər şəkildə demək lazımdır ki, lirik janr üzrə tədqiqat aparılarkən, şagirdlərin hislərinə təsir etmək yolu ilə onu lirik məzmunu, (hissi qavrayış yolu ilə) yəni lirik janrın xüsusiyyətini dərk etdirmək mümkün olsun. Epik janrda isə mətndə təsvir edilən hadisələrin başlanmasını və inkişaf dinamikasını ön plana çəkmək lazım gəlir.

Məktəb təcrübəsi göstərir ki, dramatik mətn üzərində işə remarkadan (hadisənin baş verdiyi şəraitin izahından) başlamaq lazımdır. Bütün bunlarla yanaşı, bədii mətndə təsvir, tərənnüm və təcəssüm anlayışları üzrə də iş aparıb şagirdlərin tədqiqatçılıq bacarıqlarını formalaşdırmaq lazımdır.

Asya Bəkirova,
pedaqogika üzrə fəlsəfə doktoru,
dosent

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın