4:08 am - Bazar ertəsi May 29, 2017

Əməkdaşımız müsabiqənin qalibi oldu

Mükafat

Mükafat

Ömrümüzün bir ilini də beləcə arxada qoyduq. Təq-vimin bəzən gərgin iş saatlarından ibarət qayğı dolu günləri ilə yanaşı, sevincli və fərəhli anlarının da yer aldığı 2016-cı il də tarixləşdi. Ötən ilin son həftəsi isə yaradıcı kollektivin yaddaşında fərəhli gün kimi qaldı. Hər il olduğu kimi bu ildə əməkdaşlarımız Azər-baycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkil etdiyi fərdi yazı müsabiqəsinə qatıldılar. Nəticə isə hər kəsin sevincinə səbəb oldu. Qəzetimizin əməkdaşı Dilşad Xaqaniqızının «Dərsliklər medianın gözü ilə» başlıqlı yazısı fondun ekspertləri tərəfindən yüksək qiymətləndirilərək, birinci yerə layiq görüldü.

Bu şad xəbəri biz dekabrın 23-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 De-kabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlandığı gün öyrəndik. Tədbirdə hər il oldugu kimi müsabiqədə ikinci və üçüncü yerlərə layiq görülmüş media nümayəndələri mükafatlandırıldı və birinci yerlərin qaliblərinin adları mətbuata açıqlandı.

Fondun icraçı direktoru Vüqar Səfərli, Müşahidə Şurasının üzvləri, habelə ölkənin 30-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, yazıları qiymətləndirmiş ekspertlər və müsabiqədə qalib olmuş jurnalistlərin iştirak etdiyi tədbiri giriş sözü ilə Fondun icraçı direktoru Vüqar Səfərli açdı. Tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edən Vüqar Səfərli qeyd etdi ki, il ərzində dövlət və cəmiyyət həyatında prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə, jurnalistlərin peşəkarlığının artırılması, onların sosial vəziyyətinin yaxşılaşdırılması və yaradıcı əməyinin stimullaşdırılması məsələlərinə xüsusi diqqət ayrılıb.

Daha sonra Vüqar Səfərli Fond tərəfindən 2016-cı il ərzində Novruz bayramı, Azərbaycan Milli Mətbuatının yaranmasının 141-ci ildönümü, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə 3 dəfə, habelə Nizami və Suraxanı Rayon İcra Hakimiyyətləri, Gəncə Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, “Azərsu” və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətləri ilə birgə əlavə 7 fərdi jurnalist yazıları müsabiqəsinin keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. İcraçı direktor, ümumilikdə, keçirilmiş 10 müsabiqədə 806 nəfər jurnalistin iştirak etdiyini, onlardan 445 nəfərin qalib olaraq mükafatlandırıldığını bildirdi.

Ötən il əsası qoyulmuş ənənəni davam etdirərək 2016-cı ildə keçirilmiş fərdi yazı müsabiqələrində I yerə layiq görülmüş 57 nəfər jurnalistin yazılarını “Sözün zirvəsində” adlı kitabın II cildində nəşr etdirdiyini vurgulayan natiq, həmçinin “Multikulturalizm ili” çərçivəsində fondun keçirdiyi tədbirlərdən söhbət açdı. O, bu məqsədlə avqust ayında Xaçmaz, dekabr ayında İsmayıllı rayonlarında etnik-dini icmaların və KİV nümayəndələrinin iştirakı ilə “Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı” mövzusunda regional konfranslar keçirildiyini bildirdi. İcraçı direktor, həmçinin fondun il ərzində “Azərbaycan media məkanında ədəbi dilin qorunması”, “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” və “Jurnalist peşəkarlığının artırılması” mövzusunda layihələr həyata keçirdiyini də qeyd etdi.

Vüqar Səfərli çıxışında fondun 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə noyabrın 8-dən dekabrın 15-dək KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamət üzrə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsindən söhbət açdı. O bildirdi ki, müsabiqəyə 69 kütləvi informasiya vasitəsindən 160 yazı təqdim olunub. Jurnalistlərin yazılarını 12 ekspert qiymətləndirib. Fondun Müşahidə Şurasının 22 dekabr 2016-cı il tarixli iclasında isə ekspertlərin yekun balları əsasında 114 nəfər jurnalist qalib elan edilib. Müsabiqənin şərtlərinə əsasən, I yerin qalibləri 500, II yerin qalibləri 400, III yerin qalibləri 300 manat pul mükafatı və fondun xüsusi diplomu ilə mükafatlandırılıb.

Tədbirdə fondun ekspertlərindən – “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov çıxış edərək, keçirilmiş fərdi jurnalist yazıları müsabiqələrinin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini vurğulayıb, qalibləri təbrik ediblər.

Sonra müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

Tədbirin sonunda Vüqar Səfərli media nümayəndələrini bir daha 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik etdi və onları Fondun keçirdiyi müsabiqələrdə daim fəal iştirak etməyə çağırdı.

Kəmalə Qayıbova,
“Təhsil problemləri”

Filed in: XƏBƏRLƏR

Hələ şərh yoxdur

Şərh yazın