4:47 am - Şənbə İyul 22, 2017

DƏRDİ VAR

Adilə NƏZƏR, AR Təhsil İnstitutunun aparıcı elmi işçisi

Adilə NƏZƏR,
AR Təhsil İnstitutunun aparıcı elmi işçisi

SƏNİN PƏNCƏRƏNDƏ MƏNİM ÜMİDİM

Nə köks ötürürəm, nə ah çəkirəm,
Sönür adımıza yandırdığım şam.
Sənin pəncərəndə mənim ümidim
Edam kürsüsünə çıxır hər axşam.

Bilmirəm nə işdi, daşdan fərqi yox,
Qaynar gözlərinin qışdan fərqi yox,
Qəlbimin bir bala quşdan fərqi yox,
Əcəl təri tökür hər nəfəsində.

Solur üzümdəki o tər baxışlar,
Tanrı surətini verməyib demək.
Görünür payızda yağan yağışlar
Yeddi rəng olmayır yaz yağışıtək.

Yarpağı tökülən ağacın dərdi
Payızın eyninə deyildir, paşam.
Eh, sənə nə var ki, mənim ümidim
Edam kürsüsünə çıxır hər axşam.

AÇAR QAPIMI

Bir dərd evim vardır – sakini tək mən,
Küləklər sovurar, açar qapımı.
Hər gecə bir şeir enər qeybdən,
Döyər pas bağlayan naçar qapımı.

Günəş qürub edər sanki üzümdə,
Bəxtimin rənginə bənzər üzüm də,
Dünya bir andaca itər gözümdə,
Çalar bir gül bala, qaçar, qapımı.

Toxunar üzümə zərifcə tellər,
Tökülər gözümdən göz yaşı-sellər
Aram-aram əsən xəfifcə yellər,
Bağlayıb astadan açar qapımı…

Yaşayıb, verirəm ömrümü yelə.
Üzaqdı ruhuma səs-küy, vəlvələ.
Qovuşarıq bala, ölüm var hələ –
Açar bağlılığa düçar qapımı.

Bir dərd evim vardır – sakini tək mən,
Küləklər sovurar, açar qapımı.
Hər gecə bir şeir enər qeybdən,
Döyər pas bağlayan naçar qapımı.

DƏRDİ VAR

Adamın adam dərdi,
Quşun da quş dərdi var,
Gəlməsin, kimsə dərdə,
Gələrsə tuş,- dərdi var.

Bəndəlik eləməkçün
Tövbəylə yu, hər suçun.
Dərdi unutmaq üçün
Mey olsa, nuş,- dərdi var.

Gözün giryan yerində,
Ruhun üryan yerində
Yurdun viran yerində
Gəzər bayquş, – dərdi var.

Meydi, içib gedirlər,
Yoldu, keçib gedirlər…
Bir-bir köçüb gedirlər,
Bir az tay-tuş, dərdi var..

Tanrının quşu varsa,
Bağda bayquşu varsa…
Dünyanın xoşu varsa,
Xoşun də xoş, dərdi var…

Filed in: ŞEİR

Hələ şərh yoxdur

Şərh yazın