11:35 am - Şənbə Sentyabr 23, 2017

Kimya fənninin tədrsində rollu oyunlardan istifadə

“Uşaqlar dərk etməzdən əvvəl nümunəni götürürlər”.

(Y.A.Komenski)

Dahi rus alimi və ictimai xadimi, kimyaçı, fizik, iqtisadçı, texnoloq, geoloq, metereloq, pedaqoq, ensiklopediyaçı, ilk “Üzvi kimya” dərsliyinin müəllifi, kimyəvi biliklərin ensiklopediyasi hesab edilən “Kimyanın əsasları” dərsliyinin müəllifi və nəhayət ən məşhur elmi kəşfi “Kimyəvi elementlərin dövri sistemi” olan Dmitri İvanoviç Mendeleyev kimya haqqında bele bir fikir söyləmişdir: “Kimya elə gözəlliklər aləmidir ki, orada insanların xoşbəxtliyi gizlənmişdir”. Kimya sözün əsl mənasında “möcüzələr aləmidir”. Sirli-sehrli dünyam adlandırdığım kimyanın həyatımızda özünəməxsus yeri vardır. Belə ki, elementlərin xassələrini öyrəndikcə, onların bir-biri ilə reaksiyaya daxil olub əmələ gətirdiyi maddələri tanıdıqca və bu maddələrin və elementlərin həyatımızın bir parçasına çevrildiyini düşündükcə qarşıya yalnız bir sual çıxır: Elementlərsiz həyat mümkündürmü? Əlbəttə ki, mümkün deyil….Düşünün yalnız bir element oksigen olmasa nə baş verərdi? Təbiətin ən möcüzəli maddəsi sudur və canlı orqaniziminin əsas hissəsi sudan ibarətdir. Təsadüfi deyil ki “su həyatdır” deyilir. Kəşf olunan 110 kimyəvi elementin 70-ə qədəri canlı orqanizmlərin hüceyrələrinin tərkibinə daxildir. Odur ki, insan bədənini bəzən “möcüzəli çevrilmələrlə zəngin olan canlı kimya laboratoriyası” da adlandırırlar. Çox zaman deyirlər ki, kimya “ikinci təbiəti” yaradır. Doğrudan da, sintez olunmuş maddələrin sayı təbiətin insana bəxş etdiyi maddələrin sayından kifayət qədər çoxdur. İnsan orqanizmində həyat üçün zəruri olan mühüm bioloji və fizioloji proseslərin əsasını müxtəlif xarakterli kimyəvi reaksiyalar təşkil edir. Böyük rus alimi M.V.Lomonosov təbabətin inkişafında kimyanın əhəmiyyətini qeyd edərək yazmışdır: “İnsanların sağlamlığının möhkəmlənməsində kimya görkəmli rol oynamalıdır”. Alimin dahiyanə fikri, elmi uzaqgörənliyi bizim əsrimizdə xüsusi əhəmiyyət kəsb etmiş, kimya təbabətin inkişafında mühüm rol oynayan qüdrətli bir vasitəyə çevrilmişdir. Doğrudan da, indi müxtəlif xəstəliklərin müalicə vasitəsi və dərman preparatları istehsalının əsasını kimyəvi reaksiyalar, maraqlı çevrilmələr təşkil edir. Alimlərimiz haqlı olaraq XX əsri həm də “kimya əsri” adlandırıblar. Kimya müasir cəmiyyətin inkişafına, elmi-texniki tərəqqisinə xidmət edən maraqlı, son dərəcə zəruri elm sahələrindən biridir. Kimya haqqında biliklərin qədim zamanlardan məlum olmasına baxmayaraq o həqiqi bir elm kimi yalnız XVIII əsrin ikinci yarısından yaranmağa inkişaf etməyə və formalaşmağa başlamışdır. Müasir kimyanın əsasını qoyanlardan biri, böyük rus kimyaçısı M.V.Lomonosov olmuşdur. Vaxtilə M.V.Lomonosov “Kimya haqqında söz” adlı əsərində yazmışdır: “Kimya öz əllərini bəşəriyyətin işlərinə geniş uzadır, biz hara baxırıqsa, gözlərimiz önündə onun nailiyyətləri canlanır”. Bu sözlər uzun illər öncə deyilsə də bizim zəmanəmizdə daha əzəmətlə səslənir. Doğrudan da, XX-XXI əsrdə kimya yüksək dərəcədə inkişaf etmiş, böyük nailiyyətlər qazanmış və insanların həyatında mühüm rol oynamağa başlamışdır. Vaxtilə sirri anlaşılmaz görünən bir sıra hadisələri elmi cəhətdən aydınlaşdırmaqda kimya indi insanlara kömək edir. Süfrəmizin bəzəyi olan çörəkdən tutmuş, yağ, şəkər və oksigen duza qədər gündəlik ehtiyacımız üçün sərf edilən qida maddələrinin bir çoxu məhz kimyanın məhsuludur və ya onun köməyi ilə hazırlanır. Canlı təbiət üçündə kimyanın əhəmiyyəti böyükdür. Məsələn, tənəffüs habelə orqanizim qəbul etdiyi qida maddələrinin biokimyəvi çevrilməsi nəticəsində yeni maddələrin əmələ gəlməsi, böyümə, inkişaf və s. proseslər mürəkkəb kimyəvi çevrilmələrlə müşayiət olunur. Kimya təbiətdə hazır şəkildə mövcud olmayan bir çox qiymətli maddələrin alınmasına da imkan verir. Böyük proletar ədibi M.Qorki vaxtilə kimyanı “Möcüzələr aləmi” adlandırmışdır. Həqiqətdə də, kimya möcüzələr yaratmağa qadir olan maraqlı elm və sənaye sahəsidir. Biz kimyanın möcüzəsinə o qədər alışmışıq ki, çox zaman gündəlik həyatımızda onunla tez-tez “rastlaşdığımızı” heç ağlımıza gətirmirik. Görkəmli sovet fizioloqu İ.P.Pavlov vaxtilə bromun şəfaverici rolunu yüksək qiymətləndirərək demişdir ki, bəşəriyyət sinir sistemini sahmana sala bilən brom kimi çox qiymətli bir preparata malik olduğu üçün özünü xoşbəxt hiss etməlidir. Məşhur alim L.Polinq demişdir: “Kimyanı bilməyən insan dünyanın necə qurulduğunu dərk edə bilməz”. Bəşəriyyətin qarşısında duran ən vacib problemlərin ərzaq, enerji və ətraf mühitin mühafizəsi problemlərinin həllində kimyəvi biliklərsiz keçinmək mümkün deyil. Kimya ilə əlaqəsi olmayan digər sənaye sahələrinin də əsasını kimya təşkil edir. Kimyanın böyük imkanları və onun tükənməz sirrlərinin aşkar ediləcəyi dövr hələ qabaqdadır. Kimya haqqında danışarkən doğma respublikamızdan bəhs etməmək olmaz. Azərbaycan öz zəngin təbii sərvətləri, kimyəvi xammaları ilə qədim zamandan bu günə qədər diqqət mərkəzində olan ölkələrdən olmuşdur. Abşeronun və Xəzərin nefti, xlor, brom, yod, bor, natrium və başqa elementlərin birləşmələri ilə zəngin olan tükənməz buruq suları, Daşkəsənin dəmir filizi, aluniti, kobaltı, Naxçıvanın daş duzu, qurğuşun, sink və molibden ehtiyatları, Böyük və Kiçik Qafqazın zəngin polimetal filizləri, qiymətli kimya xammalı olan serpentinit və barit mineralları, müxtəlif növ gillər, mərmər və əhəngdaşları, civə, nadir və əlvan metallı filizlər və s. onun təbii sərvətlərinin əsasını təşkil edir. Elə buna görə də alimlər Azərbaycanı “təbii sərvətlər diyarı” adlandırırlar. Alimlərin iftixarla “qədim və gənc elm” adlandırdıqları kimya haqqında çox danışmaq olar. Həyatımızda çox mühüm əhəmiyyətə malik olan bu fənnin tədrisinin keyfiyyətini yüksəltmək yollarının ən mühümü, fənni tədris edən müəllimin kimya fənninin özünü və onun metodikasını yaxşı bilməsidir. Bu tələb yəni,kimyanın tədrisinin keyfiyyətinin yüksəldilməsi müəllimin pedaqoji ustalığından xəbər verir. Kimyanın tədrisi keyfiyyətini yüksəltmək üçün,kimya müəllimlərinin, kimyadan elmi və metodiki materiallarla təmin etmək, şagirdlərin kimya fənninə marağını artırmaq, laboratoriya təcrübələri və praktik işlər aparmaq, kimya gecələri, kimya aylığı,mütəmadi olaraq test sorğularının keçirilməsi, şagirdlərdə müstəqil tapşırıqların yerinə yetirmək bacarığının formalaşdırmaqla kimya sahəsində istedadlı gənclər yetişdirmək lazımdır. Hər bir fənnin, o cümlədən ixtisasım olan kimyanın tədrisi zamanı yaradılmış təsəvvürlərin biliklərə, biliklərin bacarıqlara, bacarıqların vərdişlərə çevrilməsi əsas götürülməlidir. Eyni zamanda hansı fənn olmasından asılı olmayaraq əsas məsələ şagirdin fənnə marağını oyatmaqdır. Müasir şagirdə hər hansı bir fənni təkcə yaddaşa əsaslanmaqla mənimsətmək və ya əzbərlətməklə heç nəyə nail olmaq mümükün deyildir. Bu, bir kompleks şəkildə yaddaş, idrak, məntiq və təfəkkürün birgə fəaliyyətinin məhsulu kimi tətbiq olunmalıdır. Kimya daha çox interaktiv və inteqrativ fəndir. Onun tədrisi zamanı riyaziyyat,fizika,biologiya və başqa fənlərlə qarşılıqlı əlaqə yaratmaq, bu və ya digər kimyəvi proseslərin təbiət fənlərindən qazanılmış biliklərin fonunda təqdim olunması tələb edilir. Bildiyimiz kimi kimya fənninə şagirdlərin marağı çox az olur. Lakin biz hər dəfə öz dərslərimizdə kimya elminin həyatımızda nə qədər önəmli yeri olduğunu şagirdlərimizlə bir yerdə öyrənsək onların bu fənnə marağı daha çox olacaq. Kimya fənninin, ümumiyyətlə, bütün fənlərin tədrisində interaktiv təlim metodu çox əhəmiyyətlidir. İnteraktiv təlim metodunun tərkib hissələrindən biri də “Rollu oyunlar”dır. Oyunlar daha maraqlı və səmərəli iş formasıdır. ”Rollu oyunlar”a şagirdlər tərəfindən icra olunan kiçik həcmli səhnəcik kimi baxmaq olar. “Rollu oyunlar” şagirdlər tərəfindən qazanılmış elmi biliklərin bədii şəkildə tətbiq olunmasına əsaslanır. “Rollu oyunlar” başqa interaktiv metodlara nisbətən daha asan qavranılır,daha maraqla qarşılanır,uzun müddət onların yaddaşlarında qalır.Rollu oyunlar tədrisin bütün tələblərinə cavab verməli, tədris edilən mövzunun məzmununu əks etdirməlidir. Onun mətnində çox mühüm elmi əhəmiyyətli məlumatlar bir neçə dəqiqənin içində iştirakçılara (şagirdlərə) çatdırılır. Rollu oyunlu dərslər uşaqlarda böyük maraq doğurur, beləki onlar, nəinki öz biliklərini nümayiş etdirməlidirlər həm də müxtəlif rolları da ifa etməlidirlər. Bu, material sərbəst hərəkət etməyi, natiqlik bacarığının mövcudluğunu tələb edir, ünsiyyət mədəniyyətini, mübahisə aparmaq bacarığını aşılayır, yaradıcılıq üçün geniş imkanlar yaradır. Belə oyunlar zamanı şagirdlər özlərini daha sərbəst, məsuliyyətli, inamlı, fəal, emosianal şəkildə aparırlar. Onun məqsədi təlim materialının qavranılmasını və dərk edilməsini asanlaşdırmaq, şagirdləri real təhsildə və həyatda baş verən vəziyyətlərə hazırlamaqdır. Qeyri-müəyyənlik şəraitində, yaradıcılıq fəaliyyətində, real mühitin əsas cəhətlərinin təxəyyüldə yaradıldığı vəziyyətdə qərar qəbul etməyi öyrətmək üçün oyundan istifadə olunur. Bu cür oyunlar əsasən dərnək məşğələlərində, fənn gecələrində, siniflərarası bilik yarışlarında və digər sinifdən xaric tədbirlərdə daha maraqla qarşılanır. Müəllim rolların bölüşdürülməsi zamanı şagirdlərin xarakterik xüsusiyyətlərini nəzərə almalıdır. 7 sinifdə tədris olunan “Oksigen kimyəvi element və bəsit maddə kimi” dərsində şagirdlərin oksigen haqqında nəyi öyrəndiyini və bunu necə qavradıqlarını bilmək üçün “Oksigenin məhkəməsi” rollu oyununu keçirtmək olar. “Oksigenin məhkəməsi” rollu oyununun nümunəvi plan sxemi.

1. Hakimin çıxışı.
2. Prokurorun çıxışı.
3. Vəkilin çıxışı.
4. İttiham tərəfindən şahidlərin çıxışı.
5. Müdafiə tərəfinin şahidlərinin çıxışları.
6. Mütəxəssislərin çıxışları.
7. Günahlandırılan “Oksigen”

Sinif 4 komandaya bölünür: ittiham tərəfi, müdafiə tərəfi, mütəxəssislər və hakimlər.

Hakim: Oksigenin öz vəzifəsindən sui-istifadəsinin məhkəmə işinə başlayırıq.

Prokuror: Oksigen öz xidməti vəzifəsinə uyğun olaraq metallardan bir çoxunu (Zn, Fe, Pb, Sn və başqa metalları) oksidləşdirərək mexanizimləri texniki metal tullantılarına çevirir. Oksigeni yanma hadisələrində ittiham edirəm. Avstraliyada qiymətli meşələr yandırılmış, insanlar xəsarət almışdır. Oksigen neft bazasında benzinin partlayışını təşkil edib və iqtisadiyyata böyük maddi ziyan vurub. Metanın oksigendə yanmasına görə şaxtaçılar şaxtada həlak olublar. Cənab Hakim Oksigenə ən ciddi cəza verməyinizi xahiş edirəm. Oksigeni D.İ.Mendeleyevin dövri sistemindən qovmaq, kolbaya toplamaq və ən dərinlikdə basdırmaq lazımdır.

Prokuror: İttihamçı şahid nömrə 1 dəvət olunur.

İttihamçı şahid nömrə 1: Hörmətli məhkəmə iştirakçıları, biz bu gün kifayət qədər məşhur Oksigeni qara işlərinə görə mühakimə etmək üçün buraya toplaşmışıq. Oksigen 1772-ci ildə D.Pristli ilə eksperimentlərin aparılması üçün İngiltərəyə dəvət edilmişdir. Pristli siçanı Oksigen ilə bir yerdə şüşə qapaq altına salıb və ölmədikcə buraxmamışdır. Beləliklə oksigen bu dəhşətli cinayətin iştirakçısı olmuşdur.

İttihamçı şahid nömrə 2: Payızda, insanlar meşələri quru yarpaqlardan təmizləyəndə və tonqal yandıranda,Oksigen gecə vaxtı meşədə gəzir və odu üfürüb alışdırır.

Yanma reaksiyası oksigensiz baş verə bilməz.

İttihamçı şahid nömrə 3:

– Bir dəfə axşam qonaqlıqda oksigen və qızıl saçlı kükürd arasında mübahisə başladı. Kükürd oksigendə yandı və kükürd 4 oksid əmələ gəldi. (S+O2→SO2 ) Bu qazın təqsiri üzündən qoca mis zəhərləndi. Cu+O2→2CuO.O, ağır vəziyyətdə xəstəxanaya çatdırıldı.

Prokuror:

– Oksigeni bağışlamaq olmaz. Onun işləri, xüsusilə də, yanma reaksiyaları dəhşətlidir. Fosfor yanır (4P+O2→2P2O5),Dəmir yanır(3Fe+2O2→Fe3O4), Karbon yanır(C+O2→CO2). Mən ən yüksək dərəcədə cəzanı təklif edirəm. Oksigeni D.İ.Mendelevin dövri sistemindən qovmaq, toplamaq və 5 ilədək ən dərinlikdə basdırmaq, sonra onu islah etmək üçün həllolma cədvəlinə göndərmək lazımdır.

Hakim:

– Söz müdafiə tərəfinə verilir.

Müdafiə tərəfi:

– Xanımlar və cənablar! Hörmətli hakimlər və iştirak edən dostlar. Biz bu gün bura Oksigen vətəndaşını mühakimə etmək üçün toplaşmışıq. İttihamçı tərəfin şahid tamamilə haqqlı deyil. Həqiqətən 1771-ci ildə Pristli təyin etdi ki, bitkilərdə şamın yanmasından korlanan havanı təmizləyən nə isə var.

Bundan başqa, o müəyyən etdi ki, siçan bağlanmış qabda tələf olur, ancaq qabın altına onunla bir yerdə bitki qoymaqla siçan diri qalır. Təcrübə ilə Pristli sübut etdi ki, nəfəs almaq üçün Oksigen lazımdır, bitkilər isə Oksigeni təchiz edirlər. Buna görə də çox hörmətli hakim və bütün iştirakçılar onu məhkum etməzdən əvvəl siz vətəndaş Oksigenin həyat və fəaliyyəti haqqında eşitməlisiniz.

Müdafiə şahid nömrə-1:

– 1772-ci ildə İsveçrənin balaca bir şəhərində Karl Vilhelm Şeyele Oksigeni körpə olarkən tapmışdır. Onun tərbiyəsində Cozef Pristlinin çox böyük rolu olmuşdur. Antuan Lavuazye onun xaç atası idi, o da onu “Oksigen” adlandırıb, kimyəvi tərcüməsi “İnsanlar üçün Allahdan gələn nemət” deməkdir. Onun uşaqlığı çox ağır keçmişdir. O çox ağıllı və mərhəmətli olmuşdur. Oksigen uşaq vaxtında susuzluqdan və aclıqdan bir neçə min afrikalını xilas etmişdir. O vaxt çox quru və isti yay idi və minlərcə insan, onların arasında çoxlu uşaq var idi, dəhşətli ölüm qarşısında idilər. Əkinlər məhv olur, susuzluqdan mal tələf olurdu. İnsanlar susuzluq ilə mübarizə etsələr də, onlar qaçılmaz ölüm qarşısında idilər. Ancaq Oksigen onların ölməyinə imkan vermədi. O, öz kiçik qardaşı Hidrogen ilə birlikdə su yaratdılar və insanları içirtdilər, onların əkinlərini suladılar. Bütün bunlardan sonra Oksigeni yanma işlərində qınamaq olarmı? Yanma reaksiyaları bizə istilik verir (kömür, oduncaq, propanın yanması).

Müdafiə şahid nömrə 2:

– Oksigen kolecdə oxuyanda o körpə bir qızı ölümdən xilas etdi. Qız möhkəm soyuqdəymədən boğulurdu, həkimlər heç nə edə bilmirdilər. Ancaq oksigen onu ölümdən xilas etdi. Balışa doldurulmuş oksigen qızı xilas etdi. Balışa doldurulmuş oksigen orqanizmə daxil oldu və bu zaman o nəfəs aldı və tez sağaldı.

Müdafiə sərbəst ekspert həkimi dəvət edir:

– Birinci növbədə, oksigen heyvanların və insan hüceyrələrində enerjinin yaradılması üçün lazımdır. Oksigenin yolunu izləyək. Nəfəsalma prosesində o orqanizmə daxil olur, qan ilə birləşir və orqanizmin hüceyrəsinə daşınır. Oksigen enerjinin ayılması ilə yeməyin oksidləşməsinə sərf olunur. Bəs oksigen özü olmadığı halda nə baş verə bilər? Heç bir həyati proses mümkün olmayacaq və hüceyrələr məhv olacaqlar.

Müdafiə tərəfi:

– Lakin bu heç də Oksigenin nə qədər vacib olduğunu təsdiq edən axırıncı sübut deyil. Əgər biz onu məhkum etsək, biz ölə bilərik. Axı insan orqanizmində Oksigen var və biz oksigen ilə nəfəs alırıq, azotla yox. İnsan orqanizmində oksigen payı 65% təşkil edir. Təsəvvür edin ki, sizin bədəninizdən 65% yox olur. O, bizim planetdə bütün canlıların həyatı üçün vacibdir. Beləliklə, son qərarın çıxarılmasından öncə bizim hamımıza ciddi fikirləşmək lazımdır.

Kimya mütəxəssisi:

– Oksigen yer kürəsində ən çox yayılmış kimyəvi elementdir. Oksigen təbiətdə həm sərbəst, həm də birləşmələr şəklində tapılır. Oksigen demək olar ki bizi əhatə edən əksər maddələrin tərkibinə daxildir. Məsələn, oksigen canlı orqanizmlərin kütləcə 65%-ə qədərini təşkil edir. (zülallar, yağlar, karbohidratlar, sümüyün və.s tərkibinə daxildir. Həmçinin oksigen suyun, qumun, şüşənin, sementin və bir çox dağ süxurlarının, minerallarının tərkibinə daxildir. Oksigenin əsas tətbiq sahəsi metallurgiya və kimya sənayesidir. İstehsal olunan oksigenin 60% metallurgiyada, 30% isə kimya sənayesində istifadə olunur. Çuqun və polad istehsalında, əlvan metallurgiyada, sulfat turşusu istehsalında çox vaxt hava əvəzinə oksigenlə qarışdırılmış havadan və ya təmiz oksigendən istifadə edilir. Tibdə oksigen tənəffüsü yüngülləşdirmək üçün istifadə olunur. Onun üçün xüsusi balışlar oksigenlə doldurulur. Kosmik və sualtı gəmilərdə oksigen maskalarından istifadə edilir. Oksigendən maye haldada istifadə edirlər. Yanıcı maddələrə (ağac kəpəyi, torf, saman, kömür tozu) maye oksigen hopdurularaq partlayıcı maddələr hazırlanır və onlardan da dağ-mədən işlərində, tunellərin yolların çəkilişində istifadə edilir. Maye oksigeni raket mühərikləri yanacağına oksidləşdirici kimi əlavə edirlər. Təbiətdəki bütün canlılar oksigenlə tənəffüs edir. Bir il ərzində Yer kürəsinin əhalisi tənəffüs üçün 2*106m3-ə yaxın oksigen sərf edir. Çürümə, yanma və digər oksidləşmə prosesləridə oksigenin iştirakı ilə gedir. Beləliklə, oksigen təbiətdə dövran edir. Yer üzərindəki canlı orqanizlərin və bitki aləminin həyatı təmin edilir.

Müdafiə tərəfi:

– Bəli, oksigen məhvedici silahdır. Qəribə gələ bilər, lakin oksigen insan və heyvanların həyatı üçün o qədər vacibdir ki, o çoxlu xəstəlik törədici və virus, bakteriya və parazitlər üçün öldürücü zəhərdir. Mən düşünürəm ki, hamıya aydın oldu Oksigen necə elementdir və onun planetin həyatındakı rolu nədir.

Hakim:

– Söz oksigenə verilir.

Oksigen:

– Çox hörmətli məhkəmə! Bilirəm ki, səmimi etiraf günahı yumşaldır. Bəli, mən yanma reaksiyalarını sevirəm, amma onlarsız istilik, dadlı yeməklər, çoxlu lazımlı maddələr almaq mümkün deyil. Mənsiz təyyarəçi göyə uçmaz, dalğıc dənizin dibinə enməz, domna peçi işləməz və nəqliyyat dayanar. Məni öldürə bilməzsiz. Mənsiz bütün canlı orqanizmlər məhv olar. Əsas odur ki, bütün canlı orqanizmlər mənimlə nəfəs alırlar. Əgər siz məni bununla öldürmək istəsəniz onda yer üzü səhraya dönəcək və külək tozu apararkən məftillər də fit çalacaq. Mən yanğınları, şaxtada partlayışlar sevmirəm, bu qəzalar mənimlə savadsız, bacarıqsız rəftar etdikdə baş verir. İnsanlar zavodlar tikəndə, avtomobillər istehsal edəndə atmosferi çirkləndirəndə biz qardaşımla nə qədər dözmüşük.

Bəli, biz bu insanlardan çox incimişik, amma bütün insanlar pis deyil. Çox yaxşı savadlı insanlarda var. Onlar təmizləmə qurğuları düzəldirlər, şəhərləri yaşıllaşdırırlar. Bu insanlara mən təmiz hava və səliqəli şəhərə görə minnətdaram. Sonda isə mən hamıya bildirmək istəyirəm ki, mən günahsızam.

Hakim:

– Şahidləri, müttəhimi, müdafiəçiləri və təqsirləndiriləni dinlədikdən sonra məhkəmə aşağıdakı nəticələri çıxartdı.

1. Bizim planetdə bütün canlılar oksigenin hesabına yaşayır.

2. Oksigen hər yerdə mövcutdur: havada, suda, torpaqda, hətta bizim bədənizimizdə çoxlu miqdarda oksigen var.

3. Oksigenin gücü ondadır ki, biz onunla nəfəs alırıq, axı nəfəs həyatın sinonimidir.

4. Adi şəraitdə oksigen təkcə rəngsiz olduğuna görə görünməz deyil, eyni zamanda heç bir hiss üzvü ilə hiss olunmur.

Ancaq Oksigen çatışmamazlığını, xüsusən də, onun olmamasını, biz dərhal hiss edirik.

Hakim:

– Oksigen tamamilə bəraət alsın, dövri sistemdə saxlanılsın və ona Yer kürəsində bütün canlılara və insanlara sadiq xidmət etdiyinə görə təşəkkür edilsin.

Kimya həyatın hər anında bizimlədir. Gəlin, kimyanın var olduğu yerləri sayaq. Bu dünyadakı hər şeyi sayana qədər bitməyəcək,çünki kimya hər yerdədir. Kimya çətin bir elm kimi görünsədə daxilinə bərq vurunca, bir az yaxından baxınca heçdə çətin olmadığı və hətta həyatımızı asanlaşdırdığını görəcəksiniz. Həyatınızın geri qalanında kimyalı günlər keçirməyiniz diləyi ilə…

Ülviyyə Ağayeva,
Yevlax şəhəri, S.Vurğun adına 5 saylı tam orta məktəbin müəllimi

Filed in: DERS-KİMYA

Hələ şərh yoxdur

Şərh yazın