11:35 am - Şənbə Sentyabr 23, 2017

Şagird şəxsiyyətinin inkişafında oxunun rolu

Məzmun xətləri ümumi təlim nəticələrinin reallaşdırılması üçün müəyyən olunan fənn kurikulumunun zəruri hissəsidir. Şagirdlər məzmun xətlərinin köməyi ilə qazanılacaq bilik və bacarıqları aydın təsvir etmiş olurlar.

Azərbaycan dili təliminin məqsəd və vəzifələrinə müvafiq şəkildə məzmun xətləri təhsilin bütün pillələri üzrə aşağıdakı kimi təyin edilmişdir:

1. Dinləyib-anlama və danışma
2. Oxu
3. Yazı
4. Dil qaydaları.

Konseptual sənəd olan kurikulumda hər bir məzmun xəttinin mahiyyətinə aydınlıq gətirilmişdir.

Oxu: Şagirdlərin dil duyumunun inkişafını, fikrin ifadə olunmasında sözün məna xüsusiyyətlərinin, cümlə və mətnin rolunun anlaşılmasını, lazımi vərdişlərin məqsədyönlü şəkildə təkmilləşdirilməsini, dilin gözəlliyinə, üslubi imkanlarının zənginliyinə, şagirdlərin maraq və məhəbbətinin formalaşmasını təmin edir. Oxu məzmun xətti müxtəlif üslublarda yazılmış mətnlərin məzmun və struktur elementlərinin müstəqil qavranılmasına imkan yaradır, ana dilinə, bu dildə yazılmış elmi-kütləvi və ədəbi-bədii nümunələrinə marağı dərinləşdirməyə, ümumi nitq mədəniyyətinin inkişafı üçün lüğət ehtiyatını daha da zənginləşdirməyə xidmət edir.

Oxu məzmun xəttinin sənəddə qeyd olunan standartları və alt standartları təlim məqsədlərində həllini tapmaqla şagirdin şəxsiyyət kimi inkişafı təmin olunur. Sual olunur: Oxu necə olmalıdır? Cavablar müxtəlif olsa da, yekun cavab oxunun strategiyalı olmasını düzgün sayır. Bu barədə iki sualın cavablandırılması məntiqlidir:

1. Oxu zamanı düzgün davranmaq üçün nə etmək lazımdır?

2. Hansı proseslər baş verməlidir ki, oxunmuş mətn dərk edilsin, oxucuya fayda versin?

Oxunun strategiyalı olması sualların həllinə təminat vermiş olar. Aparılan sorğu zamanı şagirdlər strategiyalı oxunu müxtəlif mənada təxmin edirlər:

• Əlaqələndirərək oxumaq;
• Sözləri oxumaq;
• Düşünərək oxumaq;
• Əsas ideyanı anlamaq və s.

Məsələyə məntiqi yanaşsaq, deyilənləri ümumiləşdirmək olar. Strategiya ilə oxu-hərflərlə kodlaşdırılmış sözlərin altında olan mənanı aşkar etmək və ona uyğun müxtəlif üsullarla düşünməkdir.

Kurikulumun tətbiqi fəal təlim texnologiyalarına əsaslanır. Ənənəvi oxu və strategiya ilə oxu öz modellərinə görə bir-birindən fərqlidir.

Ənənəvi oxu və strategiya ilə oxu modellərinin üç mərhələdə – oxudan əvvəl, oxu zamanı və oxudan sonra funksiyalarını ifadə etməklə onların şagird şəxsiyyətinin inkişafında rolunu aydın dərk etmiş olarıq. (cədvəl)

Cədvəl

Cədvəl

Şagirdlərə müəyyən hekayəni oxumaq tapşırığı verilir və onların necə oxucu olduğu müəyyənləşdirilir. Aparılan təhlil göstərir ki, şagirdləri bir oxucu kimi dörd qrupa ayırmaq olar:

• Mətnlə tanış olmaq üçün oxuyan;
• Oxuduğunu dərk edən;
• Oxuduğu mətndən istifadə edən;
• Oxuduğu mətnə tənqidi yanaşan.

Şagirdlərlə aparılan müsahibələr zamanı: “Nəyə görə kitab oxuyursunuz?” sualına onların əksəriyyəti “Oxuyuram, ona görə ki, qiymət alım” cavabı vermişlər. Açıq etiraf etməliyik ki, ənənəvi oxudan strategiya ilə oxuya keçidlə bağlı əməli tədbirlərə lazımınca diqqət göstərmirik.

Ənənəvi oxudan fərqli olaraq, strategiyalı oxu barədə mütəxəssislərin yanaşmaları müxtəlifdir. Strategiyalı oxu üç mərhələdə təsnif edilir:

• Şagirdlərin öz oxu fəaliyyətini təşkil və idarə etməsi;
• Şagirdlərə müstəqil olaraq öz oxu nəticəsini yoxlamaq imkanı verməsi;

• Strategiyalı oxu materialları əsasında oxunu təşkil, idarə etməsi və nəticənin qiymətləndirilməsi mərhələlərindən sonra məzmundan əldə edilən qənaətlərin müxtəlif həyati problem və tapşırıqların həllində istifadə edilməsinə və şagirdlərin dünyagörüşünün zənginləşdirilməsinə xidmət edən vasitə kimi dəyərləndirilir.

Qeyd olunan mərhələləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, strategiyalı oxu şagirdlərin təfəkkür imkanlarını inkişaf etdirərək “oxu qaydaları”nın praktik tətbiqi ilə düşünmə mühitinin yaradılmasıdır. Təhsildə şagirdyönümlülük strategiyalı oxu ilə bağlıdır. “Kitablarınızı açın və mətni oxuyun” ənənəvi tapşırığı demək olar ki, mahiyyətini itirmişdir. Oxunacaq materialın oxudan əvvəl, oxu zamanı və oxudan sonra mühüm təlim strategiyalarının tətbiqinə şagirdlərin yönəldilməsinə nail olmaq lazımdır.

Şagird şəxsiyyətinin ahəngdar inkişafını təmin edən strategiyalı oxunun aşağıdakı prinsipləri mühüm əhəmiyyət kəsb edir:

• İdraki bacarıqların əlaqələndirilməsi;
• Yeni məlumatların mövcud biliklər ilə əlaqələndirilməsi;
• Təlim zamanı iştirakçılarla əməkdaşlıq;
• Düşünmənin hər bir mərhələsinə (düşünməyə yönəltmə, dərketmə, düşünmə) cəlb edilmə.

Bütün başqa fənn müəllimlərindən fərqli olaraq, ən çox dil müəllimləri şagirdlərin məharətli oxucu olmasına maraqlı olurlar. Oxunun imkanlarından istifadə etmək bununla əlaqədar seçilən oxu materiallarının məzmunundan asılıdır. Əgər oxu üçün seçilən material çox asan olarsa, o strategiyalı oxuya heç bir ehtiyac yaratmaz. Əksinə oxu materialı çox mürəkkəb olsa, şagirdi oxudan uzaqlaşdırar. Məzmunun səviyyəsi ilə əlaqədar seçim elə aparılmalıdır ki, şagird mətnin mənasını dərk etmək üçün ardıcıl fəaliyyətdə olmaq ehtiyacı duysun və şəxsiyyət kimi formalaşsın.

Zərnişan Rüstəmova,
Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 3 nömrəli

tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Filed in: DƏRS ANA DİLİ

Hələ şərh yoxdur

Şərh yazın