11:35 am - Şənbə Sentyabr 23, 2017

BİOLOGİYA DƏRSLƏRİNDƏ İKT-DƏN İSTİFADƏ TƏCRÜBƏSİNDƏN

Yaşadığımız XXI əsri düzgün olaraq“kompüter”, “infor-masiya” əsri adlandırırlar. Belə bir şəraitdə isə təbiidir ki, təhsilin rolu və əhəmiyyəti gündən-günə artır. Bu baxımdan göstərmək yerinə düşərdi ki, möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən imzalanan “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” özündə XXI əsrin çağırışlarını ehtiva edir. Belə ki, Strategiya təhsilin bütün mərhələlərində keyfiyyətcə yeni mərhələyə başlamağı, fənlərarası inteqrasiyanı, “qara qızılı insan kapitalına çevirək” fələsəfəsini qarşımıza vəzifə kimi qoyur.

Bu baxımdan müasir təlim texnologiyalarından geniş istifadə mümkündür. Buna məktəblərin texniki imkanları, şəraiti və müasir şagirdlərin, müəllimlərin potensialı imkan verir. Bu günün tələblərinə cavab vermək üçün müasir dərsləri İKT-siz təsəvvür etmək mümkün deyil. İKT-nin tətbiqi bir çox üstünlüklərə nail olmağa imkan verir.

40 illik pedaqoji təcrübəyə malik bir müəllim kimi ilk öncə onu deyərdim ki, məntiqi təfəkkürü inkişaf etdirmək pedaqoji prosesin ən zəruri hissəsidir. Bu baxımdan qeyd etməliyəm ki, biologiya dərslərində İKT-nin rasional şəkildə tətbiqi fənlərarası inteqrasiyaya imkan verməklə yanaşı, şagirdlərin yaradıcılığını artırır, təsəvvürlərini genişləndirir. Şagirdlər aldıqları nəzəri informasiyaların videolar, animasiyalar, şəkillərlə görüntülü təsvirini müşahidə və analiz etmə imkanına malik olurlar. Bütün bunlar isə son nəticədə şagirdlərin ilk baxımdan çox çətin, mürəkkəb görünən bir çox “ağır”, “çətin” mövzuları kifayət qədər müvəffəqiyyətlə mənimsəmələrinə, “həzm” etmələrinə imkan verir.

Deməliyəm ki, İKT-dən daha çox kurikulum tətbiq olunduğu siniflərdə istifadə edirəm. Belə dərslərdə fənlərarası inteqrasiyaya da geniş imkan olur. Məsələn, VI sinifdə “İnsanın təsnifat sistemində yeri” mövzusunun motivasiyasını quran zaman monitorda Azərbaycan xəritəsinin üzərində əvvəlcə təbiət, heyvanlar aləmini, meymunun, sonra isə insanın şəklini nümayiş etdirirəm. Bu zaman onlara həyat bilgisi fənnində öyrəndikləri məşhur “Kitabi-Dədə Qorqud” dastanında insan təsvir edilərkən onun təbiətlə müqayisə olunduğunu da xatırladıram.

Şəkil

Şəkil

Şəkil

Şəkil

Şəkil

Şəkil

Nümayişdən sonra şagirdlər müstəqil surətdə fikirlərini ifadə edirlər. Bir neçə sualla sinfə müraciət edirəm. Artıq şagirdlər Azərbaycanın xəritəsini Vətənimiz kimi ifadə edirlər. Bu zaman onlar Vətənimizin təbiətinin zənginliyini, insanın təbiətin bir hissəsi olduğunu, onun təkamül nəticəsində yarandığını, Azıx mağarasını, onun yerləşdiyi Füzuli rayonunu, nəticə etibarı ilə Vətənimizin insanın təkamülündə mühüm rol oynayan Azıxantropun vətəni olduğunu bilirlər. Təbiidir ki, bu zaman coğrafiya, tarix, ədəbiyyat, həyat bilgisi fənləri arasında fənlərarası əlaqə yaratmış oluram. Bu isə şagirdlərə adı çəkilən fənlərdən öyrəndikləri bilikləri xatırlatmağa və möhkəmlətməyə imkan verir. Belə cəhətlər dərsin səmərəsini xüsusilə artırır.

“Fəaliyyət” bölümündə şagirdlər şəkildə təsvir olunmuş meymun və insanı müqayisə edərək oxşar və fərqli cəhətləri müəyyənləşdirirlər. Bu zaman lövhədəki Venn diaqramında şagirdlərin cavablarını qeyd edirəm. (İnsan və insanabənzər meymunların oxşarlığı: bədən nisbətləri – bədənin gövdə hissəsinin qısa olması və uzun ayaqlar; dodaqların, burnun, qulaq seyvanının, mimikanın oxşarlığı və s.)

“Prokariot orqanizmlər” mövzusunun motivasiyasını da İKT-nin köməyi ilə maraqla qurmağa çalışıram. Bu zaman kompüter və proyektorun köməyi ilə lövhədə təbiəti, ilk heyvanlar, insanlar aləmi və qədim yaşayışı şagirdlərin təsəvvüründə canlandırmağa çalışıram. Sonra isə onlara məlumat verirəm ki, bakteriyalar Yer üzərində yaşayan orqanizmlərin ən qədimi hesab olunur. Belə ki, ilk bakteriyaların təqribən 3,5 milyard il əvvəl meydana gəldiyi güman olunur. Bakteriyalar canlıların sadə quruluşlu nümayəndələri olub uzun dövr ərzində dəyişilməmiş qalmışlar.

Deməliyəm ki, bu zaman “ağıllı lövhə”lərdən də istifadə edirəm ki, bu da kifayət qədər səmərəli olur. Belə ki, bu zaman “ağıllı lövhə”lərdə mikroskopu, lupanı, bitki hüceyrəsini, bakteriyanı, bakteriya formalarını və bakteriya hüceyrəsinin əsas hissəciklərinin adları göstərilən şəkilləri lövhəyə gətirirəm. Sonra isə hüceyrə quruluşunun öyrənilməsinin elmdə, təbabətdə və kənd təsərrüfatındakı əhəmiyyəti haqqında müəyyən məlumat verib müzakirə təşkil edirəm. Belə müzakirələr həm də şagirdlərin laboratoriya işinə hazırlanmasını təmin edir.

Şəkil

Şəkil

Şəkil

Şəkil

Şəkil

Şəkil

VII siniflərdə Yosunlar ibtidai bitkilərdir. “Birhüceyrəli yaşıl yosunlar” dərsini keçəndə də dərsin motivasiya hissəsində əvvəlcə lövhəyə klaster metodu ilə sxem çəkirəm.

Şəkil

Şəkil

Şəkil

Şəkil

Sonra isə şagirdlər həyati bilik və müşahidələrindən faydalanaraq cavablarını səsləndirir (yosunlar) və əlavələr edirlər.

“Fəaliyyət” mərhələsinə keçməzdən əvvəl isə şagirdləri “ibtidai” və “ali bitkilər” anlayışları ilə tanış edərək, onların xüsusiyyətlərini vurğulayıram. Yosunların sistematik kateqoriyaları haqqında məlumatı isə sxem şəklində təqdim edirəm. Əlbəttə, bu zaman “ağıllı lövhə”lərdən istifadə edirəm.

“Fəaliyyət” bölümündə şagirdlər şəkildə təsvir olunan birhüceyrəli yaşıl yosunları müqayisə edirlər. Lövhədəki Venn diaqramında şagirdlərin cavablarını qeyd etdikdən sonra birhüceyrəli yosunların orqanoidlərini sadalayan şagirdlər əvvəlki biliklərə əsaslanaraq onların funksiyalarını qeyd edirlər. “Xromotor” anlayışı yeni olduğu üçün şagirdlər onun funksiyaları haqqında öz fərziyyələrini irəli sürürlər (yaşıl olduğu üçün fotosintezdə iştirak edirlər).

Bütün yuxarıda göstərdiklərimin nəticəsində şagirdlərin intellektual səviyyələri artır, sürətli, məntiqli və yaradıcı düşünmə qabiliyyətləri formalaşır. Nümunələrdən də göründüyü kimi İKT-dən istifadə zamanı dərs daha maraqlı, fəal, yaddaqalan olur. Səmərəlıi istifadədə isə nəticəyönümlü və şagirdyönümlü dərs prosesi qurulmuş olur.

Bir biologiya müəllimi kimi çalışıram ki, gündən-günə daha da inkişaf edən respublikamızın gələcəyi olacaq şagirdlərimizə canlıların quruluşunu və funksiyalarını, ekoloji bilikləri müasir təhsil texnologiyalarının köməyi ilə daha dərindən öyrədim və onlarda təbiətə qarşı sevgi hisləri aşılayım.

Məlahət Məmmədova,
132-134 mömrəli tam orta məktəb
kompleksinin biologiya müəllimi,
metodbirləşmə sədri

Filed in: DƏRS NÜMUNƏLƏRİ - BİOLOGİYA

Hələ şərh yoxdur

Şərh yazın