11:27 am - Şənbə Sentyabr 23, 2017

QARABAĞIN ŞƏHİD DÜŞƏN BALASI

Çətindir xar olmaq yağı içində,
Bu xalq hələ ümidindən güc alır.
Üzü gülmür qalıb ağı içində,
Əsir düşən körpələri qocalır…

Köçən, qaçan…yaralar yara bağlar,
Yol gözləyən yollar yolçu soraqlar.
O torpaqda hələ yer-göy qan ağlar,
Ağ yalanlar doğrulardan bac alır…

İtkinlərin itirilmiş sayından,
Altı yüz on üç şəhidin ahından,
Yeddi milli qəhrəmanın ruhundan
Səmalara səssiz fəryad ucalır…

XOCALIM, AY XOCALIM!

Qarqarçay tək, Əsgəran tək qalası
Tapdaq altda quruyub göy talası.
Qarabağın şəhid düşən balası
Xocalıdır, Xocalıdır, Xocalı!
Vay gününə, Qarabağ,
Nələr çəkmədi başın?..
Yurd-yuvası dağılan
Əsir bacım, qardaşım.
Sağlamı da şikəstim,
Ey cavanı qocalım,
Xocalım, ay Xocalım…

Sən ölmüş bacımızsan?
Cənazəsi ortada
Pərişan anamızsan –
Nə ad verim bu yasa?
Hələ ki, “sahib”lərin
Varis gəzir mirasa…
Deyən yoxdu, qoy gedim
Yağılardan bac alım,
Xocalım, ay Xocalım…

İyirmi beş ildir ki,
Gözün yorur yolları.
Necə çəkirik, Allah,
Görən bu acıları…
“Atəşkəs” uzandıqca
Hər gün yeni şəhidə
Dönəcək əsgərlərin.

Göz yaşı tökə-tökə
Yola da salacaqlar…
Sonra unudacaqlar…

Bu gün sənin günündür,
İki dünya arası
Ruhu didərgin düşən…
Bu gün sənin günündür,
Sənsən bu ah-nalədən
Yaxasına od düşən!

Yenə sənə çalınır
Köhnə Şüştər muğamı,
Lap yandırır adamı…
Qoy yaram təzələnsin,
Qoy ağlayım doyunca,
Ruhum şəhid olunca…
Şəhidlik zirvəsinə
Mən də sənlə ucalım,
Xocalım, ay Xocalım!

Adilə Həsən qızı Nəzərova,
filologiya üzrə fəlsəfə
doktoru, şair

Filed in: ŞEİR

Hələ şərh yoxdur

Şərh yazın