11:31 am - Şənbə Sentyabr 23, 2017

Texnologiyanın kurikuluma əsasən tədrisi

Kurikulum mənşəcə latın sözü olub, lüğəvi mənası “yol”, “istiqamət” deməkdir. Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir.

Texnologiya fənninin ənənəvi və yeni təhsil proqramı (kurikulum) əsasında tədrisinin mahiyyətində olan fərqi aşağıdakı cədvəldən aydın dərk etmək olar:

Cədvəl

Cədvəl

Texnologiyanın kurikuluma əsasən tədrisində ibtidai sinifdən başlayaraq hər bir məzmun xətti (emal texnologiyaları, texnika elementləri, məişət mədəniyyəti qrafika) üzrə fəndaxili üfüqi inteqrasiyanın hesabına zəruri bacarıqlar aşılanmalıdır.

İbtidai siniflər üzrə: (I-IV siniflər)

• Sadalama, adlandırma və tanıma bacarıqları;

• Seçmə, müəyyənləşdirmə, fərqləndirmə, izahetmə, şərhetmə, təşkiletmə və münasibət bildirmə bacarıqları;

• Hazırlama, əməletmə, tərtibetmə, təqdimetmə, nümayiş etdirmə, təsvirçəkmə bacarıqları.

V-IX siniflər üzrə şagirdlər ibtidai siniflərdə texnologiyadan qazanmış olduqları bacarıqların ayrı-ayrı məzmun xətlərinə müvafiq olaraq inkişafına nail olurlar.

Emal texnologiyaları:

• Emal texnologiyalarının özünəməxsus cəhətlərini anladığını nümayiş etdirir.
• Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.
• Verilmiş materiallardan (oduncaq, metal, plastik kütlə, parça, ərzaq) müxtəlif məmulatlar hazırlayır.
• Şəraitə və təbii imkanlara uyğun əmək bacarıqları (becərmə, tədarük, emal) nümayiş etdirir.

Texnika elementləri:

• Texnoloji maşın, cihaz və vasitələr haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
• Texnoloji maşın, cihaz və vasitələrdən istifadə bacarıqları nümayiş etdirir.

Məişət mədəniyyəti:

• Məişətdə zəruri hesab edilən bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
• Ailə və onun büdcəsinin idarə olunması haqqında bilik və bacarıqları nümayiş etdirir.

Qrafika:

• Məmulatların texniki spesifikasiyasını şərh edir.
• Məmulat və onun detallarının texniki sənədləşdirilməsi bacarıqlarını nümayiş etdirir.

Qeyd olunan məzmun xətlərinin təlim nəticələri hər bir sinif üzrə standartlarla verilərək müəllimin bələdçilik imkanlarını genişləndirir.

Emal texnologiyaları məzmun xəttinin “1.1. Emal texnologiyalarının özünəməxsus cəhətlərini anladığını nümayiş etdirir” əsas standartının V-IX siniflər üçün alt standartı yeni məzmun kəsb edir. Məsələn:

V sinif: 1.1.1. Əl alətlərindən istifadə etməklə emal texnologiyalarını izah edir.

VI sinif: 1.1.1. Mexanikləşdirilmiş əl alətlərindən istifadə etməklə emal texnologiyalarını izah edir.

VII sinif: 1.1.1. Maşın, qurğu və dəzgahlardan istifadə etməklə emal texnologiyalarını izah edir.

VIII sinif: 1.1.1. Avtomat və yarımavtomat qurğulardan istifadə etməklə emal texnologiyalarını şərh edir.

IX sinif: 1.1.1. Elektron texnologiyalarından istifadəyə dair emal texnologiyalarını şərh edir, təqdimatlar hazırlayır.

Təqdim edilən nümunələrdən bir daha aydın olur ki, texnologiya fənninin kurikuluma əsasən tədrisi hər bir məzmun xəttinə aid olan əsas və alt standartlarla tənzimlənir.

2014-cü ildə Odlar Yurdu Universiteti tərəfindən Lənkəran rayonu, 5 nömrəli tam orta məktəbində Texnologiya fənn müəllimləri üçün təşkil olunan treninqdə dinləyici olmağım mənə bu sahədə çox kömək olmuşdur. Təlimçi pedaqoji ictimaiyyətdə yaxşı tanınan, Texnologiya dərsliklərinin elmi redaktoru, pedaqogika üzrə fəlsəfə doktoru Şahrza Ağayev idi. Onun hər gün üçün nəzərdə tutulan təlim tapşırıqlarının mahiyyətinə aydınlıq gətirməsi bilik, bacarıq və vərdişlər qazanmağımızı optimallaşdırırdı. Təsadüfi deyil ki, bu yaxınlarda müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə əlaqədar keçirilən yoxlamada iştirak edən qrup üzvlərinin hamısı yüksək göstərici əldə etmişlər. Biz qazandığımız nailiyyətə görə hörmətli Şahrza müəllimi alqışlayırıq.

Texnologiyanın kurikuluma əsasən tədrisinin keyfiyyətli təminatı mühüm anlayışların bir-biri ilə əlaqələndirilməsi ilə bağlıdır. Buraya daxildir: Təlim strategiyalarının məcmusuna aid olan təlimin təşkilinə verilən əsas tələblər; təlimin təşkilinin forma və üsulları; təlim fəaliyyətinin planlaşdırılması; məzmun standartlarının şərhi.

Təlim strategiyalarına əsasən müəllim öz fəaliyyətini məntiqi ardıcıllıqla qurmalı, az vaxt sərf etməklə gözlənilən nəticəyə az səhvlə nail olmalıdır.

Təlimin təşkilinə verilən əsas tələblər nələri əhatə edir? Bu sualı müəllim bu cür cavablandırmalıdır: Pedaqoji prosesin tamlığı; təlimdə bərabər imkanların yaradılması; şagirdyönümlülük; inkişafyönümlülük; fəaliyyətin stimullaşdırılması; dəstəkləyici mühitin yaradılması.

Açıq etiraf etməliyik ki, konseptual sənəddə nəzərdə tutulan bu əsas tələblərin təlim prosesində gerçəkləşdirmək heç də asan məsələ deyildir.

Təlim strategiyası kimi dəyərləndirilən fərdi, cütlərlə, qruplarla, kollektivlə işlərin təşkilinə xüsusi diqqət yetirməliyik. Hər bir iş formasının şagirdin texnoloji bilik, bacarıq və vərdişlər qazanmasında rolu vardır:

• Fərdi iş – şagirdin əməliyyat zamanı fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləşdirmək və inkişaf etdirmək məqsədi daşıyaraq onun sərbəst düşünməsi üçün əlverişli imkanlar yaradır.

• Cütlərlə iş – dərs prosesində şagirdlər təlim tapşırıqlarını iki-iki yerinə yetirirlər. Bu dərs forması şagirdlərə daha yaxından əməkdaşlıq etməyə və ünsiyyət qurmağa, məmulatın keyfiyyətli hazırlanması ilə bağlı məsuliyyəti bölüşməyə imkan yaradır.

• Kiçik qruplarla iş zamanı şagirdlərin (3-6 nəfər) müəyyən problemi həll etmək üçün qrupda birləşərək müzakirə etmək, fikir mübadiləsi aparmaq, mühakimə yürütmək, özünün və digərlərinin işini qiymətləndirmək kimi bacarıq və vərdişlərə nail ola bilirlər.

• Kollektiv iş – burada birgə fəaliyyətə alışmaq bacarığının əsasının qoyulması reallaşır.

Şagirdlərin qiymətləndirmə meyarlarına görə üç çətinlik səviyyəsinə (zəif, orta və yüksək) uyğun dəyərləndirilməsi keyfiyyətin yüksəlməsinə təsir göstərir.

• Zəif – verilmiş materialdan 2-3 detaldan ibarət məmulat hazırlamaq üçün emal texnologiyasını və vasitələrini müəyyən etməkdə çətinlik çəkir.

• Orta – müəllimin köməyi ilə verilmiş materialdan 2-3 detaldan ibarət məmulat hazırlamaq üçün emal texnologiyasını və vasitələrini müəyyən edir.

• Yüksək – verilmiş materialdan 2-3 detaldan ibarət məmulat hazırlamaq üçün emal texnologiyasını və vasitələrini sərbəst müəyyən edir.

Eyni yanaşmanı iş yerinin təşkili, məmulatın hazırlanmasında ardıcıllığın müəyyən edilməsi, məmulatın hazırlanmasında çətinliyə görə zəif, orta və yüksək meyarlarla ifadə etmək olar. Aparılan təhlillərdən bir daha aydın olur ki, texnologiyanın kurikuluma əsasən tədrisi müəllimin səriştə və peşəkarlıq səviyyəsinin yüksək olmasını zəruri edir.

Humayə Əliyeva,
Lənkəran rayonu, Vel tam
orta məktəbin texnologiya
müəllimi

Filed in: DƏRS NÜMUNƏLƏRİ TEXNOLOGİYA

Hələ şərh yoxdur

Şərh yazın