7:55 am - Çərşənbə Noyabr 22, 2017

Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında hərbi xidmətə dair müddəalar

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq aləmdə hüquqi mövcud-luğunu təmin etmək, ölkənin daxili həyat fəaliyyətini tənzimləyən və digər ölkələrlə hüquqi əlaqələr yaratmağa imkan verən bir sıra qanunların qəbul edilməsi zərurəti yarandı. Bunlardan ən əsası Azərbaycan Respublikasının Konstitusiyası idi.

Ölkənin ilk konstitusiyası 30 avqust 1991-ci ildə qəbul edilsə də, bu konstitusiya müasir dövrün tələblərinə cavab vermir, vətəndaşların hüquq və azadlıqlarını özündə tam əks etdirmirdi. Belə olan təqdirdə ölkə rəhbərliyi yeni konstitusiyanın hazırlanmasına dair qərar qəbul etdi. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında 1995-ci ilin noyabrın 12-də qanunlara malik yeni Konstitusiya qəbul olundu. Bu Konstitusiyada əsas maddələrdən biri də Azərbaycan Respublikasının özünümüdafiə hüququ və onun əsas icraçısı olan Silahlı Qüvvələrin yaradılmasına dair maddələr idi. Burada eyni zamanda başqa ölkələrin ərazi bütövlüyünə və dövlətçiliyinə qəsdin rədd edilməsi də ifadə edilir.

Maddə 9. Silahlı Qüvvələr.

I . Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır.

II. Azәrbaycan Respublikası başqa dövlәtlәrin müstәqilliyinә qәsd vasitәsi kimi vә beynәlxalq münaqişәlәrin hәlli üsulu kimi müharibәni rәdd edir.

III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır.

Maddə 56. Seçki hüququ.

Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər.

Maddə 74. Vətənə sədaqət.

I. Vətənə sədaqət müqəddəsdir.

II. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən şəxslər öz vəzifələrini dürüst və layiqincə yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və qanunla müəyyən edilmiş hallarda and içirlər.

Maddə 76. Vətəni müdafiə.

I. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.

II. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.

Hərbi doktrina.

Azərbaycan Respublikasının Hərbi doktrinası Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təminatı strategiyasının tərkib hissəsi olaraq, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici hərbi və digər təhdidlərdən qorunmasına yönəlmiş hərbi təhlükəsizlik sisteminin konseptual əsasını müəyyənləşdirən sənəddir. Bu sənəddə respublikamızın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin hərbi və siyasi, habelə digər təhdidlərdən qorunması dövlətin hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində başlıca vəzifələrindən biri hesab edilir.

“Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu”nda Azərbaycan Respulikası Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin vəzifələri, onlarda hərbi xidmətkeçmənin əsasları, vətəndaşların hərbi qeydiyyat üzrə vəzifələri və s. öz əksini tapmışdır.

Maddə 2.

* Hərbi vəzifə – qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmət keçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir;

* Çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları;

* Qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər;

* Hərbi vəzifəlilər — ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları;

* Hərbi vəzifəli olmayanlar — hərbi qeydiyyata götürülməli olmayan və ya hərbi uçotdan çıxarılmış, o cümlədən istefaya buraxılmış Azərbaycan Respublikasının vətəndaşları.

Maddə 3. Azərbaycan Respublikasında hərbi vəzifə və hərbi xidmət.

* Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.

Maddə 6. Vətəndaşların ilkin hərbi qeydiyyata alınması.

* Hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalıdırlar.

Maddə 7. Vətəndaşların hərbi qeydiyyat üzrə vəzifələri.

* Hərbi vəzifəlilər ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.

* Hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata durmalıdırlar.

* Hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər.

III fəsil. Vətəndaşların hərbi xidmətə hazırlanması.

Maddə 9. Çağırışaqədərki hazırlıq.

* Azərbaycan Respublikasında çağırışaqədərki hazırlıq müdafiə sahəsində ilkin biliklərə yiyələnmə, hərbi xidmətin əsasları üzrə hazırlıq və hərbi vətənpərvərlik tərbiyəsi məqsədləri üçün ümumtəhsil, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrində keçirilir.

* Çağırışaqədər yaş həddində olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılanadək onlara müdafiə sahəsində ilkin biliklər verilməsi məqsədi ilə təhsildən ayrılmamaqla çağırışaqədərki hazırlıq aparılır. Bu fənnin tədrisi çağırışaqədərki hazırlıq rəhbəri tərəfindən aparılır.

Maddə 29. Hərbi andiçmə.

* Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasına və onun xalqına sadiq olacaqları barədə hərbi and içirlər. Hərbi andın mətnini Azərbaycan Respublikasının Milli Məclisi təsdiq edir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi Azərbaycan Respublikasının Konstitusiyasına və «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktına müvafiq olaraq öz Silahlı Qüvvələrinə malikdir.

Maddə 1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa onun dəf edilməsinə xidmət edir.

Maddə 3. Azərbaycan Respublikasının Silahlı Qüvvələri qanunçuluq, nizami ordu, qarışıq komplektləşdirmə, kadr, mərkəzləşdirilmiş və vahid rəhbərlik, yüksək hərbi intizam, daimi döyüş və səfərbərlik hazırlığı, hərbi qulluqçuların sosial-hüquqi müdafiəsinin təmin olunması prinsipləri əsasında qurulur və fəaliyyət göstərir.

Ceyhun Məmmədyarov,
Ümumi təhsilin və məktəbdənkənar təhsilin kurikulumu şöbəsinin böyük elmi işçisi

Filed in: YAZILAR

1 şərh var: to “Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında hərbi xidmətə dair müddəalar”

  1. Əməkdar müəllim Rəfail Əliyev
    21 Sentyabr 2017 at 21:20 #

    Hərbi rəhbərlər üçün faydalı resursdur ! Təşəkkür edirik !

Şərh yazın