3:11 pm - Şənbə Noyabr 24, 2756

İbtidai siniflərdə riyaziyyat dərslərində didaktik oyunların əhəmiyyəti

Müasir məktəbin əsas vəzifələrindən biri də intellektual, fəal, hazırcavab şagird yetişdirməkdir. Bu məqsəd üçün müəllim müxtəlif yollardan istifadə etməlidir ki, başqa sözlə, hansı yollarla öyrətməlidir ki, biliklər möhkəm mənimsədilsin və uzun müddət yaddaşlarda qalsın: Biliklər uşaqlara hazır şəkildə təqdim olunduqda tez unudulur, lakin uşaq biliyi müstəqil, didaktik oyunlarla yerinə yetirdikdə, həll ediləcək tapşırıqların növlərindən asılı olaraq müxtəlif oyun xarakterli tapşırıqlardan istifadə etdikdə daha effektiv nəticə əldə etmək olar. Bu yanaşmadan danışarkən pedaqoqlar tez-tez Konfutsinin kəlamını yada salırlar. “Qulaq asıram – unuduram, görürəm – yadda saxlayıram, özüm edirəm – anlayıram”. Müasir pedaqoji və sosial araşdırmalar göstərir ki, ənənəvi dərs mühazirələrinin passiv dinlənilməsi faktların və biliklərin tez bir zamanda unudulmasına gətirib çıxarır. Lakin didaklik oyunlar və məşğələlər şagirdləri həm fəallaşdırır, həm də biliyin yadda saxlanılmasına müsbət təsir edir.

Əbəs yerə deməyiblər ki, riyaziyyat əqlin gimnastikasıdır. İnsan fiziki hərəkətlər, idman etmədikdə bədən öz fəallığını itirdiyi kimi, əqli düşüncəni lazımı bir nöqtəyə yönəltməyəndə də beyin öz fəallığın azaldır. Əsasən də riyaziyyat dərsi belə fəallığı çox sevir. Xüsusilə ibtidai siniflərdə riyaziyyat dərslərində oyun xarakterli tapşırıqlar uşaqların düşüncə tərzini, hesablama qabilliyyətini, intellektini gücləndirir. Sadə didaktik oyunlar onların zehni, psixoloji inkişafını sanki qidalandırır.

I sinifdə şagirdlər rəqəmləri keçərkən belə bir oyun xarakterli məşğələ keçirirəm. 10 şagirdi əllərində rəqəmlər yazılmış kartla lövhənin önündə nizamsız düzürəm. Bir şagirdə isə onları ardıcıl düzməsini tapşırıram. Digər şagirdlər kömək edə bilər. II sinifdə bu məşğələ 100 dairəsində keçirilə bilər.

Tək və cüt ədədlərin tam mənimsənilməsi üçün lövhəyə bir tərəfdə tək sayda, o biri tərəfdə cüt sayda smayliklər düzürəm. 2 şagird biri tək sayda, o biri cüt sayda smaylikləri 2 yerə ayırır:

☺               1
☺☺           ☺3
☺☺☺       ☺☺5
☺☺☺☺   ☺☺☺7

             ☺            ☺   2
☺☺            ☺ ☺4
☺☺☺           ☺☺☺6
☺☺☺☺         ☺☺☺☺8

Cəld hesablama qabiliyyətini artırmaq üçün yarış xarakterli oyun-tapşırıq verirəm. Hər bir qrupa qrupdakı uşaqların sayı qədər misal yazılmış kart paylayıram. Hər qrupda şagird misalın birini həll edib, digər qrup üzvünə ötürün. Sonuncu qrup üzvü tapşırığı yerinə yetirib qurtaranda bayraq qaldırır. Kartlar yoxlanılır, hansı qrupun səhvi azdırsa, o qrup qalıb hesab edilir. (Bu məşğələni lövhədə də aparmaq olar)

Diqqətsizliyi aradan qaldırmaq və cəld hesablama qabiliyyətini gücləndirmək üçün belə bir tapşırıq verilir. Oyunun adı “sən necəsən?” adlanır. Bu oyunu həm qruplarla , həm də bütün siniflə keçirmək olar. Həm 10 dairəsində, həm 20 dairəsində hesablamanın, həm də vurma, toplama və çıxma əməllərinin mənimsənilməsində daha uyğundur.

Kartında “START” komandası və hər hansı riyazi ifadə yazılmış oyunçu oyuna başlayır. O deyir: “START mənəm, 5+4 kimdi?” Şagirdlər dairəylə durub, bir-birini diqqətlə dinləyir və cavab axtarır.

Şəkil

Şəkil

Tapşırığı 2 səviyyədə; zəif və digər şagirdlər üçün tərtib etmək olar. Bu oyun vurma əməli üçün də aparıla bilər. Bu oyunu uşaqlar çox sevirlər.

Ədəd oxu üzərində toplanın və çıxmanın öyrənmək üçün lövhədə böyük ölçülü ədəd oxu asılır:

Şəkil

Şəkil

İki cür smayliklərdən istifadə edərək (ağlayan smaylik, gülən smayliklərdən) toplama əməlində 15+2→I toplananın üzərinə gülən smaylik qoyulur. I toplanandan II toplanana qədər “irəli addımla” komandası verilir və cavab yazılır.

19-3 misalında isə geriyə qayıtdığı üçün ağlayan smaylik seçən şagird çıxılan qədər geriyə addımlayır:

Sərbəst tapşırıq verən zaman cütlərlə aparılan oyun tapşırıq zamanı şagirdin biri zəri atır, digəri zərdəki xallardan misal qurur və 3+4=7 dəftərə yazırlar.

Şəkil

Şəkil

Cütlər öz funksiyalarını yerinə yetirib, yerlərini dəyişə bilərlər. Hər bir cütə 10-15 belə misal yazmaq tapşırılır və qiymətləndirilir.

Dərsdə məqsəd aydınlığının yaradılması mühüm şərtdir. Hansı tapşırığı harada, nə vaxt, nə məqsədlə, necə tətbiq etmək, nəticələri öyrənmək və yaymaq müəllimi düşündürməlidir. Məsələn 20 dairəsində 10-luğu tamamlamaqla toplama (10-luğu aşma) misallarını öyrətmək üçün əvvəlcədən qrup masalarındakı stulları 10-20 düzürəm. “Ad günü” adlanan bu oyunda uşaqları sinfə hissə-hissə dəvət edirəm.Əvvəlcə uşaqlar lövhənin önündə düzlənib dururlar. Lövhədə:

Masaların modelləşdirilmiş forması və misal yazılır: Əvvəlcədən uşaqlar masadakı stulları sayırlar, hər masada 10 sayda stul olduğunu diqqət mərkəzində saxlayırlar. Əvvəlcə qonaqların 9-u gəlir və oturacaqlarda otururlar.

Şəkil

Şəkil

M: Bu masada neçə yer boş qalır? 3-1. Sonra daha 5 nəfər də gəlir.
M: Bu qonaqlardan neçə nəfəri I masaya yerləşdirmək olar? 1 nəfərini
M: O zaman birinci masanın arxasında neçə nəfər olacaq? 9+1=10 nəfər
M: Neçə nəfər ikinci masanın arxasında oturacaq?

5-1=4 nəfər

M: İki masanın arxasında cəmi neçə nəfər oturmuşdur? 14 nəfər:

Şəkil

Şəkil

Eyni prosesi 8+6 misalına da aid edib praktik şəkildə göstərmək olar:

Şəkil

Şəkil

“Sadə konstruksiya” mövzusunu keçərkən həm motivasiya yaratmaq, həm yeni qruplaşdırma, həm də yaradıcılıq üçün hissələrə ayrılmış maşın, yolka, ev, robot – hər birini müəyyən rənglərdə uşaqlara paylayıram. Eyni rəngləri bir qruplaşdırıb hissələrdən tələb olunan əşyaların konstruksiya edilməsini tapşırıram. Tez və düz yerinə yetirən uşaqları xüsusi smaliklərlə qiymətləndirirəm. Bu cür didaktik xarakterli tapşırıq şagirdləri müstəqilliyə, şüurlu fəaliyyətə yönəltməli, düşündürməli, təfəkkürünü təmin etməlidir.

Didaktik xarakterli tapşırıqlar həm yazılı, həm də şifahi şəkildə keçirilə bilər. Təcrübə göstərir ki, belə tapşırıqlar dərsin maraqlı keçməsi ilə yanaşı, məzmunun dərindən mənimsənilməsini, təlimin keyfiyyətini, şagirdlərin dərsə marağını da artırır. İnteraktiv təlim metodları ilə aparılan bu cür oyun və didaktik tapşırıqlar şagirdləri tədqiqatçılığa sövq edir. Müəllim daima özü tədqiq etməlidir ki, şagirdlər də bu yöndə formalaşsınlar.

Bəzən dərsliklərdə proqram materiallarında elə tapşırıqlar olur ki, şagirdlərin yaş səviyyəsinə uyğun gəlmir.

Çətinliklərlə üzləşirik, ancaq bunları biruzə vermədən şagirdlərə elə tərzdə anlatmaq lazımdır ki, hiss edilməsin.

Tez-tez test kitablarından istifadə edib qarışıq tipli tapşırıqların bir hissəsini özümün köməkliyimlə yerinə yetiririk.

Bütün şagirdlərin düşüncə qabiliyyəti, mənimsəmə tərzi, potensial imkanları eyni olmadığından hər vaxt sərbəst işləmə yaxşı effekt vermir. Bəzi uşaqlar tapşırığın şərtini aydınlaşdıra bilmirlər. Ən çox da I siniflərdə belə hallar baş verir. Onları tapşırıqların şərtini düzgün analiz etmə, nəticə çıxarma, həll etmə prosesində çətinlik çəkirlər. Ona görə də didaktik oyunların, şəkilli tapşırıqların istifadəsi uşaqları həm fəallaşdırır, həm də axtarışa sövq edir, passiv uşaqları fəallaşdırmaqda böyük rol oynayır.

Qeyd: Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikası Təhsil Nazirliyi “Azərbaycan müəllimi” qəzetinin birgə keçirdiyi “II yazı” müsabiqəsinə təqdim olunmaq üçün verilir.

Təranə Səmədova,
Sumqayıt şəhəri, 16 nömrəli
tam orta məktəbin ibtidai sinif müəllimi

Filed in: DƏRS -RİYAZİYYAT

Hələ şərh yoxdur

Şərh yazın