8:52 am - Şənbə Noyabr 29, 2014

Distant təhsil – texnologiyanın inkişafı

Dəyanət FƏrzƏliyev, Ağcabədi rayonu, Hindarx qəsəbə 1 nömrəli tam orta məktəbin informatika müəllimi

Dəyanət Fərzəliyev,
Ağcabədi rayonu, Hindarx qəsəbə 1 nömrəli tam orta məktəbin informatika müəllimi

Distant təhsil dedikdə ənənəvi təhsilə inteqrasiya olmuş tam bir şəbəkə halında olan müəllimlərin rəhbərliyi altında aparılan təhsil forması nəzərdə tutulur.

Bütün bunların əsasını isə kompyuter telekommunikasiyası, İnternet-texnologiyası təşkil edir desək, yerinə düşərdi. Elə bu texnologiyaların yayılması universitetlərdə, peşə təhsili sistemində, məktəblərdə, habelə ixtisasartırma sahəsində təhsilin bu yeni formasına tələbatı günbəgün artırır və onun kifayət qədər intensiv tətbiq olunmasına səbəb olur. Distant təhsil, bildiyimiz kimi ilk növbədə, məsafədən təhsil formasıdır. Burada vaxt sərf edərək və pul xərcləyərək təhsil yerinə getməyə ehtiyac qalmır, İnternetə çıxışı olan kompyuterin olması kifayətdir. Məsafədən təhsil fərdi qaydada sizin üçün rahat olan istənilən məkan və zamanda həyata keçirilir. Siz dərs cədvəli, tədris qrupları və əyani təhsilə xas olan digər atributlarından asılı olmayaraq, tədrisin sürətini və təlim intensivliyini müstəqil olaraq özünüz müəyyən edirsiniz. Təhsilin strateji məsələləri üzrə mütəxəssislər distant təhsili XXI əsrin təhsil sistemi adlandırırlar. Bu gün ona böyük ümidlər bəslənilməkdədir. Əvvəllər texnologiya sahəsində cəmləşdirilən cəmiyyətin social tərəqqisinin nəticələri bu gün informasiya sahəsində cəmləşdirilməkdədir ki, bu da distant təhsil mövzusunu daha da aktual edir. Artıq informasiya əsrini yaşamaqdayıq. Hazırda onun inkişaf mərhələsini telekommunikasiya mərhələsi kimi xarakterizə etmək olar. Bu, rabitə, informasiya və bilik sahəsidir. Elm və texnikanın, texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə peşə biliklərinin daha tez köhnəlməsi labüddür, onların daim yeniləşdirilməsinə ehtiyac vardır. Distant təhsil forması məkan və zaman, məsafədən asılı olmayaraq kütləvi fasiləsiz təhsil sistemini, qlobal informasiya mübadiləsi sistemini yaratmağa imkan verir. Bundan əlavə, distant təhsil social durumundan asılı olmayaraq, ölkənin istənilən rayon və şəhərində, xarici ölkələrdə təhsil almaq və informasiya əldə etmək hüququnun həyata keçirilməsi üçün bütün insanlara (şagirdlər, tələbələr, mülki şəxslər, hərbiçilər, işsizlər və s.) bərabər şərait yaradır. Məhz bu sistem cəmiyyətin ehtiyaclarına və hər bir vətəndaşın təhsil almaq kimi konstitusiya hüququnun həyata keçirilməsinə ən adekvat və çevik cavab verə bilir. Radio və televiziyanın gəlişi məsafədən təhsil formasının inkişafına böyük təkan verdi. Təhsilin bu formasından yararlananların sayı yüz dəfələrlə artdı. 90-cı illərin əvvəlində distant təhsil forması kütləvi inkişafa doğru hələ ilk kövrək addımlarını atarkən çoxları bunu uzaqdan məlumat bazasından istifadə ilə və ya elektron vasitələrlə təhsil kimi adlandırırdı. Hazırda fərdi kompyuterlərin əldə olunmasının asanlığı və internetə çıxışın kütləviliyi məsafədən təhsilin daha geniş və sürətlə yayılması üçün münbit şərait yaratmışdır. Radio və televiziyadan fərqli olaraq internetin bu səpgidə irəliyə sıçrayışı müqayisəolunmazdır. Yerləşdiyi məkandan asılı olmayaraq hər bir şagirdlə danışmaq və əks istiqamətdə rabitə qurmaq mümkün olmuşdur. “Sürətli internet”in genişlənməsi təhsildə “onlayn” seminarların keçirilməsinə imkan yaratmışdır. Bütün bunlar distant təhsil formasının artıq dünyanın bir çox ölkəsində geniş yayılmasına səbəb olmuşdur. Distant təhsil haqqında çoxlu sayda mənbələrin təhlilinə əsaslanıb praktikada daha geniş istifadə olunan aşağıdakı texnologiyaları qeyd edə bilərik:

1. Keys – texnologiyası.
2. İnteraktiv televiziya.
3. İnternet şəbəkə texnologiyası.

Keys – texnologiyası zamanı xüsusi tədris metodiki materiallar toplam şəklində komplektləşdirilir. Bu toplamı müstəqil öyrənmək üçün şagirdlərə göndərilir.

Müəllimlərlə – məsləhətçilərlə ünsiyyət, bu məqsəd üçün yaradılmış regional tədris mərkəzlərində həyata keçirilir. Müəllimin müxtəlif məsafədə olan auditoriya ilə vizual olaraq birbaşa əlaqə yaratmaq imkanının olması interaktiv televiziyaya əsaslanan təhsilin əsas üstün cəhətidir. Tədris prosesinin ənənəvi metodikaya və ya müasir pedaqoji təlim texnologiyalarından istifadəyə əsaslanmasına baxmayaraq, tədris prosesinin faktiki olaraq adi təlim prosesini təkrarlaması onun əsas mənfi cəhətlərindəndir. Unikal metodikanın, nümunəvi laboratoriya eksperimentlərinin, yeni texnologiyaların, təlim və istehsal üsullarının, habelə yeni bilik və bacarıqların bu üsuldan istifadə etməklə nümayişi məqsədəuyğundur. Əlbəttə, təhsilin bu distant forması interaktivdir, kadrların ixtisasartırma və mütəxəssis hazırlığı sistemində çox perspektivli hesab edilə bilər. Amma hazırda bu təlim texnologiyası nisbətən bahalı texnologiyalardan hesab olunur. Şəbəkə texnologiyalarına loqal və qlobal hesablama şəbəkələrinin imkanlarından yararlanan internet-texnologiyalar aiddir. İnternet-texnologiyada “Ümumdünya hörümçək toru” oxuyanların tədris-metodik materiallarıyla təminatı üçün, həmçinin öyrənənlə müəllim arasında interaktiv qarşılıqlı əlaqə üçün istifadə olunur. “Çoxlarının – çoxları ilə” əlaqə yaratmaq imkanının olması internet-texnologiyanın distant təhsilin başqa texnologiyalarından prinsipial fərqidir. Adətən distant təhsil prosesində adı yuxarıda çəkilən texnologiyalardan müxtəlif nisbətlərdə istifadə olunur. Bir çox hallarda distant təhsili ənənəvi qiyabi təhsillə eyniləşdirməyə çalışırlar. Əslində isə bu belə deyil. Qiyabi təhsildə eyni ixtisasda təhsil alanlar üçün tədris plan və proqramı, yoxlama və kurs işlərinin, habelə imtahanların da verilmə müddətlərinin hamı üçün ümumi olması nəzərdə tutulduğu halda, distant təhsildə fərdi proqram və qrafik üzrə təlimi asanlıqla reallaşdırmaq mümkündür. Təhsil standartlarının tələblərini, şagirdin bacarıq və imkanlarının daha dəqiq, dolğun nəzərə alınmasının mümkünlüyü distant təhsilin əsas effektiv amillərindəndir. Adətən təlim prosesinin eyni zamanda bir neçə ünsiyyət vasitəsinin köməyilə aparılması, tələbəyə təlim materiallarını yaxşı mənimsəməyə imkan verməklə yanaşı, öyrənmə prosesində müvafiq bilik sahələrinin son inkişaf və nailiyyətləri ilə tanış olmağa imkan verir.Bundan əlavə, öyrənmə prosesi zamanı tələbələrin müəllimilə operativ əlaqə saxlamaq imkanının olması, anlaşılmayan mövzu üzrə məsləhət almaq, sual vermək imkanının olması distant təhsilin xeyrinə olan ən güclü arqumentlərdən biridir. Distant təhsil müəllimə şagirdin tədris fəaliyyətinə daimi nəzarəti asan reallaşdırmağa imkan verir. Bu isə şagirdi sıçrayışsız və geriləməyə yol vermədən müntəzəm, deməli daha səmərəli işləməyə məcbur edir.

Dəyanət Fərzəliyev,
Ağcabədi rayonu, Hindarx qəsəbə 1 nömrəli tam orta məktəbin informatika müəllimi

Filed in: ARAŞDIRMA

Şərhlər qapalıdır.