7:56 am - Çərşənbə Noyabr 22, 2017

Qarı nənə səksən yaşında məxməri gülə bənzər

İştirak edirlər:

1. Malik müəllim – Təcrübəli fizika müəllimi, 64 yaşında.

Buraxılış sinif şagirdləri:

2. Azər – fizika üzrə rayon olimpiyadasının qalibi.

34. Gülməmməd və Vüqar – dərslərini zəif oxuyan, dəcəl, məzəli uşaqlar.

5. Gülgəz – əlaçı, ədəbiyyat həvəskarı.

6. Mahur – əlaçı, fizika həvəskarı

7. Qönçə

8. Məxmər

9. Ağgül və başqaları

Birinci pərdə

Fizika dərsi. Sinif dörd komandaya – “Spektr”; “Kvant”; “Tusi” və “Nyuton” bölünmüşdür.

Nəhayət, Malik müəllim keçmiş dərsin frontal sorğusuna başlayır.

Malik müəllim: Yaxşı, bəs, Spektrin rənglərini ardıcıllıqla kim söyləyər?

Gülgəz: Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi.

Malik müəllim: Bu ardıcıllıq unudularsa, onu necə yada salmaq olar?

Qönçə: Müəllim, Gülməmməd mənə “qarı nənə” deyir.

Malik müəllim: Mahur, suala sən cavab ver.

Mahur: “Qarı nənə səksən yaşında məxməri gülə bənzər” cümləsini yada salmaqla. Bu cümlədəki sözlərin ilk hərfləri həmin rənglərin baş hərfləridir.

Malik müəllim: Əyləş, sağ ol. Gülməmməd, de görək, spektrin axırdan sayılmaqla üç rəngi hansıdır?

Gülməmməd: Bənövşəyi, göy, mavi, yəni biznesmen Gül, Məmməd. Görürsünüzmü, Malik müəllimin sualı mənə sürpriz oldu; həmin rənglərin baş hərfləri mənim peşəmin adının baş hərfləridir.

Məxmər: Ay maşallah! İstedadsan. Birdə ki, elə biznesə başın qarışdığı üçün dərslərini yaxşı oxumursan da!

Ağgül: Üç rəngdə olsan da, məndən kiçiksən, çünki sən ağ işığın tərkib hissəsisən.

Azər: Hə, biznesmen oğlan, cavabını aldın? Yenə sözün var?

Gülməmməd: Var: mənə elə gəlir ki, “Qarı nənə”məsələsi köhnəlib. Onu yeniləşdirmək lazımdır.

Malik müəllim: Maraqlıdır, elə isə təklifin nədir?

Azər: De görək, niyə köhnəlib?

Gülməmməd: Əvvəla, bu məsələ ötən əsrin altmışıncı illərində deyilib. Deməli, qarı nənə ölüb.

Malik müəllim: O nənə ölüb, indi də başqa qarı nənələr var.

Gülməmməd: İndiki qarı nənələr müasirdilər. Deməli, misal da yeniləşməlidir. Birdə ki, qarı nənə sözünün özü dəbdən düşüb.

Vüqar: Əla, əla, Gülməmməd düz deyir!

Azər: Siz ikiniz də bir-birinizi yaxşı tamamlayırsınız. Yaxşı, onda bir yenilik edin görək.

Gülməmməd: Yeniliyi sən tap, fizik deyilsən?! Özü də olimpiyada qalibi.

Qönçə: Hər adam olimpiada qalibi ola bilmir ha!

Məxmər: Sən dinmə. Bir də ki, qanmazı necə söysən yenə mənasızdır.

Malik müəllim: Məxmər, sən tələsdin. Mən sizə özüm sərbəstlik vermişəm. Düşünürəm ki, bu maraqlı mübahisənin sonu mənalı olacaqdır. Gülməmməd və Vüqar zəif oxusalar da, dərsə davamiyyətləri pis olsa da, onlar başqa sahədə qabiliyyətlidirlər, həm də qoçaqdırlar.

Gülməmməd: Eybi yoxdur. Qönçə mənim bacımdır, onu bağışlayıram. Eyni zamanda deyirəm: əla, əla! Məxmər, bircə de görüm bu söz bədahətən oldu, yoxsa evdə fikirləşmişdin?

(Sinifə təccüb dolu sakitlik çökür, Azər nədənsə fikrə getmişdir)

Mahur: Deyəsən, nəsə kəşf edəcəyik. (Gülməmməd müəllimdən icazə alaraq löhvədə həmin cümləni yazır və ucadan oxuyur)

Gülməmməd qanmazı necə söysən, yenə mənasızdır. Ancaq bunun ardı olmalıdır axı!

Uşaqlar: (yerbəyerdən). Heçnə anlamırıq. Bu nə danışır?

Vüqar: (Malik müəllimə üz tutaraq) Malik müəllim, olarmı nəzərdə tutulan fikri mən tamamlayım?

Malik müəllim: Buyur.

Vüqar: (Löhvədəki cümləni tamamlayır). Görmürsünüz başı boşdur!

(Hamı təccüb içindədir. Malik müəllimin üzündə isə nəsə bir xoş təbəssüm hiss edilir)

Malik müəllim: Gülməmməd və Vüqar, indi fikrinizi bildirə bilərsiniz!

Gülməmməd və Vüqar: (onlar ikisi də sevincək halda löhvədəki sözlərin ilk hərflərinin üstünə barmaqlarını qoyaraq birgə oxumağa başlayırlar) Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi (hamı sevinir)

Malik müəllim: Uşaqlar, mən isə sonuncu iki sözü – “Görmürsünüz başıboşdur”u, “Gördük bacarıqlısınız” fikri ilə əvəz edirəm. (Uşaqlar əl çalırlar). Uşaqlar, mən düşünürəm ki, bir maraqlı səhnəciyin başlanğıcı qoyuldu. Bunu tamamlamaq lazımdır, əlbəttə, evdə. Lakin məsləhət görürəm ki, “Qarı nənə məsələsini” Nyutonla əlaqələndirəsiniz.

Azər: Müəllim, bu çox yaxşı olar.

Malik müəllim: Bəli, mən bu işi hamınıza tapşırıram. Əlbəttə, Azərdən, ədəbiyyat həvəskarı Gülgəzdən və yeni “tapıntımız” olan Gülməmməd və Vüqardan daha yaxşı nəticə gözləyirik.

Məxmər: Müəllim, biz həm də, fizika gecəsinə hazırlaşırıq axı. Bir maraqlı, yeni səhnəciyimiz olsa, lap yerinə düşərdi.
Malik müəllim: Doğrudur. İki gündən sonra məktəbə gəlib özünüz nəticəni müzakirə edərək mənə məlumat verərsiniz.

Bütün uşaqlar: (Yerbəyerdən) Oldu müəllim!
Malik müəllim: İndi isə dərsimizə davam edək…

Pərdə

İkinci pərdə

Məktəbin fizika və ədəbiyyat həvəskarları fizika kabinetinə toplaşmışlar.

Gülgəz: Uşaqlar, hamınızı salamlayıram. Mən Azərlə birgə sinfimizin komanda rəhbərlərinin təqdimatına baxdıq.

Maraqlı yeniliklər çoxdur.

Azər: Ancaq biz ikilikdə belə belə qərara gəldik ki, ən yaxşı nəticə “Kvant” komandasınındır (Gülgəz nədənsə təəccüblə Azərə baxır)

Gülgəz: Daha dəqiq desək, Gülməmmədin axtarışı deyəsən uğurlu olub..

Azər: (Azər Gülgəzin sözünü kəsir). Üzr istəyirəm. Səhnəciyi hazırlayarkən işimiz asan olsun deyə təklif edirəm ki, bundan sonraki bütün gedişatı bir nəfər telefonunun “Vedeokamera”sı ilə yaddaşa salsın.

Vüqar: Mən çəkərəm, ancaq telefonumun videoçəklişi zəifdir.

Gülməmməd: (telefonunu çıxarıb ona verir). Bilsəydim belə olacaq kiçik kamera gətirərdim.

Gülgəz: (fikrini tamamlayaraq). Eybi yoxdur, bu telefon da maşallah özün kimi yaxşıdır.

Qönçə: (Bir az qımışaraq). Sən spektrin sarı rənginə vurdun ha..!

Gülgəz: Hə, biz indi Gülməmmədi eşitmək istərdik.

Gülməmməd: Bütün diqqətinizə görə təşəkkür edirəm. Bildirmək istəyirəm ki, mən “Qarı nənə yeniləşməsi”ni Vüqarla birlikdə tapmışam.

Məxmər: De də, səbrimiz tükəndi!

Gülməmməd: Baş üstə, “Qoca Nyuton səksən yaşında möhkəm, gözəl bədənliydi”.

Uşaqlar: (Yerbəyerdən) Yaxşı alınıb! Bunu çoxları qəbul edəcəkdir. Əhsən, sizə! (alqışlayırlar)

Ağgül: Bəli, mən də, bəyəndim. Nyuton 84 il yaşayıb, çoxlu dahi kəşflər edib. Bunlar aydındı, ancaq Gülməmməd desin görək, o bu məlumatları hardan almışdır?

Yerdən: (replika) Ay qız, yatıb yuxusunda görüb də (gülüşmə)

Gülməmməd: Bunu mənə babam deyib. Nyutonu isə Gülməmməd babam görüb, yəni babamın babasının babası (gülüşmə). Ulu babalarımın da, hər biri bunu öz övladına, nəvəsinə danışıb.

Gülgəz: Hə, davam et çox maraqlıdı.

Gülməmməd: Bəli, Gülməmməd babam…..

Azər: (onun sözünü kəsir) Yəni yeddi arxa dönənin.

Gülməmməd: Elədi, o babam bizneslə-dəniz ticarəti ilə məşğul olub, hər yerə gedirmiş. Hətta, İngiltərəyədək gedib çıxırmış.

Qonçə: Əsas məsələyə keç.

Gülməmməd: Bəli, sən demə babamın İngiltərədə kirayə etdiyi yer böyük alimin yaşadığı yerə lap yaxın imiş.

Ağgül: Gop da, olsa maraqlıdır.

Gülgəz: Ay qız, gör, bu gopu o necə quraşdırıb danışır ki, şirin-şirin qulaq asaraq, az qala hamımız inanırıq.

Gülməmməd: Hə…, bir gün babamın ingilis tacir dostu, deyib ki, “Gülməmməd sən vətənindən qara kürü, Xəzər qızılbalığı, bir az da şərq şirniyyatı gətirərsən”…

Məxmər: Deyəsən, bunun ulu babası da, özü kimi çox fərasətli və məzəliymiş.

Gülməmməd: Hə, tacir babama deyib ki, qonşuluğumuzda bir böyük alim yaşayır. Dediklərimi gətirərsən, ona pay apararıq. Heç demə tacir elə Nyutonun yaxın qohumuymuş.

Mahur: Buna bir bax e…. Bu boyda tarixi hadisədən heç kimin xəbəri yox imiş!

Gülməmməd: Hə, beləliklə, babam Nyutonla tanış olur. Kişi alimin xoşuna gəlibmiş.

Azər: Ay maşallah ha!

Gülməmməd: Hə bir də, Nyuton babama deyirmiş ki, “mən səni həm də ona görə çox istəyirəm ki, sən Nəsirəddin Tusinin, Bəhmənyarın yerlisisən”.

Gülgəz: Uşaqlar, fikrimcə, bu elə fizika gecəsi üçün yaxşı bir səhnəcikdir.

Azər: Bəli, yaxşıdır. Mənə elə gəlir ki, bu nəticələr hamının, xüsusilə də, Malik müəllimin xoşuna gələcəkdir. Vüqar da, yaxşı ki, çəkiliş edir; bu işimizə kömək edəcəkdir. Yaxşı, bugünkü məşğələmiz başa çatır. Sözü olan varmı?

Gülgəz: Bəli, mənim sözüm var. Uşaqlar, Azər təvazökarlıq etdi. O da bir “tapıntı” gətirib.

Azər: Biz bunu Gülgəzlə birgə işləmişik. Əgər xoşunuza gəlsə sevinərik.

Mahur: Yəqin maraqlıdır. (gülümsəyərək) Həm də, fizika ilə ədəbiyyatın birləşməsi qiyamət olur ha! (Hamı gülüşür). Eşitmək istərdik.

Gülgəz: Qüdrətli Nyuton saysız yenilikləri millətlərə göstərə bildi.

Uşaqlar: (Yerbəyerdən) əladır! Çox yerinə düşən deyimdir, çünki dahi alimin böyüklüyü yeddi sözlə, həm də verilmiş həmin hərflər şərtilə ifadə edilmişdir. (alqışlar)

Azər: Çox sağ olun, bununla da işimiz yekunlaşdırırıq.

Pərdə (son)

Hümbət QASIMOV,
Şuşa Təhsil Şöbəsinin sabiq inspektoru,
təqaüdçü müəllim

Filed in: DƏRS NÜMUNƏLƏRİ - FİZİKA

Hələ şərh yoxdur

Şərh yazın