4:44 am - Şənbə İyul 22, 2017

KİMYA FƏNNİNDƏN KURİKULUM ÜZRƏ DƏRS NÜMUNƏSİ

Azərbaycan təhsil sistemində “Kurikulum” yeni bir anlayışdır və o, təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin təşkilini və həyata keçirilməsini əks etdirən konseptual sənəd kimi başa düşülür. Yəni lahiyə çərçivəsində elə bir konseptual sənəd hazırlanacaqdır ki,özündə hazırkı tədris planını, tədris proqramlarını, habelə şagirdə və onun hazırlıq səviyyəsinə verilən tələbləri, hər bir dərsin konkret inkişafetdirici məqsədlərini, metodik təminatını, qiymətləndirmə modelini, texniki təchizatını və s. əhatə etsin, müəllim və məktəb qarşısında duran vəzifələri və onların konkret həlli yollarını göstərsin. Kurrikulumların hazırlanması prosesində biz fənlərin inteqrasiyasına xüsusi diqqət yetiririk.

“Kurikulum” latın sözü olub, lüğəti mənası “kurs”, “elm” deməkdir. Bu söz ingiliscə-rusca lüğətlərdə “təlim kursu”, “tədris planı”, “proqram” kimi izah olunur. Bəzi alimlərin qeyd etdiyi kimi, 1876-cı ildən etibarən ondan bir termin kimi istifadə olunmağa başlanmışdır. İlk fənn kurrikulumları 1918-ci ildə ABŞ-da meydana gəlmişdir. Ötən əsrin 70-ci illərindən sonra kurrikulum nəzəriyyəsi formalaşmışdır. Azərbaycanda keçən əsrin 90-cı ilərinin sonlarından başlayaraq istifadə olunmaqdadır.

Kimya nədir?

Kimya təbiət elmlərindən biri olub, bizi əhatə edən aləmdə daim təmasda olduğumuz maddi varlıqları öyrənir. Dünyada mövcud olan cansız və canlı varlıqlar ayrı-ayrı maddələrdən və ya onların qarışıqlarından ibarətdir. Məsələn, insanların tənəffüs etdiyi havadakı oksigen, içdiyimiz su, yediyimiz xörək duzu və şəkər ayrı-ayrı maddələrdir. Hər gün gördüyümüz və duyduğumuz torpaq, daş, hava, ağac və s. müxtəlif maddələrin qarışığıdır. Şagirdlər kimya fənninin imkanlarından istifadə edərək onlarla və insan həyatı üçün əhəmiyyətli olan başqa maddələrlə yaxından tanış ola bilərlər.

Kimya dünya mədəniyyətinin tərkib hissələrindən biridir. Beləliklə, kimya gündəlik həyatda, elmin digər sahələrinin inkişafında, texnika və texnologiyaların təkmilləşdirilməsi prosesində ortaya çıxan problemlərin həllində insanların yaxın köməkçisinə çevrilir. Şagirdlərin elmi bilik və bacarıqlarının daha da genişlənməsinə imkan yaranır. Onlar kənd təsərrüfatının və sənayenin inkişafında, ekoloji problemlərin həllində kimyanın rolunu təlim prosesində dərk edirlər.

Sivilizasiyalı cəmiyyətdə rasional davranmaq, özünün və ətraf mühitin (hava, su, torpaq) təhlükəsizliyini təmin etmək, yaşayış mühitinin təmizliyini qorumaq üçün hər bir insanın müəyyən kimyəvi bilik və bacarıqlara malik olması vacibdir. Bundan əlavə, xammal, energetika, ərzaq və tibb sahəsində problemləri həll etmək üçün ümumi kimyəvi təhsilə ehtiyac vardır. Şagirdlər kimya fənninin imkanlarından istifadə edərək onlarla və insan həyatı üçün əhəmiyyətli olan başqa maddələrlə yaxından tanış ola bilirlər. Təbiətdə mövcud olan maddələrdən başqa, insanlar özləri çoxlu yeni maddələr: gübrələr, plastik kütlələr, sintetik kauçuklar, liflər, dərman maddələri və s. alırlar.

Hazırda təbii və süni şəkildə əldə olunan maddələrin milyonlarla növü məlumdur. Bir qayda olaraq təbiətdəki maddələr dəyişməz qalmır, daim bir-birinə çevrilir. Məsələn, yaşıl bitkilər böyümə prosesində havadan karbon qazını, torpaqdan suyu və qida maddələrini mənimsəyərək özlərinə lazım olan üzvi maddələr hazırlayır, havanı oksigenlə zənginləşdirir. Bitki və heyvan qalıqlarının çürüməsi nəticəsində əmələ gələn mineral maddələr torpağı münbitləşdirir. Bütün bunların mənimsənilməsi şagirdlərin onları əhatə edən ətraf aləmlə daha fəal ünsiyyətdə olmasına imkan yaradır.

Kimya fənninin əhəmiyyəti nədən ibarətdir?

Müxtəlif sənaye sahələrinin və kənd təsərrüfatının inkişafında kimyanın rolu böyükdür. Müasir kimyanın nailiyyətlərindən istifadə etmədən yanacaq-energetika kompleksləri, metallurgiya, nəqliyyat, rabitə, tikinti, elektronika, məişət, xidmət sahələri və s. inkişaf edə bilməz. Kimya sənayesi xalq təsərrüfatını çoxlu müxtəlif kimyəvi məhsullarla təmin edir. Bir çox sənaye sahələrində kimyəvi metodların tətbiqi əvəzedilməzdir. Məsələn, metalların korroziyadan (yeyilib dağılmadan) qorunması, istehsal proseslərinin sürətləndirilməsi üçün kimyəvi maddələrdən istifadə edilməsi, maddələrin kimyəvi emalı və s.

Bundan başqa, şəhər tikintilərində tətbiq olunan maddələrin, evdə gündəlik rastlaşdığınız məişət kimyası məhsullarının xassələrini bilməsəniz, onlardan istifadə etməkdə çətinlik çəkəcəksiniz. Əgər kənddə yaşayırsınızsa, mineral gübrələrlə, bitki və heyvanları xəstəliklərdən qoruyan və alaq otlarını məhv etmək üçün işlədilən maddələrlə davranmağı bacarmalısınız, onların xassələrini bilməlisiniz. Əgər şəhərdə yaşayırsınızsa, gələcəkdə şəhərdəki sənaye müəssisələrində, yanacaq energetika komplekslərində, texniki qurğularda və başqa yerlərdə işləməli olacaqsınız. Bu isə həmin obyektlərdə istifadə olunan və alınan çoxlu kimyəvi maddələri tanımaq, onlarla davranmağı bacarmaq tələb edir.

Müasir dövrdə bütün fənlərin tədrisində olduğu kimi, kimya fənninin tədrisində də kurikulum üsullarından istifadə olunur.

X sinifdə “Silisium” mövzusunun kurikulum üsulu ilə tədrisini aşağıdakı kimi vermək olar:

Mövzu: “Silisium, alınması, xassələri təbiətdə yayılması”.

Standart: 1.2.1. Maddələrin tərkibini quruluşunu, fiziki, kimyəvi xassələrini şərh edir, təqdimatlar hazırlayır.

Məqsəd: Silisium, alınması, xassələri və yayılmasını müəyyənləşdirir.

İnteqrasiya: F 2.1.1, C 2.1.7.

İş forması: Kollektiv və kiçik qruplarla iş.

Təlim üsulu: Problemli şərh, müzakirə, anlayışın çıxarılması.

Resurslar: SiO2 – Kvars qumu,

Al2O32SiO2 2H2O – ağ gil SiO2 – qum,

CaO Al2O3, 2H2O – anortit

Na2O Al2O3 6SiO22H2O – sluyda yazı lövhəsi, dərslik

Dərsin gedişi:

Motivasiya:

Şagirdlərə stolun üstündə qoyulan maddələr göstərilir. Sonra isə onlar haqqında məlumat alınır.

Şagirdlərdə mövzu ilə əlaqədar müəyyən bir fikir formalaşdıqdan sonra onlara bir neçə sual verilir.

Tədqiqat sualı:

1. Si – silisiumun alınması

2. Xassələri

3. Təbiətdə rast gəlinən birləşmələri haqqında nə bilirik?

Tədqiqatın aparılması:

Bu suallara cavab tapmaq üçün qruplara bölünək və təklif olunan suallar üzrə axtarış aparaq.

I qrup.

1. Silisiumun təbiətdə rast gəlinən birləşmələri haqqında məlumat verin.

2. Silisiumun sənayedə alınması reaksiyasını yazın.

3. Silisiumun laboratoriyada alınmasının reaksiya tənliklərini yazın.

II qrup.

Silisiumun fiziki xassələri:

1. Silisiumun fiziki xassələri və allotropik şəkildəyişmələrini müəyyənləşdirin.

2. Kristallik silisium necə alınır və harada tətbiq olunur.

3. Amorf silisium kristallik silisiumdan daha çox reaksiyaya daxil olur. Reaksiya tənliklərini yazın.

III qrup.

Silisiumun kimyəvi xassələri:

1. Kristallik silisium necə alınır?

2. Hansı kimyəvi xassəyə malikdir?

3. Amorf-silisium hansı kimyəvi xassəyə malikdir?

IV qrup.

1. Silisiumun halogenli birləşmələri nacə alınır?

2. Silisiumun hidrogenli birləşmələri necə adlanır?

3. Silisiumun turşular və qələvilərlə reaksiya tənliklərini yazın.

Hər qrupdan bir nəfər tədqiqatın nəticələrini təqdim edir. Onlar bir-birinin işləri ilə tanış olurlar, fikir mübadiləsi aparılır. İnformasiyanın müzakirəsi: Təqdimatdan alınan cavablara əsasən şagirdlər təqdimat edənlərə suallarla müraciət edirlər, müzakirə aparılır.

Müzakirə müəllimin bütün sinfə verdiyi aşağıdakı suallara cavablar alınması ilə yekunlaşdırılır:

1. Silisium laboratoriyada və sənayedə necə alınır?

2. Amorf və kristallik silisiumun fiziki xassələri və kimyəvi xassələri nə ilə fərqlənir?

3. Kristallik silisium necə alınır və harada tətəbqi olunur?

Nəticə və ümumiləşdirmə:

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldərək fikirləri müəyyən nəticəyə gələrək ümumiləşdirir.

Qiymətləndirmə:

Cədvəl

Cədvəl

Təqdimatlara əsasən hər qrupun fəaliyyəti dərs pro-sesi boyunca aşağıdakı meyarlara əsasən qiymətləndirilir:

Yaradıcı tətbiqetmə: Şagirdlərin fərdi olaraq biliklərini öyrənmək üçün aşağıdakı məzmunda test suallarından istifadə etmək olar:

1. Allotropik şəkildəyişmələri olan elementləri göstərin.

a) O,N,Cl
b) Cu,Zn,C
c) C,O,P
d) PŞ,Fe
e) Zn,Al,F

2. Silisium hansı maddələrlə reaksiyaya daxil olur?

I F2 II HCl III HF IVNaOH
a) I – II – III
b) I – II – IV
c) II – III – IV
d) I – III – IV
e) II – III

3. Hansı reaksiyalar getmir?

I. CO2 + Mg t0 →t0
II. CO2 + CaSiO3 →t0
III . P2O5 + CaSiO3 →t0
IV. CO2 + C →t0

Ev tapşırığı: Silisium, alınması, fiziki kimyəvi xassələri və tətbiqi sahələri haqqında məlumatlar əldə etmək.

Züleyxa ABBASOVA,
Naxçıvan Müəllimlər
İnstitutunun metodisti

Filed in: DERS-KİMYA

Hələ şərh yoxdur

Şərh yazın