6:12 pm - Çərşənbə axşamı Dekabr 12, 2017

İbtidai siniflərdə kurikulumun tədrisi

Çağdaş dövrün təhsili özünün idrakı xarakteri ilə insanın şəxsiyyət kimi for­ma­laş­masında mühüm rol oynayır. Bu məqsədlə dünyada geniş yayılmış ən müasir təhsil yanaşmalarından istifadə edilir. Dövrümüzün müstəqil, ardıcıl və sistemli inkişaf prinsipləri olan ölkələrindən biri kimi Azərbaycanda da bu istiqamətdə işlər aparı­lır. Cəmiyyətin tələb və ehtiyaclarına uyğun nəticələrdən ibarət şəxsiyyətyönümlü təhsil sisteminin yaradılmasına səy göstərilir.

Bu gün müstəqillik yolunda uğurla addımlayan Azərbaycanın təhsil quruculuğu sa­həsində qazandığı nailiyyətlər aparılan ardıcıl və davamlı təhsil siyasətinin nəticəsi ki­mi meydana çıxmışdır.

Yeni qurulan təhsildə idrakı inkişafın parametrlərini nəzərə almaq, ona imkan və şərait yaratmaq əsas amil hesab edilir. Təhsili bilavasitə inkişafyönümlü bir proses ki­mi stimullaşdırmaq əsas vəzifəyə çevrilir. Təhsil humanist prinsiplərə istinad olun­maq­la inzibati xarakterindən uzaqlaşaraq daha çox qarşılıqlı əməkdaşlıq əlaqələrinə söykənir.

Şagirdi bir subyekt kimi müəllimlə birgə pe-daqoji prosesdəki hər hansı problemin həllinə yönəldir. Şəxsiyyətin formalaşdırılması ən önəmli məqsəd kimi təhsilin mühüm dəyərləndirmə formasına çevrilir.

Bir müəllim kimi deyə bilərəm ki, istənilən mövzunu fəal dərs metodlarından is­tifadə etməklə tədris etmək olar. Dərsdə müxtəlif təlim metod və üsullarından is­ti­fa­də (dis­kussiya, BİBÖ, müzakirə, karusel) şagirdlərin fəallığını artırır, onların qavrama qabiliyyətlərini gücləndirir və dünyagörüşünü daha da zənginləşdirir. Şagirdin dərsə marağını artırmaq üçün əsas şərtlərdən biri də dərsin fəal və rəngarəng qurulmasıdır. Fikrimizcə, dərsin fəal və rəngarəng qurulması üçün əqli hücum, Venn diaqramı, klas­ter (şaxələndirmə), auksion, debat, səhnələşdirmə və s. kimi metodlardan istifadə edilməsi məqsədəuyğun olardı. Məsələn, müəllim dərsə başlayarkən şagirdlər qarşısında tədris edəcəyi mövzuya aid problem qoyub şagirdləri həmin problemin həllinə yönəldir. Təlim dialoji şəkildə aparılır.

Müəllim və şagirdlər fikir mübadiləsi edirlər, müəl­lim şagirdlərlə müntəzəm əlaqə yaradır. Müəllim və şagirdlər qoyulmuş təlim problemini birgə fəaliyyət əsasında həll etməyə çalışır, əməkdaşlıq edirlər.

Qeyd edək ki, dərs zamanı məntiqi məsələlərin həlli də yaxşı nəticə verir. Bu cür məsələlərin həl­li şagirdləri düşünməyə vadar edir və bu da onların əqli inkişafına zəmin yaradır. İbtidai siniflərdə riyaziyyat fənninin tədrisi zamanı şagirdlərdə modelləşdirmə, təd­qi­qat­çılıq, təxminetmə və s. kimi riyazi bacarıqların formalaşdırılması üçün zənnimcə, “modelləşdir”, “plan tərtib et”, “ardıcıllıq qur” və s. kimi tətbiqi xarakterli tapşırıqlara üs­tünlük verilməlidir. Riyaziyyat dərsliklərində riyazi bacarıqlara və təcrübəyə əsas­la­nan əyləncə xarakterli tapşırıqların verilməsi də çox təqdirəlayiqdir. Riyazi məşğələlər şa­girdlərin məntiqi mühakimə yürüdə bilmək bacarıqlarını, intuisiyasını, fəza təsəvvürlərini inkişaf etdirir.

Müasir ana dili dərslikləri şagirdlərə ədəbi dilin normaları ilə bağlı linqvistik biliklər verməklə yanaşı, Milli Kurikulumda təsbit olunmuş əsas nitq bacarıqlarını da (dinləmə, danışma, oxu, yazı) inkişaf etdirir. Eyni zamanda ana dili dərslikləri şagirdlərdə analitik, mən­tiqi, tənqidi yaradıcı təfəkkürü inkişaf etdirməklə onların sosial-mənəvi prob­lem­lə­rə şəxsi münasibət bildirmək bacarıqlarını formalaşdırır.

Ana dilinə yiyələnmə ailədən başlayır. Uşaq məktəbə gələnə qədər ana dilinin kö­məyi ilə ətraf aləm haqqında müəyyən təsəvvürlər əldə edir. Bu onun lüğət ehtiyatını genişləndirir, əşya və hadisələr haqqında fikirlərini formalaşdırır və başqalarını anlamağa imkan yaradır. Məktəbdə isə həmin iş sistemli, ardıcıl, mütəşəkkil davam etdirilir, ibtidai təhsil almağa başlayan şagirddə, eyni zamanda, oxu və yazı bacarıqları formalaşdırılmağa başlanılır. Məhz buna görə də ana dilinin öyrənilməsi Milli Kurikulumda özünəməxsus yer tutur.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi isə davamlı və dinamik bir prosesdir. Müa­sir təhsildə qiymətləndirməni, sadəcə, şagirdə qiymət qoymaq kimi başa düşmək olmaz. Qiymətləndirmə təlim və tədrisin əsas tərkib hissəsidir. O həm müəllimə, həm də şagirdə məqsədə doğru irəliləyiş haqqında məlumat verir. Qiymətləndirmə elə təşkil olunmalıdır ki, öyrənmənin ilkin mərhələsində son məqsədə çatmanın yollarını təhlil edərək tədbirlər görməyə və sonda hər bir şagirdin nailiyyətləri haqqında fikir söyləməyə imkan versin. Fikrimizcə, təlim fəaliyyətinin qiymətləndirilməsi üçün səmərəli vasitələrdən – iş vərəqləri, diskussiya, tətbiqetmə nəticələri, kəmiyyət və keyfiyyətin qiymətləndirilməsinin müxtəlif formaları və s. istifadə edilməlidir.

İbtidai siniflərdə kurikulumun tədrisi zamanı hər bir ibtidai sinif müəllimi qar­şı­sında dayanan başlıca məqsəd və vəzifə ibtidai təhsil üzrə ümumi təlimin nəticələrindən istifadə etməklə şagirdlərdə aşağıdakı bacarıqları formalaşdırmaqdır:

• Zəruri riyazi bilikləri həyatda tətbiq etməyi və sadə alqoritmləri yerinə yetirməyi, kompüter texnikasından istifadə etməyi;

• Müşahidə etdiyi obyekt və hadisələri təsvir etməyi;

• Müstəqil və məntiqi düşünməyi;

• Ünsiyyət qurmağı, əməkdaşlıq etməyi, fikirlərini aydın ifadə etməyi;

• Mədəni davranış, şəxsi gigiyena qaydalarına əməl etməyi;

• Özünün və digərlərinin hüquqlarına hörmət etməyi;

• Azərbaycan xalqının dili, əxlaqi-mənəvi dəyərləri, milli adət-ənənələri, tarixi, mədəniyyəti, incəsənəti haqqında qazandığı ilkin bilikləri sadə formada təqdim etməyi;

• Sərbəst, düzgün, sürətlə, şüurlu, ifadəli oxumaq və savadlı yazmağı;

• Oxuduğu və dinlədiyi mətnlərə münasibət bildirməyi;

• İqtisadi biliklərdən məişətdə istifadə etməyi;

• Düzlük, ədalətlilik, humanistlik, rəhimdillik nümayiş etdirmək, bu mənəvi keyfiyyətlərin mahiyyəti barədə mülahizləri şərh etməyi;

• Cəmiyyətdə baş verən hadisələri öz yaş səviyyəsinə uyğun şərh etməyi.

Son olaraq qeyd edək ki, məzmun standartları əsasında dərsin məqsədinin müəyyən olunması fənn müəllimindən kifayət qədər hazırlıq tələb edən məsələdir.

Pərvanə Mahmudova,
12 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi

Filed in: XƏBƏRLƏR

Hələ şərh yoxdur

Şərh yazın