7:54 am - Çərşənbə Noyabr 22, 2017

ŞƏRƏFLİ BİR ÖMRÜN NAĞILI

Müəllimlik etmək ən şərəfli işdir. Heç kəsə sirr deyil ki, müəllim şəxsiyyətin yetişməsində və inkişafında böyük rol oynayır. Müəllimin haqqı valideyn haqqına bərabərdir. Çünki müəllim təhsil verməklə, elm öyrətməklə yanaşı, həm də yeni nəslin tərbiyəsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.

Biz bu gün müəllimlərimizin bizə öyrətdiyi kimi yaşayırıq, cəmiyyətdə özümüzü tanıdırıq, müəllimlərimizin bizə verdiyi elm və savadın sayəsində özümüzə karyera qururuq. Həyat yollarında və toplumda valideynlərimizin və müəllimlərimizin bizə verdiyi həyat vəsiqəsi ilə özümüzü təqdim edirik. Bütün bu sadaladıqlarım isə o deməkdir ki, nə qədər biz varıq, müəllimlərimizin haqqı boynumuzdadır.

Üstəlik bu müəllim qayğıkeş, nəvazişkar bir insandırsa, xalqın övladını öz doğma balasından ayırmırsa, lazım gələndə bütün iş-gücünü atıb şagirdlərinin qayğı və problemləri ilə məşğul olursa, onun adının qarşısında bütün xoş sözlər və ifadələr aciz qalır. Təbiət müəllim o müəllimlərdəndir ki, bütün gözəl söz və ifadələr bu insanın şəxsiyyəti qarşısında əriyir. Adı çəkiləndə gözlərimiz qarşısında onun canlı portreti dayanır. Əslində mənə belə gəlir ki, bütün şagirdlərinin ürəyində Təbiət müəllimin canlı portreti özünə əbədi məskən salıb.
1953-cü ilin 17 iyununda Neftçala rayonunun Xolqaraqaşlı kəndində göz açıb dünyaya. Sadə, zəhmətsevər bir ailədə. Kənddəki orta məktəbi əla qiymətlərlə bitirəndən sonra Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsilini davam etdirib. Ali təhsilini başa vurduqdan sonra məzunu olduğu kənd məktəbində pedaqoji fəaliyyətə başlayıb. 1977-ci ildə ailə həyatı qurub. Ömür yollarını Əlisakit müəllimlə bağlayıb. İlk vaxtlarda hər şey gözəl idi. Xoşbəxt olmaq üçün Allah-taala heç nəyi əsirgəməmişdi bu cütlükdən. Bir-birlərini bircə baxışdan anlayırdılar. Sevgilərinin nübarı, ilk payı – Arzunun dünyaya gəlişi ilə ailənin sevinci daha da artdı. Körpənin ilk yerişi, ilk gülüşü, ilk kəlməsi – hər yeni hərəkəti bu gənc ailənin bəxtəvərliyinə ayrı bir rəng qatırdı. Təəssüflər olsun ki, bu xoşbəxtlik uzun sürmədi. Bəlkə də, bəd gözə, pis nəfsə tuş gəldi bu səadət… Günlərin birində amansız ayrılıq gəldi, bu düzəni, bu xoşbəxtliyi alt-üst etdi. Ailənin başçısı – Əlisakit müəllimin vaxtsız ölümü böyük zərbə oldu Təbiət müəllim üçün. Təkcə Təbiət müəllim deyil, hamı – qohum, əqrəba, tanıyan, bilən, hər kəs sarsılmışdı bu vaxtsız itkidən… Bu böyük itkini anlamayan bir kəs vardı – o, hələlik heç nəyi dərk etmirdi. O, balaca Arzu idi, qayğısız uşaqlığını yaşayırdı. Bir yaş dörd aylıq idi o vaxt Arzu…

İllər bir-birini arxada qoydu, Təbiət müəllimin bu ağır itkidən sonra toparlanmağı, həyata davam etməyi gözlərimiz qarşısında baş veribdi. Hər keçən gün işinə daha çox bağlanmağa çalışdı. Həyatındakı bu ağır itkini unutmaq üçün işini – müəllimliyi ön plana çəkdi günbəgün. Ömrünü-gününü xalqının, millətinin övladlarının maariflənməsinə, savadlanmasına həsr etdi. El arasında məşhur kəlam var – saçının birini ağ, birini qara hördü, bir üzü qız, bir üzü gəlin… Düşündü ki, ölənlə ölmək olmur, Arzuya görə yaşamaq lazımdır. Arzunu atasının istədiyi kimi böyütmək lazımdır.

Təbiət müəllimi uzun illər işlədiyi Xolqaraqaşlı kənd orta məktəbində, Neftçala rayonu ziyalılar mühitində kimdən soruşsaq, hamı xoş xatirələrlə xatırlayır bu gün. Hər işində, əməlində obyektiv, vicdanlı, böyüklə böyük, kiçiklə kiçik kimi davranan, hamıya xeyirxah, qayğıkeş ana məhəbbəti ilə yanaşan bu ağsaçlı qadın 30 il bu məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işlədi. Uğurları da çox oldu, qayğıları da… Şagirdlərinin hər bir uğurunu, müvəffəqiyyətini özününkü saydı. Hər dəfə yetirmələrinin zona, respublika fənn olimpiadalarında qələbə qazanması onun qəlbini sonsuz fərəhlə doldururdu. Çünki bu uğurun arxasında neçə illərin əməyi, zəhməti dayanırdı. Bu gün onun şagirdləri arasında alim olanı da var, saysız-hesabsız müəllim, həkim, mühəndis olanı da. Hər şagirdinin şəxsiyyət kimi yetişməsində də rolu əvəzsizdir Təbiət müəllimin. Söhbətlərimizin birində mərhum Ələsgər müəllimin və Əlisakit müəllimin onun üçün etalon olduğunu öyrəndim. Bu gün demək istəyirəm ki, bizim üçün etalon Təbiət müəllimin özü olub. Hər işimizdə, hər addımımızda ona bənzəməyə çalışmışıq. Onun kimi vicdanlı, onun qədər qayğıkeş və mehriban, onun kimi işində səliqə-sahmanlı, məsuliyyətli olmaq hər birimizin arzusu olub. İşinə diqqətli və məsuliyyətli yanaşdığındandır ki, dəfələrlə rayon maarif şöbəsinin təltifi ilə mükafatlandırılıb. 1991-ci ildə Xalq Təhsili şöbəsinin 640 ¹-li qərarına əsasən baş müəllim adını alıb. 29 sentyabr 2000-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin T-227/1 ¹ -li qərarı ilə gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilmişdir.

Bu il Təbiət müəllimin 60 yaşı tamam olur. 10 ilə yaxındır ki, ailə vəziyyəti ilə əlaqədar sevimli sənətindən və işlədiyi kollektivdən ayrı düşsə də, o, bütün şagirdləri və Neftçala rayonundakı Qismət Nuralıyev adına Xolqaraqaşlı kənd orta məktəbinin kollektivi üçün əvvəlki qədər doğma və əzizdir.

İllər saçlarını bəmbəyaz fırça ilə rəngləsə də, hər birimizin yaddaşında gənc, gözəl, mətanətli müəllim obrazı əbədi məskən salıb.

60 yaşınız mübarək, əziz müəllimimiz. Bizə öyrətdiyiniz hər şey üçün sizə minnətdarıq. Arzu edirik ki, canınız sağ, ömrünüz uzun olsun. Arzunun, balaca Əlisakitlə Fidanın xoş günlərini görəsiniz. Amin.

Haşiyə: Bu yaxınlarda Təbiət müəllimin doğmalarının və yaxınlarının iştirakı ilə 60 illik yubileyi keçirildi. 60 ilin hesabatı və ya xronikası da adlandırmaq olardı həmin yubiley gecəsini. Tədbirə Təbiət müəllimin vaxtilə, ayrı-ayrı illərdə şagirdi olmuş, indi respublikanın müxtəlif yerlərində, müxtəlif sənət və peşələr üzrə çalışan məzunlar da qatılmışdı. Hamı Təbiət müəllimin ömür yolundan – əsl Azərbaycan qadınına xas, şərəfli və ləyaqətli ömür yolundan – hər kəsə örnək ola biləcək bir ömürdən söhbət açdı. Sonda yubilyara xoş arzular, diləklər söylənildi. Tədbir gözəl təşkil olunmuşdu, bizə elə gəlirdi ki, burada hər şey, hər kəs yerində idi. Ancaq Təbiət müəllimin gözlərindən şair Əli Kərimin məşhur

“Qayıt,yerinə qoy Ayı, Günəşi,
Yenə olduğutək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, sahmana sal bu kainatı” –
misralarıını oxumaq olurdu…

AYNURƏ SADIQQIZI,
Azərbaycan Milli Elmlər Akademiyası
Folklor İnstitutunun elmi işçisi

Filed in: MƏKTUBLAR

Şərhlər qapalıdır.