7:54 am - Çərşənbə Noyabr 22, 2017

MƏNƏVİ SAFLAŞMA AYI

Hacı xanım Qiymət Hüseynova, təqaüdçü müəllim

Hacı xanım Qiymət Hüseynova, təqaüdçü müəllim

İyulun 10-dan müqəddəs Ramazan ayı başlanmışdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ramazan ayında milli mənəvi dəyərlərin düzgün təbliği istiqamətində maarifçilik işinin gücləndirilməsi, bu müqəddəs ayın ölkədə tolerantlıq ənənələrinin möhkəmləndirilməsi üçün yaratdığı münbit şəraiti nəzərə alaraq xüsusi tədbirlər planı hazırlamışdır. Ramazan ayında bütün işlər milli-mənəvi dəyərlərin qorunub saxlanması, maarifləndirmə işinin artırılması və vətənpərvərlik sahəsinin gücləndirilməsi istiqamətinə yönəldilmişdir. Bu məqsədlə Ramazan ayı ərzində şəhid ailələrinə ziyarət olunacaq, mərkəzi məscidlərdə suallara cavab, izahat işləri aparılacaq, iftar süfrələri təşkil olunacaq, müxtəlif səviyyəli görüşlər keçiriləcəkdir. İctimai Televiziyada yayımlanan “Din və cəmiyyət” proqramında Ramazan ayına həsr olunmuş verilişlər də nəzərdə tutulur.

SSRİ dövründə tamamilə qadağan olunmuş bu mərasimlər haqqında əhalinin, o cümlədən müəllimlərimizin, valideynlərimizin də məlumatı kifayət qədər deyildir.

Müəllimlərimiz uşaqlara vətəni sevməyi, bu dövlətin vətəndaşı olmaqla fəxr etməyi, milli və ictimai maraqların mahiyyətinin öyrədilməsilə yanaşı, onlara dini mənsubiyyətinin, dini ayinlərin məna və məqsədini başa düşməyi də öyrətməlidirlər. Tərbiyə prosesində uşaqların dini ayinlərə, biganəliyə də yol verilməməlidir. Oruc tutmağın, namaz qılmağın öz vaxtı, öz zamanı var. Lakin uşaqlar hələlik bunları mənəvi tələb kimi anlamalıdırlar. Əks halda, onlarda valideynlərinə hörmətsizlik, sayqısızlıq da yarana bilər. Yadda saxlamaq lazımdır ki, insan oğlunun üzərinə valideyn haqqı, övlad haqqı, ailə haqqı, müəllim haqqı kimi bir sıra haqlar düşdüyü kimi, bunlarla yanaşı müsəlman olmaq haqqı da düşür. Bu haqqı özünə qaytarmağın tək yolu ilk növbədə sağlam Allah təsəvvürünə malik olmaq, bəndəlik zövqünü dadmaqdır.

Ramazan ayının müqəddəsliyi ondadır ki, insanlara haqqa hidayət etmək, rəhbərliyi öz üzərinə götürmək üçün Quran məhz bu ayda nazil olmuşdur.

O da unudulmamalıdır ki, səmavi kitabların hamısı Ramazan ayında nazil olmuşdur. İmam Cəfər Sadiq buyurur: “Allah-taala Zəburu Ramazan ayının 6-cı, Tövratı Ramazan ayının 12-ci, İncili Ramazan ayının 18-ci, Quranı isə Qədr gecəsində nazil etdi”.

Yeri gəlmişkən qədr gecələri haqqında çox danışıldığından bu barədə qısa bir açıqlama vermək lazım gəlir.

Qədr gecələri – Quranın nazil olduğu gecədir. Qədr ərəb mənşəli sözdür. Ölçü, miqdar mənalarını verir. Peyğəmbər (s) və Məsum İmamlardam (ə) nəql olunan rəvayətlərə əsasən qədr gecələri ramazan ayının sonuncu on günlüyünün tək günlərinə (19, 21, 23, 25, 27 və 29-cu gecələr) təsadüf edir. Bu gecələrdə oyaq qalıb səhərə qədər ibadətlə məşğul olmağın böyük savabı var. Quranın 97-ci surəsi də Qədr surəsi adlanır. Burada qədr gecəsinin fəzilət və əhəmiyyətindən bəhs edilir. Rəvayətlərə əsasən həmin gecədə yaradılış aqibəti müəyyən olunur. Qədr gecəsi duaların qəbul edildiyi aydır.

O da məlumdur ki, Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir, o gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsini səhərə qədər oyaq qalıb ibadət edənlər vardır.

Qədr əmin-amanlıq gecəsi, İlahi rəhmətin nazil olduğu gecədir. Allahın rəhmət və mərhəməti hər zaman insanlara şamil olar. Lakin həmin gecədə bunun arası heç kəsilməz və ardıcıl olaraq sübh çağına qədər davam edər.

Bunlar hamısı öz əksini Qurani-Kərimdə tapmışdır. Quran Allahın insanlar üçün nəzərdə tutduğu həyat qanunudur. Quranın ayələri zaman və məkanın tələblərinə uyğun nazil olmuş, müsəlmanları çətinliyə salacaq heç bir hökm verilməmişdir. Orucluq hökmü Peyğəmbərə (s) Mədinə dövründə, yəni hicrətdən sonra əyan olmuşdur. Bəlkə buna da müsəlmanların nisbətən münasib şəraitdə yaşamalarını gözləmək məqsədi əsas götürülmüşdür.

Quranda ilin on iki ayından yalnız Ramazan ayının adına rast gəlmək olur. Maraqlı hallardan biri də budur ki, Quranda ay kəlməsindən on iki dəfə, yəni ilin aylarının sayı qədər, gün kəlməsindən isə 365 dəfə istifadə olunmuşdur ki, bu da ilin günlərinə bərabərdir. Bəqərə surəsinin 185-ci ayəsində bir neçə maraqlı məqam ortaya çıxır ki, onlardan biri də Ramazan ayının orucluğa görə deyil, Quranın bu ayda nazil olduğu üçün dəyərli olduğunun vurğulanmasıdır. “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil olmuşdur”. Göründüyü kimi, ayədə aya üstünlük meyarı orucluğun deyil, Quranın nazil olduğu göstərilir. O Quran ki, insanları haqqa hidayət edir. Ayədə həm də hidayətin ümumi xarakter daşıdığına işarə edilir. Yəni Quran digər səmavi kitablardan fərqli olaraq tək nazil olduğu dövr və şəraitin insanlarını deyi, bəlkə nazil olduğu dövrdən qiyamətə qədər mövcud olacaq insanların hidayətini öz üzərinə götürmüşdür.

Ayənin orijinal mətnində Quranın “furqan” xüsusiyyətinə də işarə olunur ki, bu da onun hidayət vasitəsi olmaqla yanaşı, həm də haqqı batildən ayırd etmək üçün ən gözəl meyar olduğundan da xəbər verir. Bu ayda üzürlü olaraq müxtəlif səbəblər üzündən oruc tuta bilməyən şəxslər tutmadıqları günlərin müqabilində Ramazan ayı başa çatdıqdan sonra növbəti Ramazan ayına qədər tuta bilərlər: “Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar”. Hər bir oruc tutan şəxs Allahın onun üçün çətinlik deyil, asanlıq olmasını istədiyinə əmin olmalıdır:

“Allah sizin üçün ağırlıq deyil, yüngünlük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəlməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz”.

Əgər Allah bəndələrinə çətinliyin olmamasını istəyirsə, insanlar da bir-birlərinə qarşı eyni ruhda olmalıdırlar. Tabeçiliyində olan şəxslər həddindən artıq yüklənməməli, zəiflik üzündən görə bilmədikləri işlərə vadar edilməməli və oruc tuta bilməyən şəxslərə məcburiyyət olunmamalıdır.

Orucluğun ilin isti fəsilə düşməsi bir çoxlarına bu ilahi hökmü yerinə yetirmək çətin görünə bilər. Lakin bəndələrini onların özlərindən çox sevən Allah onun da izahını vermişdir: “Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi”.

İsti günlərdə oruc tutub ac-susuz qalan şəxslər çətinlik çəkməsinlər deyə, qiyamət gününün aclıq və susuzluğunu yada salsınlar. Orucluq insanın qürur və təkəbbürünü məhv edib ona Allah eşqilə çırpınan qəlb bəxş edir. Bu ayda insanlar ruhən saflaşmaları ilə yanaşı, ictimai pozğunluğun da dəfələrlə azaldığının şahidi olurlar. Elə isə bu ayın qədrini bilib hər anından bəhrələnmək, Allahdan bağışlanmağı, günahları yox etməyi diləməliyik.

İmsak və iftar vaxtları orucluğun ən yaddaqalan, maraqlı və şirin anlarındandır. Özünün ən mükəmməl qanunları ilə insan həyatının bütün sahələrini əhatə edən müqəddəs islam dini orucluq ayına xas olan imsak və iftar vaxtları üçün də müəyyən qayda-qanunlar və ənənələr təyin etmişdir. Bu ayda Allahın halal etdiyi nemətlər sübh azanından şam azanına qədər hər bir müsəlmana haram edilir. Bu ayda halal nemətlər belə digər vaxtlarla müqayisədə bir qədər az istifadə olunmalıdır. Məqsəd il boyu aclıq və susuzluğa vərdiş edən insanların yaşadıqlarını süni şəkildə hiss etməkdir. Orucluq sağlamlığa səbəb olsa da tutmaqda məqsəd Allah razılığını qazanmaq olmalıdır. Allah razılığına isə Allahın əmrlərinə itaət etməklə nail olmaq olur. Elə buradaca Ramazan ayı ilə əlaqədar olaraq orucluğun əsasını təşkil edən imsak və iftar barədə açıqlama verməyi lazım bilirik.

İmsak-ərəb mənşəli sözdür. Lüğətdə özünə hakim olmaq, maneə olmaq, çəkinmək, geri durmaq mənalarını verir. Dini terminologiya olaraq bu kəlmədən Ramazan ayının orucluq hökmü verildikdən sonra geniş şəkildə istifadə olunmağa başlanır. İmsak orucun rüknüdür (əsasını təşkil edən hissələrindən biri). İmsakın başlanğıcı dan yerinin ağardığı andır. Bu zaman sübh namazının vaxtı girir və səhurun (obaşdanın) vaxtı qurtarır. İmsakdan iftara qədər oruc tutan şəxs yemək-içməkdən çəkinməklə yanaşı, digər aylarda halal olan bir sıra əməllərdən də çəkinməlidir.

Ramazan ayının hər gününü niyyətlə başlamaq yaxşı olar (Allaha yaxın olmaq üçün Ramazan ayının vacib orucu tutulmalıdır). Bunu həm dilə gətirmək olar, həm də qəlbdən keçirmək. Bütün vaxtlarda olduğu kimi imsakda istifadə olunan qida məhsulları halal olmalı, israfa yol verilməməlidir.

Peyğəmbər (s) və Məsum İmamların (ə) həyat tərzinə nəzər saldıqda imsak zamanı az, lakin enerjili qidalardan istifadə etdiklərinin şahidi oluruq. Xurma, yumurta, süd və südlü yeməklər, yağ, pendir, kolbasa və zeytun imsak üçün ən münasib qida hesab oluna bilər.

İmsak zamanı susuzluğa səbəb olan istiotlu ət məhsullarından, yağlı yeməklərdən və şirniyyatdan mümkün qədər çəkinmək lazımdır. Bəzən çox yeməklə gün ərzində daha çox dözümlü olacaqlarını düşünürlər. Lakin bu, heç də belə deyil. Lazım olan keyfiyyətli və öz miqdarında yeməkdir.

İftar – ərəb mənşəli sözdür, açmaq, yarmaq mənalarını verən “fətərə” kökündən qaynaqlanır. Dini terminologiya olaraq bu kəlmədən Ramazan ayının orucluq hökmü verildikdən sonra geniş şəkildə istifadə olunmağa başlanır. Orucluq zamanı şam azanından sonra yeyilən yeməyə deyilir. Orucluq zamanı iftar edərkən xüsusi dua oxunur. Ramazan ayında və ilin digər günlərində oruc tutan şəxs yaxşı olar ki, iftarı qohum və yaxın dostları ilə açsın. Oruc tutan şəxs iftar zamanı ağır yeməklər yeməməli, asan həzm olunan yeməklər yeməlidir ki, orqanizmini gücə salmasın. Ehtiyacı olanlara iftar verməyin böyük savabı var. Yoxsul səhabə Peyğəmbərə (s) kasıblıq üzündən din qardaşlarına iftar verə bilmədiklərini bildirdikdə buyurur: “Bir xurma ilə iftar versəniz eyni savab qazanarsınız”. Yaxşı olar ki, iftar zamanı məclislərə yoxsul şəxslər dəvət olunsunlar.

İftar məclisləri barədə bəzi tövsiyələr də məqsədyönlü qəbul olunur:

– İftar məclisləri olduqca sadə təşkil olunmalı, yoxsul insanlar dəvət edilməlidir.

– Əgər orucluq İlahi ziyafətdirsə, elə isə məclislər ayrı-ayrı şəxslərin evində edilməkdənsə, məscidlərdə, yəni Allah evində təşkil olunsa daha yaxşı olar.

– İftar verən şəxslər bir-birilərilə növbələşərək oruc tutan şəxsləri iftara dəvət etməlidirlər.

– Məclis iştirakçılarının yorulmaması üçün əvvəl iftar edib sonra camaat namazı qılınsa yaxşı olar.

– Bəzi hallarda iftar məclislərində ramazanla əlaqəli olmayan söhbətlər aparılır ki, bu da məclisin ruhuna xələl gətirir. Bunun üçün də məclisə İlahi kəlamla rövnəq vermək lazımdır.

Yaxşı olar ki, imsakda olduğu kimi, iftar zamanı da qida məhsullarının halal və təmizliyinə xüsusi diqqət yetirilsin.

Bu ayda mənəvi saflığa nail olmaq üçün cismani paklığa da xüsusi diqqət yetirilməlidir. Onu da bilmək lazımdır ki, iftar zamanı günün batması ilə deyil, gün işığının aradan getməsi ilə başlanır ki, buna da “qürub” deyilir. Məsləhətdir ki, iftar ilıq süd, su, xurma və ya şorba ilə açılsın. İftar süfrəsini hazırladıqda israfçılığa yol verilməməlidir. Burada bir sıra qadağaları da nəzərə almaq lazımdır. İftar zamanı turş və şor (duzlu xiyar, pendir və s.) qida məhsullarından qətiyyən istifadə etmək olmaz. İsti havalarda soyuq su ilə iftar etmək çox zərərdir.

İ sti yay günlərində iftarı soyuq qarpız, ayran və şirələrlə açmaqdansa, bir neçə xurma və kişmişlə açmaq məsləhət görülür. Bu, qidanın miqdarını normal həddə salır və insan çox yeməkdən əziyyət çəkmir. Axşamçağı gün ərzində boş qalan mədəni birdən yükləmək çox ziyandır. Bunun üçün iftar etdikdən sonra firni və ya şorba (mərci, göbələk və s.) içmək məsləhət görülür. Bir etikanı da gözləmək çox vacibdir. Üzürlü səbəblərdən oruc tuta bilməyən şəxslər oruc tutan şəxslərin yanında yemək yeməsələr daha yaxşı olar. Üzümü gənclərə tuturam: birinci dəfə oruc tutan şəxslər orqanizm üçün lazım olan bütün qida məhsullarından istifadə etməlidirlər ki, bədənləri zəifləməsin. Bəzən şagirdlər də oruc tuturlar. Bilmək lazımdır ki, aclığa taqəti olmayanlar, gündüzlər imtahana hazırlaşan şagirdlər ramazan ayında gün qrafiklərini dəyişə bilərlər. Onlar gündüzlər yatıb, gecələrini mütaliə ilə keçirə bilərlər. Həkimlər məsləhət bilir ki, isti yay günlərində insan daha çox tərlədiyindən bədənin su ehtiyatını təmin etmək lazımdır. Bunun üçün açıq çay içmək daha faydalıdır.

Göründüyü kimi, Ramazan hər bir müsəlman üçün xüsusi ay və onun günləri xüsusi günlərdir. Orucluq islama məxsus incəlikləri ilə qiymətlidir. İslamdan qeyri məktəblər azadlığı nəfsin istəklərinə əməl etməkdə gördüyü bir halda, islam azadlığı nəfsə hakim olmaqda görür. Müasir Avropa azadlığı nəfsə verilən maksimum sərbəstlikdə, islam isə azadlığı nəfsin maksimum nəzarətində görür: “Həyatın dadını çıxar”, “Kefini çək”, budur ruhu köləliyə aparan Avropa dünyasının həyat şüarı. İslama görə, kim nəfsinə nə qədər hakimdirsə, bir o qədər azaddır.

Ramazan Qurana təşəkkür ayıdır. Hər varlığa təşəkkür etməyin bir yolu var. Qurana təşəkkür etməyin yolu da onu başa düşməkdir. Ramazan təşəkkürü Quran təbiri ilə desək, pisliklərdən azad olmaqdır. Əgər namaz qılan insan pisliklərdən uzaq durursa, demək namazın təşəkkürünü yerinə yetirmiş olur. Oruc da Quranı göndərmə bir təşəkkürü, yəni onu başa düşməkdir. Yadda saxlanmalıdır ki, oruc tutan şəxs tək yeyib-içməkdən çəkinmir. O həm də gözünü, qulağını və ümumilikdə əməllərini günahdan qoruyur və Allaha bəndəlik etməyə can atır.

Ümumiyyətlə, Orucluq Allahın insan fitrətində qərar verdiyi insani keyfiyyətləri daha da təkmilləşdirir, insanı mənəvi saflığa sövq edir. Ramazan ayı insanı kamil insan məqamına çatdırmaq xüsusiyyətinə malik olan bir aydır. Peyğəmbərimiz (s) tövsiyə edirdi ki, “Oruc tutun ki, sağlam olasınız”. Rəvayətlərdə deyilir: “Allah bu ayda yoxsul ilə varlını bərabər görmək istəmişdir”. Bu da insanlarda həmrəylik əhval-ruhiyyəsinin yaranmasına və bir çox hallarda güclənməsinə səbəb olur.

Bu ayın bərəkətini insan dərk etməlidir. Peyğəmbərimiz (s) buyurur: “Əgər insanlar Ramazan ayında nə qədər savab olduğunu bilsəydilər, ilin bütün günlərinin ramazan ayı olmasını istərdilər”.

Ramazan ayı barədə oruc tutanların maarifləndirilməsi, yalnız Ramazan ayında deyil, il ərzində aparılmalıdır.

Filed in: MƏKTUBLAR

Şərhlər qapalıdır.