7:57 am - Çərşənbə Noyabr 22, 2017

Ədəbiyyat fənninin tədrisinin əsas prinsipləri və onun təşkilinə verilən əsas tələblər

Özünəməxsus sistemə malik olan təhsil, pillələri ilə mövcuddur. Gözlənilən nəticələri ilə fərqlənən bu pillələr bir-birini tamamlayır və ardıcıl sıralanmaqla təhsilin ümumi sistemini təşkil edir. Ona görə də təhsilə bir sistem kimi baxılır. Bu zaman demokratikləşmə, humanistləşdirmə, differensasiya, fərdiləşmə, sosiallaşdırma, variativlilik və inkluzivlik aparıcı prinsiplər kimi əsas rol oynayır.

Təhsil insanın sosiallaşma prosesində ümumbəşəri və milli dəyərlərə yiyələnməsini davamlı bir fəaliyyət kimi əhatə etdiyindən ona həm də proses kimi yanaşılır. Onun didaktik əsasını isə təbiətə müvafiqlik, praktiklik, istiqamətlilik, variativlik, mərhələlilik, fərdi ehtiyacların nəzərə alınması və fasiləsizlik təşkil edir.

Yaşı min illərlə ölçülən Azərbaycan ədəbiyyatının tədrisində bu istiqamətlər, ələlxüsus, vurğulanır. Məktəb ədəbiyyat kursu həqiqi vətəndaşın və müasir dünyagörüşlü şəxsiyyətin yetişməsində mühüm rolu olan fənlərdəndir. Bu baxımdan ədəbiyyat təliminin düzgün prinsiplər əsasında təşkili olduqca vacibdir.

Ədəbiyyat təliminin təşkili zamanı “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları” (kurikulumları) sənədində ümumi təhsil sistemi üçün qəbul olunmuş aşağıdakı pedaqoji prinsiplər əsas götürülür:

1. Pedaqoji prosesin tamlığı

Pedaqoji prosesdə təlim məqsədləri kompleks (öyrədici, inkişafetdirici, tərbiyəedici) həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir.

2. Təlimdə bərabər imkanların yaradılması

Bütün şagirdlərə eyni təlim şəraiti yaradılır. Pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir.

3. Şagirdyönümlülük.

Şagird pedaqoji prosesin mərkəzində dayanır. Bütün tədris və təlim işi uşağın maraq və tələbatlarının ödənilməsinə, onun istedad və qabıliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir .

4. İnkişafyönümlülük.

Şagirdlərin idrak fəallığı izlənilir, nailiyyətləri təhlil edilir, bilik, bacarıq və vərdişlərınin inkişaf səviyyəsi tənzimlənir.

5. Fəaliyyətin stimullaşdırılması.

Pedaqoji prosesin səmərəli və effektiv qurulması, şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir, nəticə etibarı ilə şagirdlərin daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur.
6. Dəstəkləyici mühitin yaradılması.

Pedaqoji prosesin münasib maddi-texniki baza və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilməsi keyfiyyətin və səmərəliliyin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz şəraiti yaradır.

Ümumi didaktik prinsiplərdən əlavə hər bir fənnin tədrisinin spesifik prinsipləri mövcuddur. Bu prinsiplərdən isə müəyyən tələblər irəli gəlir. Ədəbiyyat dərsinə verilən tələblər aşağıdakılardır:

– ədəbiyyat dərslərində elmilik;
– ədəbiyyat dərslərində ideyalılıq;
– ədəbiyyat dərslərində intensivlik;
– ədəbiyyat dərslərində emosionallıq;
– ədəbiyyat dərslərində inteqrativlik;
– ədəbiyyat dərslərində əyanilik;
– ədəbiyyat dərslərində texniki vasitələrdən istifadə.

Ədəbiyyat təlimi qarşısında qoyulan məqsədlərə çatmaq üçün aşağıdakı məsələlər diqqət mərkəzində saxlanılmalıdır:

– ədəbiyyatın qüdrətli tərbiyə və idrak vasitəsi olması;

– ədəbiyyat təlimi prosesində nitq inkişafının təmin olunması;

– şagirdlərin bədii əsərlərin oxusu, təhlili, qiymətləndirilməsində, eləcə də praktik həyatda zəruri olan bacarıqlara yiyələnməsi.

1. Ədəbiyyatın qüdrətli tərbiyə və idrak vasitəsi olması.

Ədəbiyyat kursu şagird şəxsiyyyətinin, onun mənəvi aləminin, estetik zövqünün formalaşdırılmasında böyük imkanlara malikdir. Məktəblilər bədii əsərdə əks olumuş mürəkkəb hadisələri, həyati reallıqları dərk edib qiymətləndirməklə fəal həyat mövqeyinə yiyələnir. Bu mənada ədəbiyyat dərslərinə həyat və mənəviyyat dərsləri, idrak fəaliyyətinin bir növü kimi yanaşılmalıdır.

Bədii ədəbiyyat mənəvi ünsiyyətin xüsusi formasıdır. Kamil sənət nümunəsini oxuyan, orada qaldırılan mənəvi-estetik problemlər barədə düşünən, qəhrəmanların taleyinə, sənətkar mövqeyinə münasibət bildirən şagird-oxucu qüdrəli sənətkarın müsahibinə çevrilir, onun fikir və düşüncələrini öyrənməklə mənən zənginləşir. Bu prosesdə məktəblilərin öz fəaliyyətini, hərəkət və davranışını mənəvi, estetik normalar baxımından qiymətləndirməsi də mümkün olur.

2. Ədəbiyyat təlimi prosesində nitq inkişafının təmin olunması.

Söz sənəti olan ədəbiyyat ana dilinin zənginliyini, geniş bədii ifadə imkanlarını özündə cəmləşdirir, qoruyub yaşadır, gələcək nəsillərə ötürür. Bu da ədəbiyyat təlimi prosesində şagirdlərin nitqinin inkişafını şərtləndirən mühüm amil kimi götürülməlidir.

Bədii ədəbiyyatın mütaliəsi, müzakirəsi prosesində şagirdlərin lüğət ehtiyatı zənginləşir, onlar monoloji və dialoji nitq, bədii sözün gücündən məqamında istifadə etmək bacarığına yiyələnir. Bədii əsərin dili, üslubunun, obrazlılığın, atalar sözü və məsəllərin nitqə gətirdiyi canlılıq, orijinallıq ünsiyyət, müzakirə prosesində məktəblilər üçün nümunəyə çevrilir, onlarda əsər barədə əsaslandırılmış fikir söyləmək bacarığının formalaşması üçün zəmin rolunu oynayır. Şagirdin nitqinin inkişafı sənətkarın, əsərin, obrazların dilinin öyrənilməsi ilə sıx bağlıdır. Şifahi və yazılı nitq bədii əsər üzərində iş prosesində cilalanır.

3. Şagirdlərin bədii əsərlərin oxusu, təhlili, qiymətləndirilməsi prosesində, eləcə də praktik həyatda zəruri olan bacarıqlara yiyələnməsi.

Bədii əsərin oxusu, təhlili, qiymətləndirilməsi ədəbi-nəzəri biliklərə əsaslanmaqla həyata keçirilməlidir. Təlim prosesində şagirdlər ədəbi-nəzəri biliklərə yiyələnməklə öz biliklərini müstəqil surətdə artırmaq, özünüinkişaf, özünütəkmilləşdirmə imkanı əldə edirlər. Məktəbli kamil sənət nümunələri ilə tanışlıq vasitəsilə estetik duyumunu inkişaf etdirir, həyatda, insanda, incəsənətdə gözəlliyi görmək, qiymətləndirmək bacarığına yiyələnir. İstedadın, yaradıcılığın məhsulu olan bədii əsər şagirdlərdə yaradıcılıq qabiliyyətinin (inşa, məqalə, bədii əsər yazılması, bədii çıxış və s.) formalaşmasına yol açır.

Milli ədəbiyyatla yanaşı, digər xalqların ədəbiyyatından seçilmiş sənət nümunələri üzrə iş zamanı məktəblilər tolerantlıq, yad mədəniyyəti başa düşmək, qiymətləndirmək bacarığına yiyələnir.

Bədii ədəbiyyatda qaldırılan problemlərin həlli yolları üzərində düşünən şagird müxtəlif mülahizələr irəli sürmək, tənqidi münasibət bildirmək, onları əsaslandırmaq, orijinal qərarlar qəbul etmək imkanı əldə edir.

Müəllimin fəaliyyətində sinifdə yaradıcı mühit yaradılması ön planda durmalıdır. Dərs zamanı şagirdlərə ədəbi biliklərin verilməsi, bədii əsəri təhlil etmək bacarığı aşılanması, tərbiyəvi işlər söz sənətinin qanunları nəzərə alınmaqla aparılmalıdır.

Hər bir gənc bədii ədəbiyyatı, digər mənbələri oxumağı, təhlil etməyi, qiymətləndirməyi, öz biliklərini müstəqil şəkildə artırmağı bacarmalı, fasiləsiz təhsilə hazır olmalıdır. Məktəb ədəbiyyat kursunda yüksək ideya-bədii dəyərə malik əsərlərin öyrədilməsi əsasında şagirdlərdə mütaliə formalaşır, onların ədəbi təhsili, tərbiyəsi və inkişafı təmin olunur.

Müəllim mütaliənin şagirdlər üçün “zəhmət və yaradıcılıq” prosesinə çevrilməsini təmin etməlidir. Ədəbiyyat dərsləri məktəblilərin hiss və duyğularına təsir etməli, onlara emosional təsir göstərməli, nəticə çıxarmağa istiqamətləndirməlidir.

Ədəbiyyat dərslərində nitq inkişafı üzrə aparılan işlər məktəblilərdə bədii sözə həssas münasibətin yaradılmasına, sözün, fikrin məna incəliklərini duymaq, ifadə etmək bacarığının formalaşdırılmasına imkan yaradır.

Ədəbiyyatın məktəbdə öyrədilməsi zamanı bədii zövqün formalaşdırılması diqqət mərkəzində saxlanılır, şagirdlərin həyatda, insanda olan gözəlliyi duymaq, qiymətləndirmək bacarığı inkişaf etdirilir.

Ümumtəhsil məktəblərində ədəbiyyat təliminin məqsədi bədii ədəbiyyat nümunələrini, tarixi-ədəbi prosesi öyrənmək, təhlil etmək, qiymətləndirmək bacarığını formalaşdırmaqla şagirdlərin dünyagörüşünü zənginləşdirmək, mənəvi-estetik inkişafını təmin etmək, nitq mədəniyyətinə yiyələnmələrinə nail olmaqdır.

Məhsəti Hümbətova,
Binəqədi rayonu 30 nömrəli məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi

Filed in: MƏKTUBLAR

Şərhlər qapalıdır.