3:11 pm - Şənbə Noyabr 24, 2723

AZƏRBAYCAN DİLİNDƏN DƏRS NÜMUNƏSİ

Cəmalə SADIQOVA, Bakı şəhəri,  240 nömrəli tam orta məktəbin  Azərbaycan dili və ədəbiyyat müəllimi, Əməkdar müəllim

Cəmalə SADIQOVA,
Bakı şəhəri,
240 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi,
Əməkdar müəllim

Mövzu: “Mü-rəkkəb sözlər: Kəndxuda və muzdur”

Standart: 2.1.1. Lüğətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəy-yənləşdirir.

2.2.3. Mətndəki əsas fikir müəyyənləşdirilir.

4.1.2 Sözün əsas tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını qram-matik mənasını izah edir.

Məqsəd:

1. Konteksdən çıxış edərək mənasını müəyyənləşdirdiyi sözün izahını lüğətdə verilmiş izahla müqayisə edir.

2. Mətndə sətiraltı ifadə olunmuş cümləni izah etməklə əsas fikri müəyyənləşdirir.

3. Mürəkkəb sözlərin yaranma yollarını izah edir.

4. Mürəkkəb sözlərin defislə və bitişik yazılış qaydalarına əməl edir.

İnteqrasiya: Ədəbiyyat, təbiət.

İş forması: Böyük və kiçik qruplarla iş.

İş üsulları: Müzakirə, beyin həmləsi.

Resurslar: Müxtəlif şəkillər, kompüter, testlər.

Dərsin gedişi:

Motiviasiya: Müəllim “Kitabi-Dədə Qorqud” dastanından bu şeiri oxuyur:

Əcəl aldı, yer gizlədi,
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya…

1. Burada söhbət hansı dünyadan gedir?

2. Fani nədir?

3. İnsan həyatını necə yaşamalıdır ki, dünyadan sonra xatırlansın.

Şagirdlərin fikirləri dinlənilir!

Şagird1: Fani sözünün mənası puç dünya deməkdir.

Şagird2: İnsan həyatını elə mənalı yaşamalıdır ki, dünyasını dəyişdikdən sonra izi qalsın. Belə şəxsiyyətlərdən Heydər Əliyev, Şah İsmaylı Xətai, N.Gəncəvi,M.Füzuli, qəhrəmanlarımızdan Mübariz İbrahimov və s.

Tədqiqat sualı:

Sizcə, kəndxuda nitqini tamamlamaq üçün hansı atalar sözündən istifadə etdi?

A) Pisliyi torpağa əkdilər, göyərmədi.
B) Çox istəyən azdan olar.
C) İşləməyən dişləməz.
D) Ağacı qurd içindən yeyər.

Bu sualın cavabının “C” variantı olduğu aydınlaşır.

Tədqiqatın aparılması: Məqsədim şagirdlər nitq situasiyasına uyğun atalar sözü və məsəl seçmək bacarığını inkişaf etdirməkdir?

St. 2.1.1. Müəllim tapşırıqda sadalanan sözlərin işləndiyi cümlələri bir daha oxuyur:

1. O, bir qarın çörək üçün səhərdən axşama kimi kəndxudanın torpağında rəncbərlik edir.

2. Oğlan başını qaldırıb qarşısında kəndxudanın heybətli cüssəsini gördü.

3. Qurbanın olum, ay kəndxuda, bir hovur dincəlmək istəyirdim.

İş vərəqələri:

Həmin cümlədə mürəkkəb sözü tapın. Həmin sözün cümlədə nə bildirdiyini deyin. Şəkil üzrə bir cümlədə özünüz deyin.

1. Qaş qaralanda şələquyruq tülkü kəndə tərəf götürüldü.
2. Aşsüzən mətbəx əşyasıdır.
3. İtburnu faydalı bitkidir.

Söz ehtiyatı

Müəllim: Uşaqlar, kədxuda, rəncbər, heybətli, hovur sözlərini lüğətin köməyi ilə izah edin.

Şagird1: Kəndxuda keçmişdə Azərbaycan kəndlərində əhali tərəfindən seçilən və kəndin inzibati işlərini idarə edən şəxs.

Şagird2: Rəncbər (fars sözü olub) taxıl əkib-becərməklə məşğul olan kəndli.

Şagird3: Heybətli – hörmət hissi ilə bərabər qorxu hissi doğuran, zəhmli adam.

Şagird4: Hovur – (dialekt sözdür) az vaxt, az müddət.

St. 2.2.3. Düşün və cavab ver.

Müəllim:

Gənc rəncbərin son sözləri necə oldu?

Şagird: Ağa, bilirsənmi, əslində, ikimizdə yuxu görürük. Tək fərqimiz odur ki, mənim yuxum gözlərimi açanda bitir, sənin yuxun isə gözlərini bağlayanda bitəcək.

Müəllim: Gənc rəncbərin gördüyü yuxu o oyananda – gözünü açanda bitir. Lakin hekayədən çıxan fikrə görə, insan həyatı da yuxu kimi müvəqqətidir və insan öləndə-gözünü əbədi yumanda bu ytuxu bitir. Buna görə də rəncbər kəndxuda ilə özünü bərabər tutur.

Dil qaydaları

St. 4.1.2. Yazı taxtasına Əsmətxanım, Püstəxanım, Balaxanımı çağırın. Həmin uşaqlara Günəbaxan, Çobanyastığı, Qızılgül, Ağacdələn şəkillərini verirəm, İradəyə isə tarla şəkli verirəm. Uşaqlara müraciət edirəm fikirləşin və cavab verin. Mən nə üçün əvvəcə üç nəfəri Əsmətxanım, Püstəxanım, Balaxanımı çağırdım, İradəni isə sonra. Onlar diqqət etdikləri şəkillərə baxır və gördükləri fərqləri söyləyirlər. Əvvəlki üç uşağın adı mürəkkəb, İradənin adı isə sadədir. (Bu sözdə)

Şəkillərdə günəbaxan, qızılgül, çobanyastığı, ağacdələn iki sözdən, İradənin tutduğu tarla isə bir sözdən ibarətdir.

Qeyd edirəm ki, iki sözdən ibarət sözlər mürəkkəb sözlər adlanır. Bu günkü mövzümuzun adı mürəkkəb sözlərdir.

Müəllim! Uşaqlar, dərsin adı elan olunduqdan sonra hər qrupa iş vərəqi verirəm. İş vərəqlərində mürəkkəb sözlərin əmələ gəlməsinə aid cümlələr yazın.

Qruplar işlərini təqdim edirlər. Təqdimatdan sonra şagirdlər belə nəticəyə gəlirlər ki, mürəkkəb sözlər ili sözün birləşməsindən əməlkə gəlir. Müəllim qeyd edir ki, elə mürəkkəb sözlər var ki, üç sözün birləşməsindən alınır. Məsələn: Əlüzyuyan və s.

Müəllim: Uşaqlar, iş vərəqlərində verilən mürəkkəb sözlər bitişik yazılan sözlər idi. Defislə yazılan mürəkkəb sözlər də var. Gəlin, bu cür sözlər deyək.

Məlumat mübadiləsi: Qruplar apardıqları işlər barədə bir-birlərinə məlumat verirlər.

Məlumatın müzakirəsi: Qruplar işlərini təqdim edir və müzakirə aparılır.

İş vərəqi 1

Hər cümlədə mürəkkəb sözü tapın. Həmin sözün cümlədə nə bildirdiyini deyin. Bir cümlə də özünüz yazın.

1. Qaş qaralanda şələquyruq tülkü kəndə tərəf götürüldü.

2.Aşsüzən mətbəx əşyasıdır.

3. İtburnu faydalı bitkidir.

İş vərəqi 2

Verilmiş sözlərə başqa sözlər əıavə etməklə mürəkkəb sözlər düzəldin. Şəkilə baxıb bir cümlə də özünüz yazın.

sarı +
qara +
qırmızı+
çəp+
qısa+

İş vərəqi 3

Aşağıdakı sözlərin içərisindən mürəkkəb sözləri seçin və onlardan ikisini cümlədə işlədin. Şəkil üzrə də cümlə yazın.
Kəklikotu, qarışqa, ələk, meşəbəyi, kitabxana, ipəkqurdu, yardım, enlikürək, dəftər, güllü.

İş vərəqi 4

Əlamət və ad bildirən sözlərdən əmələ gələn mürəkkəb sözləri seçin və ikisini cümlədə işlədin. Şəkil üzrə cümlə yazın.
Yastıdaban, göydəndüşmə, əyripəncə, dəvəquşu, açıqürəkli, qaraqaş, quzuqulağı, giləmeyvə, ağsaqqal

I qrup: Yaxınmənalı sözlərin birləşməsindən alınan 5 söz yazın.

II qrup: Əksmənalı sözlərin birləşməsindən alınan 5 söz yazın.

III qrup: Təkmənalı sözlərin birləşməsindən alınan 5 söz yazın.

IV qrup: Müxtəlif mənalı sözlərin birləşməsindən alınan 5 söz yazın

Şagirdlərə defislə yazılan mürəkkəb sözlər deyirlər:

-qapı-pəncərə
-yer-göy
-qayda-qanun
-az-çox
-tez-tez
-bir-bir
-əyri-üyrü

Sözlərdən dördünü yazı taxtasına yazıram:

yer-göy, tez-tez, qayda-qanun, əyri-üyrü

Müəllim!

-Uşaqlar, yazı taxtasına yazdığım mürəkkəb sözlərin hər iki tərəfinə diqqət yetirin və fikirlərinizi deyin.

Şagirdlər bu cür sözlərin yaxınmənaalı, əksmənalı, təkrarlanan, müxtəlif mənalı sözlərin birləşməsindən alındığını söyləyirlər. Sonra hər qrupa tapşırıq verirəm. Hansı qrup tapşırığı tez yerinə yetirirsə, bayrağı qaldırır. Qalib qrup şagirdlər tərəfindən alqışlanır.

Yaradıcı tətbiqetmə: Şagirdləri fərdi qiymətləndirmək üçün testlər paylayıram.

Testlərlə iş.

Test 1.

1.Hansı mürəkkəb söz deyil?

A) yasəmən
B) novruzgülü
C) qızılgül

2. Mürəkkəb sözlərdən hansı səhv yazılıb?

A) qoyun-quzu
B) alqı-satqı
C)qara-gilə

Test 2.

1.Hansı sözlər birləşdikdə mürəkkəb söz yaradır?

A) az, çox
B)cavan, gənc
C) yaşlı, kişi

2. Hansı mürəkkəb sözdə əksmənalı sözlər birləşib?

A) ağ-qara
B) kələ-kötür
C) tez-tez

Test 3.

1. Hansı mürəkkəb sözdə əksmənalı sözlər birləşib?

A) ağ-qara
B) kələ-kötür
C) tez-tez

2. Hansı sözün təkrarından mürəkkəb söz yaranır?

A) təyyarə
B) avtobus
C) qatar

Test 4.

1. Hansı atalar sözündə daha çox mürəkkəb söz var?

A) Halva-halva deməklə ağız şirin olmaz.
B) Dama-dama göl olar, dada-dada heç.
C) Böyüyün sözünə baxmayan böyürə-böyürə qalar.

2. Ardıcıllığı hansı söz tamamlayır?

Qohum-qardaş, yorğan-döşək, oğul-uşaq.

A) qayda-qanun
B) yavaş-yavaş
C) baş-ayaq

Test 5.

1. Ardıcıllığı pozan hansı sözdür?

ayaqqabı, addımbaşı, çayxana, alagöz.

A) Addımbaşı
B) Çayxana
C) alagöz

2. Adət sözü hansı sözlə birləşib mürəkkəb söz əmələ gətirir?

A) milli
B) ənənə
C)bayram

Testlər şagirdlər tərəfindən işlənib qurtardıqdan sonra dərsi yekunlaşdırıram. Mürəkkəb sözlər iki sözün birləşməsindən alınır. Mürəkkəb sözlərin tərkibindəki sözlər həm yaxınmənalı, həm əksmənalı, həm də müxtəlif mənalı ola bilər. Mürəkkəb sözlər bir sözün təkrarından da yarana bilər. Unutmayın ki, mürəkkəb sözlər həm bitişik, həm də defislə yazılır.

Nəticə və ümumiləşdirmə: Mürəkkəb sözlər iki sözün birləşməsindən alınır. Mürəkkəb sözlərin tərkibindəki sözlər həm yaxınmənalı, həm əksmənalı, həmdə müxtəlif mənalı ola bilər. Mürəkkəb sözlər bir sözün təkrarından da yarana bilər. Unutmayın ki mürəkkəb sözlər həm bitişik, həm də defislə yazılır.

Qiymətləndirmə:

Diaqnostik qiymətləndirmə.

Qiymətləndirmə vasitələri: Test, iş vərəqi

Ev tapşırığı:

1. Mətndəki sözlərin mənasını öyrənmək.
2. Mürəkkəb sözlər işlətməklə mətn yazmaq.

Şəkil

Şəkil

Filed in: DƏRS ANA DİLİ

Hələ şərh yoxdur

Şərh yazın