7:56 am - Çərşənbə Noyabr 22, 2017

Uşağa istiqamətləndirilmiş tədris proqramı

(əvvəli ötən saylarımızda)

kivdf1

kivdf1

Kurs mövzularının reallaşdırılması. Bu kursun reallaşdırılması yollarını nəzərdən keçirərkən fakültə müəllimləri yadda saxlamalıdırlar ki, heç də hər bir mövzunun kurs məşğələsinə və ya dərsə uyğun gəlməsi mütləq deyil. Hər bir mövzu üçün nə qədər vaxtın lazım gəlməsi mövzunun məzmunundan, treninqdəki müəllimlərlə aparılan təlim fəaliyyətlərinin sayından, sinif məşğələsinin müddətindən və yuxarı kurs tələbələrinin təcrübə səviyyəsindən asılıdır. Bütün kursun və ya kurs üzrə ayrı-ayrı mövzuların reallaşdırılmasını planlaşdırarkən, fakültə müəllimləri işlədikləri pedaqoji institutun müəllimlərin hazırlanması və təkmilləşdirilməsi sahəsindəki səriştəsini nəzərə almalıdırlar. Bunu da qəbul etmək lazım gəlir ki, hər bir ölkədəki lisenziyalaşdırma və akkreditasiya standartları kursun məzmununun reallaşdırılması zamanı diqqət mərkəzində saxlanmalıdır.

Fərdi məşğələlərin planlaşdırılması. Hər bir sinif məşğələsi kursun reallaşdırılması üçün fakültə tərəfindən planlaşdırma işinin aparılmasını tələb edir. Bir qayda olaraq, sinif məşğələləri icmalı və treninqə cəlb olunmuş müəllimlərin hansı nəticələri əldə edəcəyi barədə söhbətilə başlayır. Yuxarı kurs tələbələrinin müəllimliyə hazırlanması haqqında informasiyanın əhəmiyyətini müəyyənləşdirmək də fakültə müəllimləri üçün faydalıdır. Fakültə müəllimləri treninqdəki müəllimlərə kurs materialları ilə bağlı suallar vermək və özlərinin uşaqlar və ailələrlə bağlı təcrübələrinə aydınlıq gətirmə imkanı yaratmalıdırlar. Şərhlər və suallar təqdim olunan kursun məzmunu ilə əlaqələndirilə bilər.

Sinif məşğələsinin giriş hissəsinin ardınca treninqdəki müəllimləri kurs materialları ilə bağlı təcrübələrdə iştiraka dəvət edən təlim fəaliyyətləri icra olunmalıdır. Siniflə birlikdə aparılan xüsusi fəaliyyətlər sinif məşğələləri daxilində müxtəlif formalarda həyata keçirilməlidir. Məsələn, bir sinif məşğələsi vaxtı rol oyunu fəaliyyət formasından istifadə olunmuşdursa, növbəti sinif məşğələsi zamanı həqiqi həyat ssenarilərindən, debatlardan və ya əqli hücumdan (beyin həmləsindən) istifadə edilə bilər. Bundan başqa, fakültə müəllimləri dərsi, cüt-cüt, kiçik qrup, böyük qrup və ya ümumi sinif fəaliyyətləri də daxil olmaqla, müxtəlif qarşılıqlı ünsiyyət tiplərini tətbiq etməlidirlər. Hər bir sinif məşğələsinin yekununda təlimatçı əsas bəndlər və ümimiləşdirici bəndlər formasında hansı məqsədlərin əldə edildiyini və nəyin öyrənildiyini ümumiləşdirməlidir.

Oxu materialları və tapşırıqlar. Hər bir kurs mövzusuna dair oxu materialları da verilir. Əgər treninqdəki müəllimlər yazılı materialları əldə edə bilmirlərsə və ya məhdud sayda materiallara malikdirlərsə, təlimatçı bir neçə təlim fəaliyyətindən istifadə etməlidir. Bunlardan hər biri yuxarı kurs tələbələrinin bilik bazasını genişləndirəcək. Bu kurs və eyni seriyadan olan digər kurslar üçün “Addım-addım” metodologiyasından (Uşağa istiqamətləndirilmiş siniflərin yaradılması) əsas mətnlər kimi istifadə olunmalıdır.

Kursda nəzərdə tutulan nəzəriyyəni və praktik işi əlaqələndirmək məqsədi ilə müəyyən yazılı tapşırıqlar planlaşdırılmalıdır. Jurnaldan istifadə treninqində müəllimin yeni təcrübələri öz şəxsi iş təcrübəsi ilə birləşdirmək imkanlarını genişləndirə bilər: təlimatçı kursun və digər təcrübələrin tələbələrin professional inkişafına təsirini daha dərindən dərk etmək üçün müntəzəm olaraq onların jurnallarını nəzərdən keçirməlidir. Treninqdəki müəllimlərin öz jurnallarında onlara ünvanlanmış şərhlərin və sualların qeyd olunması tələbələrin anlayışlarının dərinləşdirilməsi və inkişafının stimullaşdırılması baxımından faydalıdır.

KURSUN PLANI

Əsas məqsədlər

Bu kursun əsas məqsədləri treninqə cəlb olunmuş müəllimlərə aşağıdakı məsələlərdə yardımçı olmaqdır:

1. Uşaqların necə inkişaf etməsi haqqında biliklərin tətbiqi və tədris proqramının həyata keçirilməsi yollarını öyrənmək.

2. Tədris proqramına ailənin, cəmiyyətin və mədəniyyətin təsirini müəyyənləşdirmək.

3. Fəlsəfi oriyentasiyalar, nəzəri ənənələr, tədqiqat fondları və təlimat təcrübələri arasındakı mövcud əlaqələri dərk etmək.

4. Fiziki mühitin tədris proqramına necə təsir etdiyini anlamaq.

5. Uşaqlar üçün uşağa istiqamətləndirilmiş təcrübələri müəyyənləşdirmək, təsvir etmək və yaratmaq.

6. Uşaqlar üçün uşağa istiqamətləndirilmiş tədris proqramının həyata keçirilməsi və qiymətləndirilməsində kiçik yaşlı uşaq müəllimlərinin rolunu tədqiq etmək.

7. Tədris proqramının əhatə etdiyi sahələri və fənn mövzularını əlaqələndirmək yollarını başa düşmək.

8. Kiçik yaşlı uşaqlar üçün təlim fəaliyyətlərinin planlaşdırılması, tədqiqi və həyata keçirilməsi sahəsində vərdişləri nümayiş etdirmək.

9. Təlim konteksti çərçivəsində kiçik yaşlı uşaqların öyrənmə sahəsindəki nəticələrini qiymətləndirmək metodlarını işləyib hazırlamaq.

10. Valideynlərin uşağa istiqamətləndirilmiş tədris proqramı barəsində məlumatlandırılması və onların bu proqrama cəlb edilməsinin müxtəlif üsullarını tətbiq etmək.

Kursun məzmunu

1-ci mövzu: “Uşağa istiqamətləndirilmiş tədris proqramı nədir?”
2-ci mövzu: “Uşağa istiqamətləndirilmiş tədris proqramından istifadə nə üçün zəruridir?”
3-cü mövzu: “Uşağa istiqamətləndirilmiş tədris proqramının formalaşmasına nələr təsir edir?”
4-cü mövzu: “Uşağa istiqamətləndirilmiş tədris proqramının planlaşdırılması”.
5-ci mövzu: Uşağa istiqamətləndirilmiş tədris proqramı üzrə işin təşkili”.
6-cı mövzu: “Müxtəlif sahələr üzrə biliklərin dərk olunması”.
7-ci mövzu: “Müxtəlif sahələr üzrə biliklərin tədris proqramında inteqrasiya edilməsi”.
8-ci mövzu: “Uşağa istiqamətləndirilmiş tədris proqramı ilə bağlı ailələrlə əlaqə saxlanması”.
9-cu mövzu: “Uşağa istiqamətləndirilmiş tədris proqramının qiymətləndirilməsi”.

Treninqə cəlb olunmuş müəllimlər üçün qiymətləndirmələr və ixtisas üzrə tədqiqat işi

şağa istiqamətləndirilmiş tədris proqramına həsr olunmuş bu kursa sinifdaxili təlim fəaliyyətləri, treninqdəki müəllimlər üçün tapşırıqlar, yuxarıda göstərilən hər bir mövzuya dair tədqiqat işi üzrə təkliflər, həmçinin magistr proqramı üçün ətraflı tövsiyələr və qiymətləndirmə rubrikası daxildir. Bu komponentlərin hər birinin məqsədi treninqə cəlb edilmiş müəllimlərə bu kursun məzmununu müəllimliyə yenicə başlayan şəxslər kimi onların həyatı ilə necə bağlı olduğunu görməkdə kömək etməkdir. Kollec və ya universitetdə əldə edilən biliklərlə kiçik yaşlı uşaq siniflərindəki fəaliyyəti əlaqələndirmək kiçik yaşlı uşaq müəllimlərinin təhsilinin əsas məqsədidir. Təlim fəaliyyətləri, tapşırıqlar və ixtisas üzrə tədqiqat işləri vasitəsilə təlimatçı müəyyən biliklər verməklə yanaşı, treninqdəki müəllimlərin yüksək düşüncə vərdişlərini də qiymətləndirəcəkdir. Bu vərdişlər sırasına treninqdəki müəllimin öz öyrəndiklərini tətbiq etmək, sintezdən keçirmək və qiymətləndirmək qabiliyyətləri daxildir.

Treninqdəki müəllimlərin qiymətləndirilməsi üzrə təkliflər. Əgər bir professor olaraq siz qiymətləndirmə vasitəsi kimi adətən testlərdən istifadə edirsinizsə, o zaman qarşınızda duran əsas məsələ treninqdəki müəllimlərin qiymətləndirilməsinin alternativ formalarını mənimsəməyinizdir. Tövsiyə edirik ki, treninqə cəlb olunmuş hər bir müəllim uşağa istiqamətləndirilmiş tədris proqramına həsr edilmiş bu kurs üzrə iş qovluğu (portfolio) yaratsın.

Qovluq göstərilən səyləri və qazanılan uğurları əks etdirən bir sıra iş nümunələrinin toplusudur. Qovluğu dörd bölməyə ayırın: sinifdaxili fəaliyyətlər, treninqdəki müəllimlər üçün tapşırıqlar, ixtisas üzrə tədqiqat işi, özünüqiymətləndirmə və magistr proqramı. Təlimatçıların əksəriyyəti müəyyən edir ki, qovluqları özündə saxlamaq, treninqdəki müəllimlər öz işlərini başa çatdırdıqdan sonra həmin işləri oraya əlavə etmək, qiymətləndirmə prosesindən sonra işləri yenidən nəzərdən keçirmək onların özləri üçün faydalıdır. Bundan başqa, sinif fəaliyyəti başa çatdıqdan sonra treninqdəki müəllimləri qiymətləndirmə prosesinə cəlb etməklə, onlarda özlərini və həmkarlarını qiymətləndirmək vərdişləri aşılamağı da tövsiyə edirik. Bu hər hansı professor üçün qiymətləndirmə tapşırığının öhdəsindən daha uğurla gəlməkdə yardımçı ola bilərdi.

Treninqdəki müəllimlərə verilmiş tapşırıqları qiymətləndirməyin sadə yollarından biri sinif müzakirəsinin əsası kimi ondan müntəzəm istifadə etməkdir. Treninqə cəlb olunmuş hər bir müəllim müzakirə üçün öz materialını təqdim etməli və bu materialın bir nüsxəsini də qovluğa qoymalıdır. Treninqdəki müəllimlər magistr işini tamamladıqdan sonra onları kiçik qruplar şəklində işləməyə və hər bir kəsi qiymətləndirmə üzrə müəyyən işi öz öhdəsinə götürməyə dəvət edin. Bu cür kiçik qruplar və ya komandalar şəklində işləməyin müəyyən üstünlükləri vardır. Birincisi, treninqdəki müəllimlər daha genişməqsədli, iddialı layihələri öz üzərlərinə götürmək qabiliyyətində olacaqlar, çünki onlar bu zaman başqalarının da köməyinə ümid edə bilərlər. İkincisi, treninqdəki müəllimlər keyfiyyətcə daha yüksək iş təqdim etmək gücündə olacaqlar, çünki onlar tapşırıqla bağlı bir çox rəylərdən faydalanmaq üstünlüyü əldə edəcəklər. Üçüncüsü, qruplar şəklində işləmək treninqdəki müəllimləri hər bir qrup üzvünün gücünü nəzərə alan daha dinamik təqdimatlar vermək imkanı ilə təmin edəcək. Birmənalı şəkildə vurğulayın ki, işlərin təqdimatı usandırıcı bir hesabat deyil, ən yaxşı təlim təcrübələrinin nümayişi olmalıdır. İstiqamət və qiymətləndirmə çoxsaylı fərdlərə deyil, bir qrupa təklif olunduğundan, treninqdəki müəllimlərin kiçik qruplar şəklində təqdimat verməsi professora öz vaxtından daha səmərəli istifadə etmək imkanı verir.

(ardı var)

Materialı hazırladı:
Kəmalə QAYIBLI,
“Təhsil problemləri”

Filed in: KİV DF

Hələ şərh yoxdur

Şərh yazın