11:31 am - Şənbə Sentyabr 23, 2017

İSLAM ƏXLAQI

İslam

İslam

(əvvəli ötən saylarımızda)

O, bu barədə amansız olmalı, heç bir barədə nəfs üçün güzəşt etməməlidir. Məgər Qiyamət günü Allah-təala hüzurunda hesabat verəndə güzəştmi edəcəklər? Doğrudur, Allahın lütfü, mərhəməti və öz bəndələrinə rəhmi var, lakin bundan sui-istifadə etmək olmaz. Allah rəhmlidirsə də, onun qəzəbi və cəzası da şiddətlidir.

4. Müatəbə, yəni acıqlanıb, danlamaq.

Bu, ondan ibarətdir ki, günün axırında əql nəfsin bütün gün ərzində əməllərini yoxlayıb onda xəyanət görsə, onu qəzəblə danlaq və məzəmmət atəşinə tutmalı, ticarətdə xəyanət edən, mayadan və sərmayədən oğurlayıb öz yoldaşına xəsarət yetirən şəriklə tacir necə rəftar edərsə, insan belə hallarda öz nəfsi ilə o cür rəftar etməli, ona ən ağır töhmət və məzəmmətləri yağdırmalıdır.

Tacir öz şərikinə qəzəb və töhmət edib, ondan həmişəlik ayrıla bildiyi halda, insan öz nəfsini tərk edə bilməz, onsuz yaşamaq mümkün deyil. Odur ki, onun xəyanəti müqabilində onu cəzalandırmaq və bu rəzaləti ondan yumaq, təmizləyib pak etmək lazım gəlir.

Bundan ötrü nəfsi çətinliklərə salmaq, tərk etdiyi vacibatı qəza etməkdən əlavə, başqa ibadətlərə onu vadar etmək lazımdır. Məsələn, əgər namazı tərk edibsə,onun qəzasından əlavə çoxlu müstəhəbbi namazlar qılmaq, orucu tərk edibsə, onun qəzasından əlavə isti və uzun günlərdə, aylarla oruc tutmaq, həram yeyibsə, o həramdan bədənə gələn ət əriyənə qədər ibadət etmək, ac qalmaq kimi işlərlə nəfsi ən ağır şəkildə cəzalandırmalıdır.

Bundan əlavə, bu riyazətlərin ağırlığını nəzərdən götürmək üçün ibadət əhli olan kəslərlə həmnişin və həmsöhbət olmağın faydası böyükdür.

* * *

Lakin bu zəmanədə ibadət əhli yoxdur və öz nəfsini cəzalandırmaq fikrində olan bir adam da tapılmaz. İnsanlar dünyaya və öz nəfslərinin həvəslərinə o qədər aludə olublar ki, həram, həlal həqqində təsəvvür də qalmayıb, insana vacib olan əməlləri heç kəs bilmir və onların həqqində az-çox məlumatı olanlar da bu yükün altına girmək istəmirlər.

Bu cür xəlq bu kitabda yazılan mətləblərdən hələ çox uzaqdır, onlar bu cür kitaba istehza və məsxərə ilə baxarlar.

Buna baxmayaraq, öz şəri vəzifəmi yerinə yetirmək və başladığım işi axıra çatdırmaq üçün bu sətirləri yazıram. Bəlkə əqidəsi dürüst, iymanı kamil olan bir müsəlman tapıla, özünü islam ruhunda tərbiyətləndirib əbədi səadətə yetişmək üçün bu kitab ona yol göstərib fayda verə. Şəriət alimi və həqiqi savadlı ibadət əşş tapılmayan yerdə e’tiqadını və əməlini kamilləşdirmək istəyən şəxslər islamı və onun şəriətini dürüst şəkildə bəyan edən kitablara müraciət etməlidirlər. Bu cür kitablar indi yox dərəcəsindədir, olanlar da ərəb və ya fars dillərindədir. Azərbaycan dilində tərtib etdiyim bu kitabda isə çox mətləbləri geniş yazmaqdan çəkindim, çünki insanlar mənəvi aləmdən o qədər uzaqlaşıblar ki, şəriətdə olan bəzi şeylərə uydurma, yalan və mövhumat kimi baxırlar.

Lakin insan oz əqlini səfərbər edib bu aləmə və öz vücuduna fikir versə, bir qədər də təbii elmlərdən xəbərdar olsa, yəni xilqətdə olan hikmətə və qüdrətə açıq gözlə baxsa, Böyük Sənətkarın sənəti qarşısında diz çökər, ona sitayiş və ibadət etməkdən bir an da qafil olmaz.

Əbdülvahid Razi adlı bir şəxs öz xatiratında deyir ki, bir il öz yoldaşlarımla dənizlə səfər edirdik. Dəryanın uzaq bir yerində ikən bizi tufan tutdu. Şiddətli külək gəmimizi öz yolundan azdırıb bir cəzirəyə gətirib çıxardı. Biz sahilə çıxıb cəzirəni səyahət etməyə başladıq.

Bir yerdə qara rəngli bir cavan oğlan gördük ki, qarşısına bir meymun qoyub, ona səcdə edirdi. Mən o cavana yaxınlaşıb dindirdim. Ona dedim ki, sən Böyük Yaradanı qoyub meymuna sitayiş edirsən? Oğlan dedi ki, o Yaradan kimdir? Dedim o kəsdir ki, onun qüdrəti və elmi, yeri, asimanları və hər bir şeyi əhatə edir, çöllərdə, dəryalarda hər şey onun nəzəri altındadır.

Oğlan soruşdu ki, bəs o Böyük Yaradanın adı nədir?

Mən ona Quranın bu ayəsini oxudum: “O, elə bir Allahdır ki, ondan başqa qeyri Allah yoxdur; aləmin padşahıdır, eyblərdən pak və təmiz, bəndələri mühafizə və asudə edəndir, hər şeyə qalibdir, nəhayət dərəcədə böyüklük və əzəmətə malikdir.”

Mən bunları dedikcə o fikrə gedib ağlayırdı. Mən ona müsəlmanlığı öyrətdim, o, müsəlman oldu. Tufan sakitləşdi, biz gəmiyə qayıdanda, o da bizimlə gəmiyə gəldi və bir guşəyə çəkilib ibadətlə məşğul oldu.

Gecə biz yatmağa uzandıq, o isə ibadətində idi. O, təəccüblə bizə baxıb dedi:

– Məcər sizin Allahınız yatır?

Dedim ki, yox, o nə yatır nə də mürgüləyir.

Oğlan dedi:

– Nə pis, utanmaz bəndələrsiz! Ağanız oyaqdır, siz isə onun qabağında uzanıb yatırsınız?!

O, bütün gecəni ibadət edib ağlayırdı. Səhər onun əhvalı dəyişib xarablaşdı və bir azdan sonra canını tapşırdı.

Allahı həqiqi mənada tanıyıb, ona ibadət edənlər belə olur.

Kərahət və məhəbbət

İnsanın təbiəti bir şeydən əziyyət, ağrı, dərd hiss etdikdə, o şeyə qarşı onda nifrət əmələ gəlir ki, buna kərahət deyilir. Kərahət ən şiddətli dərəcəyə çatdıqda məşəqqət adlanır.

Əgər nifrət edilən şey əql və şəriətdə bəyənilmiş şeydirsə, onda bu cür kərahət əxlaq rəzalətlərindən hesab olunar, əksinə, əql və şəraitin bəyənmədiyi şeydirsə, bu kərahət fəzilət sayılar.

Məsələn, yetim uşağa, fəqirə, yoxsul və düşgün bir qocaya kömək etmək, əl tutmaq həm əqlən, həm də şərən bəyənilir.

Bu işdən nifrət etmək kərahətdir. Amma şərabı və sərxoşluğu həm əql bəyənmir, həm də şəriət onu qədəğən edib; odur ki, şəraba nifrət etmək, ona kərahətlə baxmaq fəzilətdir.

Kərahətin ziddi məhəbbət adlanır. Məhəbbət insan təbiətinin ləzzətli şeylərə olan meylidir. Məhəbbətin ən şiddətli dərəcəsi eşq adlanır.

İnsan özünün rəğbət bəslədiyi bir şeyə nail olmayınca, onun haman şeyə olan meylinə şövq deyirlər. İnsan öz arzusundan uzaq olduqca, şövqü artır, lakin o, öz arzusna çatdıqda bu şövq yox olur.

İnsanın məhəbbət bəslədiyi şey müxtəlif qüvvələr nəticəsində ola bilər. Gah əql qüvvəsi sayəsində olar, məsələn, elm, bilik, şeylərin həqiqətini öyrənmək üçün olan rəğbət və meyil buna yaxşı misaldır. Gah da şəhvət qüvvəsindən törənə bilər; məsələn, mala, sərvətə, qadına olan məhəbbət şəhvət qüvvəsinin məhsuludur.

İnsanın şeylərə məhəbbət və ya kərahət bəsləməsi o şeylərdən aldığı müxtəlif məlumat nəticəsində olur, bu məlumat haman şeyi insanın təbiətinə müvafiq və müxalif şəkildə ona təqdim edir. Müxalif olduqda kərahət, müvafiq olduqda məhəbbət peyda olur.

Şey həqqində məlumat müxtəlif yollar vasitəsilə olur.

Maddi şeylər haqqında məlumatı insan beş hiss üzvü ilə əldə edir.

Göz vasitəsilə insan maddi aləmdə olan şeyləri görür; qulaq vasitəsilə müxtəlif səsləri eşidir; burunla şeylərin iyini, ətrini duyur; ağız və dil vasitəsilə şeylərin dadını təyin edir və nəhayət, bütün bədən və onun dərisi vasitəsilə şeylərin bərk və yumşaqlığını, isti və soyuqluğunu dərk edir.

Bu məlumat nəticəsində maddi aləmdə olan şeylər insanın təbiətinə ya müvafiq gəlir və nəticədə onlar insanda məhəbbət və ya kərahət doğurur.

Mənəvi şeylər batini hisslərlə dərk olunur; onların bəzisi xəyaliyyə və vəhmiyyə qüvvəsi, bəzisi isə əql qüvvəsi vasitəsi ilə məlumat verir. Məsələn, mühəndis ixtira etdiyi yeni bir şeyi, hələ yaranmamış bir vaxtda öz xəyalında tam təsəvvür edir; sanki onu öz gözü ilə görür; halbuki hələ o şey yoxdur və zahiri hiss üzvlərinin heç biri ondan məlumat ala bilmir. Yaxud insanların xasiyyətinin yaxşı və ya pisliyi, ədalət və ya zülm kimi anlayışlar yalnız batini hislər vasitəsilə əldə edilir.

Xəyaliyyə və vəhmiyyə qüvvəsi ilə dərk edilən şeylər və onlardan alınan ləzzət zahiri hisslərlə dərk edilən ləzzətdən daha çox qüvvətli olur. Məsələn, yuxuda görülən gözəl bir surət oyaqlıq aləmində görülən canlı bir gözəldən daha artıq təsir bağışlayır, hətta insan uzun müddət valeh və onun əsiri olur.

Buna görə də riyasət və şöhrət kimi batini hislərlə duyulan ləzzət xatirinə çox vaxt zahiri hiss ləzzətlərinə güzəştə gedirlər; məsələn, padşah ən çox sevdiyi nazənin bir dilbəri onun dövlətinə xəyanət və ya onun adına, şöhrətinə nöqsan yetirdiyinə görə qətlə yetirir.

Əql qüvvəsi ilə dərk olunan şeylər və onlardan alınan ləzzət isə bunların hamısından yüksəkdə durur. Ona görə də bu kimi şeylərə olan məhəbbət də, başqa məhəbbət növlərinin hamısından şiddətli və ləziz olur.

Allah-taala həqqində məlumatı da insan əql qüvvəsi ilə dərk edir; bu yolda ələ gələn hər yeni bilik insanı o istiqamətdə daha dərin düşüncələrə ruhlandırır. Bu əlçatmaz mənaya mütləq surətdə yetişmək mümkün olmadığı üçün bu yolla gedənlərin atdığı hər yeni addım, onların şövqünü daha da artırır. Bu cür şövq sahibləri həqiqət yolunda dünyada nə qədər səy edirlərsə, hər yeni dərəcə onları ondan daha yüksək dərəcəyə şövqləndirir və bu yüksəliş onlar üçün axirətdə də davam edir. Onların həqqində Quranın Təhrim surəsinin 8-ci ayəsində Allah-taala buyurur: “Onların nuru onların qabağında və sağ tərəfində gedər, deyərlər, ey bizim Pərvərdigarımız, bizim nurumuzu tam elə”.

Yəni onlar Allah-təala ilə mülaqat etmək şövqü ilə nurun dalınca gedərlər və onu kamil surətdə dərk etmək arzusu ilə bu sözü deyərlər.

Məhəbbətin növləri

Məhəbbət müxtəlif səbəblər nəticəsində meydana çıxır. Buna görə də məhəbbətin müxtəlif növləri vardır. Onları müxtəsər şəkildə bəyan edək.

1. İnsan özünü, öz vücudunun kəmalını və davamını dost tutur. O, yaxşı tanıdığını və özünə mülayim görünən şeyi xoşlayır. İnsan özünü hər şeydən yaxşı tanıyır və özünü hər şeydən daha mülayim hesab edir. Odur ki, özünə hər şeydən çox məhəbbət bəsləyir. Bu, məhəbbətin ən şiddətli dərəcəsidir, yəni hər kəs özünü hər şeydən çox istəyir və vücudunun davamı onun üçün əzizdir. Odur ki, ölümün həqiqətindən qafil olan kəslər ölmək istəmirlər, çünki onu yoxluq hesab edirlər, yoxluq isə varlığa nisbətən kərahətlidir; demək, ölmək də kərahətlidir.

(ardı var)

Əhmədağa ƏHMƏDOV

Filed in: İSLAM ƏXLAQI

Hələ şərh yoxdur

Şərh yazın