11:34 am - Şənbə Sentyabr 23, 2017

İSLAM ƏXLAQI

İslam

İslam

(əvvəli ötən saylarımızda)

İnsan özünü, çox istədiyi üçün övladını da çox istəyir, çünki özünün zəif, qoca və düşgün vaxtlarında ondan kömək gözləyir, həm də özü öləndən sonra onu özünə canişin edib öz adının və nəslinin davamını onda görür.

İnsan qohum-əqrabasını da elə özünə görə istəyir, çünki onlar onun hörmətini artırır və xəlq arasındakı mövqeyini möhkəmləndirirlər. Onlar insan üçün qol-qanad mənziləsində olub, onun güclü və əziz olmasına səbəb olur.

2. İnsan öz heyvani hislərindən aldığı ləzzəti təmin etmək üçün özündən başqa bəzi şeyləri də dost tutur; məsələn, ləzzətli yeməkləri, qəşəng libasları. Həmçinin cinsi xatiranə qadınlara da məhəbbət bəsləyir.

Məhəbbətin bu qismi onun ən alçaq növüdür və bu ləzzətlərdən istifadə etdikdən sonra, insanın onlara olan məhəbbəti azalır, hətta yox olur. Məlumdur ki, insan ən çox xoşladığı bir xörəyi təkrar-təkrar yedikdə, ondan iyrənir, ən çox sevdiyi bir qadınla uzun müddət yaşadıqda, onların arasında mübahisə və hətta inciklik də baş verir.

3. İnsan həmişə ona yaxşılıq edən kəsləri dost tutur; insanın təbiəti belədir; ona yaxşılıq edənlərə məhəbbət bəsləyir, pislik edənləri özünə düşmən tutur. Elə buna görə də Peyğəmbər (s) cənabları buyurur: “Ay Allah, bir facir (günahkar) əli ilə mənə yaxşılıq eləmə ki, qəlbimdə ona məhəbbət peyda olar”.

Məhəbbətin bu növü yenə də birinci növ məhəbbətə gedib bağlanır; çünki insana edilən hər bir yaxşılıq onun vəziyyətinin, yaşayışının yaxşılaşmasına və rövnəqlənməsinə xidmət edir. Hətta alim ona elm öyrədirsə, təbib onun sihhətini mühafizə edirsə, bunlar da ona yaxşılıq hesab olunur. Bu yaxşılıqlar azalarsa, onlarla əlaqədar olan məhəbbət də azalır.

4. İnsanın elə şeylərə məhəbbəti olur ki, ondan özünə heç bir xeyir və yaxşılıq gözləmir, öz həyatında ondan heç bir barədə asılı da deyil. O, qərəzsiz olaraq ancaq o şeyin özünü dost tutur. Buna misal olaraq insanın gözəlliyi və cəmala olan meyil və istəyini göstərmək olar. İnsan gözəl surətləri, xoş xasiyyətləri, gözəl çiçəkləri, səbzləri, meşələri, axan suları, gözəl quşları, heyvanları, məsələn, atı, ceyranı, maralı dost tutur; onlardan heç bir yaxşılıq təmənnasında da deyil. O, yalnız onlardakı gözəlliyə məhəbbət bəsləyir. Peyğəmbər (s) cənabları cəbzləri yaşıllığı və axan suları dost tutardı. Hər bir səlamət təbiətli insan çəməni, gülşəni, laləni, qönçəni, xoş avazlı quşları, axan suları, şəlaləni, göylərdə süzən qu quşlarını və digər təbiət gözəlliklərini sevir. Bu gözəlliklər insana fərəh gətirir, onun qəmlərini zayil edir.
Şair deyir:

Üç şey var ki, qəlbdən qəm-qüssəni aparır:
Sudur, yaşıllıq və bir də gözəl surətlər.

Təkcə zahiri hislərlə deyil, batini hislərlə dərk olunan gözəlliklərdən də insan həzz alır, onlara məhəbbət bəsləyir. Məsələn, səxavət, şücaət, xoş xasiyyət və digər fəzilət sahiblərini; həmçinin böyük elmi kəşfləri olan alimləri hamı dost tutur. Batin gözü ilə dərk olunan, həmişə zahir gözü ilə dərk olunan ləzzətlərdən yüksək olur, bu ləzzətlər səbəbinə yaranan məhəbbət də daha qiymətli məhəbbətdir.

5. Məhəbbətin bir növü də odur ki, biri-birilə heç bir münasibəti olmayan iki şəxs arasında gizli bir meyil ilə rəğbət olur; bu isə tamamilə qərəzsiz meydana çıxır; mal, cah və cəmal kimi mülahizələr orada olmur.

Bu münasibət və məhəbbət onların ruhlar aləmində olarkən tapdıqları ünsiyyətin nəticəsidir. Necə ki, Peyğəmbər (s) buyurub: “Ruhlar mütəşəkkil qoşunlardır: onlardan hansılar biri-birini tanıyıbsa, ülfət bağlayıblar, hansılar tanımayıblarsa, müxalif olublar”.

6. Bəzi adamların biri-birinə olan məhəbbəti gəmidə və ya uzaq səfərlərdə ünsiyyət tapdıqlarına görə olur.

Axı “insan” sözü “üns” kökündən əmələ gəlib, insan ictimai bir canlıdır, o, öz həmcinsi ilə ünsiyyətdə olmağa mayildir. Cümə namazının, bayram namazıınn və həcc mərasimində camaatın bir yerə toplanmasının əsas məqsədi onların biri-birilə ünsiyyətə girməsidir.

7. İnsanların zahiri münasibətlərinə görə də onların arasında ünsiyyət və məhəbbət yaranır; Məsələn, uşağın uşaqla, qocanın qoca ilə, ticarət əhlinin, digər peş əvə sənət sahiblərinin də biri-birilə ünsiyyəti, onların həmsilk, həmsənət, həmpeşə olmağı səbəbinə əmələ gəlir.

8. Məhəbbətin bir növü də sənətkarla onun sənət məhsulu və ümumi halda səbəblə onun nəticəsi arasında olan məhəbbətdir.

Hər sənətkar özünün yaratdığı şeyi sevir: heykəltəraş özünün yonduğu heykəli, rəsam öz tablosunu, xəttat özünün yazdığı xətti, bəstəkar öz bəstələdiyi musiqini öz zəkasının və əqli qabiliyyətinin nümunəsi kimi qiymətləndirir və ona xüsusi məhəbbət bəsləyir. Əgər onların yaratdığı şeylər canlı və sevmək qabiliyyətli olsalar, onlar da öz yaradanlarını sevərlər. Necə ki, ata ilə övlad arasında bu məhəbbət müşahidə edilir. Əgər atanı övladın yaranması üçün zahiri səbəb hesab etsək, yaradanla yaradılanın hər ikisinin biri-birinə məhəbbətini görmək olar: ata övladı sevdiyi kimi, övladın da ataya məhəbbəti olur.

Həmçinin, müəllimlə şagird arasında da belə bir məhəbbət var, çünki şagird öz müəlliminin yetişdirməsi, onun sənətinin məhsuludur. Burada da hər iki tərəf biri-birinə məhəbbət bəsləyir.

Əmirəl-möminin Əli ələyhissəlam buyurur: “Hər kəs mənə bir hərf öyrətsə, o, məni özünə qul etmiş olar”.

Hədisdə varid olub ki, hər kişinin üçü atası var: biri həqiqi doğma atası, ikincisi, onun müəllimi, üçüncüsü isə qayınatasıdır.

İsgəndər Zülqərneyndən soruşurlar ki, öz doğma atasını çox istəyir, yoxsa müəllimini? Dedi ki, müəllimini. Səbəbini soruşanda dedi:

– Çünki atam mənə fani həyat verib, amma müəllimin verdiyi həyat baqidir.

Bu mülahizələrdən məlum olur ki, Xaliq ilə məxluq arasında da qarşılıqlı məhəbbət olmalıdır və o məhəbbət var, həm də bütün məhəbbət növlərindən yüksəkdədir.

9. Bir səbəbin iki nəticəsi arasında da məhəbbət olur. Məsələn, məlumdur ki, bir atanın iki övladı, bir müəllimin iki şagirdi başqa kəslərə nisbətən biri-birini daha çox dost tuturlar. Hərçənd bütün insanlar yeganə Yaradanın sənətinin məhsuludur və ona görə də bütün insanlar arasında bu ünsiyyət aşkar görünür. Lakin iki qardaşın yaranmasının ən yaxın səbəbi zahirdə ataya məxsusdur. Buna görə də qardaşlar biri-birini başqa adamlardan və hətta digər qohumlardan da çox sevirlər.

 *  *  *

Yuxarıda qeyd olundu ki, əql və şəriət nöqteyi-nəzərdən bəyənilmiş şeylərə meyl aə rəğbət etmək bir fəzilətdir ki, ona məhəbbət deyilir. Məhəbbətin müxtəlif növlərini tədqiq etdikdə, məlum oldu ki, onların hamısında insanın bir qərəzi olur. Lakin Xaliq ilə məxluq arasındakı məhəbbət bu gür qərəzdən xalidir. Odur ki, bu məhəbbətin ən yüksək növüdür.

Xaliq öz məxluquna məhəbbət bəslədiyi kimi, məxluq da öz Xaliqinə, Yaradanına sonsuz məhəbbət bəsləməlidir. Həm də məhəbbətin bütün növləri bu məhəbbətdə cəmdir. Bunu aydınlaşdırmaq üçün deyilənlərə bir də nəzər salaq.

Birinci növ məhəbbət insanın vücuduna olan məhəbbətdir; onun vücudu isə öz Xaliqinin vücudundan asılıdır. Onda Xaliqə məhəbbət qətidir, çünki insanın vücudu və bəqasının səbəbi odur, necə ki, kölgəni xoşlayan adam ağacı da dost tutur, yaxud işığı sevən adam Günəşi də sevir.

İkinci və üçüncü növ məhəbbət ləzzətli şeylər və yaxşılıq edən kəslərə olan məhəbbətdir. Məlumdur ki, bütün ləzzətli şeylər və yaxşılıqlar o Böyük Yaradandan nəşət edir; insanın istifadə etdiyi ən ləziz nemətlər, həmçinin ona edilən himayə və yaxşılıqlar Allah-təala tərəfindəndir. Onda insan bu cəhətdən də Allahı dost tutmadır.

Dördüncü növ – cəmala, gözəlliyə və kəmala olan məhəbbətdir. Bu barədə allah-təala yenə də hər şeydən yüksəkdir. Onun cəmalı və kəmalı mütləq mənada kamildir. Hər bir cəmal və gözəllik o mütləq cəmalın zərrələridir. İnsan adi gözəlliklərə mayil olduğu halda, mütləq gözəlliyə məhəbbəti olmaya bilməz.

Beşinci – gizli münasibətlər və məchul mənəvi yaxınlıq məhəbbətinə gəldikdə insanın nəfsi-natiqəsinin, yəni onu insanlıq dərəcəsinə yetirən ruhun Allah-təala ilə məxfi (gizli)bir münasibəti vardır. Necə ki, ayəyi-şərifədə buyurur: “De (ey Peyğəmbər) ki, ruh mənim Pərvərdigarımın işlərindəndir”.

Digər ayədə buyurur: “Həqiqətən, mən yer üzündə özümə canişin qərar verirəm”.

Adəm, Allah-təalanın canişinidirsə, onunla Allahın aarsında bir rabitə olmalıdır ki, onu bizdən məxfi saxlayıb, ruhun mahiyyətini bizə deməyi məsləhət bilməyib. Bəlkə də onu dərk etməyə insanın qabiliyyəti çatmaz.

İnsanla Allah-təala arasındakı bu məxfi münsibətə görədir ki, ona bir bəla varid olanda və ən şiddətli təhlükə məqamında özü ilə öz Xaliqi arasındakı o gizli tellərə əl atır, Allah-təaladan kömək istəyir.

Allah-təalanın öz kəlamından çıxan nəticəyə görə, vacib əməllərdən sonra digər müstəhəbbi əməllər, nafilə namazları əda etməklə bu münasibətlər zahir olar.

Hədisi-Qüdsidə Allah-təala buyurur: “Bəndə müstəhəbbi əməllər və nafilələr vasitəsilə tədricən mənə yaxınlaşar və mə nonu dost tutaram. Elə ki, mənimlə dostluq dərəcəsinə çatdı, onun eşidən qulağı, görən gözü və danışan dili mən olaram”.

Bu kəlama istinad edərək hüluli cərəyanının nümayəndələri deyirlər ki, insan ibadət və riyazətlə Allaha tədricən yaxınlaşaraq, onun zatı ilə birləşər və elə də Allahın zatı insanın öz vücuduna hülul (nüfuz) edib, bu iki vücud tamam biri-birinə qarışar. Onların bu dəlili tamamilə batildir. Bu kəlamın mənası odur ki, ibadət etməklə bəndənin Allah-təalaya şövqü artar, ona müqərəb olmaq istər. Bu yolda o özunu xaricialəmdən ayırar, hiss üzvlərinin yalnız öz Pərvərdigarına yönəldər; qulabı, ögzü, dili Allah yolundan başqa yerə meyl etməz. Bu halda Allah-təala onu dost tutar, öz mərhəməti ilə onun qulağına, gözünə və dilinə kəşf-kəramət əta edər, ondan qeyri-adi işlər büruzə gələr.

Altıncı, səbəbiyyət cəhətindən olan məhəbbətdir ki, bunu şəhr etməyə ehtiyac yoxdur. Hər bir insan öz Xaliqinin sənətinin məhsuludur, onların qarşılıqlı məhəbbəti təbiidir.

Məhəbbətin qalan növləri zəifdir, həm də onlar nöqsanlıdır, onları Allah-təalaya şamil etmək yaramaz.

(ardı var)

Əhmədağa ƏHMƏDOV

Filed in: İSLAM ƏXLAQI

Hələ şərh yoxdur

Şərh yazın