4:42 am - Şənbə İyul 22, 2017

İSLAM ƏXLAQI

(əvvəli ötən saylarımızda)

İslam

İslam

Göstərilən məhəbbət növlərinə Allah-təalaya məhəbbətin müxtəlif budaqları kimi baxıla bilər, həm də onlar daha əla dərəcədədir. Buradan məlum olur ki, bütün məhəbbət növlərinin məcmuu Allah-təalaya olan məhəbbətdir. Bu məhəbbət yolunun mücahidləri məhbubə yetişəmk və onunla mülaqat etmək üçün bu maddi aləmdən tezliklə ayrılmaq, ruhlar aləminə köçmək istəyirlər. Hafiz Şirazi deyir:

Bədənimin tozu can çöhrəsinin pərdəsidir,
Xoş o an ki, bu çöhrədən pərdəni atım.
Bu cür qəfəs mən kimi
bir xoş nəğməli quşun evi deyil,
Cənnət gülşəninə gedim ki, o çəmənin quşuyam.

Bu cür məhəbbətin nəhayət dərəcəsi eşqdir ki, insan üçün təsəvvürə gələn ən yüksək kəmal dərəcəsidir. Ondan sonrakı məqamların üns, riza və tövhid kimi səmərələri olur. Bu dərəcəyə çatmaq üçün isə səbr, zöhd (zahidlik) və diggər məqamları keçmək lazım gəlir.

Ariflərin, şairlərin və zövq əhlinin söylədiyi eşq həmin dərəcəyə və ülvi məqama deyilir. Onu kəmali-mütləqə ən yaxın və qayə dərəcə hesab edirlər, ən yüksək səadəti də orada axtarırlar. Elə buna görə də bu tayfa ölməyə və öz məhbusları ilə mülaqat etməyə tələsirlər. Böyük türk şairi və filosofu Əbdülhəq Hamid deyir:

Ölüm edər bizi iyqaz xabi-qəflətdən,
Aayırmayın da o, lakin zülami-heyrətdən.

Şair Peyğəmbəri-Əkrəmin (s) məşhur kəlamından ilham alaraq bu beyti yazmışdır. O Cənabın məşhur kəlamı budur: “İnsanlar yatıblar, elə ki, öldülər, oynayacaqlar”. Yəni bizim bu dünya yuxuda gördüyümüz şeylər kimidir. Öləndən sonra bizə hər şey aydın olacaq, bu Aləmi həqiqi şəkildə görəcəyik.

Məşhurdur ki, Həzrət İbrahim (ə) Xəlilür-Rəhman (yəni Allahın dostu) vəfat edən zaman Allah-təalaya müraciət edərək dedi:

– Heç görmüsənmi ki, dost dostu öldürsün?

Xitab olundu ki:

– Heç görmüsənmi ki, dost dostla mülaqat etməyi xoşlamasın?

İbrahim Peyğəmbər (ə) bu xitabı eşidən kimi dedi: Ey Əzrail, yubanma, məni qəbzi-ruh elə.

Bizim Peyğəmbərin (s) dilindən rəvayət edirlər ki, Şüeyb peyğəmbər (ə) Allaha o qədər məhəbbət bəsləyirdi ki, onun fərağında daim ağlayırdı. Nəhayət,onun gözləri kor oldu. Allah-təala onun gözlərinə şifa verdi. O, yenə də ağlayırdı, ta ki, ikinci dəfə kor oldu. Allah-təala yenə də ona şifa verdi, lakin o ağlamaqdan qalmırdı. Onun gözləri üç dəfə kor olandan sonra Allah ona yenə şifa əta qıldı. Amma o əvvəlki kimi gecə-gündüz ağlayırdı.

Allah tərəfindən ona vəhy oldu ki, ey Şüeyb, əgər Cəhənnəmin qorxusundan ağlayırsansa, o barədə səni arxayın edirəm, əgər Behişt şövqü ilə ağlayırsansa, onu sənə əta ediəm.

Şüeyb ərz elədi ki, ey mənim Allahım, mənim ağlamağım nə Cəhənnəm qorxusundandır, nə də Behişt şövqündən. Mən sənin məhəbbətinə könül bağlamışam, sənin fərağına səbr edə bilmirəm, bu ağlamaq dostluq və məhəbbətin əlaməti, onun təzahürüdür.

Əmirəl-möminin Əli Əleyhis-səlam buyurur: “Allahı dost tutmaq elə bir atəşdir ki, hər şeydən keçsə, onu yandırar, yəni insanın qəlbində olan bütün arzuları və həvəsləri məhv edər, elə bir nurdur ki, hər şeyə düşsə, onu işıqlandırıb parıldadır, elə bir asimandır ki, hər şeyi örtər və heç bir şey onun altından xaricə çıxa bilməz; elə bir ilahi nəsimdir ki, hər şeyə əssə, onu yerindən qoparar; Pərvərdigarın kəramət çeşməsindən çıxan elə bir sudur ki, hər şey onunla diridir və Allahın elə bir torpağıdır ki, məlik və mələkut Aləmi orada göyərir”.

Həzrət Əmirin bu ecazkar kəlamında dərin elmi məna var və Kainatda bütün şeylərin nizamının, bütün təbii hadisələrin, eləcə də bütün Səma cisimlərinin hərəkət və inkişayının eşq üzərində qurulmasına işarədir.

Eşq – müasir elmi dildə cazibə və ya qüvvə anlayışıdır ki, hələ onun mahiyyəti kəşf edilməmişdir, elmdən ötrü ən böyük bir müəmmadır. Bu barədə “Nizami-elmşünas” kitabında bir qədər məlumat vermişik. Burada isə mətləbdən kənara bundan artıq çıxmaq istəmirik.

Qədim hikmət alimləri də, bu barədə, yekdilliklə bu əqidədədirlər ki, məhəbbət və ya eşq, şeylərin fitrətində mövcuddur. Kainatda heç bir şey ondan xali deyil, bütün aləmin mövcudiyyəti və nizamı da onun təsiri sayəsindədir.

Məxluq öz xaliqinə fitiri olaraq bu cazibə ilə bağlıdır və mövcudiyyəti də onun əsasındadır. Bu fitiri cazibə tamam məxluqata öz Pərvərdigarının fitiri məhbubiyyətini kəsb etdirir. Ona görə də bütün məxluqat öz Xaliqinə təsbih və təqdis edirlər. Bu fitiri istedad cansız təbiətdə də mövcuddur, onlar da öz şivələri ilə həmd və səna edərək, Böyük Yaradanı təclil edirlər. Necə ki, Allah-təala “Quran”da buyurur: “Heç elə bir şey yoxdur ki, onun tərifini təsbih etməsin, lakin siz onların təsbihini başa düşmürsünüz”. Bu məsələnin elmi cəhətini “Əsrarül-Quran” kitabında şərh etmişik.

İnsan bütün məxluqat içində yeganə şüurlu məxluqdur, o, öz Pərvərdigarına fitri məhəbbət ilə yanaşır, həm də idrak yolu ilə mərifət və məhəbbət kəsb edir ki, yuxarıda deyildiyi kimi, bu mütləq məhəbbətdir. Bu məhəbbətdən alınan nəşə və zövq insan üçün misilsiz bir ləzzət, ülvi fəzilət və şərafətdir.

Allah məhəbbət

Allah-təalaya məhəbbət yetirmək və onu tərəqqi etdirib qüvvətləndirmək üçün iki şərt vardır. Birinci şərt, qəlbi təmizləyib Allahdan qeyri şeyləri ondan çıxarmaq, dünya işlərinə bağlı olan fikirləri oradan kənara atmaq, oranı yalnız Alaha məxsus etməkdir; belə ki, onun heç bir bucağında Allahdan başqa məqsəd, məram və məşğuliyyət olmasın. İnsanın bir qəlbi var, orada eyni zamanda iki şey yerləşə bilməz.

Allah-təala “Quran”da buyurur: “Allah heç kəsin daxilində iki qəlb yaratmayıb”. Odur ki, Allah-təala hüzurunda durduqda, onun yaratdığı o tək qəlbdə təkcə onun fikri olmalıdır. Necə ki, fars şairi deyir:

Ey iki qəlbli, get bu iki qəlbi bir qəlb elə,
Bu iki qəlbi bir zəncirə bağla.
Bir tək qəlb ilə bir gün sən bizim qapımıza gəl,
Əgər muradın hasil olmasa, onda gileylən.

Qəlbi təmizlədikdən sonra daimi surətdə Allah-təalanın zikrini etmək, ibadət və münacat ilə məşğul olmaq, məxluqatın və bütün aləmin xilqətində olan sənət nümunələrinə fikir verərək Böyük Sənətkarın qüdrətindən, işlərindəki hikmətindən ibrət almaq lazımdır. İkinci şərt, Allah-təalaya mərifət hasil etmək, yəni sifati-sübutiyyə və sifati-səlbiyyə (bunların şərhini, “İslamın əsasları” kitabında vermişik

Əlamətləri ilə Pərvərdigarı dərindən-dərinə tanımaq üçün səy edərək, onun yüksək dərəcələrinə çatmaq, bu mərifəti qəlb xəzinəsinə müsəllət və hakim etməkdən ibarətdir. bu isə daim itaət və ibadətlə hasil olar. Birinci şərt – bağ salmaqdan ötrü yeri alaq otlarından, tikandan və zərərli kollardan təmizləmək kimidir. İkinci şərt isə haman təmiz yerdə toxum və ya ağac əkmək mənziləsindədir, yəni mərifət haman toxumdur ki, ondan Allah-təalaya məhəbbət ağacı göyərir, onun meyvəsi isə bütün meyvələrdən və ən ləziz nemətlərdən ləzzətli olur.

Allah-təlaya mərifət hasil etmək üçün ən asan və aydın yol bütün maddi aləmdə onun sənətinin əcayib nümunələrinə bəsirət gözü ilə baxıb, sənətkarın qüdrətinə pey aparmaqdan ibarətdir. Bu elə zəngin bir xəzinədir ki, insan ömrü və şüuru onu əhatə etməyə acizdir. Necə ki, “Quran”da Kəhf surəsinin 109-cu ayəsində Allah-təala buyurur: “De (ey Mühəmmədə) ki, əgər mənim Pərvərdicarımın sözlərini yazmaq üçün dəniz mürəkkəb olsa, mənim Pərvərdigarımın sözləri qurtarmamış dəniz qurtarar”. Bu ayəyi-şərifədən ilham alan bir fars şairi deyir:

Dəryanın suyu kifayət etməz ki,
barmağımı yaş edib.
Onun fəzilət kitabının vərəqlərini sayım.

Bütün Kainatın hər bir zərrəsi diqqətlə öyrənilsə, onun ustadını əcayib məharəti, elmi və qüdrəti göz qarşısında canlanar, bu yüksək sənət əsərinin sahibini təqdis etməli olarıq. Necə ki, türk şairi və filosofu Əbdülhəq Hamid deyir:

Bütün məzahiri tədqiq edək, Xuda zahir,
Bütün həqayiqi təiq edək Xuda məzmun.

Allah-təalaya mərifət hasil edən kəslər səmimi qəllə ona məhəbbət bəsləyirlər, həm də bu əsl məhəbbətdir, yəni o, heç vaxt sönmür, əksinə, onun şöləsi və hərarəti daim artır.

Hər bir etiqadlı müsəlman Allaha məhəbbət iddiasında olur, lakin onların çoxunun məhəbbəti həqiqi deyil. Allah-təalaya həqiqi məhəbbət bəsləməyin əlamətləri vardır:

1. Allah-təala ilə mülağat etməyə görə ölümdən qorxmamaq. Doğrudan da, həqiqi dost öz dostunun yolunda canını əsirgəməz. Odur ki, əkabirlər deyiblər: “Şübhə edənlərdən başqa heç kəs ölümə kərahət bəsləməz, çünki, dostun dostla görüşməyə heç vaxt kərahəti olmaz”.

Allahı dost tutmaq iddiasında olan, lakin övlad və ya mal məhəbbətinə görə ölmək istəməyən adamın dostluğu həqiqi deyil. Həmçinin, dünyada müxtəlif bəlalara giriftar olan və bu iztirablı həyatdan xilas olmaq üçün ölməyi arzu edən kəsləri də Allah-təala dostu hesab etmək olmaz.

2. Öz istəklərindən əl çəkib Allahın istəklərini qəbul etmək. Axı hər kəs istər ki, öz istəklisinin arzusu yerinə yetsin. Necə ki, ərəb şairi deyib:

Onun vüsalını istəyirəm,
o isə mənim hicranımı istəyir,
Onun istəyinə görə mən öz istəyimi tərk edirəm.

Belə rəvayət edirlər ki, Züleyxanın əri öləndən sonra Yusif peyğəmbər (ə) Misirdə padşah oldu. Yusif onunla evləndi. Züleyxa gecə-gündüz ibadətlə məşğul olurdu, Yusifə yaxın durmurdu. Yusif ona dedi ki, sənin ərin olan vaxtda mənə aşiq oldun, bütün Misirdə özünü biabır etdin, amma indi mənim halal arvadım ola-ola məndən nə üçün qaçırsan?

Züleyxa dedi ki, səni sevən vaxtda mənim qəlbimdə ancaq sənin məhəbbətin idi, indi isə səndən gözəl olan məşuqun (yəni Allahın) məhəbbəti mənim qəlbimə daxil olub; bir qəlbdə isə iki məhəbbət ola bilməz.

Buradan məlum olur ki, Züleyxanın Allaha məhəbbəti həqiqi məhəbbətdir, çünki onun xatirinə öz sevgilisi Yusifi güzəştə gedir.

3. Allah-təalanın zikrindən və onu yad etməkdən qafil olmamaq.
Ərəblərin belə bir məsəli var: “Hər kəs bir şeyi dost tutsa, onun zikrini çox edər”.

(ardı var)

Əhmədağa ƏHMƏDOV

Filed in: İSLAM ƏXLAQI

Hələ şərh yoxdur

Şərh yazın