11:36 am - Şənbə Sentyabr 23, 2017

Uşağa istİqamətləndirilmiş tədris proqramı

(əvvəli ötən saylarımızda)

kivdf1

kivdf1

Treninqdəki müəllimlər üçün əsas və əlavə tapşırıqlar

1. Treninqdəki müəllimlərə təklif edin ki, uşağa istiqamətləndirilmiş tədris proqramının mahiyyətini mümkün qədər geniş təsvir etsinlər. Onlardan xahiş edin ki, bir səhifəlik yazıda əsas komponentləri müəyyənləşdirib təsvir etsinlər.

Bunun ardınca onlar əsas anlayışlardan birini seçir və öz yazılarında həmin anlayışın tədris və öyrənmə proseslərinə təsirini izah edirlər.

2. Treninqdəki müəllimləri oxuduqları ədəbiyyata istinad etməklə, uşaqların necə öyrənməsi ilə bağlı iki nəzəriyyəçinin baxışlarını seçməyə, onların inkişaf və öyrənmə haqqındakı biliklər sisteminin müqayisəsini aparmağa dəvət edin. Bu nəzəriyyələr tədris proqramının məzmununun kiçik yaşlı uşaqlara çatdırılmasına necə təsir göstərir? Treninqdəki müəllimlərə təklif edin ki, “Addım-addım” proqramı üzrə təşkil olunmuş sinifdə və ya uşağa istiqamətləndirilmiş digər siniflərdə müşahidə apardıqları zaman həmin nəzəri baxışları əks etdirən nümunələr tapsınlar.

3. Treninqdəki müəllimlərdən xahiş edin ki, öz işlədikləri mühitdə uşağa daha çox istiqamətləndirilmiş tədris proqramlarının həyata keçirilməsinə cəlb olunmuş müəllimlərin olub-olmadığını müəyyənləşdirsinlər. Əgər varsa, treninqdəki müəllimləri həmin müəllimlərdən onların təcrübələri ilə bağlı müsahibə götürməyə dəvət edin. Onlar hansı müsbət və mənfi nəticələri əldə etmişlər?

4. Treninqdəki müəllimləri riyaziyyat və ya oxu dərsində istifadə üçün öyrənmə mərhələlərini müəyyənləşdirməyə dəvət edin. Onlar müəllimin rəhbərlik etdiyi fəaliyyətlər, əsas öyrənmə fəaliyyətləri və ya qrup fəaliyyətləri də daxil olmaqla, anlama, tədqiqat, müqayisə və tətbiq üzrə fəaliyyət formaları müəyyənləşdirməlidirlər.

2-a TƏLİM FƏALİYYƏTİ

Başlıq: Uşağa istiqmətləndirilmiş sinifdə öyrənmə – “Uşaqlar o zaman yaxşı öyrənirlər ki… “Nöqteyi-nəzərlər”.

Məqsəd: Fəaliyyətə yeni başlayan kiçik yaşlı uşaq müəllimlərinə uşaqların öyrənmə üsulu haqqında öz nəzərlərini müəyyənləşdirməkdə və həmin nəzəriyyələri onların uşaqları öyrətməsi üsulu ilə əlaqələndirməkdə kömək etmək. Bu fəaliyyət treninqdəki müəllimlərə uşaqların daha yaxşı öyrənməsi yolları ilə bağlı öz nəzəri baxışlarını müntəzəm olaraq qaydaya salmaq və cilalamaq imkanı da verəcək (Kursun 1-ci məqsədi).

Ədəbiyyat: Brekkamp? Rosegant, Reaching Potenials İ, pp, 150-158.

Materiallar: 2-a materialı: Nəzəri prinsiplərin praktikada tətbiqi.

Prosedur: Treninqdəki müəllimlərdən xahiş edin ki, uşaqların həqiqətən öyrəndikləri vaxtlar barədə düşünsünlər. Onlardan iki-iki olmaqla ayrılıb, “Uşaqlar o zaman yaxşı öyrənirlər ki…” ifadəsi ilə başlayan ən azı 5 fikri tamamlamağı xahiş edin. Onlar bu tapşırığın icrasına başlamazdan, bütün qrup üçün belə bir nümunə gətirin: “Uşaqlar o zaman yaxşı öyrənirlər ki, onların əsas tələbatları ödənmiş olsun”. Cütlüklərdən xahiş edin ki, özlərinin bir neçə cavabı ilə bütün qrupu tanış etsinlər. Onların cavablarını “Nəzəri prinsiplərin təcrübədə tətbiqi” adlanan 2-a yayım materialındakı yeddi fikirlə müqayisə edib tutuşdursun.

Əlavə tapşırıq: Treninqdəki müəllimləri “Addım-addım” proqramı üzrə təşkil olunmuş sinifdə və ya uşağa istiqamətləndirilmiş hər hansı sinifdə çalışan müəllimdən və ya metodistdən müsahibə götürməyə və uşaqların hansı şəraitdə daha yaxşı öyrəndikləri barədə onların fikirlərini öyrənməyə dəvət edin. Cavabları onların tərtib etdikləri siyahı və ya 2-a yayım materialı ilə müqayisə edin.

2-a yayım materialı

NƏZƏRİ PRİNSİPLƏRİN TƏCRÜBƏDƏ TƏTBİQİ

1. Uşaqlar o zaman daha yaxşı öyrənirlər ki, onların fizioloji tələbatları daha yaxşı öyənilsin və onlar özlərini fiziki və psixoloji baxımdan arxayın və təhlükəsiz hiss etsinlər.

2. Uşaqlar o zaman daha yaxşı öyrənirlər ki, onlar öz biliklərini sistemə salsınlar və ətraf aləmi daha dərindən anlayıb, dərk etsinlər.

3. Uşaqlar müxtəlif sosial kontekstlərdə daha yaxşı və daha təbii şəkildə öyrənirlər. Öyrənmə sosial prosesdir.

Rəngarənglik öyrənməni asanlaşdırır və gələcəkdə uşaqlara məxsus olacaq dünyanı daha yaxşı əks etdirir.

4. Uşaqlar o zaman daha yaxşı öyrənirlər ki, onlar öyrənmə prosesinə daha fəal cəlb edilsinlər və öyrənmənin məzmunu və şəraiti əhəmiyyətli və uyğun şəkildə olsun.

5. Uşaqlar o zaman daha yaxşı öyrənirlər ki, onlar öz iş və oyunlarının təşəbbüskarı olsunlar, onları qiymətləndirsinlər və müəyyən dərəcədə istiqamətləndirsinlər. Oyun kiçik yaşlı uşaqların işi və öyrənmənin təbii yoludur.

6. Uşaqlar müxtəlif sahələrdə olduqca müxtəlif dərəcələrdə öyrənir və öz təcrübələrini inkişaf etdirirlər. Öyrənmə inkişafı sürətləndirir. Amma uşaqların inkişafı heç də düz xətt üzrə baş vermir.

7. Uşaqlar o zaman daha yaxşı öyrənirlər ki, tədris proqramı inteqrasiyaedici olsun və uşağın inkişafının bütün sahələri (fiziki, sosial, emosional, mənəvi, əqli) öyrənmə prosesində əhatə olunsun.

2-b TƏLİM FƏALİYYƏTİ

Başlıq: Fəal öyrənmə: sirrin mahiyyətinin açılması

Məqsəd: Treninqdəki müəllimlər fəal öyrənmənin faydalarını təcrübədən keçirəcəklər.

Ədəbiyyat: Yoxdur.

Materiallar: 2-b slaydı

“Sirli material” (şimal dəniz yosunu, litchi nuts və ya treninqdəki müəllimlərə tanış olmadığını güman etdiyiniz digər hər hansı material) plastik və ya şəffaf çanta.

Prosedur: Treninqdəki müəllimləri 5-6 nəfərlik kiçik qruplara bölün. Hər kiçik qrupa plastik çantanı və ya hər hansı şəffaf bir qabın içərisinə qoyulmuş “sirli material”ı (şimal dəniz yosunu, litchi nuts və ya treninqdəki müəllimlərə tanış olmadığını güman etdiyiniz digər hər hansı material) təqdim edin. Materiallara yalnız baxmaq şərtilə (toxunmaq olmaz) onlar haqqında hər hansı bir cəhəti müəyyən etmək üçün qruplara bir neçə dəqiqə vaxt verin.

Bütün qrupu yenidən bir yerə toplayın və onların nəyi üzə çıxardıqlarını müzakirə edin. Treninqdəki müəllimlərin çoxu digər hissiyyatlardan istifadə edə bilmədiklərinə görə məyus olacaqlar. Buna görə də yenidən qruplara daha bir neçə dəqiqə vaxt verin ki, öz materiallarını istədikləri kimi tədqiq etsinlər, lakin bu zaman bir-birləri ilə danışmasınlar. Yenidən qrupları bir yerə toplayın ki, iştirakçılar material haqqında daha nəyi öyrəndiklərini və onları məyus edən cəhətlərin olub-olmadığını müzakirə etsinlər.

Nəhayət, qruplara bu dəfə öz materiallarını sərbəst şəkildə tədqiq etməyi, qrup daxilində birlikdə işləyib danışmağı təklif edin. Ayrılmış vaxt başa çatdıqdan sonra yenidən bütün iştirakçıları bir yerə toplayın və 2-b slaydından istifadə etməklə, bu təlim fəaliyyətini fəal öyrənmə fəaliyyətinin komponentləri əsasında müzakirə edin.

FƏAL ÖYRƏNMƏNİN KOMPONENTLƏRİ

• Tədqiqat materialları.
• Bütün duyğu orqanlarından istifadə etməklə fəal tədqiqat aparmaq imkanı.
• Birbaşa təcrübə vasitəsilə əlaqələrin müəyyən edilməsi.
• Materiallardan necə istifadə seçimi.
• Öyrəncilərin gördükləri işin təsviri üçün istifadə etdiyi dil.
• Müəllimin yardımı.

2-c TƏLİM FƏALİYYƏTİ

Başlıq: Müxtəlif öyrənənlərin fərdi tələbatlarının ödənilməsi

Məqsəd: Bu fəaliyyət kiçik yaşlı uşaq müəllimlərinə sinifdəki müxtəlif öyrəncilərin spesifik tələbatlarını ödəmək üçün hansı metodlardan istifadə edə biləcəklərini nəzərdən keçirmək imkanı verəcək (Kursun 1-ci məqsədi).

Ədəbiyyat: Bredekamp&Rosegrant. Reaching Polentias İ, p. 96 (səh. 32).

Materiallar: 2-c yayım materialı: müxtəlif şagirdlərin fərdi tələbatlarının ödənilməsi metodları.

Prosedur: Treninqdəki müəllimlərdən üç nəfərlik kiçik qruplara bölünməyi xahiş edin. Onları 2-c yayım materialında və ya oxu materialında verilmiş metodlardan istifadə etməklə, üç metod seçməyə və hər bir metodun tətbiq edilə biləcəyi müəyyən spesifik situasiyalar və ya bilik sahələri müəyyənləşdirməyə dəvət edin. Hər qrupdan bir nəfər qeydiyyatı irəli sürülmüş ideyaları lövhədə və ya iri kağız üzərində yazır. Hər qrupdan bir nəfər seçilir ki, qrupun fikirlərini bütün sinfə çatdırsın.

Əlavə tapşırıq:Treninqdəki müəllimlərə xüsusi tələbatları olan uşağın da olduğu və “Addım-addım” proqramı üzrə təşkil olunmuş sinifdə və ya uşağa istiqamətləndirilmiş hər hansı digər sinifdə müşahidə aparmağı təklif edin. Sonra onlardan xahiş edin ki, həmin uşağın tələbatlarının ödənilməsi üçün müəllimin necə cəhd etdiyi barədə bütün sinif qarşısında məlumat versinlər. Onlar, həmçinin, müəllimin yanaşma üsulları ilə bağlı öz təəssüratlarını da təsvir etməlidirlər. Müəllimin yanaşma üsulu həmin uşağın və sinifdəki digər uşaqların öyrənməsinə necə təsir edir? Müxtəlif öyrəncilərin tələbatlarının ödənilməsi ilə bağlı onların öyrəndikləri hər hansı bir ideya varmı?

(ardı var)

Materialı hazırladı:
Kəmalə QAYIBLI,
“Təhsil problemləri”

Filed in: KİV DF

Hələ şərh yoxdur

Şərh yazın