3:11 pm - Şənbə Noyabr 24, 2232

İSLAM ƏXLAQI

İslam

İslam

(əvvəli ötən saylarımızda)

Odur ki, Allahı dost tutan kəs daim onun zikri və münacatı ilə məşğul olar.

Davud peyğəmbərin (ə) xəbərlərində Allah-təalanın ona xitabən buyurduğu bu sözlər var: “O kəslər ki, mənə məhəbbət iddiasında olduğu halda gecələr yatır, onun məhəbbəti yalandır. Məgər adam öz sevgilisi ilə xəlvət gecələrdə söhbət etmək istəməzmi?”

Ərəb şairi deyir:

Təəccüblüdür ki, aşiq necə yata bilir?

Aşiqlərə yuxu həramdır.

4. Allahdan başqa şeylərdən birini itirdikdə qəmgin olmamaq və ya əlinə gəldikdə şadlanmamaq.

Doğrudan da, itirilən şey üçün qəmgin olmaq və ya ələ gələn şey üçün şadlanmaq, o şeylərə olan məhəbbətdən meydana çıxır. Əgər o şeylərə məhəbbət varsa, onda Allaha olan məhəbbət tam deyil, nöqsanlıdır.

5. Allahın bəndələrinə mehriban və şəfqətli, düşmənlərinə kinli və barışmaz olmaq.

Bu də dostluğun şərtlərindəndir.

Həzrət Əlt Ələyhis-səlam buyurub:

Dostun üçdür: dostun, dostunun dostu və düşməninin düşməni.

Düşmənin də üçdür: düşmənin, dostunun düşməni və düşmənin dostu.

6. Allahın əzəməti və heybəti qarşısında həmişə qorxu və iztirab içində olmaq. Bu cür xövh ona olan məhəbbətə xələl gətirmir.

Bəzi ariflər deyiblər ki, qorxusuz məhəbbət Allah-təalanın şəninə yaraşmaz, ona qarşı yüngüllük olar. Həmçinin məhəbbətsiz qorxu da onun cəlalına və mərhəmətinə layiq deyil. Odur ki, Pərvərdigari-aləmdən qorxa-qorxa ona məhəbbət bəsləyən bəndə, ona tam mərifət kəsb etmiş bəndədir.

7. Allaha olan məhəbbəti gizli saxlayıb, izhar etməmək, bu məhəbbətə görə xəlq aarsında şadlıq əlaməti büruzə verməmək.

Doğrudan da, əsl həqiqi məhəbbət gizli olar, onu ifşa etmək məhəbbətə nöqsan gətirər, onu təhqir etmiş olar.

Amma həqiqət müsafirlərindən bəzisi Allah-təalanın mərifətindən o dərəcədə badənuş olur ki, mənliyindən məhrum olur, özünə hakim ola bilmir. Bu cür şəxslərə irad yoxdur. Onlar özlərindən xəbərsiz olur, ruhları məşuqun vüsalı şövqü ilə pərvaz edir, hətta ruhun bədənə qayıtmadığı hallar da olur: Aşiq canını cananə təslim edir.

Dövlətşah Səmərqəndi “Təzkirətüş-şüəra” əsərində Müini Cüveyninin “Nigaristan” kitabından bir hekayə nəql edir. Onun qısaca məzmunu budur:

Şibili söyləyir ki, Məkkə səfərinə gedirdim. Bağdadda qiymətli libaslar və üzüklərlə zinətlənmiş gözəl bir oğlan bizim karvanımızla gedirdi. Onda o qədər şur və şövq var idi ki, mən onun aşiq olduğunu güman etdim. Onunla qısa söhbətlərdə onun, doğrudan da, aşiq-şeyda olduğuna inandım. Onun sözlərindən məlum oldu ki, bu camaat Məkkəyə ziyarətə gedirlər, o isə “məşuqun evinə” qonaq gedir.

Məkkəyə çatandan sonra bir gün Kəbənin ətrafında olan Məscidül-həramdan keçəndə o gözəl tər qönçəyə bənzər oğlanı saralmış-solmuş və ölümcül halda bir guşədə uzanmış gördükdə ona yaxınlaşıb halını xəbər aldım. O, zəif səslə bu beyti oxudu:

Eşq ilanı ciyərimi sancdı,
Ona nə bir əfsun var, nə də əfsunçu.

O, məndən heç bir kömək istəmədi, ona kömək də edə bilməzdim. Mən keçib getdim.

Sabahı günü məscidə gələndə haman oğlanın cənazəsini adamların çiynində gördüm.

Allah-təalanın həqiqi məhəbbəti ilə məxmur olanlar belə olur. Onların izharı- məhəbbətinə irad yeri yoxdur.

Etiraz və razılıq

Nəfsin rəzalətlərindən biri də Allah-təala tərəfindən varid olan hadisələrdən narazı olmaqdır ki, ona inkar və ya etiraz deyilir.

Allah-təalanın işlərinə etiraz etmək son dərəcə böyük ədəbsizlikdir. Bu ona bənzər ki, təbabətdən uzaq savadsız, avam bir adam bilikli və təcrübəli bir təbibin müalicə işində ona irad tutub, öz narazılığını bildirsin.

Bütün Kainatı mürəkkəb bir maşina bənzətsək, insanlar nəhəng maşıınn balaca vintləri mənziləsində olar. Maşının dürüst işləməsi üçün onun hər vinti lazımi yerdə öz vəzifəsini ifa etdiyi kimi, insanlar da onlar üçün müəyyən edilmiş şəriyətdə yaşamalıdırlar ki, Kainatın nizamı pozulmasın.

Peyğəmbərlərdən biri çox ağır həyat keçirirdi, ac, çılpaq, səfil halda yaşayırdı. O, on il dua elədi, yoxsulluqdan Allaha şikayətləndi. Lakin duası müstəcab olmadı. Allah-təala ona vəhy elədi ki, Kainatı yaradan zaman sənin üçün bu gür məsləhət görmüşəm, indi sən istəyirsən sənə görə mən Kainatın nizamını pozum? Əgər bir də şikayətlənsən, səni peyğəmbərlikdən kənar edərəm.

“Hədisi-Qüdsi”də Allah-təala buyurur: “Həqiqətən, mən o Allaham ki, məndən başqa Allah yoxdur, pəs hər kəs mənim verdiyim bəlaya səbr etməsə, mənim təyin etdiyim qəza-qədərə razı olmasa və mənim nemətlərimə şükr etməsə, onda məndən başqa özünə digər bir Allah tapsın”.

Belə rəvayət olunur ki, Allah-təala Davud peyğəmbərə (ə) bu məzmunda vəhy elədi: “Bir iş barəsində sən də iradə edərsən, mən də, amma mən istəyən olar. Əgər sən mən istəyənə razı olsan, sən istəyəni sənə verərəm; əgər mən istəyənə razı olmasan, sən istəyəni vermərəm, axırda yenə mən istəyən olar”.

Peyğəmbəri-əkrəmin (s) səhabələrindən biri deyir ki, mən on il o Cənabın xidmətində oldum, heç mənə demədi ki, fila nişi nə üçün belə elədin və ya kaş fülan şey belə olmayaydı, ya ki, fülan iş olmadı, kaş olaydı.

Rəvayətdə var ki, adəm peyğəmbərin (ə) nəvə-nəticələri onun üstünə dırmaşıb onu incidirdilər. Oğlanların ona dedilər ki, nə üçün uşaqların bu işinə Mane olmursan? Adəm (ə) dedi ki, mən biləni siz bilmirsiniz; mən bir hərəkətimə görə Behiştdən qovulub bu zülmət dünyaya düşdüm. Əgər ikinci bir hərəkət etsəm, bilmirəm başıma hansı müsibət gələr.

Bütün bunlar göstərir ki, etiraz etmək, bəla və müsibətlərdən narzı olmaq, Allahın hüzurunda ədəbsizlik olduğu üçün peyğəmbərlər, övliyalar və salih şəxslər bu işə cəsarət etməmişlər.

Etiraz rəzalətinin ziddi bir fəzilətdir ki, ona riza və ya razılıq deyirlər. Bu fəzilət ondan ibarətdir ki, insan Allah-təalanın hər bir təqdiratına razı olsun, həm zahirdə, həm də batində ona etiraz etməsin. Belə şəxs kasıblıqda və ya dövlətli olanda, rahatlıqda və ya müsibətdə, sihhət vaxtında və ya naxoşluqda eyni halda olar, onların birini o birinə üstün tutmaz, çünki, onlar Allahın təqdiratıdır, dostun müqəddər etdiyi hər şey isə məsləhət üzrə olar, ona razı olmaq lazımdır.

Necə ki, deyiblər: “Dostdan hər nə yetişsə, yaxşıdır”.

Allah-təalanın təqdiratına razı olmaq ən böyük fəzilətlərdəndir.

Peyğəmbər (s) bir gün bir dəstə əshabdan soruşur ki, siz necə adamlarsınız? Onlar deyirlər ki, biz möminlərik. O Cənab xəbər alır ki, sizin iymanınızın əlaməti nədir?

Onlar deyirlər: “Bəla gəldikdə, səbir edirik, rahatlıq zamnı şükr edirik və bütün qəza-qədərə razı oluruq”.

Peyğəmbər (s) buyurdu: “Kəbənin Allahına And olsun ki, siz möminlərsiniz”.

Mussa peyğəmbər (s) Allah-təalaya ərz elədi ki, ey mənim Pərvərdigarım, mənə elə bir şey öyrət ki, onunla məndən razı qalasan.

Vəhy gəldi: “Mənim təqdiratıma razı olsan, Mən də səndən razı qalaram”.

İsa peyğəmbərin (ə) möcüzələrindən bir də anadangəlmə korlara, alalıq və cüzam xəstəliyinə tutulmuş adamlara şifa vermək idi.

Bir gün o cənab yolun kənarında oturmuş bir nəfərə rast gəldi. Onun gözləri kor, bədəni ala, ayaqları iflic idi. Bunlardan əlavə cüzam xəstəliyi onun bədəninin ətini dağıdıb tökmüşdü. Bununla belə o, zikr edib deyirdi: Allaha həmd edirəm ki, başqalarının mübtəla olduğu dərdlərdən mənə nicat verib.

Həzrət İsa (ə) ona yaxınlaşıb soruşdu ki, o hansı dərddir ki, Allah sənə ondan nicat verib?

O şəxs İsanı (ə) tanıyıb dedi:

– Ya Ruhəllah, mənim qəlbimdə Allahın mərifəti var, qəlbində Allahın mərifəti olmayan kəslərlə müqayisə etdikdə mən özümü nicat tapmış bilirəm, ona gbrə də Allaha həmd və səna edirəm.

Həzrət İsa (ə) buyurdu: “Əlini mənə ver”.

O, əlini uzadıb İsanın (ə) əlini tutdu. O Cənabın möcüzəsi yenə də orada zahir oldu: o şəxs tamamilə sağalıb gözəl, yaraşıqlı bir insan oldu.

Allah-təalanın müqəddəratına razı olan kəs bilməlidir ki, ondan ötrü müqəddər olunmuş hər iş onun xeyrinədir, hərçənd bəzi işlər kərahət doğurur, lakin onların da nəticəsi xeyirdir.

Riza-insanın təbiətinə müvafiq oan və onun xoşuna gələn işlərdən razı qalmağa və onunla kifayətlənib, ondan artığının təmənnasında olmamağa deyirlər. Bunun daha da yüksək dərəcəsi vardır ki, ona təslim deyirlər. Təslim odur ki, insan Allahın varid etdiyi bütün işlərə boyun qoyub razı olsun, bu işlər istər onun təbiətinə müvafiq olsun, istərsə də müxalif olsun. Məsələn, bədəni səlamət olan vaxt xoşlandığı kimi, naxoş olan vaxtlarda da şikayətlənməyib, naxoşluğundan razı qalsın, dərk etsin ki, bu naxoşluq da başqa bir cəhətdən onun xeyrinədəir. Belə şeylərin nəticəsini çox vaxt sonralar görmək olur, məlum olur ki, bəla şəklində görünən hadisə, əslində insan üçün bir nemətdir. Hər kəs açıq gözlə işlərin gedişinə və nəticəsinə fikir versə, buna qənaət hasil edər.

Odur ki, deyiblər: “Hər nə vaqe olursa, xeyir ondadır”.

Bunu da nəzərə almaq lazımdır ki, xoşlamadığımız işlərə etiraz etsək də, o işlərin qarşısını ala bilmirik, onlar vaqe olur. Məsələn, əziz bir adamımız vəfat edir, ona heç bir çarə edə bilmirik və bundan təşvişə düşüb, bu hadisəni ikrahla qarşılayırıq. Halbuki, həm o mərhumun, həm də onun ailəsinin xeyrini Allah-təala bu işdə bilib.

Demək, xoşladığımız işə bir çarə edə bilmədiyimiz halda, ona etiraz edirik, o iş isə bizdən asılı olmadan bizim xeyrimizə vaqe olur, bizə isə Allah qarşısında yalnız ədəbsizliyimiz qalır.

Bütün bunları dərin guşələrinə qədər tədqiq etdikdə, məlum olur ki, təslim – Allah-təala qarşısında bəndələri ədəb dərəcəsini göstərir.

(ardı var)

Əhmədağa ƏHMƏDOV

Filed in: İSLAM ƏXLAQI

Hələ şərh yoxdur

Şərh yazın