4:40 am - Şənbə İyul 22, 2017

MƏN ARTIQ BÖYÜMÜŞƏM

Şəkil

Şəkil

261 nömrəli məktəb-liseydə 4d sinfinin hazırladığı tədbir “Mən artıq böyümüşəm” adlanırdı.Məktəbin pedaqoji kollektivinin və valideynlərin iştirak etdiyi tədbiri sinfin rəhbəri Aytən Mansurova açdı. O bildirdi ki, rəhbərlik etdiyi sinif Uşaqların Beynəlxalq Müdafiəsi Günü və 4-cü sinfi başa vurmaqları münasibəti ilə yekun tədbir hazırlayıblar.

Bu gün dördüncülər üçün ikiqat bayramdır. Çünki bir tərəfdən 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günüdür. Digər tərəfdən isə onlar artıq ibtidai təhsil pilləsini bitirib, natamam orta təhsil pilləsinə qədəm qoyurlar.

Aytən müəllim çıxışında şagirdlərinə təhsildə uğurlar, nailiyyətlər dilədi. O qeyd etdi ki, qoy, dünyanı top-tüfəng səsləri deyil, uşaq gülüşləri bürüsün. Sonra söz məktəbin direktoru Abuzər müəllimə verildi. Abuzər müəllim qeyd etdi ki, XX əsr dünya uşaqlarının həyatında silinməz izlərlə qalmışdır:

– Belə ki, bu əsrdə I və II dünya müharibələri olmuşdur. O cümlədən Qarabağ müharibəsi baş vermişdir. Bu da uşaqların öz valideynlərini, yaxınlarını itirməsi ilə nəticələnmişdir. Bu müharibələr zamanı uşaqlar süngüyə keçirilmiş, müharibənin qurbanları sırasında olmuşlar. Bütün bunlar dünya ictimaiyyətinin diqqətini cəlb etmiş və onlar buna biganə qalmamışlar. Beynəlxalq Demokratik Təşkilat 1949-cu ilin noyabrında xüsusi sessiyada 1 iyun Uşaqların Müdafiəsi Günü elan edilməsi haqqında qərar qəbul etmişlər. 1950-ci ildə ilk dəfə olaraq bu gün qeyd olunmuşdur. Sonralar BMT bu təşəbbüsü bəyənmişdir. Uzun zaman müzakirələr getdikdən sonra 1989-cu ildə ilk dəfə olaraq BMT Uşaq Hüquqları haqqında Konvensiyanı qəbul etmişdir.

Şəkil

Şəkil

XX əsrdə Azərbaycan dövlət müstəqilliyinə iki dəfə nail olmuşdur. Birinci dəfə 1918-ci il 28 may tarixində, ikincisi 1991-ci il 18 oktyabr tarixində dövlətimizin müstəqilliyi elan olunmuşdur. 1992-ci il Azərbaycan BMT-nin üzvü olmuş və bununla da Uşaq Hüquqları Konvensiyasına qoşulmuşdur. Azərbaycan bu Konvensiyaya qoşulduqdan sonra özü də bu sahədə qanun qəbul etmişdir. Ümummilli liderimiz Heydər Əliyev 1998-ci il 19 mayda Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanununu təsdiq etmişdir. Birinci Konvensiyada qanun 54 maddədən, Azərbaycanın Uşaq Hüquqları haqqında qanun isə 45 maddədən ibarətdir. Burada uşaqların sağlamlığı, təhsili, təhsildən sonrakı həyatı və s. konvensiyada nəzərdə tutulmuşdur. Artıq dünyanın 190-dan çox dövləti uşaq hüquqları haqqında konvensiyaya qoşulubdur. Eyni zamanda Azərbaycanda bu konvensiyanın üzvüdür. Əgər xatirinizdədirsə, ümummilli liderimiz hər zaman 1 iyun Uşaq Hüquqları ilə bağlı tədbirlərdə iştirak etmişdir. Onun layiqli davamçısı İlham Əliyev cənabları da bu gün uşaqlara, onların təhsilinə böyük qayğı ilə yanaşır. Azərbaycanda uşaqların təhsili üçün müasir məktəblər tikilir, istifadəyə verilir. Ötən il bizim məktəbimiz də əsaslı təmir olundu. Hörmətli prezidentimiz cənab İlham Əliyev məktəbin açılışında iştirak edərək, binanı bizim istifadəmizə verdi. Məktəbin pedaqoji kollektivi bundan qürurlanaraq, daha böyük əzmlə çalışmışlar. Bu il məktəbimizin şagirdləri müxtəlif yarışlarda 251 ədəd I, II, III dərəcəli diplomlar, 51 ədəd medal əldə etmişlər. Bu onu göstərir ki, bizim şagirdlərimiz təhsil, mədəniyyət, idman sahəsində nailiyyətlər qazanırlar və onların yolu aydındır. Onlar bizim dövlətçiliyimizə öz tövhələrini verirlər. Biz şagirdlərimizlə fəxr edirik, onlara uğurlar, nailiyyətlər arzulayırıq.

Şəkil

Şəkil

Sonra söz şagirdlərə verildi. Şən zarafatları ilə səhnəyə cəmlənən şagirdlər konsertlərinə başladılar. Onlar əvvəlcə tədbir iştirakçılarını salamladılar. Sonra isə hazırladıqları səhnəcikləri təqdim etdilər. 4-cülər tədbir iştirakçılarının diqqətinə çatdırdılar ki, onlar 4 ildə əldə etdikləri uğurlardan söhbət açacaqlar. Həm də bu dəfə çıxışlarını 4-cü sinfin son tədbirində nümayiş etdirəcəklər. Axı, onlar daha böyüyüblər. İndi onlar 4 il bundan əvvəlki, məktəbə utana-utana gələn, qorxub, çəkinən şagirdlər deyillər. Aparıcılar Ayan Məmmədova, Rəvan İmranov, Humay Kərimli, Hümay İsayeva, Raul və Aytənin çıxışlarından sonra «Dərs səhnəciyi» nümayiş olundu. Bu səhnəciyi Zəhra Bayramlı, Nəzrin və Zəhra hazırlamışdılar. Şagirdlər çıxışlarında həyacanlı olduqlarını gizlətməyib, bildirdilər ki, bugünkü tədbirə hətta bilet də «satıblar». Özü də biletləri öz valideynlərinə satıblar. Onlar əvvəlcə bir-birləri ilə bu mövzuda mübahisə edirdilər.

Düzdür, bütün danışılanlarla sinfin digər uşaqları razılaşmırdılar. Onların bəziləri iddia edirdilər ki, bunlar hamısı guya senaristin uydurmasıdır. Hətta bir qədər də dəiqiq desək, şişirdilmiş formasıdır. Amma hər nə olursa, olsun dəyişməyən bircə fakt var:

– Bu uşaqlar dördüncülərdir. Bu gün onların sevincinin həddi-hüdudu yoxdur. Axı, onlar indi çox bacarıqlı, həm də biliklidirlər.

İkinci səhnə «Üzeyir» səhnəsi idi. Bu səhnəciyi şagirdlərdən Ləman, Vahid, Cavid, Nihad, Hümay Kərimli, Zərifə təqdim edirdi. Çox maraqlı qurulmuş səhnəcik hər kəsin diqqətini çəkirdi. Səhnəyə dahi bəstəkar Üzeyir Hacıbəyov daxil olsa da, şagirdlər onu Üzeyir Mehdizadə ilə səhv salmışdılar. Hətta şagirdlər ona ədəb-ərkanla salam verir, fanatı olduqlarını da gizlətmirlər. Ən maraqlısı odur ki, şagirdlərdən biri bəstəkara Əli Mirəliyevdən şikayət edirdi.

Digəri isə Elza Seyidcahanın şeirlərindən danışır. Deyir ki, Elzanın şeir üslubu XXI əsrin yeni şeir formasıdır. Başqa biri isə bəstəkarın mahnılarını əzbər bildiyini söyləyir, hətta bir bəndi də həvəslə oxuyur. Elə bu yerdə dahi bəstəkar qulaqlarını tutur. Uşaqlar dostlarının müdaxiləsindən sonra bəstəkarı tanıyır və onlar Üzeyir Hacıbəyovla danışdıqlarının fərqinə varırlar. Beləcə, böyük sənətkardan üzr istəyib, səhv etdiklərini anlayırlar. Sonra isə müəllimlərinin dahi bəstəkar haqqında söylədiklərini ona danışırlar. Şagirdlər bildirir ki, dahi bəstəkarın «Arşın mal alan», «O olmasın, bu olsun» əsərləri haqqında müəllimlərindən öyrənmişlər. Növbəti səhnəcik isə «Gombullar» səhnəciyi idi. Bu səhnəciyi Ayxan, Murad, Rəsul, Adəm hazırlamışdılar. Pulgir Mirzə Cəfərin neft buruqlarından necə pul yığdığını hətta evinə yeməyə azuqə almaqda simiclik etdiyini şagirdlər ustalıqla canlandırmışdılar. O cibindən cib telefonu çıxaranda Hacı Kərim ona təəccüblə baxır və “bizim dövrümüzdə cib telefonu yox idi” deyir. O isə cavabında «pul ilə hər şey əldə etmək olar. Ssenaristə bir az hörmət elədim, cibişdanına pul basdım mənim üçün ssenaridə dəyişliklik etdi. Hələ üstəlik dedi ki, ürəyin istəyir elə ssenari yazım ki, «Arşın mal alan” tamaşasında Şakira oxusun!». Amma Mirzə Cəfərin hekayəsi burada bitmir. O Mirzə Kazıma, Məşədi Qafara «uçitel»dən də şikayət edir.

eyir ki, «balam bu uçitel yığıb bizi boğaza. Deyir, gərək uşaqları oxumağa məktəbə göndərəsiniz. Biz də başa sala bilmirik ki, nəyimizə lazımdır oxumaq. Oxuyub sənin kimi «lüt» olmaqdansa, qoy, oxumasınlar. O isə iki əlli yapışıb bizim boğazımızdan ki, yox oxumalıdırlar».

Şəkil

Şəkil

4d sinfinin hazırladığı tədbir çox əyləncəli və maraqlı idi. Məmmədzadə Ayan, Selcan, İsmayıl Sevdanın ifasında «Muzikl» tamaşası, Rəvan Vəlizadə, Züleyxa, Xədicə, Nərgizin ifasında «Balacalar» səhnəciyi hər kəs tərəfindən alqışlarla qarşılanırdı. Hələ şən musiqiləri, şagirdlərin rəqslərini, oxuduqları mahnıları demirəm. O gün məktəbin kiçik səhnəsində gözəl bir bayram tədbiri yaşanırdı. Siz onların səliqəli geyimlərini görsəydiniz, heyran olardınız. Bir sözlə, 4d sinfinin fəalları o gün nəyə qadir olduqlarını nümayiş etdirdilər. Oynadılar, oxudular, çoxlu rəqs elədilər.

Valideynlərini, müəllimlərini əyləndirdilər. Bu tədbirdə yeganə rol almayan Məhəmməd idi. Məhəmməd isə hər kəsdən üstün olan bir tapşırıq verilmişdi. O Azərbaycanın üçrəngli bayrağını səhnəyə gətirməli idi.

Sinfin rəhbəri Aytən Mansurova da həmin gün çox həyacanlı idi. O 2008-ci ildən məktəbdə çalışmasına baxmayaraq, hər dəfə şagirdləri yuxarı siniflərə keçəndə onlardan ayrılacağına görə kədərlənirsə, bir tərəfdən də sevinir, onlarla qürur duyur. Elə bu gün də müəllim sevincli-kədərli hislər yaşadı. O, bir tərəfdən şagirdlərini xoşbəxt, sevimli görüb fərəhlənir, digər tərəfdən isə təəssüf hissi keçirirdi. Axı, düz dörd ildir ki, o bu uşaqlarla bir sinifdə elmin sirlərinə bələd olur. Bu gün isə onlar təhsilin növbəti mərhələsinə qədəm qoyurlar. Müəllimə isə tək bircə arzu diləmək qalır:

– Yolunuz açıq, zehniniz iti olsun, əzizlərim! Qoy, tezliklə sizin adınızı daha uca zirvələrdən eşidək. Vətənimizə layiq övlad olun. Bu arzular hər bir müəllimin, hər valideynin arzusudur. Son olaraq biz də arzulara qoşuluruq. Qoy, dördüncülərin uğurları çox olsun.

Dilşad XAQANİQIZI,
“Təhsil problemləri”

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın