7:53 pm - Bazar Sentyabr 24, 2017

YERLİ ŞİRKƏTLƏRİN AZƏRBAYCANIN QİDA TƏHLÜKƏSİZLİYİNDƏ ROLU

Dünya ölkələrinin əsas problemlərindən biri ərzaq təhlükəsizliyi hesab olunur. Bu son illər dünya bazarında qida məhsullarının bahalaşması, istehsal olunan ərzağın qeyri-bərabər paylanması, ərzaq qıtlığı, qida məhsullarının idxalından asılı olan dövlətlərin ərzaq suverenliyinin olmaması və s. məsələlərlə əlaqələndirilir.

Ərzaq təhlükəsizliyindən danışarkən, ərzağın keyfiyyəti, qida təhlükəsizliyi, təhlükəli qida məsələləri də diqqəti cəlb edir. Ərzaq təhlükəsizliyi dedikdə nə başa düşülür? Ərzaq təhlükəsizliyi dedikdə istehlakçı üçün ərzağın əlyetərliyi – istehlak bazarında ərzağın fiziki mövcudluğu və istehlakçının öz təlabatını ödəməsi üçün həmin ərzağı almaq, əldə etmək imkanı başa düşülür. Yəni ərzaq təhlükəsizliyi ərzağın istehlak bacarındankı miqdarı və istehlakçının alıcılıq qabiliyyətinin vəhdəti ilə səciyyələnir.

Şəkil

Şəkil

Ərzağın keyfiyyəti isə onun istehlakçı üçün dəyərliliyi ilə xarakterizə olunur. Ərzaq keyfiyyəti ərzaq xammalının növü, istehsal texnologiyası, dad, rəng, struktur və s. kimi müsbət, habelə xarab olma, torpaqla çirklənmə, rəngin, iyin, dadın dəyişməsi və s. kimi mənfi atributları özündə əks etdirir.

Qida təhlükəsizliyi dedikdə isə hər hansı bir məhsulun insan sağlamlığı üçün zərərli olan bioloji, kimyəvi və fiziki təhlükəli faktorlardan azad olması nəzərdə tutulur. Qida təhlükəsizliyi – sağlamlıq üçün fəsadlar yarada biləcək təhlükəli faktorların qidanın tərkibində qalmaq, sonradan yaranmaq və ya sonradan qidanın tərkibində daxil olmaq ehtimalının istisnası deməkdir.

Təhlükəli qida məhsulunun təhlükəlilik səviyyəsi onun tərkibində qalan təhlükəli faktorlarla ölçülür. Təhlükəli faktor üç qrupa – bioloji, kimyəvi və fiziki qruplara bölünür. Bioloji təhlükəli faktorlar qrupuna yoluxucu bakteriyalar, toksin ifraz edən orqanizmlər, parazitlər, viruslar və s. mikroorqanizmlər; kimyəvi təhlükəli faktorlar qrupuna təbii şəkildə yaranan toksinlər, qida əlavələri, pestisid qalıqları, baytarlıq preparatlarının qalıqları, ətraf mühit çirkləndiriciləri, kimyəvi çirkləndiricilər, allergenlər və s. fiziki təhlükəli faktorlar qrupuna metal qırıntıları, şüşə qırıntıları, işçilərə məxsus və istehsal prosesləri zamanı ərzaq məhsullarına düşmək ehtimalı olan zinət əşyaları, daş qırıntıları, sümük qırıntıları və s. daxildir.

Dünyanı narahat edən məsələlərdən birinə – ərzaq təhlükəsizliyinə ölkəmizdə necə yanaşılır? Bu sahədə hansı işlər görülür? Mövzumuzla bağlı kiçik araşdırma etdim. Məlum oldu ki, bu sahədə heç də az işlər görülməyib. Belə ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Müstəqil Dövlətlər Birliyi məkanında analoqu olmayan torpaq islahatları həyata keçirilib. Kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmi formalaşdırılıb, beynəlxalq təşkilatlarla birlikdə bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanılıb. 2001-ci ildən “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq edilib və bu proqram çərçivəsində görülmüş işlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artıb. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları və etibarlı təminatına dair Dövlət Proqramı» və digər qəbul olunmuş sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrasturktur layihələrin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasını təmin etdi.

«Azərsun» Holdinq əhaliyə yerli məhsulları sevdirib

Ölkənin ərzaq təhlükəsizliyində yerli şirkətlərin rolu böyükdür. Son vaxtlar əhalinin GMO mənşəli məhsullardan çəkinməsi, onların yerli qidalara təlabatının yüksəlməsi ilə nəticələnib. Bu gün Azərbaycan alıcısı, yerli istehsal məhsullarına dəyər verir.

Sevindirici haldır ki, məhz yerli istehsal sahələrinin hesabına əhali özünə daimi iş yeri tapır, halal məhsulla təmin olunurlar. Bu gün yerli istehsaldan söz düşəndə fərəhlə geniş infrasturktura malik zavodlar göz önündə canlanır. “Azərsun Holdinq” şirkətlər qrupunun «Qafqaz» Konserv Zavodunun məhsulları Azərbaycan ailəsində süfrələri bəzəyir.

Zavodun direktoru Rüstəm Rüstəmovun sözlərinə görə müəssisə 2003-cü ildən fəaliyyət göstərir. Fəaliyyətə başladığı illərdən tomat pastası, komport, mal əti konservləri istehsal edib. Fəaliyyəti dövründə 2005-ci ildən TS İSO-EN -9001 Keyfiyyəti İdarə Etmə Sistemi, 2008-ci ildən İSO 22000 Qida Təhlükəsizliyinin İdarəetmə Sistemi və 2013-cü ildən BRC Beynəlxalq sertifikatına layiq görülən müəssisə ərzaq təhlükəsizliyini onların hesabına təmin edir.

Zavodda ixtisaslı mütəxəssislər çalışır. Sevindirici haldır ki, «Qafqaz» Konserv zavodu SSRİ-dən sonra konservləşdirməyə liderlik edən yeganə zavoddur. «Azərsun» Holdinqin bütün müəssisələrində istehsalat prinsipi konkret sistem üzrə çalışır. Artıq 25 ildir ki, «Azərsun» Holdinq istehlakçılara keyfiyyətli məhsul təqdim edir. Zavodda müxtəlif çeşiddə həssas keyfiyyətli məhsullar gigiyenik qaydalara riayət olunmaqla hazırlanır. Bunların arasında ən təhlükəli məhsul konservləşdirilmiş məhsullardır. Tam əminliklə, demək olar ki, müəssisə fəaliyyəti dövründə zəhərlənmə ilə bağlı problem yaşamayıb. Zavod məhsullarına hər zaman cavabdehlik daşıyır. Məhsulun istehsalında keyfiyyət göstəriciləri etiketləmə, məhsulun vaxtında çatdırılması, “stolkhaut” probleminin kəsilməsi, yəni bazarın və satışın tələbinə uyğun istehsal olunub çatdırılmasıdır.

Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afiq Səfərovun sözlərinə görə burada prosesə nəzarət «Qafqaz» Konserv zavodu ilə paralel, mərkəzi ofisdə yerləşən prosesə və keyfiyyətə nəzarət direktorluğu tərəfindən həyata keçirilir. İstehsal zamanı prosesə nəzarət və keyfiyyətə nəzarət direktorluğunun nümayəndələri nə qədər qüsur tutarsa, bir o qədər gəlirləri artır. Sırf bu cür idarəetmənin nəticəsində maraqların toqquşması keyfiyyət amilini meydana çıxarır. Məhsulun keyfiyyəti bir nömrəli prioritetdir. Prosesə və keyfiyyətə nəzarət direktorluğunun anbara daxil olmasına icazə verdiyi məhsulda sonradan karantin dövründə problem çıxarsa, bu dəfə onlar məsuliyyət daşıyırlar. Bax, bu cür dəfələrlə yoxlama sistemi nəticəsində keyfiyyət amili tam şəkildə əhatə oluna bilir.

Təhlükəsiz məhsul istehsalı prosesində heç kəsə güzəşt olunmur. «Qafqaz» Konserv Zavodu son 8 ildə yerli istehsalçılardan ət qəbul etmir. Konserv məhsulları hazırlanarkən xaricdən gətirilən və «Azərsun»a məxsus fermalarda bəslənən mal-qaranın ətini emal prosesinə yönəldirik. Bu da onunla bağlıdır ki, ölkədə mal əti ehtiyyatı o qədər də böyük deyil. Əgər biz hər ay daxili bazardan əlli ton ət qəbul etsək, onda ölkədə ətin qiyməti sürətlə qalxar.

Zavodda olarkən ətin saxlandığı depolarla tanış olduq. «Qafqaz» konserv zavodunun proses və keyfiyyətə nəzarət üzrə baş inspektoru Anar Qədirov konsevr məhsullarının istehsalı zamanı istifadə olunan ətin zavoda dondurulmuş şəkildə xaricdən gəldiyini qeyd etdi:

– Zavoda daxil olan ətlər soyuq depolarda saxlanılır və müasir avadanlıqlarla təchiz olunan laboratoriyada yoxlanılır. İstehsal zamanı həmin depolardakı əti mərhələlərdən keçirərək qablaşdırıb, mal əti konservinin istehsalını həyata keçiririk. Xammalın qəbulundan hazır məhsulun çıxışına qədər olan bütün mərhələdə keyfiyyət nəzarət bölməsi tərəfindən yoxlamalar aparılır. Hansısa mərhələdə problem yaranarsa istehsal dayandırılır. 4 otaqlı laboratoriyada həm fiziki, həm kimyəvi mikrobioloji analizlər aparılır. Zavoda daxil olan xamaldan nümunə götürülür və laboratoriyalarda analiz edilir. Yalnız bundan sonra həmin xammal istehsala buraxılır.

Məhsulumuz şərəfimizdir

«Biz öz süfrəmizdə yemədiyimiz məhsulu xalqımıza təklif etmirik. Məhsulumuz şərəfimiz, namusumuz qədər bizim üçün müqəddəsdir» – bu sözlər «Azərsun» Holdinqin rəhbəri Abdülbari Gözəl bəyin sözləridir. «Azərsun» Holdinq şikayət mədəniyyətinin aşılanması təbliği istiqamətində yorulmadan çalışır. 120 müştəri xidmətləri əlaqə nömrəsi davamlı olaraq fəaliyyət göstərir. Şirkət öz müştərilərinə çatışmazlıqlar barəsində məlumat verməyi tövsiyə edir.

Hazırda zavodda 361 nəfər işçi heyəti çalışır. Burada iş sistemi üç növbəlidir. İşçilər arasında bir nəfər xarici vətəndaşdır. Zavodda mövsümə görə işçi sayı dəyişir. Əməkhaqqı isə 250-300 manat civarındadır. İşçilər şirkət tərəfindən yeməklə, servislə, sığorta ilə təmin olunur. İşə qəbul Mərkəzi İnsan Resursları Departamenti tərəfindən həyata keçirilir. İşçilər vakansiyanın tələbləri əsasında işə qəbul olunurlar. Zavoda 50 yaşdan yuxarı işçilər işə götürülmür. «Qafqaz» Konserv zavodunun özünün da-xili qayda-qanunları var. Şirkətdə yardımlaşma kompaniyası həyata keçirilir. Kimin ailə üzvülərində sağlıq problemi olarsa, “yardımlaşma” kommisiyasına müraciət edir. Bunu fond şirkət rəhbərinin büdcəsindən həm də işçilərdən tutulmalar hesabına reallaşdırır. Şirkət gecikmələrdən tutulan vəsaitlər hesabına yardıma ehtiyacı olan işçilərə köməklik göstərir. Ayda bir dəfə isə şirkət istehsal etdiyi məhsullardan işçisinə pay tədarükü verir.

Xarici təcrübə öyrənilir

Şirkətin keyfiyyətə nəzarət üzrə baş inspektoru Anar Qədirovun sözlərinə görə «Qafqaz» Konserv zavodunun mütəxəssisləri ildə ən azı 3-4 dəfə xarici ölkələrdə seminarlarda iştirak edirlər. Hazırda bu ayın sonunda daha bir seminar planlaşdırılıb. Şirkət daima yeni texnologiyalar axtarışındadır. Təsadüfi de-yildir ki, «Qafqaz» Konserv zavodu Dövlətlərarası Standartlaşdırma Şurası deyilən qrum tərəfindən qızıl medala layiq görülübdür. Həmin medal Kremlin binasında şirkət rəhbərliyinə təqdim olunubdur. Dövlət Standartlaşdırma İdarəsi öz yerində MDB Dövlətlərarası Standartlaşdırma Şurasının verdiyi ən yüksək qiymət bizim məsuliyyətimizi bir qədər də artırıb. Biz bu göstəriciləri qoruyub, saxlamağa çalışırıq. Biz Qlobal Qərb sertifikatı ilə işləyirik. Bu sertifikatın alınması kontrollu əkin mexanizminin həyata keçirilməsi deməkdir.

Bitkiyə vurulan pestisid hermisidlər çox kontrollu olmalıdır. Hətta bəzi kənd təsərrüfatı mütəxəssisləri yüz faiz orqanik məhsulda Qlobal-Qərb sertifikatını üstün hesab edirlər. Çünki bu sertifikatla məhsul zərərvericilərdən normativ çərçivəsində qorunur və yetişir. Şirkətin orqanik sertifikatları vardır. Bu sertifikatlar nar məhsulu üçün alınıb. Təsəvvür edin, bir orqanik sertifikat almaq üçün məhsul yetişdirilməzdən əvvəl onun bitkisindən 95 adda analiz verilir. Məhsul yetişəndən sonra 98-105 adda yenə məhsulun özündən analiz götürülür. Kənd təsərrüfatı məhsullarında bu sertifikatın alınması və qorunub saxlanması mühüm amildir.

«Qafqaz» Konserv zavodunda olarkən burada Azərbaycan istehlakçısına təqdim olunan məhsulun son dərəcə təhlükəsiz şəraitdə istehsal olunmasının və müasir texnologiyalarla qablaşdırılmasının şahidi oldum. Sevindirici haldır ki, bu gün «Azərsun» Holdinq yerli şirkət kimi ölkəni qida təhlükəsizliyinə öz töhfəsini verir. Bu gün əminliklə demək olar ki, yerli şirkətlər ölkənin qida təhlükəsizliyində böyük rol oynayır. Heç şübhəsiz ki, yerli zavodlarımız gün-gündən müasir avadanlıqlarla təchiz olunur, məhsul istehsalında ildən-ilə təcrübə toplayırlar. Ümidvarıq ki, gələcəkdə Azərbaycan məhsulları dünya bazarında tanınmış markalardan olacaqdır.

Qeyd: Yazı Azərbaycan Mətbuat Şurası və «Veysəloğlu» Şirkətlər Qrupunun «İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər» mövzusundakı müsabiqəsinə təqdim olunur.

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın