7:55 am - Çərşənbə Noyabr 22, 2017

İSLAM ƏXLAQI

İslam

İslam

(əvvəli ötən saylarımızda)

Kədər və sürur

İnsan dost tutduğu bir şeyi və böyük məhəbbət bəslədiyi bir adamı itirdikdə, dərin qəmə, qüssəyə aludə olur, buna hüzn və ya kədər deyirlər. Bu da inka rvə etiraz qəbilindən olan bir rəzalətdir. Bu rəzalət ya şəhvət və ya qəzəb qüvvəsinin qeyri-mötədilliyindən meydana çıxır. Lakin etiraz rəzalətinin kərahəti kədər rəzalətinin kərahətindən böyükdür.

Hüzn və kədərin ziddi bir fəzilətdir ki, ona sürur, yəni xoşhallıq və ya şən olmaq deyilir.
Etirazın rəzaləti hüzndən böyük olduğu kimi, sürurun da fəziləti rizadan artıqdır.

Kədər rəzalətini müalicə etmək üçün insan gərək nəzərə alsın ki, bu dünyada sabit və əbədi bir şey yoxdur, hər şey məhv omağa və zəvala məhkumdur. İnsan özü də bu dünyada müvəqqətidir, yalnız nəfsin kəmalı və əql qüvvəsinin məhsulu, ülvi vücuda olan mərifət-baqi qalan şeylərdir. İnsan bu əqidəni özünə qəbul etdirə bilsə, qəmdən, kədərdən azad olar. Bütün fikrini dünya işlərindən ayırıb yüksək kəmala, ülvi, qüdsi məqama çatmağa səy edər. Belə şəxsin üzü şən, surəti xəndan olar, hüznü və kədəri gedər, simasında sürur və şənlik nümayan olar.

Odur ki, Allah-təala “Quran”da buyurur: “Həqiqətən, onlar Allahın dostlarıdır ki, onlar üçün nə qorxu var, nə də kədər”.

Rəvayətlərdə var ki, Allah-təala Davud peyğəmbərə (ə) vəhy edib buyurur: “Ya Davud, məni dost tutanlar dünya işlərindən ötrü nə üçün qəm çəkirlər? Məgər mənimlə münacat etmək ləzzəti onların qəlbindən kədəri aparmırmı?”

Əmirəl-möminin Əli ələyhis-səlam buyurur: “Dünyanın zinəti ilə Əlinin nə işi var? Fənaya gedən bir ləzzətlə necə şad olum və baqqi qalmayan bir qəmlə necə kədərlənim?”.

Bu beyt də o Cənabın kəlamlarındandır:
Gördüm ki, zəmanə müxtəlif surətdə dövr edir,
Nə onun kədəri daimidir, nə də şadlığı.

Odur ki, hər kəs dünyada nəyə malikdirsə, onunla kifayətlənib razı qalmalı və fərəhlənməlidir.

Necə ki, “Quran” ayəsi buyurur: “Hər küruh öz əlində nə varsa, onunla fərəhlənir”.

Ümumiyyətlə, kədər insanın könül bağladığı şeylər əlindən gedən zaman meydana çıxır. Belə isə dünyada heç bir şeyə könül bağlamaq lazım deyil, çünki hər könül bağlanan şey fanidir, daimi deyil, onun fənaya getməsi isə hüznə, kədərə səbəb olur.

Odur ki, qədim yunan alimi Sokrat deyib: “Mən heç vaxt kədərli olmamışam, çünki heç bir şeyə könül bağlamamışam ki, onun fövt olması məni kədərləndirsin”.

Nəticə budur ki, hər kəs xoşlamadığı şey görmək istəmirsə, heç bir şeyi dost tutmamalıdır ki, onun fənaya getməyindən təşvişə düşməsin.

Allaha təvəkkül

Qəzəb və əql qüvvəsinin rəzalətlərindən ən pisi Allah-təalaya etimadsızlıq və ya etimadın zəif olmasıdır. Bu rəzalət ya qəlbin zəifliyindən, ya da Allah-təalaya yəqinliyin zəiflyindən meydana çıxır.

Bu, Allaha şərik qərar vermək (şirk) rəzalətin bir şöbəsidir. Bu güruh həqqində “Quran”da çoxlu ayələr vardır. O cümlədən biri də budur: “Ey o kəslər ki, Allahdan başqasına pərəstiş edirsiz, onlar sizə ruzi verməyə malik deyillər, pəs ruzini Allahın yanında axtarın və ona pərəstiş edin”.

Peyğəmbər-əkrəm (s) cənabları buyurub: “Hər kəs bəndələr vasitəsilə özünə izzət qazanmaq istəsə, Allah onu zəlil edər”.

Tövratda varid olub: “Məlundur o kəs ki, özü kimi bir insana etimad edər”. Yəni Allahı qoyub insanlara ümid bəslər.

Xülasəsi budur ki, Allahdan etimadını üzüb, insanlardan kömək və pənah gözləyən kəslər Allaha tam inanmayan və ya ona etibar etməyən zəiflərdir ki, onların bu xisləti ən böyük rəzalət olub, şirk dərəcəsinə çatır.

Bu rəzalətin ziddi bir fəzilətdir ki, ona təvəkkül deyilir. Allaha təvəkkül etmək – hər bir sahədə işləri Allah-təalanın sərəncamına verib, ona tapşırmaq və hər işdə onun məsləhətini qəbul edib, nəticəsinin xeyir olacağına ümid bəsləmək deməkdir. Allaha təvəkkül edən şəxs yəqin etməlidir ki, Allah-təalanın elmi, kəmalı, qüdrəti və qüvvəti bütün mövcudata müsəllətdir, həm də o, öz bəndələrinə xeyirxahdır, kərimdir, rəuf və mərhəmətlidir.

Əgər bunlara etiqadı olan şəxs mühüm işlərdə Allaha təvəkkül etməkdə nigaran qalırsa və ya öz qəlbində tam etibar hasil edə bilmirsə, bu, ya qəlbin zəifliyindən, ya da aram olmamasından əmələ gəlir. Məsələn, qəlbi zəif olan adam saf və təmiz bal yeyərkən ona desələr ki, bu bal filankəsin nəcisinə oxşayır, o adam haman pakizə baldan nifrət edə rvə daha onu yeməz.

İbrahim peyğəmbər (ə) Allah-təalaya istiğasə elədi ki, istəyirəm görüm ölüləri necə dirildirsən. “Quran”da bu barədə buyurur: “(Allah-təala) buyurdu: Məgər inanmırsan? (İbrahim) dedi: bəli (inanıram), amma istəyirəm qəlbim aram və sakit olsun”. Bu misallardan məlum olur ki, Allaha təvəkkül edən şəxsin qəlbi, iymanı, yəqini qüvvətli, qəlbi aram olmalıdır.

Təvəkkül, müvəhhidlərin ən yüksək məqamı və fəzilətidir. Onun mədhində “Quran”da çoxlu ayələr vardır. Onlardan biri budur: “Əgər iyman sahibisinizsə, Allaha təvəkkül edin”.

Biri də budur: “Allah, təvəkkül edənləri dost tutur”.
Biri də budur: “Hər kəs Allaha təvəkkül etsə, Allah ona kifayət edər”.

Peyğəmbəri-əkrəm (s) buyurub: “Hər kəs işlərini Allahın öhdəsinə buraxsa, Allah onun bütün ehtiyaclarını və ruzisini güman etmədiyi yerdən ona yetirər.Amma hər kəs işlərini dünyaya bağlasa, Allah da onu dünyanın öhdəsinə buraxar”.

Yenə də o cənab buyurub: “Əgər siz Allaha layiq olan şəkildə təvəkkül etsəniz, quşlar kimi sizin də ruziniz yetişər, necə ki, quşlar səhər boş qarınla uçub gedirlər, axşam dolu qarınla qayıdırlar”.

Bu kəlamın mənası o deyil ki, insanlar heç bir işə əl atmayıb otursunlar və Allahdan hazır ruzi gözləsinlər. İnsanların işi iki qismdir. Bir qismi elədir ki, o işlərin icrası onların imkanı xaricindədir. İkinci qism elədir ki, onun icrası imkanı xaricindədir. İkinci qism elədir ki, onun icrası mümkündür, lakin bundan ötrü bəzi maniələr ortaya çıxır ki, onları aradan qaldırmaq çətinlik törədir, ya da buna imkan yoxdur.

Allaha təvəkkül etmək yalnız birinci qisim işlər üçündür, ikinci qism işlər isə insanların öz öhdəsindədir, bu qism işləri görmək üçün işləmək, çalışmaq, zəhmət çəkib, onun nəticəsini almaq lazımdır. Hər kəs güman etsə ki, Allaha təvəkkül etməklə onun qabağına hazır yemək qoyulacaq, belə şəxs böyük xəta etmiş olar. Bu cür tənbəl həyatı islam və şərait qədəğən, həram və şiddətli məzəmmət edib. İnsanlar gərək heyvandarlıq, sənət, ticarət və digər peşələrlə məşğul olsunlar ki, həm özləri ruzi kəsb etsinlər, həm də cəmiyyətin işləri nizamdan düşməsin. Hər kəsin öz ailəsi üçün ruzi qazanması və bu işdə zəhmət çəkməsi onun üçün ibadət hesab olunur. Bu barədə keçən bəhslərdə də deyilmişdir.

İnsanların ruzi dalınca getməsi və bu yolda zəhmət çəkməsi Allaha təvəkkül məsələsi ilə ziddiyyət təşkil etmir. İnsan hər bir iş üçün lazım olan şəraiti düzəldib, işə başlamalı, sonra Allaha təvəkkül etməlidir. Məsələn, xarrat ruzi qazanmaq üçün bir şəxsin evinin üstünü örtməyi boynuna alır. O, lazımi alətlərini götürüb dama çıxır və işə başlayır.

İndi o, Allha təvəkkül etməlidir ki, əlini mişar kəsməsin, mıx vurarkən çəkic onun ayağını əzməsin və iş zamanı ayağı qaçıb damdan yıxılmasın, şikəst olmasın. Təvəkkül budur.

Peyğəmbər (s) cənablarının yanına bir çöl ərəbi gəlmişdi. Peyğəmbər (s) ondan xəbər aldı ki, bəs dəvən hardadır? Ərəb dedi ki, dəvəni xaricdə buraxıb gəldim.

Peyğəmbər (s) soruşdu ki, dəvənin dizini bağladın ya yox, ərəb dedi ki, yox bağlamadım, Allaha təvəkkül edib buraxdım. Peyğəmbər (s) buyurdu ki, əvvəl dəvənin dizini bağla ki, getməsin, sonra Allaha təvəkkül elə ki, ona başqa bir bəla gəlməsin; məsələn, canavar onu dağıtmasın.

Musa peyğəmbər (ə) xəstələnmişdi, uzun müddət xəstə yatıb sağalmadı. Bəni-İsrail cəmaəti ona dedilər ki, həkim gətirək, sənə müalicə etsin.

Musa (ə) buyurdu ki, mən Allah-təala ilə mükalimə edən peyğəmbərəm, həkimə müraciət etmək mənə layiq deyil. Mən Allaha təvəkkül edirəm, lazım bilərsə, özü mənə şifa verər.

Bir müddət keçdi, o, yenə sağalmadı Allah-təala ona vəhy göndərdi ki, təbibə müraciət etməsən, sənə şifa verməyəcəyəm. O təbib çağırdı, onun dərmanlarını qəbul edib sihhət tapdı.

Buradan məlum oldu ki, yalnız görüləcək işlərin şəraitini hazır edəndən sonra Allaha təvəkkül etmək lazımdır.

Cəmiyyətin üzvləri öz işlərinddən və ruzi kəsb etməkdə biri-birilə əlaqədardırlar. Məsələn, əkinçiyə yer sürmək üçün ona at, kotan və digər şeylər lazımdır. O, at almaq üçün ilxısı olan adama və heyvan alveri ilə məşğul olan tacirə, sonra atı nallamaq üçün nalbəndə, kotan almaq üçün dəmirçiyə müraciət etməli olur. Bu qayda ilə hər kəsin ruzisi hasil olur və cəmiyyətin işi də nizama düşür. Elə buna görə də tənbəllik, müftəxorluq, Allaha təvəkkül etməklə oturub, ondan hazır ruzi gözləmək həramdır və şiddətli surətdə məzəmmət olunub.

Belə rəvayət edirlər ki, bir zahid insanlar arasından çıxıb dağlğara gedir və bir dağın başında özünə yer düzəldib ibadətə başlayır. Ruzi barəsində isə Allaha təvvəkül edir.

O gözləyir ki, qeybdən Allah ona ruzi göndərər, lakin heç bir şey gəlmir. Bu minval ilə bir neçə gün keçir. Zahid acından taqətdən düşür. O, istiğasə edir ki, Pərvərdigara mən sənə təvəkkül edib bura gəlmişəm, amma indi acından həlak oluram.

Allah-təala ona vəhy elədi ki, ta bu dağlardan çıxıb abadlığa getməsən, sənə ruzi verməyəcəyəm. Zahid sürünə-sürünə dağdan düşüb özünü yaxındakı şəhərə yetirdi və bir divarın dibində düşüb qaldı. Yoldan keçənlər üzülmüş və ölümcül olan bu qərib adamı görüb ona çörək, su gətirdilər. Zahid o təamlarddan yeyib bir qədər qüvvət tapdı, öz işindən pəşiman olub tövbə elədi.

Buradan məlum olur ki, Allah-təala ruzi yetirəndə, onu bəndələrin vasitəsilə yetirir ki, onlar üçün də bu işdən əcr və səvab hasil olsun. Həm də Allah-təala insanların biri-birindən aralı olmasını istəmir ki, onların ülfəti və mehribanlığı pozulmasın.

(ardı var)

Əhmədağa ƏHMƏDOV

Filed in: İSLAM ƏXLAQI

Hələ şərh yoxdur

Şərh yazın