11:35 am - Şənbə Sentyabr 23, 2017

ÖZÜNÜMƏŞĞULLUQ – ÖZ MƏŞĞULLUĞUNU QUR VƏ AİLƏ BİZNESİNƏ YİYƏLƏN

Məşğulluq cəmiyyətdə rifah amilinin əsas şərtləndirici faktorudur. Bu baxımdan prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin mühüm komponentlərindən biri də əmək ehtiyatlarından istifadə edərək aktiv məşğulluq siyasətinin həyata keçirilməsidir. Sözügedən siyasətin bariz nümunələrindən biri də dövlət başçısı tərəfindən imzalanmış «Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında» 7 aprel 2016-cı il tarixli sərəncamdır. Çünki bu sərəncam aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin aktiv əmək bazarı tədbirlərinə cəlb olunmasına, onların özünüməşğulluğunun təmin olunmasına mühüm dəstəkdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirir ki, ünvanlı sosial yardım proqramı aztəminatlı ailələri yoxsulluğun çətinliklərindən qorunmasına yönəlib. Onun sözlərinə görə, bir il bundan öncə ünvanlı sosial yardımın verilməsinin müddəti 1 ildən 2 ilə qaldırılıb və hətta bu gün hər hansı bir ünvanlı sosial yardım təyin olunmasa belə, bu gün bazada olan və 120 mindən artıq ailə ən azı bir il ərzində ünvanlı sosial yardım almaqda davam edəcək: «Ancaq bununla belə ünvanlı sosial yardım proqramı aztəminatlı ailələrin yoxsulluqdan çıxmasını şərtləndirmir. Ona görə də belə ailələr sırasından müvafiq potensialları olan ailələrin özünüməşğulluğuna, beləliklə yoxsulluq vəziyyətindən çıxmalarına şərait yaradılması hazırda əsas fəaliyyət istiqamətlərindən biridir. Yəni həmin ailələrin əmək qabiliyyətli üzvlərinin aktiv əmək bazarına cəlb olunması üçün proqramların tətbiqi istiqamətində işlər həyata keçirilir. Aparılan təhlillər zamanı hazırda ünvanlı dövlət sosial yardımı ilə təmin olunan 120 minədək ailənin bir hissəsini valideynlərdən biri olmayan, əmək qabiliyyətli üzvləri olmayan, tərkibi əsasən sağlamlıq imkanları məhdud uşaqlardan, əlilliyi olan şəxslərdən, yaxud yaşı 65-dən yuxarı insanlardan və s. ibarət olan, həmçinin 4 və daha çox uşağı olan ailələrdir. Belə ailələrin gələcəkdə də ailə müavinəti almasına ehtiyac var. Amma elə ailələr də var ki, onlarda əmək fəaliyyəti ilə məşğul olmaq üçün azı iki nəfər əmək qabiliyyətli ailə üzvü var. Belə ailələrin öz kiçik təsərrüfatını yaradıb, ailə üzvlərinin maddi ehtiyaclarını təmin etmək imkanları var. Bunu nəzərə alaraq, dövlət başçısının tapşırığına uyğun olaraq aztəminatlı vətəndaşların sosial təminatının gücləndirilməsi işləri ilə yanaşı, onların aktiv əmək bazarı proqramlarına cəlb olunması məsələsinə xüsusi diqqət yetirilir, bununla bağlı müvafiq təhlillər aparılır. «Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında» Sərəncamla qeyd olunan məqsəd üçün ayrılmış 6 milyon manat vəsait hesabına ölkə üzrə 1400 ailənin özünüməşğulluğu təmin ediləcək. Əmək qabiliyyətli ailə üzvləri olan belə ailələr üçün kiçik ailə təsərrüfatları yaradılması ilə bağlı zəruri tədbirlər görüləcək. Bu istiqamətdə işlərin dolğun və məqsədyönlü şəkildə tənzimlənməsi üçün «İşaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətinin təşkili tələbləri» hazırlanaraq nazirliyimizin kollegiyasının müvafiq qərarı ilə təsdiq edilib. Özünüməşğulluq layihələrinə cəlb olunacaq vətəndaşlara biznesin təşkili ilə bağlı təlimlər keçirilir, onlara biznes fəaliyyətinin inkişafı ilə bağlı məsləhətlər verilir. Sərəncamın icrası zamanı belə ailələr seçilməklə, onlara kiçik ailə biznesini qurmaq üçün 4 min manata qədər vəsait həcmində işlərin yerinə yetirilməsi üçün kömək göstəriləcək».

Elman Babayev əlavə edir ki, aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunması istiqamətində praktik işlər davam etdiriləcək və bununla da aztəminatlı ailələr üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarına keçiləcək: «Özünüməşğullluq proqramına bunun üçün müvafiq potensialları, əmək qabiliyyətli üzvləri olan aztəminatlı ailələr cəlb ediləcək və bu proqramın icrası ünvanlı sosial yardım proqramının dayandırılmasını şərtləndirmir. Ona görə də özünüməşğullluq proqramı ilə paralel olaraq, özlərindən asılı olmayan səbəblərdən yoxsulluq vəziyyətində yaşayan, məşğulluq tədbirlərinə cəlb olunmaq üçün potensialları olmayan ailələrin dövlətin sosial yardımları ilə təmin edilməsi prosesi də davam etdiriləcək».

İqtisadçı-alim, dosent Mübariz Məmmədli deyir ki, inkişaf etmiş ölkələrdə özünüməşğulluq əlavə gəlir mənbəyi, daha sərbəst həyat tərzi keçirtmək üçün özünün ilkin ehtiyaclarının ödənilməsi mənbəyi kimi çıxış edirsə, inkişaf etməkdə olan ölkələrdə bu yoxsulluğun aradan qaldırılması, əhalinin məşğulluq probleminin həll olunması yolu kimi görülür. Ona görə də özünüməşğulluğun təşviqi vasitəsilə aztəminatlı ailələrin həyat şəraitini yaxşılaşdırmaq, həm işsizlik problemlərini həll etmək, yoxsulluqla mübarizə aparmaq, ölkə iqtisadiyyatına fayda vermək, sahibkarlıq mühitini aktivləşdirmək mümkündür: «Azərbaycanda özünüməşğulluq xüsusilə ticarət və xidmət sahəsində geniş yayılıb.

Elmin və texnologiyanın inkişafı ilə informasiya-kommunikasiya texnologiyaları sahəsində də özünüməşğulluq artmaqdadır. Bu gün müstəqil fəaliyyət göstərən proqramçılar, web dizaynerlər, smartfonlar üçün proqram əlavələri yazanlar və s. daha da populyarlaşmaqdadır. Yəni fərdi kəndli ev təsərrüfatlarından tutmuş yüksək texnoloji sahələrə qədər özünüməşğulluq üçün qazanc imkanları var. Bu baxımdan da özünüməşğulluğun təşviq edilməsi Azərbaycanda dövlət siyasəti çərçivəsində aparılır. «Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında» sərəncamın icrası ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib və onlardan ən önəmlilərindən biri də təlimçilərin hazırlanması olub. Dövlət başçısının ayırdığı 6 milyon manatla 86 rayonu əhatə etməklə 1400 aztəminatlı ailə 4 min manatla fərdi bizneslərini quracaq.

Seçim aparılarkən ünvanlı sosial yardım alan ailələrə, xüsusilə ən azı 2 nəfər əmək qabiliyyəti olanlara üstünlük veriləcək, layihənin icrasında onlara verilən təsərrüfat əşyalarının, mal-qaranın və sairənin sığortalanması təmin ediləcək. Layihənin sonunda layihə çərçivəsində alınmış avadanlıqlar uğurlu layihə iştirakçılarının mülkiyyətinə veriləcək. Bütün bunlar aztəminatlı ailələrin məşğulluğunun təminatında mühüm rol oynayacaq, ölkəmizdə yoxsulluq və işsizlik minimum həddə enəcək».

Vurğulamaq yerinə düşər ki, aztəminatlı ailələrin məşğulluğunun təmin edilməsində torpaqlardan səmərəli istifadə olunması məsələsi də böyük əhəmiyyət kəsb edir. Hətta Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov KİV-ə açıqlamasında bildirib ki, respublikada özəl sektorun və regionların inkişafı, müasir infrastrukturun yaradılması, aqrar sahənin canlanması şəraitində iqtisadiyyatın şaxələndirilməsi prosesləri uğurla həyata keçirilib.

Nazir deyib ki, torpaqlardan səmərəli istifadə edilməklə kənd təsərrüfatında ixracyönümlü məhsul istehsalı sektorlarının, o cümlədən pambıqçılığın, tütünçülüyün və s. sahələrin sürətli inkişafına nail olunması əmək resurslarının 36,7 faizinin cəmləşdiyi kənd yerlərində məşğulluğun əhəmiyyətli şəkildə artmasına şərait yaradıb: «İqtisadiyyatın şaxələndirilməsi, inşaat və ənənəvi kənd təsərrüfatı sektorlarının inkişaf etdirilməsi şəraitində əmək tutumlu sahələrin yaradılması, kiçik və orta sahibkarlığın genişlənməsinə yönələn investisiya fəallığı, regionların inkişafının hərtərəfli dəstəklənməsi tədbirləri cari ildə də respublikada xeyli sayda yeni iş yerinin yaradılmasını şərtləndirəcək».

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qulu Xəlilov isə qeyd edir ki, komitə tərəfindən Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması ilə bağlı aparılan işlər öz müsbət nəticələrini verməkdədir. Onun sözlərinə görə, «Sovxoz və kolxozların islahatı haqqında» qanunla torpaq payı almaq hüququna malik olan, ancaq indiyədək bu hüquqdan yararlana bilməyən şəxslərə bu sahədə həyata keçirilən işlərin nəticəsi olaraq, pay torpaqları ayrılıb. Komitə tərəfindən torpaqların elektron kadastr uçotu sisteminin qurulması ilə bağlı həyata keçirilən işlər çərçivəsində torpaqların naturada dəqiqləşdirmə işləri aparılıb, həndəsi ölçüləri, sərhədləri, konfiqurasiyası müəyyənləşdirilmiş bir sıra rayonlarda vətəndaşlara pay torpaqlarının verilməsi ilə əlaqədar məsələlər öz həllini tapıb: «Belə ki, ƏMDK tərəfindən kadastr uçotunun nəticələrinə istinad edilməklə Xaçmaz rayonunun Müqtədir qəsəbəsi və Vələmir kəndi üzrə yerli sakinlərə pay torpaqlarının verilməsi həyata keçirilib. Bu məqsədlə, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Xaçmaz rayonunun Müqtədir qəsəbəsinin və Vələmir kəndinin torpaq payı almaq hüququ olan əhalisinə 531,24 hektar pay torpaq sahələri ayrılıb. Komitəmiz tərəfindən pay torpaqlarının verilməsindən öncə Xaçmaz Rayon İcra Hakimiyyəti ilə birlikdə bir sıra istiqamətdə işlər aparıb. Yəni Müqtədir qəsəbəsi və Vələmir kəndi üzrə torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı müəyyənləşdirib, dövlət, bələdiyyə və xüsusi mülkiyyətə verilmiş torpaq sahələri ayrılıb. Bundan başqa, torpaq islahatının başa çatdırılması məqsədilə təsərrüfatın yerquruluşu layihəsi və pay torpaqlarının bölgü layihəsi tərtib edilib. İslahat nəticəsində ərazidə mövcud olan 604 ailədən ibarət 2 min 315 subyektin hər birinə 0,18 hektar pay torpaq sahəsi naturada ayrılıb.

ƏMDK tərəfindən ilk dəfə olaraq Xaçmaz ra-yonunun Müqtədir qəsəbəsində torpaq payı almış vətəndaşlara mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim edilib. İlkin olaraq 50-ə yaxın vətəndaşa əmlakı üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışlar verilib. Onlar bu sənədi heç bir yerə getmədən komitənin mobil ofisləri vasitəsilə ilə aldıqları pay torpaqlarındaca əldə ediblər. Sakinlər bu tədbirlərlə bağlı ölkə rəhbərliyi tərəfindən aparılan iqtisadi islahatları müsbət qarşılayırlar. Vətəndaşlar bildiriblər ki, verilən bu torpaqlar onların yaşayış səviyyəsinin yaxşılaşmasına imkan verəcək».

Qulu Xəlilov əlavə edir ki, analoji proses Siyəzən rayonunun Dağquşçu, İmişli rayonunun Hacımustafalı kəndlərində də həyata keçirilib və uzun illərdən bəri torpaq payı almaq arzusunda olan insanlara torpaq payları ayrılıb. Pay torpaqları əldə edə bilməyən şəxslərə pay torpaqlarının verilməsində məqsəd kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, əhalinin ərzaq təminatının yerli istehsal hesabına ödənilməsinin təmin edilməsidir: «Bundan başqa pay torpaqlara çıxarışların təqdim edilməsi həm kəndlinin fəaliyyətini stimullaşdırır, həm də aqrar sahədə məşğulluq səviyyəsinin yüksəldilməsinə şərait yaradır. Bütün bunlar da aztəminatlı ailələrin məşğulluğunun təminatında mühüm rol onyayacaq və «Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında» Sərəncamın layiqli icrasına şərait yaradacaq».

Qeyd: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

Dilşad XAQANİQIZI,
“Təhsil problemləri”

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın