4:46 am - Şənbə İyul 22, 2017

“SON ZƏNG” ÇALINDI

“Təhsil hər bir dövlətin gələcəyidir. Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100%-dir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar”.

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev

Şəkil

Şəkil

Həyatda elə günlər, elə anlar olur ki, insan ömrü boyu unutmur. Belə yaddaqalan, unudulmayan, xatırlanan günlərdən biri də “Son zəng” tədbiridir.

Şəkil

Şəkil

Ölkəmizin ümumtəhsil məktəblərində 11-ci sinfi bitirənlər üçün iyun ayının 14-də sonuncu dəfə zəng çalındı.Təhsil Nazirliyinin məlumatına görə 2016/2017-ci tədris ilində respublikamızın ümumtəhsil məktəblərinin 9-cu siniflərini 110638, 11-ci siniflərini 84088, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 şagird bitirib. Növbəti tədris ilində 165 minə yaxın uşağın birinci siniflərə qəbulu gözlənilir. 2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinin 9-cu sinfini 27708 şagird, 11-ci sinfini isə 19525 şagird bitirib. Bakıda 12-ci sinfi (axşam-qiyabi) 599 nəfər başa vurub.

Şəkil

Şəkil

İyunun14-də paytaxtın Pirallahı rayonundakı 168 nömrəli tam orta məktəbdə də (məktəb eyniadlı adada yerləşir) “Son zəng” tədbiri keçirildi. Tədbirdə Təhsil nazirinin müavini Ceyhun Bayramov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin şöbə müdiri Şahin İsgəndərov və digər qonaqlar iştrak edirdilər.

Şəkil

Şəkil

Məktəbin direktoru Şakir Mikayılov çıxışında Təhsil nazirinin müavini Ceyhun Bayramovun tədbirdə iştirak etməsini məktəbin tarixində əlamətdar bir gün olmasını xüsusi vurğuladı və onu pedaqoji kollektiv adından salamladı. Qeyd etdi ki, məktəb 1963-cü ildən fəaliyyət göstərir və ötən illərdə təhsil ocağında 3 direktor çalışıb. Hidayət Məmmədov kollektivə 41 il – 2012-ci ilin sentyabrına qədər rəhbərlik edib. Özü bu məktəbin 4-cü direktorudur. Məktəbdə 800-ə yaxın şagirdin təlim-tərbiyəsi ilə 52 müəllim məşğul olur. Son 4 ildə 9-cu siniflərin buraxılış nəticələrinə görə məktəb rayon üzrə 1-ci yerdədir. Onbirincilərin də nəticələri qənaətbəxşdir. Bu il 62 şagird tam orta təhsilini başa vurur.

Təhsil nazirinin müavini Ceyhun Bayramov çıxışında 11 il ərzində biliklərə səylə yiyələnib təlim-tərbiyə almış məzunlara xoş sözlərini ünvanladı. Qeyd etdi ki, ötən illər ərzində onlar formalaşıb və müstəqil həyata tam hazırdılar. Onların bu mərtəbəyə çatmasında isə müəllim və valideynlərin böyük zəhmət payı var. Dövlət təhsilimizin inkişafına böyük diqqət yetirir. Azərbaycan güclü və qüdrətli dövlətdir. Tarix üçün qısa bir zamanda çox şeyə nail olub.

Beynəlxalq aləmdə yaxşı tanınır. 2016-cı il Aprel döyüşləri ordumuzun gücünü, xalqımızın birliyini bir daha göstərdi.

Azrbaycanın daha qüdrətli bir dövlət olması gənclərin inkişafından, bu günün, qarşıdakı illərin məzunlarından asılıdır. Nazir müavini Ceyhun Bayramov məzunlara müstəqil həyatda müəllim və valideynlərinin etimadını doğrultmağı, müstəqil dövlətimizə layiq vətəndaş olmalarını arzuladı.

Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov çıxışında bildirdi ki, Pirallahı rayonu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2012-ci ildə yaradılıb. Ötən illər ərzində ölkə başçısı bu rayonda 3 dəfə olub və yaxın günlərdə 4-cü dəfə gəlişi gözlənilir. Vəzir Səfixanov tədbirə toplaşanları Qurtuluş günü münasibətilə də təbrik etdi və məzunlara uğurlar dilədi.

Məzunların 1-ci sinif müəllimləri, sinif rəhbərləri, valideynlər də çıxış edərək yetirmələrinə öz istək və arzularını söylədilər. Sinif rəhbərləri – kimya müəllimi Sairə Əliyeva, fiziki tərbiyə müəllimi Nizami Abdullayev və riyaziyyat müəllimi Yeganə Həsənovanın məzunlarla söhbəti unudulmaz anlara döndü. Şagirdlərin uğurlarından söhbət açan Nizami müəllim bildirdi ki, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Naziriyi, “Coco-cola” şirkətinin birgə təşkilatlığı ilə həyata keçirilən “Olimpiya hərəkatı-2017” layihəsi çərçivəsində məktəblilərin idman yarışlarında 168 nömrəli məktəbin şagirdləri də öz qüvvə və bacarıqlarını sınayıblar. Məktəb voleybol, basketbol, velosiped və badminton üzrə keçirilən yarışlarda Pirallahı rayonunda I yeri, atletika idman növü üzrə II yeri tutub.

Kubok və diplomlarla mükafatlandırılıb. Məktəbin idmançıları respublika birinciliyində də fəal iştirak ediblər.

İdmançıların uğurlarında fiziki tərbiyə müəllimi Lətif Əhmədov və digər müəllimlərin də əməyi, diqqət və qayğısı az deyil.

Tədbirdə yola saldığımız tədris ilində müəllim və şagirdlərin müvəffəqiyyətlərindən geniş söhbət açıldı. O da qeyd olundu ki, tərbiyə işləri üzrə direktor müavini Sevda Rəhimova gənc nəslin təlim-tərbiyəsindəki nailiyyətlərinə görə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanov tərəfindən Fəxri fərmana layiq görülüb. Dövlət İmtahan Mərkəzinin 2017-2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə keçirdiyi birinci imtahanda Aytac, Rəşad və Urfan 500-dən yuxarı bal toplayıblar.

Necə də kövrəkdir “Son zəng”in səsi,
Həzin kaman kimi, incə tar kimi.
“Son zəng” nəğmə deyir, vida nəğməsi,
Siz uçub gedirsiz durnalar kimi.

Tədbirin aparıcıları – 11-ci sinif şagirdləri Aysel Məmmədzadə və Kənan Rəhmanzadənin dilindən eşidilən sevinc, fərəh, təəssüf, müəllimlərinə məhəbbət, sabaha inamla addımlamaq fikir və düşüncələri, ehtimadı doğrultmaq ifadələri:

– Məzunlar doğma məktəbdən, qayğısız sevinc dolu illərdən ayrılır. Bir an arxaya dönüb, məktəb illərinə nəzər salaq. 2006-cı il, həmin məkan. Birincilər, yəni bugünkü məzunlar onbirincilərlə qarşı-qarıya dayanıblar. Həmin səhnə bu gün təktrar olunur. Onbirincilər həyəcanlıdır, birincilər isə nəyin baş verdiyini anlamağa çalışır. İllər ötdü, gün yetdi.

Onlar həmin məzunları bu gün nəhayət ki, anlaya bildilər.

Son zəngin cingiltili sədaları hər birimizin qəlbində məktəb xatirələrini oyadır. Şagirdlərin gülüşləri, heç zaman bitməyəcəyini təsəvvür etdiyimiz dərslər, tez başa çatan tənəffüslər, bayram şənlikləri, bilik və idman yarışları, müsabiqələr…

Yəqin ki, hər bir şagird bir az çəkinə-çəkinə, qorxa-qorxa, eyni zamanda, həyəcanla, sevinclə məktəbə gəldiyini, ilk dərs gününü xatırlayır. Bizə ilk dəfə yazıb-oxumağı öyrədən ibtidai sinif müəllimlərini, yuxarı siniflərdə bizə dərs deyən ayrı-ayrı fənn müəllimlərini unutmayacaqlar.

Biz məzunlar müstəqil həyat yollarında inamla addımlayacaq, əldə edəcəyimiz uğurlarla valideynlərimizi, müəllimlərimizi sevindirəcəyik.

Əşrəf HÜMMƏTOV,
“Təhsil problemləri”

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın