4:44 am - Şənbə İyul 22, 2017

BİOLOGİYANIN FİZİKA DƏRSLƏRİ İLƏ İNTEQRASİYASI

Biologiya kursunda fizika qanunlarına, hadisələrə və anlayışlara əsaslanan sayda maraqlı proseslər vardır (biofizika). Təbiət fənlərinin inteqrativ tədrisi fizikanı digər fənlər arasında əsas aparıcı fənnə çevirir. Biologiyanın tədrisi zamanı fiziki biliklərdən istifadə edilməsi şagirdlərə təbiət hadisələrinin aydınlaşdırılmasına və təbiət qanunlarının vahidliyini sübut etməyə imkan yaradır. Biologiya dərslərində bakteriyalardan tutmuş filə və balinayadək müxtəlif canlı orqanizmlərin ölçüləri, hərəkət sürətləri, kütlələri kimi fiziki kəmiyyətlərdən istifadə olunur.

Müasir məktəbdə interaktiv təlim metodlarından istifadə təhsilin humanistləşdirilməsi, demokratikləşdirilməsi, həm bir pedaqoji ideya, yeni pedaqoji təfəkkür, həm də təlimdə əsas pedaqoji prinsipidir. Humanizm “əməkdaşlıq”, “dialoq”, “qarşılıqlı əlaqə” deməkdir. İnteraktiv təlim prosesində şagird və müəllimin qarşılıqlı təlim əlaqələri yaradılır; fikir mübadiləsi aparılır; yeni fikir yaradılır; işlərin düzgün bölünməsi aparılır; məsuliyyət hissi yaradır; sosial bilik və vərdişlər aşılanır. İnteraktiv təlim zamanı şagird öz yaradıcı fəaliyyəti ilə proqram çərçivəsindən kənara çıxır; yeni perspektivlər görür; öz biliklərindən çıxış edərək yeni bilik yaradır; qarşılıqlı dioloji əlaqədə biliklərini genişləndirib, möhkəmləndirir; biliklərini bərpa edərək, səhvlərini düzəldir; biliklər arasında məntiqi əlaqələr yaradır müzakirədə yaranan biliyin quruluşuna uyğunlaşmış biliyini yaradır.

Fizikanın tədrisinə qədərki ümumtəhsil pilləsinin müxtəlif səviyyələrində şagirdlərin biologiya, coğrafiya, həyat bilgisi, ədəbiyyat, həyatı bacarıqlara əsaslanan təhsil texnologiyası fənlərinin tədrisi zamanı əldə olunan biliklərə istinad edərək onların təsəvvürlərini, məntiqi və yaradıcı təfəkkürlərini inkişaf etdirən əlaqələr yaratmaq və dünyagörüşlərinin inkişaf etməsinə zəmin yaratmaq qarşıda duran başlıca məsələdir.

Fizika dünyəvi elmdir. Lakin bəzən təbiət hadisələrinin dərkinin çətinliyi dünyəvilik, ümumubəşərilik baxımından fizikanın duyumunu arxa plana keçirir. Fizikanın elm kimi asan və ya çətin qavranılması birbaşa təfəkkürlə bağlıdır.
Fizika müəllimi öyrətdiyi mövzunun məzmunu baxımından onun rolunu və əhəmiyyətini, xalq təsərrüfatının müxtəlif sahələrindəki tətbiqlərini göstərməklə şagirdlərin təsəvvüründə elmlərin bir vəhdət təşkil etdiyini canlandırır, fənnin tədrisi zamanı şagird tərəfindən qazanılan bilik – məzmun nə qədər həyati faktlarla zəngin olsa, paralel fənlərlə inteqrasiya nə qədər qabarıq qurulsa, dərs prosesi bir o qədər maraqlı və effektiv keçər, səmərəli olar, şagirdlərin təfəkkürünü və yaradıcılıq qabiliyyətini artırar, dərsdə müsbət nəticələr alınar. Məhz belə olduqda idrak prosesinin tamlığı özünü göstərər, müəllim dərsdə qarşısına qoyulan məqsədə lazımi səviyyədə nail olmaqla məzmun standartını tam reallaşdıra bilər. Məsələn, işığın dispersiyası hadisəsinin öyrənilməsi dalğa nəzərriyəsinə əsasən işıq şüasının sınmasının səbəbini izah etməklə başlanır və ümumiyyətlə işığın dispersiyası işığın sınması hadisəsinin əmələ gəlməsi səbəbi maddə daxilində müxtəlif dalğa uzunluqlu işıqların yayılma sürətinin müxtəlif olması ilə izah edilir. Vakumda dalğa uzunluğundan asılı olmayaraq istənilən rəngdə işıq eyni sürətlə yayılır. Ona görə də dispersiya müşahidə edilmir.

Fizika nə qədər düstur və qanunlarda varsa bir o qədər də həyatda var. İnsanlar da bu qanun və qanunauyğunluqlardan məharətlə istifadə edirlər. Buna misal olaraq heyvandarlıq fermalarında ultrabənövşəyi şüalardan ziyanverici mikroorqanizmləri məhv etmək üçün istifadə edilməsini misal göstərmək olar və yaxud da gücü 30Vt olan hər bir bakterisid lampa 30m2 sahədə ziyanverici mikroorqanizmlərlə fəal mübarizə aparmağa kifayət edir.

Bundan əlavə, ultrabənövşəyi şüalardan südün strelizə edilməsində və başqa məqsədlər üçün də istifadə edilməsini şagirdlərin nəzərinə çatdırmaq yerinə düşər.

Heyvanların ultrabənövşəyi şüalarla şüalandırılması onların məhsuldarlığına da müsbət təsir göstərir. Kvars lampalarının köməyi ilə heyvanları müalicə edir, inkibatora veriləcək yumurtaları seçirlər. Təzə yumurtalar bu şüalanmanın təsiri ilə qırmızı işıq, köhnələri isə bənövşəyi və ya göy işıq buraxır.

İnfraqırmızı şüalardan da kənd təsərrüfatında müxtəlif məqsədlər üçün istifadə edilir. Bu şüalanma canlı toxumaların dərinliklərinə daxil olur və orada udularaq temperaturu yüksəldir. İnfraqırmızı şüalar almaq üçün işlədilən qurğularda cərəyan keçən tel nixrondan hazırlanır. Bu tel 7000 S temperatura qədər qızır və 40-48 kC enerji sərf olunur. Səpinqabağı toxumun nəmliyi kondensatorun tutumunun dəyişməsi ilə dəqiq təyin edilir. Kondensatorun lövhələri arasına doldurulmuş toxum onun tutumunu etalon qiymətdən artıq göstərirsə, toxum yenidən infraqırmızı şüalanma ilə qızdırılır. Bu qızdırma prosesində temperatur 550 S-dən yuxarı olmamalıdır.

Mövzunun izahı zamanı müəllimin fənlər arası inteqrasiya baxımından biologiya fənninə müraciət etməsi yerinə düşər. Məsələn: Canlı orqanizmlər təbiətin müxtəlif amillərinin təsiri altındadırlar. Bunlara mühit amilləri deyilir. Öz təbiətinə görə mühit amilləri 3 yerə ayrılır:

1. Mühitin cansız amilləri – abiotik amillər;
2. Mühitin canlı amilləri – biotik amillər;
3. İnsan – antropogen amil.

Hər bir ekoloji amil orqanizmə müəyyən intensivliklə təsir edir. Həyat üçün əlverişli olan intensivlik optimum (optimal intensivlik) adlanır. Mühitin abiotik amillərindən işıq amili quru orqanizmlər üçün mühüm əhəmiyyət kəsb edir. Yer üzərində əsas enerji mənbəyi Günəşdir. Günəş şüalarının bioloji təsiri onun spektral tərkibi, dalğa uzunluğu, intensivliyi, sutkalıq və fəsil dövrülüyü ilə əlaqədardır. İşıq spektri ultrabənövşəyi, görünən və infraqırmızı şüalara bölünür. Ultrabənövşeyi şüalar qısa və uzundalğalı olur. Qısadalğalı şüaların dalğa uzunluğu 0,29 mkm-dən az olur.

Onlar canlılar üçün məhvedici təsirə malikdir. Qısadalğalı şüalar azon qatı tərəfindən tutulduğundan yerə gəlib çatmır. Yerə uzundalğalı şüaların az bir qismi çatır. Bu şüaların dalğa uzunluğu 0,30–0,40 mkm-dir. Ultrabənövşəyi şüalar yüksək dozada canlılara məhvedici təsir göstərsələr də, onların az miqdarı orqanizm üçün zəruri olub dəridə D vitamininin əmələ gəlməsində iştirak edir. Həşəratlar ultrabənövşəyi şüaları görürlər.

İşıq spektrinin görünən şüaları 0,40-0,750 mkm-dir. Atmosfer tərəfindən demək olar ki, tutulmur. Görünən şüalar fotosintez üçün böyük əhəmiyyətə malikdir. Ağ işıq dalğa uzunluğuna görə 7 rəngə ayrılır: bənövşəyi, mavi, göy, yaşıl, sarı, narıncı, qırmızı. Biz bu rəngləri təbiətdə göy qurşağının yaranmasında görürük. Yaşıl bitkilərin əksəriyyəti görünən şüaların qırmızı spektrindən istifadə edirlər. Qırmızı yosunlar fotosintez üçün yaşıl, qonur yosunlar isə bənövşəyi spektrdən istifadə edirlər. Heyvanların əksəriyyəti bu işığı görür. Dalğa uzunluğu 0,75 mkm-dən çox olub, insan gözü tərəfindən qəbul edilmir. Bu şüalar istilik mənbəyi olub soyuqqanlı orqanizmlərin fəallığını artırır. Yer kürəsinin öz oxu və eyni zamanda Günəş ətrafında fırlanması ilə əlaqədar işıqlanma şəraiti təbiətdə sutkalıq və mövsüm dövriyyəsinə malikdir. İşıqlanmanın sutkalıq ritmi ilə əlaqədar bitki və heyvanlarda gündüz və gecə həyat tərzinə uyğunlaşmalar yaranmışdır.

Südabə ABDULLAYEVA,
Bakı şəhəri, A.Səfərov adına
114 nömrəli tam orta məktəbin fizika müəllimi

Gülzar BƏŞİROVA,
Bakı şəhəri, A.Səfərov adına
114 nömrəli tam orta məktəbin biologiya müəllimi

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın