7:56 am - Çərşənbə Noyabr 22, 2017

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ XALQ TƏHSİLİ VƏ MAARİFİ

Nazilə MƏMMƏDOVA,             Bakı şəhəri, Nəriman Nərimanov       adına 45 nömrəli tam orta məktəbin    direktoru

Nazilə MƏMMƏDOVA,
Bakı şəhəri, Nəriman Nərimanov
adına 45 nömrəli tam orta məktəbin
direktoru

1918-ci il may ayının 27-də Tiflis şəhərində Zaqafqaziya Seymi dağıldı və Azərbaycan Milli Şurası yaradıldı. Məhəmməd Əmin Rəsulzadənin sədr olduğu Azərbaycan Milli Şurası mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını elan etdi. Müsəlman Şərqində yaranan ilk parlamentli respublika kimi tarixə düşdü. 1920-ci il aprelin 28-də Bolşevik Rusiyası tərəfindən devirilən Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi qısa bir dövrdə – 23 ay ərzində böyük nailiyyətlər əldə etdi.

İstiqlal Bəyannaməsinin elan olunduğu iclasda bitərəf Fətəli xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibi təsdiqləndi, maliyyə naziri və xalq maarif naziri vəzifəsini Nəsib bəy Yusifbəyli tutdu. AXC Hökuməti Gəncəyə köçdükdən sonra iyun ayının 30-da Xalq Maarif Nazirliyinin ştat tərkibi də təsdiq olundu.

Nazirliyin Məktəblər idarəsi nəzdində ali və orta ixtisas təhsili, xalq təhsili və peşə təhsili işləri üzrə üç müstəqil şöbə yaradıldı. O dövrdə fəaliyyətini davam etdirə bilən təhsil ocaqları barədə məlumat toplanıldı. 1914-1915-ci il tədris ilində Azərbaycanda fəaliyyət göstərən 976 məktəbin 943 ibtidai, 18-i yeddiillik, 15 orta məktəb idi. Bakıda 143 ibtidai, 16 yeddiillik, 15-i orta məktəb – cəmi 174 məktəb vardı. Kəndlərdə isə 802 məktəbin 800-ü ibtidai, 2-si yeddiillik idi. Azərbaycanın təhsil ocaqlarında cəmi 73 min 100 şagird təhsil alırdı, onun da 61 min iki yüzü ibtidai məktəblərdə oxuyurdu. Şagirdlərin 35,2 faizi – 23 min nəfəri azərbaycanlı idi. O dövrdə olan gərginlik, malyyə çətinlikləri Çar Rusiyasında təhsilin inkişafını ləngidirdi.

Şəkil

Şəkil

1918-ci il iyun ayının 27-də Azərbaycan – türk dili dövlət dili elan edildi. Nazirlər Şurasının həmin il 18 avqust tarixli qərarına əsasən, çətinliklərə baxmayaraq, ilk növbədə bütün ibtidai məktəblərdə tədrisin Azərbaycan dilində aparılmasına başlanıldı. 1918-ci il 27 iyun tarixli qərarda birmənalı şəkildə göstərilirdi ki, bütün ibtidai təhsil müəssisələrində təhsil şagirdlərin öz ana dilində aparılmalı və dövlət dili olan Azərbaycan – türk dili icbari surətdə həyata keçirilməlidir. Birinci və ikinci siniflər tamamilə milliləşdirildi. Əgər bu siniflərdə azərbaycanlı olmayan və Azərbaycan dilini bilməyənlər vardısa, onlar üçün paralel olaraq rus dilində tədris aparan bölmələr təşkil edildi.

Təhsil Nazirliyinin Nazirlər Şurasına müraciəti əsasında 1918-ci il sentyabrın 7-də və noyabrın 18-də hökumət təhsil haqqında yeni qərarlar qəbul etdi. Həmin qərarlarda Azərbaycan dilini bilməyən şəxslərin təhsil almaları üçün münasib şəraitin yaradılması nəzərdə tutulurdu. 1919-cu ilin yayında məktəblərin aşağı siniflərini milli müəllim kadrları ilə təmin etmək məqsədi ilə ölkədə qısamüddətli kurslar təşkil olunmağa başlanıldı. Bakı, Gəncə və Nuxada kişi və qadın, Şuşa, Qazax, Qusar, Salyan və Zaqatalada kişi pedaqoji kursları açıldı. Bu kursların hər birində azı 50 nəfər təhsil alırdı. Məzunlar məktəblərə müəllim göndərilirdi. 1918-ci ildə Şamaxı və Göyçay qəzaları xalq məktəbləri müfəttişlərində qeydiyyatda olan 108 məktəbdən cəmi 10 məktəb fəaliyyət göstərirdisə, 1919-1920- ci tədris ilində onların sayı 70-ə çatdırıldı.1919-cu ilin noyabrında Bakıda azərbaycanlı fəhlələr üçün texniki axşam kursları da açıldı. Ümumiyyətlə, Azərbaycan hökumətinin həyata keçirdiyi tələblər nəticəsində artıq 1919-cu ilin əvvəllərində ölkədə dövlət hesabına 637 ibtidai məktəb və 23 orta ixtisas təhsili məktəbi fəaliyyət göstərirdi. Orta məktəblər arasında 6 kişi və 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 müqəddəs Nina qız tədris müəssisəsi, politexnik məktəb və kommersiya məktəbi var idi. Xalq Cümhuriyyətinin işğalı ərəfəsində Azərbaycanda 48 min 78 şagirdi əhatə edən 643 ibtidai məktəb, 9 min 611 şagirdi əhatə edən 230 orta məktəb, seminariyalar fəaliyyət göstərirdi. İbtidai məktəblərdə təhsil alan azərbaycanlı şagirdlərin sayı 16 min 621 nəfər idi və bunun min 420 nəfərini qızlar təşkil edirdi.

1876-cı ildə Gürcüstanın Qori şəhərində görkəmli rus pedaqoqu Konstantin Dimitroviç Uşinskinin layihəsi əsasında Cənubi Qafqazın yerli əhalisindən ibtidai məktəb müəllimi hazırlayan pedaqoji təhsil müəssisəsi – seminariya açılmışdı. 1879-cu ildə seminariyanın Azərbaycan şöbəsinin yaradılmasında isə dahi Mirzə Fətəli Axundzadənin böyük rolu olmuşdur. Seminariyada təhsil rus dilində idi, Azərbaycan dili isə yalnız Azərbaycan şöbəsində tədris edilirdi. Gələcək azərbaycanlı müəllimlərin hazırlanmasında bu şöbənin ilk müfəttişi Azərbaycanın Mərəzə kəndindən olan Aleksey Osipoviç Çernyayevskinin xidmətləri əvəzsizdi. Görkəmli ziyalılarımız Azərbaycan şöbəsinin Azərbaycan şəhərlərindən birinə köçürülməsinə çalışırdılar. 1914-cü ildə Gəncə müəllimlər seminariyası açıldı. 1916-cı ildə isə belə bir seminariya Bakıda fəsaliyyətə başladı.

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 22 iyun tarixli qərarı ilə Qori Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi və müstəqillik statusu alması mühüm əhəmiyyət daşıyırdı. Qori Müəllimlər Seminariyasının məzunu, Azərbaycan şöbəsinin sonuncu müfəttişi Firudin bəy Köçərli direktor təyin olundu. Alovlu vətənpərvər, görkəmli maarifçi, gözəl pedaqoq, metodist, yorulmaz tədiqatçı alim, tərcüməçi, yazıçı və publist Firudin bəy Köçərli Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinə təqdimatına əsasən həbs olunub, 20-ci diviziyanın 7-ci xüsusi bölməsi xüsusi şöbəsində güllələnməsi haqqında qərar çıxarılıb. Hökm 1920-ci ilin iyun ayının 20-də Gəncədə yerinə yetirilib.

1919-cu il sentyabr ayının 1-də Azərbaycan Parlamenti “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında qanun” qəbul etdi. Elə həmin iclasda 1919-1920-ci dərs ilində 100 nəfər azərbaycanlı gəncin xarici ölkələrin ali məktəblərinə göndərilməsi üçün vəsait ayrılması barədə də qərar qəbul olundu. Xaricdə oxumağa göndəriləcək gəncləri müəyyən etmək üçün Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov Abdulla bəy Əfəndiyev olmaqla 5 nəfərdən ibarət xüsusi komissiya yaradıldı. Komissiyanın qərarlarına əsasən, 45 nəfər Fransa, 23 nəfər İtaliya, 10 nəfər İngiltərə, 9 nəfər Türkiyə ali məktəblərinə göndərildi. Rusiyada oxumaq üçün seçilmiş 13 nəfər gəncin orada vətəndaş müharibəsi getdiyinə görə təhsil almağa yollanması mümkün olmadı.

Azərbaycan Hökuməti Xalq Maarif Nazirliyi qarşısında Bakı Dövlət Universitetinin, Kənd Təsərrüfatı İnstitutunun və Dövlət Konservatoriyasının açılması məsələsini qoysa da, o dövrdəki tarixi şərait yalnız Bakı Dövlət Univertsitetinin təşkilinə imkan verdi. 1919-1920- ci tədris ilində Tibb fakültəsinin əvvəlki kurslarını, tarix-ədəbiyyat fakültəsinin birinci kursunu açmaq mümkün oldu. Dərslər noyabrın 15-də başlandı. Məhəmməd Əmin Rəsulzadə və maarif maziri Rəşid bəy Qaplanov Osmanlı ədəbiyyatından, Məhəmməd ağa Şaxtaxtılı isə Azərbaycan dilinin qrammatikasından mühazirələr oxudular. İlk tədris ilində universitetdə cəmi 1094 tələbə təhsil alırdı ki, onların da 217 nəfəri azad dinləyici idi. Universitetdə 44 müəllim çalışırdı ki, onların da 12-si professor idi. 1920-ci ildə fizika-riyaziyyat, 1922-ci ildə isə Şərqşünaslıq fakültəsi fəaliyyətə başladı. 250 kitab fondu ilə yaradılan universitet kitabxanasında isə 1920-ci ildə artıq 4 min 660 kitab vardı.

Universitetin ilk rektoru Vasili İvanoviç Razumovski “Bakı şəhərində universitetin yaradılması” adlı tarixi oçerkində yazıb: “Azərbaycan Hökumətinin (Usubbəy başda olmaqla) ciddi istəyi olması, cəmiyyətin bütün siniflərinin, o cümlədən fəhlələrin də (onlarla da həmçinin danışıqlar aparılmışdı) əhval-ruhiyyəsi tezliklə Bakıda universitetin açılmasına köklənmişdi. Biz başa düşdük ki, Azərbaycan Hökumətinin öz universitetini yaratmaq qərarı o qədər ciddi idi ki, Rus Zaqafqaziya Universiteti bura (Bakıya) köçürülməsə də, Bakıda universitet olacaq… Mən aprelin sonunda (1919-cu il) Azərbaycan Hökumətindən Bakıda universitetin yaradılmasını öz üzərimə götürməyim və təşkilat komissiyası yaratmağım haqqında rəsmi təklif aldım. Ləngimədən cavab vermək lazım idi. Həmkarlarımla danışıqlardan sonra, Zaqafqaziya Universitetinin rektoru vəzifəsindən imtina edib, Bakıya teleqrafla öz razılığımı bildirdim. Komissiyanın üzvlərinə filoloqlardan Dubrovskini (Tarix-filologiya fakültəsinin dekanı) və İşkovu, həkimlərdən Levini və Sitoviçi dəvət etdim… Parlamentdə 3-cü – sonuncu oxunuş və universitetin təsdiq olunması günü Bakı üçün əlamətdar gün idi. Bu əlamətdar gün (dəqiq desəm, axşam) sentyabrın 1-i idi. Universitet haqqında qanun sonuncu redaktə ilə, kütlənin gurultulu alqışları ilə qəbul olundu və Azərbaycan öz ali maarif ocağına sahib oldu. Türk xalqının tarixinə yeni, parlaq səhifə əlavə olundu. Avropanın, Asiyanın sərhəddində yeni çıraq (zəka çırağı – Sevil Ağabəyli) alışıb yandı… Bu böyük, tarixi hadisənin iştirakçıları kimi biz özümüzü xoşbəxt bildik. Qarşılıqlı təbriklər az olmadı, hamıda, bir növ, bayram əhval-ruhiyyəsi vardı. Belə günlər heç vaxt unudulmur!.. Komissiyanın üzvü L.A.İsakov həmin saat Tiflisdən çağırıldı, rektorun və dekanların seçilməsi başlandı. Mən yekdilliklə rektor seçildim. N.A Dubrov-ski Tarix-filologiya fakültəsinin, İ.İ.Şirokoqorov (o olmadığı üçün müvəqqəti A.M.Levin) Tibb fakültəsinin dekanı seçildilər…” (Rus dilindən tərcümə edəni Sevil Ağabəyli, filologiya üzrə fəlsəfə doktoru, Elmi kitabxananın bölmə müdiri, AYB-nin üzvü. “525-ci qəzet”, 31 oktyabr 2014-cü il).

Cümhuriyyət Hökuməti əhalinin maariflənməsində mühüm rol oynayan kitabxanalar şəbəkəsinin genişləndirilməsinə də xüsusi diqqət yetirirdi. Milli kitabxananın yaradılması sahəsində də müəyyən işlər görüldü. Bir faktı qeyd etmək lazımdır ki, milli kitabxanada Azərbaycana aid kitabları, qəzet və jurnalları, əlyazmaları və digər məlumatları toplamaq üçün İstanbul, Qahirə, Beyrut və Avropanın bir sıra şəhərlərinə mütəxəssislər göndərildi. 1920-ci ildə ölkədə kitab fondu təxminən 95 min nüsxə olan 11 kitabxana təşkil olunmuşdu və fəaliyyət göstərirdi.

Təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi ölkədə xalq təhsili ilə maarifinin inkişafı üçün qarşıya qoyulan vəzifələrin tam yerinə yetirilməsinə imkan vermədi. Lakin 23 ay ərzində Cümhuriyyət Hökumətinin həyata keçirdiyi tədbirlər sonralar respublikamızada xalq təhsili və maarifinin təşkilində və inkişaf etdirilməsində mühüm rol oynadı.

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın