7:56 am - Çərşənbə Noyabr 22, 2017

KÖÇKÜN MƏKTƏBİ QALİBLƏR SIRASINDA

 

Şəkil

Şəkil

Füzuli rayonunun tarixinə qısa nəzər:  Füzuli rayonu Azərbaycan Respublikasının cənub-şərqində, İran İslam Respublikası ilə sərhəddə, Bakı-Naxçıvan dəmir və  avtomobil yolları üzərində, əlverişli iqtisadi-coğrafi mövqedə yerləşir. Araz çayı üzərində salınan körpü onu İranla birləşdirir.

Füzuli rayonu 1930-cu ildə təşkil olunub. Rayonun mərkəzi Füzuli şəhəridir. Şəhərin ilk adı Qarabulaq olmuşdur. Yaranma tarixi 1827-ci ildən hesablanır. 1906-cı ildə Qarabulağa çar polkovniki İ.P.Qaryaginin adı verilmişdir. 1929-cu ildə Qaryagin şəhəri əslən Qarabulaqlı olan mətin inqilabçı B.Sərdarovun vəfatının 10 illiyi ilə əlaqədar olaraq Sərdar (Sərdarabad) adlandırılmışdır. Qısa müddətdən sonra yenidən Qaryagin adlandırılmışdır. Rayon 1959-cu ildən ildən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşıyır.

Şəkil

Şəkil

Rayonun ümumi ərazisi 1392 kv.km, əhalisi 150 minə yaxındır. Dəniz səviyyəsindən 300-800 m hündürlükdədir. Keçmiş SSRİ-də birinci, dünyada isə üçüncü böyük mağara düşərgəsi olan Azıx mağarası Füzuli şəhərinin 14 km-də yerləşir. Yaşı minilliklərlə ölçülən Quruçay mədəniyyətinin izləri bu rayonun ərazisindədir. Rayon ərazisində Tunc Dövrünə aid çoxlu sayda kurqanlar, təpələr aşkarlanmış və xeyli maddi-mədəniyyət nümunələri tapılmışdır.

Şəkil

Şəkil

Füzuli rayonu 1993-cü il avqust ayının 23-də təcavüzkar Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 1994-cü ildə rayonun 20-dən artıq kəndi və strateji əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad edilmişdir.

Bu gün qaçqınlıq və məcburi köçkünlük həyatını yaşayan Füzuli rayonunun 20-dən artıq orta ümumtəhsil məktəbi rayondan kənarda – rayon sakinlərinin ən çox məskunlaşdıqları şəhər və rayonlarda fəaliyyət göstərirlər. Belə məktəblərdən biri də Bakının Binəqədi qəsəbəsində fəaliyyət göstərən Füzuli rayon 48 nömrəli tam orta məktəbdir.

Tanıtma: Məktəb 1993-cü ildən fəaliyyətdədir. Burada Füzuli rayonu ilə bərabər, digər işğal olunmuş rayonların məcburi köçkün uşaqları da təhsil alırlar.

Məktəbin direktoru tanınmış pedaqoq və təcrübəli müəllim Şərafət Hacıyevadır. Daim yeniliyə can atan, işlərini müasir tələblər səviyyəsində quran Şərafət müəllim 2012-ci ildən bu məktəbə rəhbərlik edir. Məktəbin qazandığı nailiyyətlər onun adı və fəaliyyəti ilə bağlıdır.

4 001

 Məktəbdə 303 şagirdin təlim-tərbiyəsi ilə 47 müəllim məşğul olur. Burada Xuraman Mehrəliyeva, Xədicə Mahmudova, Hicran İsmayılova, Könül Ağayeva, Lamiyə Qurbanova kimi savadlı, bacarıqlı, peşəsini ürəkdən sevən və tədris etdikləri fənni şagirdlərinə həvəslə öyrədən pedaqoqlar çalışırlar. Təbiidir ki, çəkdiyimiz adlar bütün müəllimləri əhatə etmir. Burada çalışan müəllimlərin demək olar ki, böyük əksəriyyətinin nümunəvi işləri gənc müəllimlər üçün örnək ola bilər. Burada öz fənnini ürəkdən sevən, bilik və metodiki imkanlarını daimi zənginləşdirən müəllimlər çalışırlar. Belə ki, Təhsil Nazirliyinin keçirdiyi Müəllimlərin Diaqnostik Qiymətləndirməsində məktəbin savadlı və yenilikçi müəllimlərindən Nəzifə Məmmədova, Eldəniz Məmmədov, Vəfa Xudiyeva, Gülnar Əzimli, Pərvin Səfiyarova və Lalə Bədəlova yüksək nəticə göstərmişlər.

Məktəbdə ədəbi-bədii gecələr, disputlar, söz-sənət adamları, həmçinin tanınmış elm xadimləri ilə görüşlər keçirilir. Məktəbdə keçirilən tədbirlər böyük əhəmiyyət kəsb edir.  Vətən, cəmiyyət üçün dəyərli şəxsiyyətlərin yetişdirilməsində ədəbiyyatın və bu cür görüşlərin böyük rolu vardır. Bu tədbirlərdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər fəal iştirak edirlər.

Məktəbdə əlamətdar günlər, bayramlar yüksək səviyyədə qeyd edilir. Lələtəpənin işğalının 1 illiyi munasibətilə keçirilən ədəbi-bədii kompozisiya uzun müddət iştirakçıların yaddaşından çıxmayacaqdır.

Məktəbdə bir qayda olaraq ümummilli liderimiz  Heydər Əliyevin doğum günləri ilə bağlı yüksək səviyyəli tədbirlər keçirilir. O cümlədən Ulu Öndərin məzarını ziyarət etmək artıq məktəbin müəllim və şagird kollektivi arasında ənənə halını almışdır.

Məktəbdə Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Xüsusi istedada malik gənclərin potensialının inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq məqsədyönlü iş aparılır. Yüksək bilik və bacarığa, sərbəst və ağıllı düşüncəyə malik gənclərin yetişdirilməsi, müstəqil dövlətimizin gələcək inkişafı naminə həyata keçirilən tədbirlərdə gənclərimizin uğurla təmsil olunması ən vacib amillərdən biridir.

Məktəbdə təhsilin, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsi istiqamətində yaradıcı işin aparılması digər tədris ocaqları üçün nümunə ola bilər. Burada yeni təlim metodları, qabaqcıl pedaqoji təcrübə və texnologiyalar əsas götürülür.

Sevindirici haldır ki, şagirdlərin müxtəlif mövzular üzrə sərbəst surətdə araşdırmalar aparıb müəyyən məntiqi nəticəyə gəlmələri üçün məktəbdə şərait yaradılmışdır. Buna görə də hər il məktəb məzunlarından bir neçəsi ali məktəblərə qəbul olunurlar. Qəbul olunan məzunlarla görüş keçirilir və yüksək balla qəbul olunanlar mükafatlandırılırlar.

Məktəbdə qazanılan uğurlar ürəkaçandır. Məktəb rəhbərliyi və müəllimlər şagirdlərinə böyük ümid bəsləyirlər. Onlar əmindirlər ki, bu gün parta arxasında oturub müəllimlərini səbirlə dinləyən şagirdlər gələcəkdə müstəqil Azərbaycanımızın inkişafında fəal iştirak edən layiqli vətəndaşlar olacaqlar.

Müəllim-şagird münasibətləri, onlar arasındakı qarşılıqlı hörmət, psixoloji mühit təlim-tərbiyə işinin keyfiyyətini təmin edən amillərdəndir. Burada effektiv təlim-tərbiyə üçün planlı şəkildə işlər görülür ki, bunun üçün də lazımi şərait yaradılmışdır.

Tez-tez bilik yarışlarının, elmi-praktik konfransların, seminarların, “açıq dərs”lərin keçirilməsi şagirdlərin rəqabət hissini gücləndirir, gələcəyə inamlarını möhkəmləndirir,  təhsilin keyfiyyətinin artırılmasına stimul verir.  Bunun nəticəsidir ki, məktəbin şagirdləri müxtəlif bilik yarışlarında və ali məktəblərə qəbul imtahanlarında uğurlar qazanırlar.

Məktəbdə uğurlar seriyası başlayır. Məktəbdə Beynəlxalq fənn olimpiadalarının, müsabiqə və intellektual oyunların daha yaxşı təşkili üçün müəyyən işlər görülür və ürəkaçan nailiyyətlər qazanılır.

Məktəbin IV sinif şagirdi Vasif Zülfüqarov idmanın karate-do növündə II, IX sinif şagirdi Elcan Hüseynzadə isə I nəticə göstərmişdir.  Ən böyük nəticəni isə elm aləmində məktəbin VII sinif şagirdi  Soltan Məmmədov qazanmışdır. O, bu günlərdə Respublika III Fənn Müsabiqələrində biologiya fənni üzrə III nəticə göstərmişdir. Bu 48 nömrəli tam orta məktəbin tarixində ilk əlamətdar hadisədir. Soltanı bu müsabiqəyə hazırlayan fənn müəllimi Lamiyə Qurbanovadır. Rayon təhsil şöbəsinin, məktəb rəhbərliyinin və çalışdığı kollektivin fikrincə, daim axtarışda olan, elmi araşdırmalarını davam etdirən Lamiyə müəllim fəaliyyətini bu cür davam etdirərsə, o, gələcəyin adlı-sanlı pedaqoqlarından biri ola bilər. Şübhəsiz ki, məktəbin şagirdinin qazandığı bu yüksək nəticə bütün pedaqoji kollektivin uğurudur.

Qeyd edək ki, iyul ayının 7-də Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, millət vəkilləri, Təhsil İnstitutunun, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və yerli təhsil idarəetmə qurumlarının əməkdaşları, Respublika fənn müsabiqəsinin, beynəlxalq olimpiadalarının qalibləri, həmçinin təhsil ekspertləri iştirak etmişdir.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov qalibləri təbrik edərək, onlara uğurlar arzulamışdır. Nazir müavini Respublika fənn müsabiqələrinin şagirdlərin beynəlxalq olimpiadalarda daha uğurlu nəticələr əldə etmələri baxımından əhəmiyyətini vurğulamışdır. Nazir mavini həmçinin, təhsilin inkişafı istiqamətində görülən işlərdən və əldə olunan nailiyyətlərdən danışmışdır.

Digər natiqlər də öz çıxışlarında gələcək dünya səviyyəli mütəxəssislərin yetişməsində bu cür müsabiqələrin rolunu diqqətə çatdırmışlar. Tədbirin sonunda qaliblərə mükafatlar təqdim edilib. Biz də fürsətdən istifadə edib məktəbimizə başucalığı gətirən Soltan Məmmədova yeni-yeni nailiyyətlər arzulayırıq.

48 saylı məktəbin rəhbərliyinə və pedaqoji kollektivinə işlərində uğurlar, şagirdlərinə isə Vətənimizin layiqli vətəndaşı olmalarını diləyirik. Ən böyük arzumuz isə budur ki, növbəti görüşümüzü Füzuli rayon mərkəzində keçirək. İnşallah!

Faiq ŞÜKÜRBƏYLİ,

AJB və AYB-nin üzvü,

“Qızıl qələm” media mükafatı laureatı

 

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın