3:11 pm - Cümə axşamı Noyabr 24, 2472

RİYAZİYYATIN TƏDRİSİNDƏ TƏFƏKKÜRÜN İNKİŞAFI

Təhminə MİRAMOVA , Bakı şəhəri, 285 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi

Təhminə MİRAMOVA ,
Bakı şəhəri, 285 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi

Məktəbdə tədris olunan fənlərin imkanları daxilində şagirdlərdə təfəkkürün inkişaf etdirilməsi müəllimin təlim məqsədinin əsasını təşkil edir. Bu işdə riyaziyyat fənninin daha geniş təsirlərə malik olmasını tədqiqatlar sübut etmişdir. Riyaziyyat müəllimi bu işdə təfəkkürün təbiətinin nədən ibarət olduğunu bilməlidir. Açıq etiraf etmək istəyirəm ki, təlimin əsas təşkili forması olan dərsdə fənn müəllimləri psixopedaqoji qanunauyğunluqlara lazımınca diqqət göstərmirlər. Buna görə də tədris prosesində şagirdlərdə təfəkkürün inkişafını düzgün dəyərləndirməkdə çətinliklərlə üzləşirlər. Riyaziyyatdan tədris olunan mövzunun məzmununa daxil olan dəyişikliklərin dərk edilməsi duyğu və qavrayışla başlayır. Bilik və bacarığın qazanılması pedaqoji prosesdə idrak fəallığı, təfəkkürlə həllini tapır.

V sinifdə riyaziyyatdan tədris etdiyim “Üçbucağın qurulması” mövzusu üzrə fikirlərimi şərh etmək istəyirəm.

Kurikulumun tələblərinə uyğun olaraq şagirdlər aşağıdakı məzmun standartlarını bilməli, anlamalı, tətbiq etməli, təhlil və tərkib aparmalı, qiymətləndirməlidirlər:

3.1.2. Uzunluğu məlum olan parçanı, dərəcə ölçüsü verilən bucağı, iki tərəfi və onlar arasında qalan bucağa görə üçbucağı, tərəflərinə görə üçbucağı qurur.

3.1.5. Üçbucaqların tərəflərinə və bucaqlarına görə təsnifatını aparır.

Qeyd olunan standartlara uyğun olaraq duyğu və qavrayışdan alınan məlumatlardan alınan biliklərin ayrı-ayrı hissələri təfəkkürün köməyilə müqayisə edilir, qarşılaşdırılır, fərqləndirilir, münasibətlər ayırd edilir. Nəticədə yeni biliklər kəşf olunur. Bu prosesdə təfəkkürün əsas məqsədi alt standartlarda ifadə olunan bilik və fəaliyyətlə bağlı münasibət və əlaqələrin açılmasını təmin etməkdir. Bununla da şagird məqsəddə ifadə olunan aşağıdakı reallıqları dərk etmiş olur:

1. Üçbucağı tərəflərinə və bucağına görə növlərinə ayırır.
2. Üçbucağın daxili bucaqları ölçür.
3. İki tərəfi və onlar arasındakı bucağa görə üçbucaq qurur.

Məqsəddə ifadə olunan tələblərin hər birinin icrası şagirdlərdə təfəkkürü əks etdirən fikrin hərəkətidir. Bu da onlar arasında əlaqələrin açılmasına xidmət edir. Xüsusidən ümumiyə (induksiya), ümumidən xüsusiyə (deduksiya) yönəlir. Standartların reallaşmasına xidmət edən məqsədlər təfəkkür prosesində şagirdin qazanmış olduğu biliyi praktik çalışmaların həlli ilə uyğunlaşdırır. Təcrübə və müşahidələr əsasında biliyin qazanılması təfəkkürlə bağlıdır. Psixoloqlar təfəkkürün quruluşu ilə praktik fəaliyyətin quruluşunun yaxınlığında prinsipial xarakter daşıdığını bildirirlər.

Şagirdlərdə mövzunun imkanı daxilində təfəkkürün inkişafına nail olmaq üçün mərhələli olaraq onlarda hissi idrakın motivləşməsinə çalışıram. Üçbucaq haqqında biliklərin xatırlanması, bucaqlara və tərəflərə görə onların növlərinin müəyyənləşdirilməsi kimi təlim işi həyata keçirilir. Suallar və cavablar vasitəsilə əqli hücum üsulu tətbiq edilir, idrak fəallığı yaradılır. Müxtəlif idrak səviyyələrinə uyğun olan tapşırıqlar üzrə şagirdlər fərdi, cütlər və kiçik qruplarda fəallaşdırılır.

Tapşırıq – 1. İtibucaqlı, korbucaqlı və düzbucaqlı üçbucaq çək.
Tapşırıq – 2. Üçbucağı tərəflərinə və bucaqlarına görə ayırmaq.

Şagirdləri tədqiqat xarakterli tapşırıqlar üzrə idrak fəallığına yönəltmək üçün (cütlərlə) “Müvafiq iki tərəf və onlar arasında qalan bucağa görə üçbucağın qurulması” çoxvariantlı əməli işlərin aparılmasını həyata keçirirəm. Həyata keçirilən təlim tapşırıqları vasitəli inkişafı əsaslandığı üçün təfəkkürün inkişafına xidmət göstərir. Riyaziyyatın tədrisində təfəkkürün inkişafına nail olmaq üçün İsveç alimi Jan Piajenin qeyd etdiyi aşağıdakı dörd əsas mərhələyə xüsusi diqqət göstərirəm:

1. Sensomotor. Hissi-hərəki mərhələ olub, təfəkkürünü nitqin inkişafı ilə paralel getməyə başlayır. Məsələn, müəyyən hərəkətlər vasitəsilə şagird fikirləşməyə başlayır.

2.Əməliyyatlara qədərki mərhələ. Burada nitqlə təfəkkürün inkişafı fərqlənir. Nitq artıq təfəkkürlə müqayisədə üstünlük təşkil edir.

3.Konkret əməliyyatlar mərhələsi. Şagird artıq bir qədər mücərrəd düşünməyə başlayır (mücərrəd – xəyalda təsəvvür edilə bilən).

4.Formal əməliyyat mərhələsi zamanı şagird abstrakt düşünməyi öyrənir.

Riyaziyyatın tədrisində təhlil, tərkib, müqayisə, ümumiləşdirmə, konkretləşdirmə və təsnifat kimi təfəkkür prosesləri üzrə əməliyyatların aparılmasına həmişə zərurət yaradır:

• Təhlil cisim və ya hadisəni fikrən hissələrə ayırmaqdır;

• Tərkib isə fikrən ayrılan hissələri birləşdirməkdən ibarətdir.

• Müqayisə cisim və hadisələr arasında oxşar və fərqli cəhətləri fikrən müəyyənləşdirməkdən ibarət olan əməliyyata deyilir. Onu “Venn diaqramı” ilə ifadə etmək olar. Məsələn, düzbucaqlı üçbucaqla bərabəryanlı üçbucağın müqayisəsi.

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın