3:11 pm - Çərşənbə Noyabr 24, 1847

MÜƏLLİMLİK MÜQƏDDƏSDİR

Adilə ƏHMƏDOVA,  Bakı şəhəri, 285 nömrəli tam orta məktəbin kimya müəllimi

Adilə ƏHMƏDOVA,
Bakı şəhəri, 285 nömrəli tam orta məktəbin kimya müəllimi

İlk öncə qeyd etmək istəyirəm ki, müəllimlik sözü yox, müqəddəs olan müəllimlikdir. Uzun illər ümumtəhsil məktəblərində kimya müəllimi kimi fəaliyyətim illərində qazandığım uğurlara, nailiyyətlərə bir anlığa nəzər salmaq istəyində olmamışam. Bu ülvi hisləri məndə yaradan pedaqoji ictimaiyyətdə dəyərli əsərləri, metodik məqalələri ilə tanınan, təcrübəli müəllimlərlə daim əməkdaşlıq etməkdə maraqlı olan pedaqogika üzrə fəlsəfə doktoru, Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Qabaqcıl təhsil işçisi hörmətli alim Şahrza Ağayev oldu. Təəssüratlarım gənc nəslə az da olsa töhfə verərsə, özümü xoşbəxt sayaram. 1971-ci ildə Zəngilan rayonunun Zəngilan kənd orta məktəbini bitirdikdən sonra arzum kimya müəllimi olmaq idi. Zəhmətkeş ailədə böyümüşəm. Atam Məhəmməd kişi sənətinin yüksək səviyyədə bilicisi olan ustad-mexanizator idi. Fatma ana on uşağın gündəlik qayğısını çəkməklə yanaşı, həm də kolxozda ən qabaqcıl pambıqçı kimi hamıdan irəlidə gedirdi. Belə bir halal mühitdə zəhmətlə yoğrulmuş valideynlərin tərbiyəsini almış övlad kimi bu fənni mənə sevdirən mərhum kimya müəllimim Şamxal Kərimovun etimadını doğrultmağa müvəffəq oldum. 1973-cü ildə BDU-nun Kimya fakültəsinə daxil oldum. Universiteti müvəffəqiyyətlə bitirdikdən sonra pedaqoji fəaliyyətimə bir vaxtlar şagirdi olduğum doğma məktəbdə başladım.

Sevincimin həddi-hüdudu yox idi. İllər keçdi, sevincli günlərə qaçqınlıq həyatı nöqtə qoydu. 1993-cü ildən Bakı şəhəri, 285 nömrəli tam orta məktəbdə kimya müəllimi kimi fəaliyyətimi davam etdirirəm. 29 Oktyabr 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən Zəngilanın işğalı hadisəsi son dərəcədə dəhşətli olması ilə yaddaşımızda qaldı.

Rayon işğaldan bir qədər əvvəl erməni qüvvələri tərəfindən tam şəkildə mühasirəyə alınaraq on minlərlə insan qırılmaq təhlükəsində idi. Xalq igidlik göstərərək mühasirəni Araz çayını keçməklə özlərini fəlakətdən xilas etmiş oldu. Qeyd etdiyim bu həyəcanlı fikirlər daim qəlbimin dərinliklərində fəryad edir. Həmin mənəvi əzablar məni daha səriştəli və peşəkar müəllim olmağa ruhlandırır. Ona görə ki, yetişdirdiyim şagirdlərin idrak səviyyələri yüksəldikcə düşmənin la-yiqli cavab almasına daxili imkanlarımızı artırmış oluruq. Kimyanın tədrisi prosesində sistemli olaraq Zəngilanın tarixini əks etdirən təlim materiallarının şagirdlərə aşılanmasına çalışıram.

Müəllimliyin müqəddəsliyini mənəvi dünyamda yaşatmağa nail olmaq üçün bu sənətlə bağlı pedaqoji qabiliyyətlər, işin xüsusiyyətləri əməli fəaliyyətində həmişə praktik həllini tapmışdır. Olimpiadalarda şagirdlərimin fəal iştirak edib, yüksək göstəricilər qazanmaları, nüfuzlu ali məktəblərdə kimyadan layiqli yer tutmaları fikrimizi təsdiq edir. Yaradıcı müəllim kimi “Baş müəllim” adına layiq görülməyim, qəzet və jurnallarda ixtisasım üzrə dəyərli məqalələrimin çap olunması, yetirmələrimin istehsalatın bütün sahələrində intellektuallıq nümayiş etdirmələri qazandığım nailiyyətlərdir. Dərs dediyim şagirdlərdən 100-dən çox həkimin yetişməsində, onların qəbul imtahanında kimyadan hazırlıq səviyyəsinin qənaətbəxş olmasının başlıca göstərici olduğunu müşahidə etmişəm. Övladlarımdan üç nəfərinin həkim ixtisasına yiyələnmələri məhz onlara kimya fənninin sirlərini aşılamağım olmuşdur. Ailədə övladların təhsili ilə valideynlərin yaxından maraqlanmalarına həmişə ehtiyac olmuşdur. Bakı şəhəri, 6 nömrəli məktəbin istedadlı şagirdi Qasımov Səidin riyaziyyatdan qazanmış olduğu uğurlar bir nənə kimi məni çox sevindirir. Səidin layiqli övlad olması ona göstərilən diqqət və qayğıdan çox asılıdır. Valideyn borcumu ona göstərməkdən həmişə məmnunluq duyuram.

Tam səmimiyyətlə bildirmək istəyirəm ki, şagirdlərimə övlad qayğısı ilə yanaşmaqla onların məhəbbətini qazanmağa müvəffəq olmuşam.

Kimya fənni üzrə təhsil proqramı (kurikulum) məzmun xətlərinə müvafiq olaraq şagirdlərin bilik və bacarıqlar qazanmalarının həyata keçirilməsinə təminat verir. Bura daxildir:

1. Maddə və maddi aləm.
2. Kimyəvi hadisələr.
3. Eksperiment və modelləşdirmə.
4. Kimya və həyat.

Qeyd olunan məzmun xətlərinin hər birinin təlim nəticələrinə uyğun olaraq akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional peşə qabiliyyətləri əsasında işimi səmərəli qururam. İxtisasımla bağlı geniş və dərin biliyə malik olmaqla yanaşı, eyni zamanda elmin son nailiyyətlərini mənimsəmək və şagirdlərimə çatdırmağa səy göstərirəm.

Müəllimliyin müqəddəsliyi onun şəxsiyyət kimi vətəndaş olması, yüksək mədəniyyəti, peşəsi və şagirdlərini sevməsi, yüksək nüfuzu ilə şərtlənir. Çalışdığım 285 nömrəli məktəbin rəhbərliyi pedaqoji kollektivin və şagirdlərin rəğbətini qazanmağımda əsas amil müəllimliyin müqəddəsliyini əməli fəaliyyətimdə istifadə etməyim olmuşdur.

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın