11:37 am - Şənbə Sentyabr 23, 2017

DİNİ VƏ MİLLİ TOLERANTLIQ AZƏRBAYCAN XALQININ HƏYAT TƏRZİDİR

“Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir”.

Heydər Əliyev,
Ümummilli lider

Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərləri misilsiz rol oynayır.

Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi çox qədim zamanlardan Odlar Yurdu adlanan bu məmləkətdə müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar biri-birini əvəz edərək dövrümüzə qədər öz ilkin mənzərəsini bu və ya başqa şəkildə qoruyub saxlaya bilib. Belə ki, kökləri çox qədimlərə çatan atəşpərəstlik dininə sitayiş edən əhalinin böyük qismi vaxtilə bu ərazilərdə odu müqəddəsləşdirərək ona sitayiş edib.

Xristianlıq isə Azərbaycan ərazisinə hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə gəlib çatmışdı. Azərbaycanda xristianlıq müxtəlif zamanlarda özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunub. Bakıda ilk pravoslav kilsəsi 1815-ci ildə fəaliyyətə başlayıb.

Qeyd edək ki, Azərbaycanın islamlaşması hicrətin 18-ci ilindən (639-cu il) başlayıb. Regionda tarixən dözümlülük mühitinin formalaşmasında islamın Azərbaycanda yayılmasının böyük rolu olub. Çünki mərhəmət, sevgi və əxlaq dini olan islamda tolerantlıq, dözümlülük yüksək mənəvi dəyər və mədəniyyət kimi qiymətləndirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsinə yüksəlib. Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra edə bilirlər. Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır, o cümlədən, hökumətdə və Milli Məclisdə təmsil olunurlar.

Ermənilərin alban mədəniyyətinə əsassız iddiası

Azərbaycanda yaşayan udilər Qafqaz Albaniyasının davamçılarıdır. Ermənilər isə davamlı şəkildə alban mədəni irsini öz adlarına keçirir və Alban məbədlərini erməniləşdirirlər. İşğal altında olan rayonlarda onlarla belə məbədlər var və təcavüzkar qonşularımız bu faktdan Qarabağın ilhaqı üçün bəhanə kimi yararlanmağa çalışırlar. 1936-cı ildə udilərin son keşişi öldürüləndən sonra ermənilər bütün bu abidələri özlərininki kimi qələmə verirlər. Bu isə özlüyündə siyasi məsələ kimi çox mühüm əhəmiyyət kəsb edir. Bu tarixi faktların tam doğru-dürüst ortaya çıxması üçün həm ölkəmizdə, həm də xarici ölkələrdə konfranslar təşkil edilir, Qafqaz Albaniyasının tarixi, ərazisi, əhalisi, milli-etnik tərkibi, məşğuliyyəti ilə bağlı tədqiqatlar aparılır,elmi məqalə və kitablar nəşr edilir.

Dağ yəhudiləri

Yəhudilərin ölkəyə gəlişi eramızdan əvvəl I əsrə aid edilir. Ölkəmizin ərazisində yaşayan dağ yəhudiləri yerli əhali ilə sıx təmasda olsalar da, dinlərini, adət-ənənələrini və məişət adətlərini qoruyub saxlayıblar. Qubadakı Qırmızı qəsəbə dağ yəhudilərinin kompakt yaşadıqları ərazidir. Bu, İsraildən sonra bütün dünyada yalnız yəhudilərin məskunlaşdığı ikinci yaşayış məskənidir. Qırmızı qəsəbədə iki böyük sineqoq fəaliyyət göstərir. Bu qəsəbəyə dünyanın hər yerindən turistlər, xüsusən, yəhudilər çox gəlir. Bakıda da bu yaxınlarda inanclı yəhudilərin ixtiyarına yeni sineqoq verilib. Qubadakı kütləvi məzarlıqda ermənilər tərəfindən qətlə yetirilmiş adamlar arasında müxtəlif qədim keçmişə söykənən dəyərlər sistemi millətlərin nümayəndələri olub. Türklərlə yanaşı, ləzgilər, yəhudilər, tatlar erməni qaniçənləri tərəfindən vəhşiçəsinə öldürülüb. İnsan sümüklərinin qalıqlarında işgəncə izləri, başlarındakı mismar yerləri erməni vandalizminin aşkar sübutudur.

Dialoqun zəruri aləti – multikulturalizm

Son illərdə dünya xalqları arasında dialoqun təbliği və inkişafında Azərbaycan mühüm rol oynamağa başlayıb. Azərbaycanın həm islam dövlətləri, həm də Qərb ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq, mədəniyyət və sivilizasiyalar dialoqunun əsas zəruri aləti multikulturalizmdir. Bir çox minilliklər davam edən fərqli proseslər nəticəsində mədəniyyət bəşəriyyətin sosial inkişafının, intellektual və mənəvi tərəqqisinin əsasına çevrilib. Mədəni mübadilə və qarşılıqlı zənginləşmə, xalqların sosial-mədəni inkişaf təcrübəsi Azərbaycanın davamlı və təhlükəsiz inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Əsrlərdir ki, xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək bu prosesə mühüm töhfələr verib. Ona görə də prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi heç də təsadüfi deyil və bunun dərin tarixi kökləri var. Təsadüfi deyil ki, 2014-cü ilin may ayının 15-də prezident İlham Əliyevin fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Onu yaratmaqda əsas məqsəd tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaqdır.

Mərkəzin əsas missiyası Azərbaycandakı tolerantlığı bütün dünyada geniş şəkildə yaymaqdır.

Qərbdə tolerantlıq ənənələri iflasa uğrayır

Dünyada milli və dini tolerantlıq ənənələri çoxdan formalaşsa da bu misilsiz mənəvi miras Qərbdə artıq öz övvəlki dəyərini itirməkdədir. Bir neçə il bundan qabaq İngiltərənin keşmiş baş naziri Kemeron, Almaniyanın baş naziri Angela Merkel də etiraf etdilər ki, multikulturalizm ideyaları Avropada artıq iflasa uğrayıb. Bu məsələ Yaxın Şərqdə müharibənin alovlanmasından sonra ölümdən xilas olmaq üçün müsəlman mühacirlərin Avropaya axını zamanı daha kəskin şəkildə özünü biruzə verdi. Qərb insanının mühacirlərə aqressiv münasibətinə bütün dünya şahid oldu.

Vaxtilə avropalılar ikinci dünya müharibəsinin fəlakətindən qorunmaq üçün kütləvi şəkildə qaçıb İslam ölkələrinə sığınmış və isti münasibətlə qarşılaşmışdılar. Bunu tarixi sənədlər və fotoşəkillər də sübut edir. Qərbdə isə dini ayrı-ceçkilik, mühacirlərə aqressiv münasibətin sərgilənməsi mənəvi dəyərlərin iflasa uğradığını aydın göstərdi. Lakin Azərbaycanda durum tam fərqlidir. Bu dəyərlər çoxəsrlik ənənələrə malikdir. Milli-dini tolerantlığın Azərbaycan modelinin analoqu yoxdur. Burada yaşayan bütün etniklərin hamısı ölkənin aborogen – yerli əhalisidir. Bütün millətlərin birgə yaratdığı cəmiyyət modeli, doğrudan da, əsil örnəkdir. Ona görə əcnəbi turistlərin bir çoxu məhz ölkəmizdə mövcud olan tolerantlığa, birgəyaşayış mədəniyyətinə bələd olmaq üçün Azərbaycana səfər edirlər.

Azərbaycançılıq ideyası və onun mühüm əhəmiyyəti

Çağdaş dövrümüzdə müxtəlif etnoslara, fərqli inanclara malik insanların mehriban birgə yaşayışının təmin olunmasında Azərbaycançılıq ideyasının bərqərar olması mühüm rol oynayıb. Yəni millətindən, dinindən asılı olmayaraq hamı özünü azərbaycanlı sayır, Azərbaycanı özünə vahid vətən hesab edir. O dövrün mütəfəkkiri Əlibəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun fikirlərində də Azərbaycançılıq ideyasına rast gəlinir. Sonralar, müstəqilliyimizə ikinci dəfə qovuşanda bu mühüm məsələni ulu öndər Heydər Əliyev siyasi müstəviyə gətirdi. Məhz həmin dövrdə Azərbaycan dili ilə bağlı böyük müzakirələr gedirdi. Həmin müzakirələrdə Ulu Öndər bizim dilimizi türk dili yox, Azərbaycan dili kimi israrla qəbul etdirdi. Bu bir uzaqgörən siyasət idi və Azərbaycanda yaşayan hər kəsin azərbaycanlı olduğunu təsdiqləyirdi. Biz müxtəlif millətlərdən olsaq belə hamimiz azərbaycanlıyıq. Azərbaycançılıq məhz bu missiyaya xidmət edir. Bu ciddi siyasi addım idi və ölkəmizdə separatçılıq meyilərinin güclənməsinin qarşısını birdəfəlik aldı.

Azərbaycan – müxtəlif mədəniyyətlərin qovuşduğu məkan

2012-ci ilin dekabrında ölkəmizin təşəbbüsü ilə Böyük Britaniyada mühüm bir toplantı keçirildi. Bu beynəlxalq tədbirdə Azərbaycanın dinlərarası tolerantlıq modeli müzakirə edildi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirak etdiyi konfransda dinlərarası dialoq sahəsində məhz Azərbaycan modelinin Avropada tətbiqi məsələsinin xüsusi önəm daşıdığı qeyd edildi.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və bir sıra beynəlxalq qurumların birgə təşkilatçılığı ilə Bakıda “Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunun keçirilməsi dinlərarası dialoq məsələsində irəliyə atılmış daha bir ciddi addıma çevrildi. Ölkəmizdə ilk dəfə keçirilən bu tədbirdə 10-dan artıq ölkədən qonaqlar iştirak etmişdi.

Sözügedən tədbirlər və sonrakı illərdə davamlı şəkil alan belə toplantılar dini etiqad azadlığının təminatına təkcə sözdə deyil, həm də təcrübədə geniş şərait yaradıb. Zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olan və fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın belə müzakirələrə ev sahibliyi etməsi bütün dünyaya ciddi mesaj idi. Çünki bu gün dini-milli zəmində baş verən əksər münaqişələrin kökündə dözümsüzlük amili dayanır. Amma ölkəmizdə aparılan siyasətin nəticəsində hazırda bütün dini icmalar bərabər hüquqlara malikdirlər. Bununla bərabər, ölkənin hüquq sistemi terror təhlükəsinin real olduğu şəraitdə, dini təşkilatlara kənardan təsirin qarşısını maksimum şəkildə alaraq təhlükəli radikal ideyaların təbliğ edilməsinə imkan vermir.

Bu gün etnik təmizləmə siyasəti nəticəsində dünyanın 21 ölkəsində 12 milyonadək insan qaçqın və məcburi köçkün şəraitində yaşayır. Azəraycan da bu əzablı taleyi yaşayan ölkələr sırasındadır. Torpaqlarının 20 faizi erməni işğalı altında olan respublikamız 25 ildən artıqdır ki, münaqişənin sülh və danışıqlar yolu ilə həll olunmasını gözləyir. Bu gün Azərbaycan müsəlman dövlətlərinin həssas münasibəti və dəstəyini qazana biləcəyinə baxmayaraq, Ermənistan ilə arasındakı Dağlıq Qarabağ problemini müsəlman-xristian münaqişəsinə çevirməyib. Çünki Azərbaycanın müstəqilliyini müdafiə edən insanlar arasında müxtəlif dinlərin daşıyıcıları – ruslar, gürcülər, yəhudilər və digər xalqların nümayəndələri var. Ermənistanla müharibədə 25 min şəhid verməyimizə və bir milyon qaçqınımızın olmasına, dini abidələrimizin dağılmasına baxmayaraq, erməni kilsəsinin hələ də Azərbaycanın paytaxtı Bakının mərkəzində təmir olunaraq saxlanılması xalqımızın tolerantlığına ən bariz nümunədir.

Belə bir şəraitdə dünyanın gələcəyinin mədəniyyətlərarası münasibətlərdən asılı olması tam ciddiliyi ilə meydana çıxır. İslamın mənəvi dərkinə əsaslanan, dünyəvi dövlət olan Azərbaycan nəinki dini tolerantlıq ənənəsini möhkəmləndirib, hətta onu bir dövlət kimi öz imicinə çevirməyi də bacarıb. Bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Bu istiqamətdə ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin xidmətləri müstəsna əhəmiyyətə malikdir.

Hər birimiz qurur duymalıyıq ki, Azərbaycanda olan dinlərarası tolerantlıq əsrlərdən bəri formalaşan köklü bir ənənəyə, qarşılıqlı hörmət və əməkdaşlığa söykənir və biz səylərimizi artıracağıq ki, gələcəkdə də bu mənzərə dəyişməsin.

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanmışdır.

Hüsniyyə ZÜLFÜQARQIZI,
“Təhsil problemləri”

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın