3:11 pm - Çərşənbə Noyabr 24, 2365

GERİYƏ PROSES – ŞƏHƏRDƏN KƏNDƏ AXIN DAVAM EDİR

“Bu gün turizmin inkişafı prioritetlər sırasındadır”.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra aparılan məqsədyönlü siyasət, həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunması nəticəsində sahibkarlar sinfinin formalaşması üçün həm hüquqi baza yaradıldı, həm də dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək nümayiş etdirildi, beləliklə də bölgələrin inkişafı üçün real zəmin formalaşdı. Ulu Öndərdən sonra bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda regionların hərtərəfli inkişafında yeni mərhələ yaşanmaqdadır. “Valyuta gətirən sahələrdən biri də turizmdir” – deyən ölkə başçısı İlham Əliyev bu günün reallıqlarını əsas tutaraq xalqımızın zəngin irsinin dünyada təbliği və tanıdılması istiqamətində turizm sahəsinə daha çox üstünlük verilməsinin, xüsusi diqqət və qayğı göstərilməsinin vacibliyini dəfələrlə diqqətə çatdırıb. Ölkədə həyata keçirilən iqtisadi siyasət regionların inkişafının sürətləndirilməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəldilib.

Regionların inkişafında yeni mərhələ

Son illərdə infrastruktur layihələrinin icrası, biznes və investisiya mühitinin yaxşılaşdırılması, həyata keçirilən dövlət dəstəyi tədbirləri regionların iqtisadi potensialını gücləndirməklə yanaşı, prezidentin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri kimi sahibkarlığın inkişafına da təkan verib.

Regional inkişaf proqramları ilə yanaşı, “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”, “Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında”, “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında”, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” və digər fərman və sərəncamların, qanunların, dövlət proqramlarının icrası bölgələrdə sahibkarlığın inkişafına əlverişli mühit formalaşdırib. Artıq kənddən şəhərə deyil, geriyə axın başlayıb. Əhali kənd təsərrüfatı və digər sahələrdə çox rahatlıqla məşğulluq sahələri əldə edə bilir.

Turizm imkanlarının genişləndirilməsinə yaşıl işıq

Regionların inkişafına təkan verən amillərdən biri də turizmin inkişaf etdirilməsidir. Qeyd edək ki, məşğulluğun təmin edilməsində bu sahə xüsusi yer tutur. Turizm sahəsinin genişləndirilməsi əhalinin rifah halının yüksəldilməsinə yönələn siyasətdir və yeni məşğulluq sahələrinin yaradılmasına yönələn siyasətdir. Belə ki, turizmin inkişafı regionların inkişafı, yeni iş yerlərinin açılması, yeni gəlir sahələrinin əldə edilməsi və s. baxımından xüsusi əhəmiyyət kəsb edir. Hazırda ölkəmizdə turizmin inkişafı ilə əlaqədar zəngin təbii resurslara malik bölgələrdə infrastrukturun formalaşmasına şərait yaranır, yeni otellər, əyləncə mərkəzləri və s. inşa olunur. Bu fəaliyyətin reallaşması ilk növbədə bölgələrdə yeni iş yerlərinin açılmasına, məşğulluq siyasətinin uğurlu həllinə zəmin yaradır. Azərbaycanın daxili turizm potensialı zəngin tarixi-mədəni irs, əlverişli təbii-coğrafi şərait və müasir istirahət mərkəzlərinə əsaslanır.

Azərbaycanda turizmin inkişafını sürətləndirmək üçün son illərdə ayrı-ayrı bölgələrdə müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, yol-nəqliyyat infrastrukturunun yaradılması həm xarici, həm də yerli turistlərin bölgələrimizə marağını artırıb. Bənzərsiz təbiət, mineral su qaynaqları, dünyada yeganə müalicəvi Naftalan nefti, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin bütün növlərinin inkişafı üçün şərait yaradır. Azərbaycan turizminin təbliği məqsədilə, başda Mədəniyyət və Turizm Nazirliyi olmaqla, turizm şirkətləri uğurlu fəaliyyət göstərirlər. Bu şirkətlər Azərbaycan turizminin təbliği məqsədilə turlar, festivallar, müsabiqələr, korporativ gecələr, sorğular keçirir, marketinq araşdırmaları aparırlar. Amma bu kimi tədbirlərin davamlı şəkil alması üçün fəaliyyətin daha da genişləndirilməsi olduqca vacibdir.

Regionların sosial-iqtisadi inkişafının sürətlənməsində turizmin rolu

Ölkənin turizm potensialını dünya bazarına çıxarmaq, xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək məqsədilə Azərbaycanın bütün imkanları layiqincə təbliğ olunmalıdır. Belə ki, bu potensial ilk növbədə, bölgələrin əlverişli təbii-coğrafi mövqedə yerləşməsi, zəngin flora və faunası, gözəl təbiəti ilə şərtlənir. Xüsusilə, şəhərdənkənar ərazilərdə füsunkar təbiət, təmiz, sakit hava ekoloji turizmin (dağ turizmi, su turizmi, veloturizm və s.) formalaşmasına imkan yaradır. Bu istər daxili, istərsə də xarici turistlər üçün daha cəlbedicidir. Daxili turizm ölkəmizdə tam təkmilləşmiş bir sahə olmasa da, tarixi-mədəni dəyərlərin öyrənilməsi, zəif inkişaf etmiş bölgələrimizin iqtisadi canlanması baxımından mühüm əhəmiyyət kəsb edir. Təəssüf ki, bəzi iqtisadi problemlər, həmçinin təhsil səviyyəsi, səyahət mədəniyyətinin tam formalaşmaması daxili turizmə əngəl törədir. Ümumiyyətlə, danılmaz faktdır ki, bu sahədə hələ çox işlər görülməlidir. Belə ki, 11 iqlim tipindən 9-na malik ölkəmiz təbii resurslar baxımından kifayət qədər zəngindir. Amma təəssüf ki, bu imkanlara sahib olmağımıza rəğmən, turist axını sahəsində qonşu Gürşüstan və Türkiyədən hiss olunacaq dərəcədə geridəyik. Türkiyə bu sahədə çoxillik təcrübəyə malik olduğu üçün turist axınına görə irəlidə olması təbiidir. Gürcüstan isə seçdiyi “ucuz və keyfiyyətli xidmət” sisteminin tətbiqinə görə, bu sahədə daha çox uğur əldə edib.

Dünya təcrübəsİndən necə yararlanmalı?

Mütərəqqi təcrübələri öyrənmək və tətbiq etmək isə ümumi işin xeyrinə olardı. Məsələn Türkiyədə “tətil köyləri” adlanan istirahət məkanları var. Təbii resurslara malik bölgələrin sakinləri dövlətdən uzunmüddətli və əlverişli şərtlərlə kredit götürərək 50-100 yerlik sanatoriya tipli istirahət məkanları inşa edir və bu məkanları ortaq şəkildə işlədirlər. Bu istirahət evlərində otaqlar otellərdən xeyli ucuz təklif olunduğuna görə, ölkə sakinləri və maddi imkanı aşağı olan xarici turistlər üçün daha cəlbedici görünür. Belə ki, ucuz olmasına baxmayaraq, bu evlərdə turistlər üçün bütün lazımı şərait yaradılır. Onların mənalı istirahətini nəzərdə tutan fərqli proqramlar təşkil olunur. Heyvandarlıq və əkinçiliklə məşğul olan digər kənd sakinləri üçün bu istirahət məkanları nəqliyyat xərclərinə ehtiyac olmayan ən yaxın bazar rolunu oynayır. Başqa sözlə desək, qida məhsulları uzun yol qət etmədiyi üçün keyfiyyətini itirmədən tarladan birbaşa süfrəyə gəlir. Kənd dəniz kənarındadırsa, balıqçılar və çimərlik sahibləri üçün də rahat qazanc yeri tapılır.

Yeni məşğulluq sahələri

Bundan başqa, həmin məkanın yaxınlığında kiçik bazar da fəaliyyət göstərir ki, el sənətkarları hazırladıqları əl işlərini – kiçik xalçaçılıq məhsullarını, gildən dəmirdən, taxtadan, misdən hazırladıqları suvenirləri turistlərə satmaq imkanı əldə edirlər. Xarici və yerli qonaqlar fayton və ya araba sahibləri ilə danışaraq yaxınlıqdakı qədim tarixi məkanlara əyləncəli səyahətə çıxmaq imkanı əldə edirlər. Beləliklə, nəinki həmin kəndin, ətraf ərazilərin sakinləri üçün də xeyli sayda məşğullluq sahəsi açılmış olur.

Ölkəmizdə də bu kimi layihələri dağ, çay, şəlalə, meşə, dəniz, həmçinin qədim mədəniyyət abidələrinin yerləşdiyi bölgələrdə həyata keçirmək heç də çətin deyil. Belə əlverişli məkanlara malik bölgələrimiz isə az deyil. Sadəcə həvəs və işgüzarlıq istəyi olsa yetər. Bizim əlverişli relyef və iqlim şəraitimiz belə layihələri ölkənin əksər ərazilərində reallaşdırmağa imkan verir. Bu işlərin görülməsində isə əsas məsuliyyət təbii ki, Mədəniyyət və Turizm Nazirliyinin üzərinə düşür. Çünki tarxi abidələrin bərpa edilməsi, yeni turizm xətlərinin açılması və turizm axınına imkan verən bu kimi layihələrin tətbiqi və təbliğinin düzgün təşkili məhz bu qurumun səlahiyyətlərinə aid olan məsələlərdir. Prosesin sürətlənməsi məqsədilə, təbliğatı dəstək baxımından KİV-in çox böyük köməyi dəyə bilər.

Təhlükəsizlik və sabitlik  turistləri cəlb edir

Azərbaycanı xarici turistlər üçün cəlbedici edən amillərdən biri də əcnəbi qonaqların Azərbaycanda rahat və təhlükəsiz istirahət etmələri üçün tam təminat olmasıdr. Hazırda dünyanın əksər ölkələrində təhlükəsizliyə təminatın olmaması əsas problem olaraq qalmaqdadır. Azərbaycanda isə müharibə şəraitində olmağımıza rəğmən, təhlükəsizlik ciddi şəkildə qorunmaqdadır.Bunu son illər ölkədə keçirilən irimiqyaslı yarışların və digər beynəlxalq əhəmiyyətli toplantıların sabitlik şəraitində keçməsi bir daha sübut etdi. Bu yarışlar nəticəsində ölkəmizin adı dünya miqyasında daha çox tanındı, Azərbaycana maraq xeyli artdı.

Beynəlxalq İdman oyunları turizm imkanlarını artırır. Mütəxəssislərin fikrincə, idman turizmi dünya ölkələri üçün ciddi gəlir mənbəyidir. İdman turizmində turist hər hansı bir idman fəaliyyətinə qoşulmaq və ya ona tamaşa etmək məqsədilə səyahətə çıxır. Xüsusilə, olimpiadaların keçirildiyi şəhərlərə ciddi miqdarda turist axınının olduğu müşahidə edilir. İdman turistinin nəqliyyat, mehmanxana, qidalanma, əyləncə, pərakəndə ticarət bölmələrində çəkdiyi xərclər iqtisadiyyatda ciddi canlanma yaradır.

Ötən il ilk Avropa Oyunlarını ən yüksək səviyyədə keçirmiş Azərbaycan bu il də öz tarixində bir ilkə imza atmağa, İslamiadanı Bakıda yüksək səviyyədə keçirməyə və müsəlman ölkələrin diqqətini məmləkətimizə yönəltməyə nail oldu. Dünyanın ən məşhur avtomobil yarışları olan “Formula-1” üzrə Avropa Qran-prisinin keçirilməsi isə bütün dünyanın nəzərlərini Azərbaycana çevirdi. Təbii ki, yarışdan əldə edilən qazanc təkcə, ölkəyə turist cəlb edilməsi ilə bitmir. Eyni zamanda, ölkəyə gələn turistlər müxtəlif xidmətlərdən faydalanır və bu da həmin sahələrə əlavə sərmayənin yönəldilməsi deməkdir. Eyni zamanda minlərlə turistin Bakıya səfər etməsi digər sahələrin, xüsusilə də xidmət, ictimai-iaşə, nəqliyyat, bank sektoru kimi sahələr üçün də əlavə gəlir mənbələri yaradacaq.

Ümid edək ki, müvafiq qurumlar qeyd edilən təklif və tövsiyələrə laqeyd qalmayacaq və turizm sahəsində əməli işlərin həyata keçirilməsini sürətləndirməklə regionların inkişafı istiqamətində dövlətin böyük dəstək fəaliyyətinə öz töhfələrini verəcəklər.

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanmışdır.

Ramiz KƏRƏMOV,
“Təhsil problemləri”

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın