11:37 am - Şənbə Sentyabr 23, 2017

TƏHSİL İSLAHATI: REAL VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR

1999-cu ilin iyununda təsdiq olunmuş İslahat Proqramı həyata keçirilməyə başlayarkən, təhsil sahəsində reallaşdırılacaq vəzifələr müəyyənləşdirildi. Təhsil sisteminin strukturunda, idarə edilməsində, maddi-texniki bazanın, iqtisadiyyatın yeniləşdirilməsində təhsilin məzmun, strategiya və qiymətləndirmə problemlərinin həll olunmasında aparılacaq islahat işlərinin mərhələləri konretləşdirildi. Bu mərhələlərdə normativ-hüquqi, iqtisadi və informasiya bazasının yaradılması, genişmiqyaslı islahatın aparılması üçün təşkilati-hüquqi, kadr, maliyyə, maddi-texniki təminat və yeni idarəetmə modellərinin hazırlanması istiqamətində tədbirlər həyata keçirildi. İslahatı əvvəlki islahatlardan fərqləndirən cəhətlərdən biri də onun demokratik, humanist prinsiplərə söykənməsi, inteqrativ xarakterli olması idi. Yeni təhsil sisteminin yaradılması zaman etibarı ilə böyük dövrü əhatə etdi. Bu dövr ərzində Azərbaycanda Milli Təhsil Konsepsiyası (Milli kurikulum) yaradıldı. Təhsil sahəsində çalışanların pedaqoji bacarıqlarının təkmilləşdirilməsi istiqamətində müvafiq təlim kursları təşkil edildi. Hər il minlərlə müəllim peşəkarlığının artırılması ilə bağlı kurikulum kurslarına cəlb olundular. Hələ kurikulumun ilk tətbiq olunduğu vaxtlarda tez- tez təkrarlanan bir məqam bu gün də öz aktuallağını itirməyib. 2007-2008-ci tədris ilində yeni yaradılmış fənn kurikulumlarının tətbiqinə başlanarkən pedaqoji sahədə çalışanların «kurikulumu gündəlik dərslərdə tətbiq etmək olmur» tendensiyası bu gün də səslənməkdədir. O zaman bu fikir səslənərkən, bunu islahatın hələ yeni olması ilə əlaqələndirir, zamanla bu yanaşmanın aradan qalxacağına şübhə etmirdilər. Bu gün isə həmin fikirlərə yeniləri də əlavə olunub. Çox maraqlıdır ki, hazırda təhsilin səviyyəsinin aşağı düşməsi, şagird nailiyyətlərinin qiymətləndirilməsindən alınan nəticə müasir kurikulumlarla əlaqələndirilir. Bu gün təəssüf doğuracaq hal ondan ibarətdir ki, təhsil sahəsində islahat proqramını qəbul edə bilməyən, ənənəvi təhsil sistemindən ayrılmayan müəllimlər var. Onlar müasir yanaşmaların şagirdlərə bilik vermədiyini iddia edirlər.

Statistik rəqəmlər düşünməyə məcbur edir

Uzun illər tədrisi ənənəvi təhsil proqramı ilə təşkil edən, 20-30 il bundan əvvəl aldığı təhsillə şagird qarşısına çıxan müəllimlər müasir yanaşmaların təhsildə tətbiqini uğurlu hesab etmirlər. Onlar yeniliklərin tətbiqi istiqamətində peşəkarlıq nümayiş etdirməkdən yayınırlar. Nəticə isə göz qarşısındadır. Öyrənməyi öyrətmək üçün ilk növbədə öyrədən öz biliyini, təcrübəsini artırmalıdır. Əks halda gözlənilən nəticəyə nail olmaqdan danışmağa dəyməz.

2016-cı ilin may-iyun aylarında Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Təhsil İnstitutu və Təhsil İşçilərinin Peşəkar İntitutunun təşkilatçılığı ilə Bakı şəhərində yerləşən bütün təhsil müəssisələrinin VI siniflərində təhsil alan şagirdlər arasında mərkəzləşdirilmiş qaydada ana dili və riyaziyyat fənnləri üzrə qiymətləndirmə aparıldı və nəticələr təhlil edildi. Qiymətləndirmələrdə Azərbaycan dili üzrə 27.566, riyaziyyat üzrə 31.678 (o cümlədən rüs bölməsi üzrə 4.943) şagird iştirak etdi. Ümumi nəticələr – Azərbaycan dilindən qiymətləndirmədə iştirak edən 27.566 şagirdin 22%-i əla, 19%-i yaxşı, 17%-i orta, 21%-i kafi və qalan 21%-i isə qeyri-kafi nəticə göstərdi. Riyaziyyat fənni üzrə imtahanda iştirak edən 31.678 şagirdin 19%-i əla, 18%-i yaxşı, 25%-i orta, 18%-i kafi və qalan 20%-i qeyri-kafi nəticə göstərdi. Maraqlıdır, görəsən, doğurdan da bu gün şagirdlərin 20%-nin Ana dili və Riyaziyyat fənindən iki qiymət almasının və yaxud 2015-2016-ci illərdə Bakıda keçirilən 28.758 nəfər müəllimin, ölkənin 12 bölgəsində isə 26.290 nəfər müəllimin iştirak etdiyi diaqnostik qiymətləndirmədə yalnız 14,8% müəllim əla, 53,6% müəllim isə yaxşı nəticə göstərməsi, 31,6% müəllimlərin isə təkmilləşdirməyə ehtiyacının olmasının səbəbi müasir islahat proqramıdır?

Həmçinin ötən tədris ilində daha maraqlı faktlardan biri də VIII-XI sinif şagirdlərinin iştirakı ilə «Ədəbiyyat biliciləri» müsabiqəsi ilə bağlıdır. Üç mərhələdən ibarət olan və ilk dəfə keçirilən müsabiqədə 25 minə yaxın şagird iştirak edib. Onlardan 4.037 nəfəri rayon(şəhər) mərhələsində iştirak etmək hüquqü qazanıb. Cari ilin mart ayında yekunlaşan rayon (şəhər) mərhələsindən 93 şagird respublika mərhələsinə buraxılıb və yalnız 30 nəfər şagird I, II, III yerlərə layiq görülüb. Göründüyü kimi müsabiqədə iştirak edən 25.000 şagirddən yalnız 30 nəfər şagird müvafiq yerləri qazana bilibdir.

Təhsil islahatı Azərbaycan təhsilinə nə verdi?

Müasir təlim şəxsiyyətə yönəlib və bu təlimin məqsədi ictimai-siyasi, mədəni və sosial həyatın qloballaşdığı və universallaşdığı, informasiya kommunikasiya texnologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi bir dövrdə müstəqil qərarlar qəbul etmək bacarıqlarına malik cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan insanın formalaşdırılmasıdır. Milli kurikulum hazırlanarkən milli və ümumbəşəri dəyərlər nəzərə alınıb. Ümumi inkişafı, meyil və maraqları nəzərə alınmaqla bütün şagirdlərə əlverişli təlim şəraitinin yaradılması qarşıya məqsəd kimi qoyulub. Bundan başqa, tələbyönümlülük, nəticəyönümlülük, şagirdyönümlülük, interaqrativlik prinsiplərinə istinad olunub. Müasir təhsildə ümumi təhsilinsanın, ailənin, cəmiyyətin və dövlətin marağına, milli və ümumbəşəri dəyərlərə – dünyəvilik, sistemlilik, varislik, inqerativlik, demokratiklik prinsiplərinə əsaslanır. Ümumi orta təhsilli şəxs ana dilini dərindən bilən, Vətəninin tarixi və mədəniyyəti haqda ətraflı məlumata malik olan, incəsənəti, ədəbiyyatı və dövlət mənafeyinə sadiqlik nümayiş etdirən, müasir texnika və kommunikasiya vasitələrindən səriştəli istifadə edən, əxlaqi-mənəvi dəyərlərə tolerant, həsas və ədalətli münasibət bəsləyən, o cümlədən xarici dillərdən birində və ya bir neçəsində ünsiyyət saxlamağı bacaran və s. bir çox xüsusiyyətləri özündə birləşdirən şəxsdir. Məgər bu günki təhsil, sadalanan keyfiyyətləri özündə birləşdirən gəncləri yetişdirmirmi?

Respublika fənn olimpiadalarının göstəricilərinə nəzər salsaq görərik ki, əvvəlki illərə nisbətən olimpiada da iştirak edənlərin sayında rəqəmlər dəyişir. Lakin rəqəmlərin yüksəyə doğru dəyişməsi heç də keyfiyyət amilinin göstəricisi deyil. İştirak edənlərin sayı çox olsa da, respublika üzrə qaliblərin sayı azdır.

Azərbaycan Təhsil Şurasının sədri, peqoji elmlər doktoru professor Əjdər Ağayev hesab edir ki, bu problemlər kurikulumu hazırlayanların standartı, dərsliyi hazırlamaqda müəyyən təcrübəyə malik olmamasından qaynaqlanır. Onlar pedaqogika tarixini, təhsil tarixini yaxşı bilmirdilər. İndiyə kimi olmuşları bilmədən nə bu günü, nə sabahı müəyyənləşdirmək olmaz. Buna görə də çoxlu problemlər ortaya çıxdı. Dərsliklərdən təhsillə bağlı olan hər kəs narazıdır. Kurikulumda verilən metodlar xarici ölkələrin pedaqoqlarının yazdıqlarıdır. Bizim ingilis dilini bilənlərimiz tərcümə edib, onu təhsil sisteminə gətirib. Bu sanki səbətlə gətirilib. İnkişaf kökdən başlayır. Hansısa kitabdan yazılıb, gətiriləni bizim təhsil sistemimizə gətirmək yanlış yanaşmadır. Bunu mənimsəmək də çətindir. Bu gün yeni təlim metodlarında istifadə də haradasa aktuallıq var. Əsrimiz informasiya əsridir. Əvvəllər hansısa təcrübəni müəllim əyani şəkildə şagirdə göstərirdi. Bu gün isə texnika inkişaf edib, həmin təcrübə proyektor vasitəsilə “promethan” lövhəyə ötürülür, şagirdlər onu izləyir. Dəyişən texnologiyadır. Təhsil sahəsi kollektiv yanaşmanı tələb edir. İnsanları təhsil islahatına hazırlamaq lazımdır. Yeniliyə bütün regionlar qoşulmalıdır.

Bugünkü təhsil prakmatik yanaşma tələb edir

A zərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ənvər Abbasov hesab edir ki, təhsildəki çatışmazlıqları islahat proqramı ilə əlaqələndirmək yanlış yanaşmadır. Kurikulum təhsil proqramıdır. Bu gün həmin təhsil sənədi əsasında təhsil verilir. Söhbət standartdan və ya təhsil proqramından getmir, bugünkü təhsildən, dünənki təhsildən gedir. Təhsil müəyyən proqram üzrə aparılır. Artıq dünyanın hər yerində təhsilə münasibət dəyişibdir. Təhsilə insanları dəyişdirən, formalaşdıran bir sistem kimi yanılmalıdır.

Təhsilin vəzifəsi insanlarda dəyər əmələ gətirməkdir. İnsan cəmiyyətin fəal üzvü olmalıdır. Biz buna nail ola bilmişikmi? Bizim uşaqlarımız cəmiyyətdə fəaldırmı, ağıllıdırmı, problem həll edə bilirmi? Müəyyən məsələlərə yaradıcı yanaşa bilirmi?

Müşahidələr göstərir ki, qeyd etdiklərim reallaşıb. Müasir dövrün şagirdləri əvvəlki illərin şagirdlərindən fərqlənir. Görünən odur ki, zaman dəyişir, təhsilə yanaşmalar dəyişir. Bizim ölçü vahidlərimiz isə dəyişmir. Biz şagirdlərin düşüncə qabiliyyətini onların fəallığını ölçə bilmişikmi? Hazır ki, təhsil sisteminin qarşında idrak, təfəkkür məktəbinin yaradılması durur. Bu o deməkdir ki, şagirdlərdən dərslikdə verilənləri əzbərləmək tələb olunmur. Müəllim ona istiqamət verir. Şagird ən zəruri vacib olan materialları mənimsəyib, onun əsasında düşünməyi, problem həll etməyi öyrənir.

Biz istəyimiz odur ki, şagirdlər ünsiyyət mədəniyyəti əldə etsinlər. Onlar gələcəkdə hər hansı kollektivdə müzakirələrdə iştirak etsinlər. Bunu edə bilirlərmi? Son dövrlərdə aparılan müşahidələr göstərir ki, bizim özümüz müzakirə mədəniyyətini gözləyə bilmirik. Mən müzakirə zamanı qeyri-səmimi danışmağa başlayır, basqılar edir, hətta səsimi qaldırıram və s. Bu artıq bugünkü insanın mədəniyyəti deyil. Hazırki təhsil şagirdlərə problem həll etməyi, insanlarla diplomatik əlaqələr qurmağı öyrədir. Problemin həlli yolunu daha demokratik həll etməyi öyrədir. Məktəbin işi insanları ali məktəbə deyil, həyata hazırlamaqdır. Biz şagirdin biliyinə onun nəyi bilib, nəyi bilməməsi ilə qiymət veririk. Ola bilər ki, şagird hansısa qanunu zəif bilir. Vaxtilə təhsilə akademik yanaşma olubdur, bu gün isə təhsilə prakmatik yanaşma tələb olunur. Çünki akademik yanaşma şagirdlərə daha çox qanunlar, qaydalar öyrətməyi tələb edir. Amma hazır ki, təhsil şagirdə ən zəruri, elmə aid olan məsələləri öyrətməklə onlara dəyərlər verilir. Bilik mənimsəmə şkalasında bi-rinci, anlama ikinci, tətbiq etmə üçüncü, təhlil dördüncü, sintez beşinci, yaradıcı fəaliyyət isə altıncı yerdədir. Biz şagird nailiyyətlərinin hələ ki, birinci səviyyə ilə qiymətləndiririk. Bu səhv yanaşmadır. Hazırda inkişafyönümlü təhsil sistemi, şagirdlərin düşünmək qabiliyyətini formalaşdıran məktəb yaranır. Bu proses isə qısa zamanda yarana bilməz.

Yeni kurikulumlar hazırlanır

Ənvər Abbasovun sözlərinə görə, 2013-cü ildə Azərbacan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası qəbul olunub. Bu zaman beş strateji istiqamət müəyyənləşdirilib. Onun birincisi səriştə əsaslı şəxsiyyətyönümlü təhsil məzmunun yaradılmasıdır. Bu isə o deməkdir ki, yeni standart və kurikulumlar hazırlanmalıdır. Hazırda 12 illik təhsil üzrə standart və kurikulumlar üzərində iş aparılır. Dövlətin qərarına görə hər 5 ildən bir Təhsil standartları dəyişilməlidir. Standartlarda dəyişikliklər gözlənilir.

Əvvəlki standartlar hazırlanarkən qiymətləndirmə standartları da ilkin təcrübə olduğundan məzmun standartlarının cərgəsində verilib. Bu gün isə dəqiqləşmələr aparılır. Məzmun standartı ayrı, qiymətləndirmə standartının ayrı verilməsi planlaşdırılır. Elə standartlar var ki, daha çox deklorativ biliklərin mənimsənilməsini tələb edir. Bunların ümumiləşdirilməsi nəzərdə tutulur. Daha çox praktik istiqamətdə bacarıqlar verən standartlara üstünlük verilməsinə diqqət yetirilir. İndiki dövrün tələblərinə uyğun olmayan standartların yeniləri ilə əvəzlənməsi tələb olunur. Elə fənlər var ki, yeniliklər çoxalıb. Yeniliklər standlartlara gətirilməlidir. Bundan başqa stantdartlarda aktuallığını itirən məqamların çıxarılması gözlənilir.

Ənvər Abbasovun fikrincə, bu gün yeni yanaşma tərzi kimi standartlar və kurikulumlar ayrı-ayrı məzmun komponentləri kimi başa düşülür. Hazırda təhsilin bütün pillə və səviyyələri üzrə standart və komponentlər nəzərdə tutulur. Bu o deməkdir ki, standart ayrı, kurikulum isə başqa komponentdir. Standartlar ölüçülə bilən nəticələrdir. O nəticələrdir ki, hansı ki, şagirdlərin fəaliyyəti nəticəsində əldə olunacaq uğurları ifadə edir. Kurikulumlar isə əvvəlcədən düşünülmüş və müəyyən olunmuş texnologiyalardır. Müəllimlər həmin texnologiyalardan istifadə edir. Öz təcrübəsində onu bir azda fərdiləşdirərək bundan istifadə edir. Ona görə də kurikulumun ayrıca variativ formada işlənməsi nəzərdə tutulur.

Bütün yeniliklər təhsilin inkişafına, keyfiyyətinin yüksəldilməsinə yönəlib. Təbii ki, islahat dövründə müəyyən problemlər ortaya çıxacaqdır. Lakin ümid edək ki, bütün çətinliklər zamanla geridə qalacaq, təhsilimiz dövlətimizə layiq vətəndaş yetişdirməkdə dünya təhsili səviyyəsinə yüksələcəkdir.

Qeyd: Yazı “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” hazırlanmışdır.

Dilşad XAQANİQIZI,
“Təhsil problemləri”

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın