7:56 am - Çərşənbə Noyabr 22, 2017

İSTEDADIN GÜCÜ

Səidə Məmmədova, NDU-nun  professoru

Səidə Məmmədova,
NDU-nun
professoru

Musiqi əxlaqi qanundur, o bütün dünyanı ilhama gətirir, qəlbə qanad verir, insan üçün zəruri olan kədər və şadlığa səbəb olur.

Platon (e.ə. 427-347), yunan filosofu

Naxçıvan Dövlət Universiteti “İncəsənət” fakültəsinin akt zalında Məmmədova Səidə Müslüm qızının 75 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Saleh Məhərrəmov açıb. Rektor bildirib ki, professor Səidə Məmmədova Azərbaycan Musiqi sənətinin ənənələrini məqsədyönlü inkişaf etdirən qabaqcıl ictimai xadimlərdən biridir. Onun orijinal yaradıcılıq təbiətinin böyük gücü və səmimiyyəti musiqisinin nikbinliyində, gənclik həvəsində öz təsdiqini tapıb.

Sonra fakültənin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova Səidə Məmmədovanın həyat və yaradıcılığı haqqında geniş məlumat verib.

Səidə xanım 1942-ci il may ayının 25-də Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1960-cı ildə Naxçıvan şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbini bitirdikdən sonra Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun Xor – dirijorluq şöbəsinə daxil olub. 1964-cü ildə texnikumu uğurla bitirən Səidə Məmmədova elə həmin ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında həmin ixtisas üzrə təhsilini davam etdirib. 1969-cu ildə konservatoriyanı bitirərək təyinatla Naxçıvan şəhər Uşaq Musiqi Məktəbində müəllim kimi fəaliyyətə başlayıb.

Şəkil

Şəkil

1969-cu ildən 1975-ci ilədək Naxçıvan şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində fortepiano müəllimi və xormeyster kimi çalışan Səidə Məmmədova 1975-ci ildə yenicə yaradılmış Naxçıvan Orta İxtisas Musiqi Məktəbinin müdiri vəzifəsinə təyin olunub. İlk təşkilatçısı Səidə Məmmədova olan bu məktəb qısa zamanda respublikada tanınan əsl sənət ocağına çevrilib. O, öz ciddiliyi, tələbkarlığı ilə məktəbdə təlim-tərbiyə işlərinin yüksək səviyyədə olmasını, burada müxtəlif musiqi kollektivlərinin formalaşmasını, onların muxtar respublika səviyyəli tədbirlərdə və konsertlərdə iştirakını təmin edərək özünü doğruldub, 1994-cü ilədək daşıdığı vəzifənin öhdəsindən layiqincə gəlib.

Səidə Məmmədova yüksək təşkilatçılıq qabiliyyətinə malik bir müsiqiçi olaraq bir sıra tədbirlərin konsert proqramlarının təşkilində, müxtəlif musiqi kollektivlərinin yaradılmasında böyük rol oynayıb. Səidə xanım 1974-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının 50 illik yubileyinə həsr olunmuş təntənəli yığıncağın bədii hissəsində Naxçıvan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında Cahangir Cahangirovun Naxçıvan haqqında kontatasına böyük məharətlə dirijorluq edib. 1978-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Azərbaycan Respublikası Ali Sovetinin təşkil etdiyi bayram konsertində bəstəkar Ramiz Mirişlinin Fikrət Qocanın sözlərinə yazdığı “Naxçıvan təranələri” süitasının Səidə xanımın dirijorluğu ilə təqdimatı da o zamankı nəslin yaddaşında bu gün də əsl incəsənət hadisəsi kimi yaşayır.

1987-ci ildə Azərbaycan KP-nin və Azərbaycan SSR Ali Sovetinin Oktyabr inqilabının 70 illiyinə həsr olunmuş təntənəli yığıncaq ilə əlaqədar keçirilən konsert zamanı Üzeyir Hazcıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijorluq pultu arxasında respublikanın ən məşhur dirijorlarını görməyi adət etmiş bir çoxları üçün Səidə Məmmədovanın çıxışı təəccüb doğurub. Çoxları təklif edib ki, konsert fonoqram ilə baş tutsun. Lakin onun dirijorluq məharəti, orkestri ələ almaq bacarığı konsertin çox yüksək səviyyədə sona çatması ilə nəticələnib. O, öz əzmkarlığı, qeyri-adi yaradıcılıq enerjisi ilə milli musiqi salnaməsinə Azərbaycan Dövlət Simfonik Orkestrinin yüksək tərkibli heyətinə rəhbərlik edən ilk qadın dirijor kimi düşüb. Səidə Məmmədova həmin illəri xatırlayaraq qeyd edir ki, xor kollektivini, orkestri təşkil etmək olduqca çətin idi, çünki ixtisaslı musiqiçilər azlıq təşkil edirdi: “O zaman özfəaliyyət kollektivinin üzvlərindən, müxtəlif rayon və kəndlərdən ən istedadlı musiqiçiləri toplayıb bu kollektivləri ərsəyə gətirdik. Ancaq çox çətin idi, ifaçıların çoxu notu belə tanımırdı. Bu səbəbdən onlara əsərləri zümzümə edərək öyrədirdim”.

Yüksək peşəkarlığı və idarəetmə qabiliyyəti ilə seçilən Səidə Məmmədova 1994-cü ildə Naxçıvan Dövlət Universitetində yaradılan İfaçılıq kafedrasına müdir vəzifəsinə təyin olunur. Kafedra müdiri, dosent (1999-cu ildən) Səidə xanım gənclərin peşəkar, yüksək mədəni səviyyəsinə malik musiqiçilər kimi yetişməsində səylərini əsirgəmir. 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin yaranmasının 30 illiyi münasibəti ilə keçirilən dövlət tədbirindən sonra bədii hissədə konsertin yüksək səviyyədə baş tutmasında bədii rəhbər və dirijor Səidə müəllimin öz payı olub. Tələbə xorunun, rəqs qrupunun və xalq çalğı alətləri orkestrinin birgə hazırladığı Ramiz Mirişlinin “Doğma diyar” suitası qədim Naxçıvanımızın musiqi salnaməsi kimi ictimaiyət tərəfindən alqışlarla qarşılanıb.

1999-cu ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə Naxçıvan Muxtar Respublikasının yaranmasının 75 illiyi münasibətilə keçirilən yubiley tədbirində isə Səidə xanım dahi Üzeyir bəyin Azərbaycanın şanlı qəhrəmanlıq tarixindən bəhs edən “Koroğlu” operasından “Çənlibel xoru” kimi qiymətli sənət töhfəsi ilə iştirak edib.

2007-ci ildə Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə dövlət səviyyəsində qeyd olunub. Konservatoriyanın yeni binasının açılışına təsadüf edən, Səidə xanımın bədii rəhbər və dirijoru olduğu yubiley konserti həm əhəmiyyətli mədəniyyət hadisəsi, həm də hesabat kimi universitetə uğur gətirib.

Səidə Məmmədova elmi-metodiki səviyyəsi, pedaqoq səriştəliliyi, elm sahəsində müvəffəqiyyətləri ilə Naxçıvanın fortepiano ixtisası üzrə ilk professoru adını qazanıb. O, 1978-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Onun sənəti, istedadı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Səidə xanım 1977-ci ildə “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Əməkdar incəsənət xadimi, 1988-ci ildə “Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi” fəxri adları, 1973-cü ildə Naxçıvan MSSR Ali Sovetin Rəyasət Heyətinin Fəxri Fərmanı,2007-ci ildə “Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif olunub. 2007-ci ilin may ayında isə Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdünə layiq görülüb.

Böyük ürəyə, həssas qəlbə malik olan Səidə Məmmədovanın özünəməxsus zərif dünyasını, incə, həyatsevər qəlbinin lirik duyğularını yaşadan və sevdirən bəstələri də az deyil. Onun “Sevirəm yurdumu”, “Ürəkdir sevən səni”, “Ülkərim”, “Ayrılıq”, “Könlümdəsən həmişə” , “Görüş” , “Nigarım mənim”, “O kaman səsi”, “Naxçıvan” və başqa mahnıları könülləri oxşayır.

Rəsmi hissənin sonunda Səidə Məmmədovanın həyat və yaradıcılığına həsr olunmuş film nümayiş etdirilib. Yubiley tədbirində onun “Naxçıvanım” (sözləri İsa Həbibbəylinindir), “O kamanın səsi” (sözləri Kəmalə Ağayevanındır), Cahangir Cahangirovun “Zəriflik”, Mehriban Əhmədovanın “Ana” və digər mahnı və musiqi nömrələri dinlənildi.

Gözəl insan, tanınmış dirijor, pedaqoq, fəal ictimai xadim olan Səidə Məmmədova omrünün 75-ci baharını yaşayır.

Onu bu münasibətlə təbrik edir, sağlıqlı uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Bağır Qədİmov,
Azərbaycan Jurnalistlər
Birliyi və Teatr Xadimləri İttifaqının üzvü,

Əşrəf Hümmətov,
“Təhsil problemləri”

MÜDRİK KƏLAMLAR

• Musiqinin məqsədi qəlbləri riqqətə gətirməkdir.

V.F.Bax

• Modalar dəyişir, əsl musiqi isə əbədi yaşayır.

F.M.Dostoyevski

• Musiqi əsl ümumbəşəri dildir.

K.M.Veber

• Bəşəriyyətə məlum olan bütün səslərdən ən sevimlisi musiqidir.

Q.V.Qotye

• Musiqi – sözsüz, bəzən də çox dərin mənaları ifa edən nitqdir.

T.Karley

• Müsiqi ən gözəl möcüzələrlə dolu ilahi nemətdir.

M.Lüter

• Musiqi – insan hislərinin riyaziyyatı, riyaziyyat isə insan təfəkkürünün müsiqisidir.

K.Silvestr

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın