11:37 am - Şənbə Sentyabr 23, 2017

MÜƏLLİM QARŞISINDA DURAN MÜASİR TƏLƏBLƏR

Cəmiyyətdə, ölkədə baş verən köklü dəyişikliklər məktəb həyatına da öz təsirini göstərir; təkcə proqram, dərslik, dərsin forma və metodları dəyişilməyib, eyni zamanda bizim şagirdlər, valideynlər, əlbəttə ki müəllimlər də dəyişilib. Bu gün müəllim qarşısında heç də asan olmayan tapşırıq durur – yaradıcı qabiliyyətin inkişafı üçün şərait yaratmaq, şagirdlərə müstəqil düşünməyi öyrətmək, öyrənilən fənnə qarşı motivasiya yaratmaq. Heç kim şübhə etmir ki, cəmiyyətin gələcəyi parta arxasında əyləşən şagirdlərdən asılıdır. Vacibdir ki, şagirdlər təkcə müəllimlərin onların qarşısında qoyduğu suallara cavab verməyi deyil, həm də materialın öyrənilməsi zamanı özləri də sual qoymağı bacarsınlar.

Özünümaarifləndirmə ilə məşğul olmayan, şagirdlərindən nəsə öyrənməyən müəllimi müasir müəllim adlandırmaq olarmı? Bizim şagirdlər dünyanı daha fərqli görürlər, göy qurşağının əlvan rənglərindən istifadə edib, onu çəkirlər. Bu dünyada çoxlu işıq, məhəbbət var. Bəs, bizim şagirdlərin düşüncəsi? Müasir müəllim təkcə şagirdləri öyrətməməlidir, həm də o özü şagirdlərindən nəsə öyrənməlidir.

Müəllim elm və kiçik şəxsiyyət qarşısında duran insandır. O, öz fənnini bilən, təhsilli və dərin bilgilidir. Bu günün müəllimi öz işinə və şagirdlərinə sadiq insandır. Müasir müəllim-kompleks keyfiyyətləri özündə birləşdirən professionaldır. Lazım olanda artist, rəssam, lazım gələndə yazıçı və müğənnidir.

Mənim məqsədim təkcə şagirdlərdə bilik, bacarıq və vərdişləri formalaşdırmaqdan ibarət deyil. Həm də hər bir şagirdə şəxsiyyət kimi formalaşmaqda, öz hərəkətlərini düzgün qiymətləndirməkdə kömək etməkdən ibarətdir.

Müəllimin peşəkarlığının artırılması özünümaarifləndirmədən mümkün deyildir. Praktik seminarlarda, peşəkarlığın artırılması kurslarında və s. iştirakımın əsas səbəbi də budur.

Müəllimin əməyi çox çətindir, amma eyni zamanda maraqlıdır. XXI əsrdə müəllim yeni “informasiya-kommunikasiya texnologiyaları əsri”nə daxil oldu. Şübhəsiz müasir müəllim İKT sahəsində məlumatlı olmalı və tədris prosesinə tətbiq etməyi bacarmalıdır. Eyni zamanda, öz təcrübəmə dayanaraq deyə bilərəm ki, multimedia və internet vasitələrdən istifadə olunan dərslər daha maraqlı olur, öyrənilən mövzuya marağı artırır.

Müasir müəllimin şagirdə münasibəti köklü dəyişib. Pedaqoq şagirdə hörmətlə yanaşmalıdır. Müasir müəllimdə hər bir şagird üçün individual təhsil yolu olmalıdır. Dərs zamanı müəllim şagird ilə əməkdaşlıq etməyi bacarmalıdır. Dərsdə əsas işləyən şagird olmalıdır. Müəllim qarşısında duran müasir tələb belədir ki, o şagirdə özü öyrənməkdə kömək etməlidir. Hələ XIX əsrdə məşhur pedaqoq Adolf Disterbeq demişdir: “Pis müəllim həqiqəti təqdim edir, yaxşı müəllim isə onu tapmaqda kömək edir”.

Fikirləşirəm ki, XXI əsrin müəllimi ilk növbədə şagirdlə dil tapmağı bacarmalıdır. Eyni zamanda müəllim zamanla ayaqlaşmağı bacarmalı, hərtərəfli olmalı, yalnız öz sahəsi ilə məhdudlaşmamalıdır. Müəllim geniş söz bazasına malik olmalıdır.

“Müasir məktəbin müəllimləri necə olmalıdır?” sualının cavabı müəllim sözünün özündə gizlənir: məsuliyyətli, ünsiyyətcil, ədalətli, ləyaqətli, lazımlı, insanpərvər, maarifçi olmalıdır.

Müəllimin peşəkar fəaliyyətinin obyekti insan – şagirddir. Buna görə də şübhəsiz pedaqoq yüksək şəxsi keyfiyyətlərə malik olmalıdır. Əgər həmin şəxsi keyfiyyətləri sadalasaq görərik ki, istənilən müasir mədəni insanda bu keyfiyyətlər mövcuddur: ədalətli olmaq, əməksevərlik, dərin bilgi. Onda belə bir sual doğur: Hər mədəni insan müəllim ola bilərmi? Əlbəttə ki, yox. Uğurlu pedaqoji fəaliyyət üçün müəllim müəyyən şəxsi keyfiyyətlərə malik olmalıdır. Axı ilk növbədə müəllim tərbiyəçidir.

Bu gün müəllim təhsil prosesinin təşkilatçısıdır. Müəllim köməkçidir, məsləhətçidir, bələdçidir. Bələdçi fəaliyyətinin əsasında reflektiv yanaşma durur. Çox zaman dərsdə müxtəlif oyunlardan (didaktik və s.) istifadə olunur. Bu oyunlar bütöv dərsi və ya dərsin bir hissəsini əhatə edə bilər. Oyunlar bəzən konkret fənnə aid olmasa da, şagirdlərdə gərginliyi aradan qaldırır, diqqəti toplamağa kömək edir, yorğunluğu götürür və nəticədə şagirdlər ünsiyyət qurmağı, bir-birindən kömək istəməyi, birgə yaşamağı öyrənirlər.

Müəllimə kömək edən bir neçə gündəlik qaydaları sadalayaq:

1.Müəllim dərsdə bilik mənbəyi deyil. O, təşkilatçı və şagirdlərin köməkçisidir.

2. Şagird bilməlidirlər ki, bu ona niyə lazımdır.

3. Müəllim öz leksikonundan yanlış, səhv cavab-sözlərini ləğv etməlidir. Bunun əvəzində hamıya müraciət edərək soruşmalıdır: “Siz necə fikirləşirsiniz?”

4. Dərs monoloq yox, dialoq əsasında qurulmalıdır. Yalnız dialoq zamanı dərs canlı olur və hamı iştirak edir.

5. Hər dərs zamanı şagirdlər böyük qruplarla, cütlərlə, kiçik qruplarla işləməlidirlər. Bu zaman şagirdlər ünsiyyət qurmağı, mübahisə etməyi, öz fikrini əsaslandırmağı öyrənirlər.

6. Ən əsas emosional vəziyyətdir. Hər bir şəxs öz emosiyalarını idarə etməyi bacarmalıdır və bunu şagirdlər də öyrənməlidirlər.

7. Əgər dərsin sonunda mövzu şagirddə heç bir sual doğurmursa, yoldaşları ilə, dərsdə iştirak etməyənlə danışmağa heç bir şey yoxdursa, o zaman hətta mənim nöqteyi-nəzərimdən yaxşı keçən dərs, deməli, şagirddə heç bir iz buraxmayıb.

Aytel ASLANOVA,
Lənkəran şəhər 4 nömrəli
Humanitar təmayüllü
məktəb-liseyin biologiya müəllimi
Email: aytela@gmail.com

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın