11:36 am - Şənbə Sentyabr 23, 2017

MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ YENİ PEDAQOJİ MÜSTƏVİDƏ

Ənvər Abbasov, Təhsil   İnstitutunun  direktor müavini, pedaqogika üzrə  fəlfəsə doktoru, dosent Əməkdar müəllim

Ənvər Abbasov, Təhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlfəsə doktoru, dosent Əməkdar müəllim

Azərbaycanda yeni bir quruluşun, cəmiyyətin formalaşması təbii ki, müasir təfəkkürün, insanlığın formalaşması zərurətini meydana çıxardı. Demokratik bir cəmiyyətin demokratik təhsil şəraitində yeni müəllim-şagird münasibətlərinin formalaşması ilə nəticələndi. Bu həm də öz-özlüyündə yeni bir pedaqoji məsələni – müəllim-şagird münasibətlərinə yenidən baxılmasını və onun yeni müstəvidə qurulmasını meydana çıxardı.Artıq Azərbaycanda “demokratikləşdirmə, humanistləşdirmə, inteqrasiya, differensiallaşdırma, fərdiləşdirmə, humanitarlaşdırma prinsiplərinə əsaslanaraq, təhsilalanın şəxsiyyət kimi formalaşmasını, onun təlim-tərbiyə prosesinin əsas subyektinə çevrilməsini başlıca vəzifə hesab edən, milli zəminə, bəşərə dəyərlərə əsaslanan, bütün qurumların fəaliyyətini, təhsilalanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sistemi” yaranmaqdadır (Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı. Bakı, 1999). Bu sistem özünün bir sıra atributları ilə meydana çıxmaqdadır. Onlardan ən zəruri olanı və qabarıq görünəni müəllim və şagirdlərin funksiyalarındakı dəyişikliklər, onların bir-birlərinə münasibətidir.

Yeni qurulmaqda olan təhsil şəraitində müəllimin ənənəvi fəaliyyətində dəyişikliklər baş verir. Onun funksiyası dəyişir, yeni mövqe qazanır. Yeni şəraitdə “müəllimin mövqeyi – bələdçi” (fasilitator), aparıcı (istiqamət verən) mövqeyidir. Fəal təlim prosesində şagirdləri biliklərə aparan yolda müəllimin bir bələdçi kimi əsas funksiyası, təyinedici rolu dəyişir. Əslində bu, müəllim liderliyinin yeni tipidir. Bu liderlik müəllimlə şagirdin təhsilin məqsədinə nail olmağa yönəldilmiş birgə fəaliyyətinə əsaslanır. Belə olduğu təqdirdə müəllim şəksiz nüfuz sahibi kimi sinif üzərində “ağalıq” etmir və özünü ondan yüksəkdə tutmur. Əksinə, o, sistemli, ardıcıl və məqsədyönlü şəkildə əməkdaşlıq edir: problemli vəziyyəti təşkil edir, tədqiqat məqsədlərinin qoyulmasında şagirdlərə istiqamət verir, bunların həllində metodik kömək göstərir, biliklərin əldə edilməsi və mənimsənilməsi yollarını öyrədir” (Veysova Z. Fəal /İnteraktiv təlim: müəllimlər üçün vəsait. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF), 2007). Şagird isə müəllimin istiqamətinə əsasən fəaliyyət göstərir. O, fəaliyyətə məcbur olunmur, sadəcə təhrik edilir. Onun mövqeyi kəşf edən, tədqiqatçı xarakteri daşıyır. Ona görə də müəllimin istiqaməti üzrə kiçik tədqiqatlara qoşulur, araşdırmalar aparır, konkret nəticələrə gəlir. Şagird gəldiyi nəticələrini qiymətləndirməklə bir daha ona əmin olur.

Göründüyü kimi, istər müəllimin, istərsə də şagirdin fəaliyyəti subyektlərin fəaliyyəti kimi əməkdaşlıq xarakteri daşıyır. Bu münasibətlər müasir təhsili, məktəbi xarakterizə edən, onun humanist keyfiyyətini üzə çıxaran əsas əlamətdir.

Müəllim-şagird münasibətləri yeni təhsil sistemində dialoji mədəniyyətin prinsiplərinə söykənir. Başqa sözlə, bu münasibətlərin əsasında humanist prinsipin tələbləri dayanır. Onlar təlim prosesinin psixopedaqoji əsası kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın görkəmli psixoloqu, mərhum prof. Əbdül Əlizadə bu məsələdən bəhs edərkən həm şəxsiyyət, həm də dialoji mədəniyyətin tələbləri barədə belə qənaətə gəlmişdir: “Obyekt mahiyyətcə şəxsiyyət deyil, insan deyil. İnsan ancaq subyekt kimi, şəxsiyyət kimi dialoqa girə bilər. Bu o deməkdir ki, dialoq məkanına daxil olmaq üçün:

– insan münasibətləri mənəvi ölçülərə söykənməlidir;
– adamlar bir-birini şəxsiyyət kimi qavramalıdırla;

– dialoq birgə əməkdaşlıq, birgə yaradıcılıq aləmi olmalıdır”. (Əlizadə.Ə.Ə. Yeni pedaqoji təfəkkür (psixopedaqoji araşdırmalar. “Adiloğlu” nəşriyyatı, Bakı, 2001)

Doğurdan da, dialoji mədəniyyət üçün ilkin şərt insanlığın anlaşılan və qarşılıqlı başa düşülən mənəvi prinsipləridir.

Bu prinsiplər bütövlükdə insanın həyatı normalar çərçivəsində fəaliyyətinin tənzimlənməsində həlledici rol oynayır. Əks halda cəmiyyət belə adamları qəbul etmir.

Dialoji mədəniyyətdə insanların bir-birlərini bir şəxsiyyət kimi qəbul etməsi də başlıca şərtdir. Bu, insanın bir-birini problemi olan, onu həll etməyə gücü, qüdrəti çatan, xüsusi amala, əqidəyə sahiblik edən şəxs kimi qəbul etməsi deməkdir. Belə ünsiyyət insanların bir-birinə həssaslığını artırır, onların dostluq, mehribanlıq münasibətlərini gücləndirir.

Nəhayət, birgə fəaliyyətdə sonuncu status olaraq əməkdaşlığın yaranmasının zəruriliyi vurğulanır. Müəllim-şagird fəaliyyətinin bu mərhələsində yeni düşüncə tərzinə əsaslanan yaradıcılıq aləmi baş verir. Bu, heyrətamiz və qeyri-adi bir hadisə kimi, şagirdlərdə birgə fəaliyyətə, eləcə də təlim fəaliyyətinə böyük maraq doğurur.

Müəllim-şagird münasibətlərinin düzgün qurulması, ilk növbədə, müəllimlərdə bir sıra qabiliyyətlərin olmasını zəruri tələb kimi qarşıya qoyur. Bu məsələ ilə bağlı müasir pedaqogikada da xeyli araşdırmalar aparılmış və nəticələrə gəlinmişdir. Xüsusən müəllimin müasir dövr üçün xarakterik olan qabiliyyətləri son tədqiqatlarda ayrıca qeyd edilmişdir. Belə nəticəyə gəlinmişdir ki, pedaqoji qabiliyyətlər müəllimin keyfiyyətləridir və onlar yeddi qrupa ayrılır: təşkilatçılıq qabiliyyəti, təlim (öyrətmə) qabiliyyətləri, perseptiv qabiliyyətlər, kommunikativ (ünsiyyət) qabiliyyətlər, suqqestiv (təlqinedici) qabiliyyətlər, tədqiqatçılıq qabiliyyəti, elmi-idrakı qabiliyyətlər. (Paşayev Ə.X, Rüstəmov F.A.Pedaqogika. Yeni kurs. Bakı. “Nurlan”, 2007) Bu qabiliyyətlər zaman keçdikcə dəyişə, tələblərin sayı arta və ya azala bilər. Lakin başlıca şərtlərdən biri bacarıqların zərurilik baxımından təsnif olunmamasıdır.

Müəllimlərin bacarıqları özlüyündə lazım olması baxımından eyni səviyyədə maraq doğursa da, müxtəlif zamanda hər hansı biri digərinə nisbətən daha önəmli görünür. Bu yalnız tədqiqatçıların dövrün tələbindən doğan yanaşma tərzində ifadə olunur. Məsələn, humanist və demokratik cəmiyyətin qurulduğu bir zamanda müəllimin ilkin keyfiyyəti kimi kommunikativ (ünsiyyət) bacarıqları daha çox əhəmiyyət daşıyır. Şagirdlərinin təlim marağına səbəb olan müəllimlər kommunikativ imkanlarından istifadə edirlər. Yaxud şagird kollektivini təlim prosesinə hazırlamaq, onu ümumi fəaliyyətin məntiqinə tabe etmək üçün ən yaxşı vasitə kommunikativ (ünsiyyət) bacarıqlardır.

Müəllimin fəaliyyətində aparıcı keyfiyyətlərdən biri də tədqiqatçılıqdır. Bu barədə son vaxtlar müxtəlif fikirlər söylənsə də, tədqiqatçılığın müəllimlikdən nisbətən uzaq olmasını iddia edənlər aydın şəkildə qəbul etməlidirlər ki, yeni təhsil siyasətində müəllim və şagirdlərin funksiyalarında dəyişikliklər yaranmaqdadır. Müəllim bütövlükdə dərsin sahibi, təşkil edəni olduğundan bütün hallarda şagirdlərin təlim fəaliyyətini istiqamətləndirən, onu düz yola yönəldən bir şəxs kimi çıxış edir. Özünün fəaliyyəti, hadisələrə yanaşması ilə inzibati amirlik dövrünün təhsil sistemindəki müəllimdən tamamilə fərqlənir. Artıq bir müəllim kimi reallaşdıracağı standartlara əsaslanaraq məqsədlərini müəyyənləşdirir. Onları həyata keçirmək üçün fəaliyyətini layihələndirir. Konkret plan qurur. Bu zaman reallaşdıracağı məzmun standartlarını, il ərzində fəaliyyətinin məzmununu, gözlənilən nəticələri, üsul və vasitələri, qiymətləndirmə mexanizmlərini müəyyənləşdirir. Gündəlik fəaliyyətə gəldikdə isə hər dərs üçün orijinal bir sistem hazırlayır. Onun reallaşdırılması imkanlarını müəyyənləşdirir. Bu zaman müəllim kimi təkrarlanır, ən zəif müəllim belə özünün sistemini formalaşdırmağa, reallaşdırmağa çalışır.

Belə olan tərzdə müəllimə imitativ bir fəaliyyət göstərən, yaxud başqasının göstərişlərini yerinə yetirən bir şəxs kimi baxmaq olmaz. Ona daima texnoloji araşdırmalar aparan, özünün və başqalarının fəaliyyətinə yaradıcı yanaşan, fəaliyyətini şagirdlərinin nailiyyətləri ilə qiymətləndirən yaradıcı mütəxəssis kimi baxmaq lazımdır. Bu mənada tədqiqatçılıq müəllimin zəruri bacarıqlarından biri kimi dəyərləndirilir və onun formalaşdırılması istiqamətində iş aparılması məqsədəuyğun hesab edilir.

Bu gün müəllimin tədqiqatçılıq bacarığının öncül hesab edilərək digərlərindən fərqləndirilməsi müasir dövrdə həyata keçirilən demokratik və humanist təhsil siyasətindən irəli gəlir.

Demokratik və humanist təhsilin qurulmasında keyfiyyətin idarə olunması mexanizmi təhsil müəssisələrinin, eləcə də müəllimlərin fəaliyyətində yaradıcılığın üstün yer tutmasına xüsusi önəm verir. Standart nəticələrə çatmaq üçün strategiyaların seçilməsi və ya hazırlanmasında məsuliyyətli yanaşma tərzi nümayiş etdirməyi, nəzərdə tutulmuş hədəflərə çatmağı tələb edir.

İstər kommunikativ, istərsə də tədqiqatçılıq bacarıqlarının yaranması üçün müəllimin elmi-idraki bacarıqlara yiyələnməsi qaçılmaz bir zərurətdir. Başqa formada demiş olsaq, müəllimin akademik və pedaqoji-psixoloji hazırlığı onun kommunikativ və tədqiqatçılıq bacarıqlarının yaranmasının təminatçısıdır. Ona görə də respublikamızda həyata keçirilən yeni təhsil siyasətində müəllim şəxsiyyətində formalaşmış olan bu bacarıqların, eləcə də bunlarla yanaşı, digərlərinin formalaşması onların fəal təlim şəraitini daha səmərəli təşkil və idarə etməyə imkan verir.

Yüksək qabiliyyətlərə malik müəllim təbii olaraq planlaşdırdığı pedaqoji prosesi yeni prinsiplərin tələbinə uyğun olaraq demokratik şəraitdə qurmağa çalışır. Belə şərait isə öz növbəsində şagird fəallığına imkan verir. Şagird müəllimin istiqamətverici tövsiyələri, göstərişləri əsasında potensial imkanlarını səfərbər edərək səmərəli fəaliyyət göstərir.

Müəllim-şagird münasibətlərinin yüksək olması, keyfiyyətli nəticələrin əldə olunması ilə müəyyənləşir. Bu isə bilavasitə real prosesdə meydana çıxır.

Bəs real proses dedikdə nə nəzərdə tutulur? Real proses həyata keçirilən pedaqoji prosesdir. Müəllim-şagird münasibətlərinin öyrətmə-öyrənmə müxanizmi məhz bu prosesdə meydana çıxır. Həm müəllimlər, həm də şagirdlər özlərinin fəaliyyət potensialını bu şəraitdə təzahür etdirirlər. Real proses müəllim-şagird tərəfdaşlığının bir müstəvidə olmasını, təlimin səmərəliliyi istiqamətinə yönəlməsini, hər iki tərəfin qarşılıqlı münasibətini tələb edir.

Yeni pedaqoji prosesdə öyrədən və öyrənən münasibətləri nə qədər əməkdaşlıq baxımından qiymətləndirilsə də, burada şagirdlərin fəallaşdırılması daha qabarıq nəzərə çarpır. Onlar müasir pedaqoji ədəbiyyatlarda qeyd edildiyi kimi, pedaqoji prosesdə subyekt kimi fəaliyyət göstərirlər. Təlim prosesində tədqiqatçılığa cəlb olunur, mövzu ətrafında araşdırmalar aparır, öyrədiklərini tətbiq edir, müqayisə və təhlilər yolu ilə fakt və hadisələri məntiqi təfəkkür süzgəcindən keçirərək qiymətləndirirlər. Şagirdin təlim prosesindəki fəaliyyəti hər hansı, deklorativ bilikləri imitasiya etmək, təkrarlamaq, yaxud onların tətbiqinə dair nümunələr hazırlayıb nümayiş etdirməklə bitmir. “Şagirdlərin mühakimə yürütməsi, fikirləşməsi, müstəqil nəticə çıxarması – müasir dərsin atributlarıdır.

Müasir dərsi bunlarsız təsəvvür etmək çətindir” (Əlizadə Ə.Ə. İdrak prosesləri və hislər, psixopedaqoji məsələlər. Bakı. 2006). Məşhur psixoloq C.Gilfordun qeyd etdiyi kimi, divirgent-konvergent – qiymətləndirici təfəkkürü inkişaf etdirmək lazımdır. Bütün bunlar isə şagirdlərin təlim prosesində məntiqi tapşırıqlar üzərində işləmələrini, yaradıcı fəaliyyət göstərmələrini tələb edir. Müasir psixopedaqoji araşdırmalar da məhz bu ideyanın müasir təhsil nəzəriyyəsi üçün aparıcı rol oynadığını aydın şəkildə göstərir.

Yuxarıda qeyd olunduğu kimi, müəllim və şagirdlərin fəaliyyətindəki özəlliklər onların arasındakı münasibətlərin yeni məzmunda qurulmasını diktə edir. Təbii ki, buna son dövr pedaqoji ədəbiyyatlarda göstərildiyi kimi, “əməkdaşlıq münasibəti”, “əməkdaşlıq pedaqogikası” demək olar. Mahiyyət etibarı ilə bu münasibətlərin əsasında qarşılıqlı anlaşma və demokratik xarakterli ünsiyyət, biz sözlə, dialoji mədəniyyət dayanır. Hər şeydən əvvəl vacib olan problemin həll edilməsidir. Müəllim və şagirdlər bütün fəaliyyətlərini bu məqsədə yönəldirlər. Məqsəd öyrədən və öyrənən qüvvələri birləşdirir.

Müəllim-şagird münasibətlərindəki qarşılıqlı fəaliyyət mahiyyət etibarı ilə müasir xarakterli yeni bir təlim şəraitinin meydana çıxması ilə müşayiət olunur. Bu şəraitdə öyrənən xarakterini dəyişir. Yeni təhsil quruculuğunda bu cür yanaşma fəal öyrənmə (təlim) adlandırılır. Akad. A.O.Mehrabov haqlı olaraq qeyd edirdi: “Fəal öyrənmə təlim prosesində xüsusi yer tutur. O, şagirdlərə gələcək peşələrində, fəaliyyətlərində, şəxsi və içtimai həyatlarında məqsədlərinə çatmaqda, kamil insan kimi formalaşmaqda kömək edən zəruri öyrənmədir. Fəal öyrənmə eyni zamanda koqnitiv (idraki) xarakterli olub, problemin həlli şəraitini, yenilikləri, axtarışları, kəşf xarakterli öyrənməni əhatə edən, çoxsaylı məqsədləri yerinə yetirməyə imkan verən çox faydalı bir prosesdir”. ( Mehrabov A.O. Azərbaycan təhsilinin müasir problemləri. Bakı, “Mütərcim”, 2007)

Göründüyü kimi, bu prosesin faydalılığı şagirdlərin idrak fəallığının yüksəlməsində, problemlərin həlli yolunun tapılmasında axtarışların aparılmasında, kəşflərin edilməsində özünü göstərir. Hər bir nailiyyət özünün müsbət nəticələri ilə xüsusi əhvali-ruhiyyə yaradır və şagirdlərin yüksək sevincinə səbəb olur. Onlar da təlim marağının artmasına təsir göstərir.

Müəllim-şagird arasında qarşılıqlı fəaliyyətin yaranması təbii öyrənmə prosesinin formalaşması ilə nəticələnir. Bu, ənənəvi təlim prosesinə məxsus amirlik abi-havasının əməkdaşlıqla əvəz olunmasına gətirib çıxarır. Bu zaman müəllim-şagird arasında işgüzar bir əlaqə formalaşır. Belə şəraitdə hər kəs təbii olaraq qarşısına qoyduğu məqsəd üçün çalışır.

Müəllim-şagird arasında qarşılıqlı fəaliyyətin yaranması həm də ənənəvi olaraq məktəblə valideyn arasında əlaqələrin yeni məzmunda qurulmasına rəvac verir. Valideynlər məktəbdə təlim prosesi və övladlarının gündəlik təlim fəaliyyəti ilə daha yaxından maraqlanmağa, onların təhsil prosesinə nüfuz etməyə imkan tapırlar. Müəllimlərin valideynlərlə əlaqələrinin yeni xətləri yaranır. Valideynlər uşaqlarının təlim fəaliyyətinin sadəcə seyirçisi deyil, bilavasitə iştirakçısına çevrilir, onların problemləri ilə daha yaxından tanış ola bilirlər.

Müəllim-şagird münasibətləri təlim prosesinin borometridir. Onun vasitəsilə müəllim və şagird fəaliyyəti barədə, eləcə də öyrənmə işinin xarakteri haqqında tam məlumat almaq mümkündür. Gələcəkdə də bu işin davam etdirilməsi şübhəsizdir. Lakin əsas şərt ondan ibarətdir ki, respublikamızda demokratik təhsil quruculuğu dövründə müəllim-şagird arasında qarşılıqlı fəaliyyət şəraiti yaranmışdır. Təhsildə demokratik ənənələr gücləndikcə bu fəaliyyət daha da artır, keyfiyyətli təhsilin artibutuna çevrilir.

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın