7:57 am - Çərşənbə Noyabr 22, 2017

MÜƏLLİMLƏR ÜÇÜN GƏRƏKLİ MƏLUMATLAR

Mövzu: Bağlayıcı

Bildiyimiz kimi, bağlayıcı köməkçi nitq hissələrindən biridir. Geniş şəkildə VII sinifdə, əlaqəli şəkildə VIII (həmcins üzvlər bölməsində) və IX siniflərdə (mürəkkəb cümlənin tərkib hissələrini bağlayan vasitə kimi) tədris edilir. Bağlayıcı digər köməkçi nitq hissələrindən daha geniş səpkidə istifadə edildiyi üçün bu mövzuya müraciət etməyi qərara aldım. Yazacaqlarım məqalədən daha çox praktik olaraq gündəlik və açıq dərslərdə istifadə edə biləcəyiniz material tipli məlumatlardır. Dərsi necə qurmağınızdan asılı olmayaraq, materialların bir çox istiqamətdə işinizə yarayacağına ümid edirəm.

Adım bağlayıcıdır,
Sanmayın ki, körpəyəm.
Cümlələrin, sözlərin,
Arasında körpüyəm.

Doqquz səsim var, özüm
Köməkçi nitq hissəsi.
İşim-gücüm bağlamaq,
Qovuşdurmaq hər kəsi.

Motivasiya üçün bəzi fikirlər

Şəkil formasında:

1. Əl-ələ tutmuş iki insan.
2. Zəncir şəkli.
3. Yallı gedən insanlar.
4. Kəndirlə dirəyə bağlanmış inək.
5. Bir topa vərəq və stepler.
6. Mərkəzdə insan olmaqla 4 ünsür.
7. Fərqli çeşidli düymələr və paltarlar.
8. İki insan arasında telefon bağlantısı.
9. Qapılar və açarlar.
10. Açıq qıfıl və açar.

Sual: Bu şəkillər nəyi ifadə edir?

Cavab: Bir-birinə bağlılıq ifadə edir.

Suallarla motivasiya

Sual 1: Hamımız bilirik ki, 31Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmrəylik günü nəyi ifadə edir?

Cavab: Dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlıları birləşdirir.

Sual 2: İnternet nə üçündür?

Cavab: İnternet bir şəbəkədir. Hamı bura bağlanaraq məlumat ala və ötürə bilər. İnternet kompüterlər, mobil telefonlar vasitəsilə insanlar arasında əlaqə yaratmağa xidmət edir.

Bağlayıcı bölməsi ilə bağlı 50 sual

Bu suallar məqsədyönlü olaraq dərsin müxtəlif mərhələlərində və fərqli şəkillərdə istifadə edilə bilər.

1. “Bağlayıcı” sözü hansı nitq hissəsidir?

*İsim və sifət.

2. “Bağlayıcı” sözündə vurğu hansı hecanın üzərinə düşür?

*Dördüncü hecaya.

3. Bir nitq hissəsi olaraq bağlayıcı nəyi bir-birinə bağlayır?

*Sözləri (cümlə üzvlərini), cümlələri, abzas və mətnləri.

4. Bağlayıcılar hansı xüsusiyyətə görə tabeli və tabesiz olmaqla 2 yerə bölünür?

*Sintaktik funksiyasına (vəzifəsinə) görə.

5. Birləşdirmə bağlayıcıları hansılardır?

*Və, ilə (-la2)

6. Qarşılaşdırma bağlayıcılarından hansı mürəkkəbdir?

*Halbuki

7. Amma, ancaq və lakin sözlərini hansı xüsusiyyətlər birləşdirə bilər?

*Vurğu birinci hecaya düşür.

*Vergül əvvəllərinə qoyulur.

*İki fikri bir-birinə qarşı qoyarkən istifadə edilir.

*Tabesizlik bağlayıcılarıdır.

*Bir-birinin sinonimidir.

8. Bölüşdürmə bağlayıcıları hansılardır?

*ya, ya da, ya da ki

* gah, gah da, gah da ki
* istər, istərsə, istərsə də
* yaxud, və yaxud, və ya

9. “Və” bağlayıcısının işlənmə dairəsi:

*Həmcins üzvlər, sadə cümlələr arasında

10. Tabelilik bağlayıcılarının işlənmə yeri haradır?

*Yalnız tabeli mürəkkəb cümlənin tərəfləri arasında işlənir.

11. Tabesizlik bağlayıcılarının bölgüsü necədir?

1. Birləşdirmə.
2. Qarşılaşdırma.
3. Bölüşdürmə.
4. İştirak.
5. İnkarlıq.
6. Aydınlaşdırma.

12. Qarşılaşdırma bağlayıcılarından hansı omonimdir?

*Ancaq – həm məhdudlaşdırıcı ədat, həm də bağlayıcıdır.

13. “İlə” bağlayıcısının sinonimi?

*Və

14. Bölüşdürmə bağlayıcılarından hansıları sadədir?

*Ya, gah, istərsə, yaxud

15. Sintaktik funksiyasına görə bağlayıcılar necə bölünür?

*Tabelilik və tabesizlik bağlayıcıları şəklində.

16. İlə bağlayıcısı harada işlənmir?

*Həmcins xəbərlər, tabeli və tabesiz mürəkkəb cümlələr arasında.

17. Qarşılaşdırma bağlayıcıları hansılardır?

*Amma, ancaq, lakin, halbuki, isə, fəqət

18. İlə bağlayıcısının işlənmə yeri haradır?

*Yalnız bəzi həmcins üzvləri bağlayır.

19. Tabesizlik bağlayıcılarının işlənmə yeri haradır?

*Bərabərhüquqlu tərəflər arasında yəni, həmcins üzvlər və tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında.

20. Qarşılaşdırma bağlayıcısı işlənən cümlədəki fikirlər neçə formada öz əksini tapır?

*müqayisə

*əkslik

21. Ya, ya da, ya da ki bağlayıcılı cümlələrdə fikir necə verilir?

*İki işdən yalnız birinin mümkünlüyü ifadə olunur.

22. Da, də hissəciyi hansı məqamlarda işlənir?

* bağlayıcı (ayrı)

* ədat (ayrı)

* ismin yerlik halı (bitişik)

* zərf düzəldən şəkilçi kimi (bitişik)

23. İnkarlıq bağlayıcıları hansılardır?

*Nə, nə də, nə də ki

24. İnkarlıq bağlayıcısı təqribən nəyi əvəz edir?

* -ma2 –inkar şəkilçisini

* “deyil” və “yox” sözlərini

25. Da, də bağlayıcının hansı növünə daxildir?

*İştirak (tabesiz)

26.Gah, gah da, gah da ki bağlayıcılarının işləndiyi cümlədə fikirlər öz əksini necə tapır?

*Baş verən hadisələr təkrarlanır, növbələşir.

27.Bitişik yazılan mürəkkəb bağlayıcılar hansılardır?

*nəinki, habelə, halbuki, hərgah

28. “Nə” hissəciyinin omonimliyi:

*Nə – sual əvəzliyi

*Nə – inkar bağlayıcısı

*Nə – qüvvətləndirici ədat

29. Səbəb bağlayıcıları hansı budaq cümlə tiplərində işlənir?

*Səbəb və məqsəd

30.Tabelilik bağlayıcılarının rolu nədən ibarətdir?

*Budaq cümləni baş cümləyə bağlayır.

31. Ona görə ki, ondan ötrü ki tipli bağlayıcıların tərkibində hansı sintaktik əlaqə var?

*Belə sözlərin tərkibinə müdaxilə etmək olmaz. Onlar birlikdə bağlayıcı sayılır və təhlil edilmir.

32. “Madam” sözünü omonim saymaq olarmı?

*Olmaz. Çünki vurğuları fərqlidir.

* madam (isim)

*madam (bağlayıcı)

33.Hansı bağlayıcılar işlənən cümlələr sadə ola bilməz?

*Tabelilik bağlayıcıları

34.Aydınlaşdırma bağlayıcıları hansılardır?

*yəni, yəni ki, məsələn (tabesizlik)

*ki, belə ki (tabelilik)

35. Şərt bağlayıcılarının işlənmə yeri?

*Şərt budaq cümləli tabeli mürəkkəb cümlələr.

36.Güzəşt bağlayıcısı işlənən cümlələrdə başqa hansı bağlayıcılardan istifadə edilə bilər?

*Qarşılaşdırma

37. Hansı bağlayıcılar tərkibi sayılır?

*Ayrı yazılan mürəkkəb bağlayıcılar.

38. Sadalanan bağlayıcıların əksəriyyəti necə bağlayıcılardır?

*Tabesizlik bağlayıcılarıdır.

39. Da, də bağlayıcısı təkrarlanmayanda vergül qoyulur?

*Xeyr

40. Şərt bağlayıcısı işlənən cümlələrdə hadisələrin hansı zamanda baş verə biləcəyindən danışılır?
*Gələcək zaman

41. Güzəşt bağlayıcıları hansılardır?

*Hərçənd, hərçənd ki

42. Sadalanan bağlayıcılarda vergül necə işlənir?

*İkincinin, üçüncünün əvvəlinə vergül qoyulur.

43. “Ki” hissəciyinin omonimliyi?

*ki – qüvvətləndirici ədat

*ki –aydınlaşdırma bağlayıcısı (tabeli)

*ki – sual ədatı

44. Hansı bağlayıcılardan əvvəl vergül qoyulur?

*amma, ancaq, lakin, yəni, o cümlədən, həmçinin, habelə, halbuki, çünki, yoxsa, ona görə ki, ondan ötrü ki.
45. İlə hissəciyi hansı nitq hissəsidir?

*Qoşma və bağlayıcı

46. Bağlayıcı niyə əsas nitq hissəsi deyil?

*Leksik mənası olmadığına görə

47. Hansı bağlayıcının adına uyğun mürəkkəb cümlə var?

*Bölüşdürmə, qarşılaşdırma, aydınlaşdırma – tabesiz mürəkkəb cümlə

*Şərt, qarşılıq-güzəşt budaq cümləli tabeli mürəkkəb cümlə

48. Həm ədat, həm də bağlayıcı ola bilən sözlər?

*Hətta, da, də nə, yəni, ancaq

49.Hansı bağlayıcı həm bitişik, həm də ayrı yazılır?

*ilə (-la²)

50. Hansı tabesizlik bağlayıcısı tabeli mürəkkəb cümlədə işlənə bilər?

*Qarşılaşdırma bağlayıcısı qarşılıq-güzəşt budaq cümləli tabeli mürəkkəb cümlədə işlənə bilər.

Tərkibində bağlayıcılar işlədilmiş nəzm nümunələri

Nümunələr Fikrət Qocanın “İnsan xasiyyəti” kitabından seçilmişdir:

1. Nə “hə” deyir, nə də “yox”

Əgər dinsə, yalan deyər.

2. Ömrü başa vurmaq da asan deyilmiş.

3. Ya səbrim artıb, ya da tükənib sözüm.

4. Vüsal, hicran arasında

dilin ağır yarası da,

günün ağı-qarası da…

hamısı ömür-gündən gedir.

5. Nə demə ki, dünya heçdi…
Nə də demə daha xoşdu…

6. Dünya sənin üçün
ya hər şey idi, ya da heçdi…

7. Bax indi ondan
Nə qızlara don olar,
Nə də yaralara sarıq.

8. Sevincin də böyük olurdu,

O da sənə yük olurdu.

9. Durma yol ayrıcında

Ya buza dön, ya da yan,
Ya qoca ol, ya cavan.

10. Gözdən düşənlər ya özləri dəyişər,
Ya da iş yeri,
Ya da iclasda qoyulacaq baxışları, yerişləri.

Tərkibində bağlayıcılar işlənmiş atalar sözləri

1. Cavanlıq da bir dəfə olar, qocalıq da.
2. Hər kəs öz evinin həm ağası, həm də nökəridir.
3. Nə yer qəbul eləyir, nə də göy.
4. Mollanın toyda da bayramıdır, yasda da.

5. Kim bilir ki, harada itirər, harada tapar?
6. Axmaq da susanda ağıllı görünər.
7. Nə ölüyə hay verir, nə diriyə pay.
8. Əyri düzü bəyənməz, bu da bizi bəyənməz.
9. Alan olmasa, satan da olmaz.
10. Danışıram da pis olur, danışmıram da.

Bağlayıcıların omonimliyi ilə əlaqəli tövsiyələr

1. “Da”, “də” hissəciyinin bağlayıcı, yoxsa ədat olduğunu necə təyin etməli?

Da, də hissəciyi ayrı yazılarsa, ədat və yaxud bağlayıcı ola bilər. Bu oxşarlıq bəzən şagirdlərin bağlayıcını seçməsinə çətinlik törədir. Bildiyimiz kimi “da”, “də” iştirak bağlayıcısıdır. Ədatdan fərqləndirmək üçün:

1. “Da”, “də”nin qoşulduğu sözə eyni tipli həmcins üzvlər artırıb sadalamaq olarsa, deməli, bağlayıcıdır. Məs: Yazqabağı Kürün də suları bulanıq olur.

Yazqabağı Dunayın da, Volqanın da, Kürün də suları bulanıq olur.

2. “Da”, “də” ilə işlənən sözün əvvəlinə “həmçinin”, “o cümlədən” tipli digər iştirak bağlayıcılarını da artırmaq olar. Məs: Əmir rəsm çəkməyi də gözəl bacarır. Əmir həmçinin rəsm çəkməyi də gözəl bacarır.

3. Ədat kimi işlənəndə daha çox cümlənin sonunda gəlir. Məs: Davud da (bağ.) sənin kimi uşaqdır da (ədat). Evə gələndə çörək alarsan da.(ədat)

2. “İlə” nə vaxt bitişik, nə vaxt ayrı yazılır?

Məlumdur ki, “ilə” həm bağlayıcı, həm də qoşmadır. Hər iki variant üçün saitlə bitən sözlərdən ayrı, samitlə bitən sözlərə həm bitişik, həm də ayrı yazıla bilər. Məs: Tom ilə Cerri məşhur cizgi film qəhrəmanlarıdır. Tomla Cerrini uşaqlar çox sevirlər. Romeo ilə Culiyet iki düşmən ailənin övladları idilər.

3. “Ancaq” sözünün bağlayıcı, yaxud ədat olduğunu necə müəyyən edə bilərik?

Ən asan yol mətndəki məqamına uyğun olaraq sinonimləri ilə əvəz etməkdir:

1.Bağlayıcı kimi işlənəndə iki fikir bir-biri ilə qarşılaşdırılır. Amma, lakin, fəqət tipli qarşılaşdırma bağlayıcıları ilə əvəz edə biliriksə, deməli, bağlayıcıdır. Məs: Onun bütün dediklərinin həqiqət olduğunu hamı bilirdi, ancaq (amma) heç kəs qorxudan dillənmədi. Tədris ili başa çatır, ancaq (fəqət) hələ də referatı təhvil verməmişəm. Mənim 35 yaşım var idi, ancaq (lakin) həyat yoldaşımın 42.

2. Ancaq bildiyimiz kimi məhdudlaşdırıcı ədatdır. Onun sinonimləri – yalnız, tək, təkcə, bir, bircə-dir. Məs: Ancaq (tək, təkcə, bir) qoca meşəbəyinin dediyi sözlər onun ağlına batmışdı. Ancaq (yalnız, bircə) sənə inandığıma görə bu gün buradayam.

Ləman SEYFİYEVA,
Bakı şəhəri, Xətai rayonu,
287 nömrəli Zəkalar liseyinin
Azərbaycan dili və
ədəbiyyat müəllimi

Filed in: DƏRS ANA DİLİ

Hələ şərh yoxdur

Şərh yazın