7:57 am - Çərşənbə Noyabr 22, 2017

YAMAN DARIXIRAM SƏNİNÇÜN, ANA

Gültəkin BAYRAMLI, Şəki şəhəri

Gültəkin BAYRAMLI,
Şəki şəhəri

Zaman keçir, aylar ötür, il olur,
Həsrətin zərrəcən azalmır, ana!
Hara baxıramsa yerin görünür,
Nə yaman olurmuş sənsizlik, ana!
Bil kimsə verməyir sənin yerini,
Möhtacam uşaqtək özünə, ana!

Deyirdin bircə gün dözə bilmərəm
Aylardır, bəs, necə dözürsən, ana?!
Yoxluğun qəlbimi yandırıb yaxır,
Bəs, mən necə dözüm bu dərdə, ana?
Ürəyim titrəyir adın gələndə,
Möhtacam bir şirin sözünə, ana!

Eləmi rahatdır soyuq məzarın?
De, heç düşmürəmmi yadına, ana?
Nə vaxtdır gəlmirsən yuxularıma,
Bəlkə inciyibsən, küsübsən, ana?!
Fikrimdən çıxmayır küskün baxışın
Möhtacam o nurlu üzünə, ana!

Deyirlər torpağın üzü soyuqdur,
Onunçün soyudun bizdən, ay ana!
Elə bil donubdu baxışların da
Yad kimi baxırsan məzardan, ana!
Həyatda heç zaman doymadım səndən,
Yaman darıxıram səninçün, ana!
Yaman darıxıram səninçün, ana!

SƏNLİ GÜNLƏRİMƏ HƏSRƏTƏM, ATA
Vaxtsız gedişindən illər ötsə də,
Yoxluğunla barışa bilmirəm, ata!
Ömrümü çox qısa yazdı yazanın
Hər günümüz oldu qəm, kədər, ata!
Nə tez tərk eyləyib bizləri getdin?
Sənli günlərimə həsrətəm, ata!

Deyirdin hər zaman arxanızdayam.
Qürurlu, əyilməz dağ idin, ata!
De, necə yaşayaq sənsiz, bilmirəm,
Arxa, dayağımız sən idin, ata!
Bütün arzularım qaldı yarımçıq,
Arzu, istəyinə həsrətəm, ata!

Saldığın baxçada, həyətdə, bağda,
Hər yerdə nişanın qalıbdır, ata!
Əkdiyin al güllər saralıb, solub
Baxdıqca qəlbimi sızladır, ata!
Ətirli baxçandan əsər qalmayıb
Qızılgül ətrinə həsrətəm, ata!

Elə bil möcüzə baş verəydi kaş,
Yenidən bizimlə olaydın, ata!
Nə bacı, nə qardaş vermir əvəzin
Göynədir qəlbimi yerin, ay ata!
Sənsizlik nədirsə, yaşayan bilər
Sənin varlığına həsrətəm, ata!

Yenə dayanmışam məzarın üstə.
Gözümü şəklinə dikmişəm, ata!
Qəlbimə yığdığım gizli dərdimi,
Gəldim ki, səninlə bölüşəm, ata!
Nə deyirdin, dərdin varsa, de mənə
Çarəsiz dərdimin dərmanı, ata!
Sənin varlığına həsrətəm, ata!
Sənli günlərimə həsrətəm, ata!

Filed in: ŞEİR

Hələ şərh yoxdur

Şərh yazın