7:57 am - Çərşənbə Noyabr 22, 2017

MOTOATICI MANQANIN MÖVQEYİNİN MÜHƏNDİS TƏMİNATI

Əziz oxucular!

Gənclərin çağırışaqədərki hazırlığı fənnini tədris edən müəllimlərə metodik kömək məqsədi ilə “Təhsil problemləri” qəzeti ARTİ-nin Ümumi təhsilin və məktəbdənkənar təhsilin kurikulumu şöbəsinin mütəxəssisi Ceyhun Məmmədyarovun bu fənnə dair mövzular üzrə istiqamətverici tövsiyələrini təqdim edir. Xatırladırıq ki, tövsiyələr qəzetimizdə 01-07 fevral 2017-ci il tarixindən dərc olunur.

M üdafiə olunan sahənin etibarlı və möhkəm qorunmasını təmin etmək üçün mövqelərin düzgün və etibarlı mühəndis təchizatını həyata keçirmək lazımdır. Müharibələr təcrübəsi göstərir ki, mövqelərin mühəndis cəhətdən düşünülmüş şəkildə hazırlanması döyüşdə nailiyyətin əsasını təşkil edir. Azərbaycan əsgərləri Qarabağ döyüşləri zamanı əldə etdikləri təcrübələri bu gün də təkmilləşdirməklə daim mühəndis hazırlığına dair biliklərini artırmaqda davam edirlər. Ön xəttə yerləşən bölmələrimizin şəxsi heyəti bütün cəbhə boyu düşmənlə təmas xəttində müdafiə mövqelərini mükəmməl şəkildə mühəndis cəhətdən tam təchiz etməklə, düşmən qarşısında keçilməz sədd yaratmışlar.

Müdafiə döyüşünün əsasını təşkil edən səngər və daldalanacaqlar döyüşçünün düşmən hücumunu inamlı şəkildə dəf etməsinə imkan yaradır. Bu baxımdan manqa mövqeyinin mühəndis təchizatı çox önəmli məsələlərdən biri olmaqla xüsusi əhəmiyyətə malikdir. Səngər təpənin düşmənə tərəf hissəsində qazılır.

Manqanın mövqeyi onun şəxsi heyətinin müdafiə döyüşü aparması məqsədi ilə hazırlanmış atıcılar və tank əleyhinə qumbaraatan üçün səngərlər, pulemyot üçün meydançalar, örtülü oyuq (blindaj), döyüş sursatı və ərzaq üçün taxçalar, dalanlar və hərəkətin rahatlığı üçün geniş yerlər, arxaya əlaqə səngəri olan tranşey sahəsidir.

Manqanın mövqeyi ərazidə elə yerləşdirilməlidir ki, onun elementləri – səngərin içərisi, əlaqə yolları və döyüşçü səngərinin daxili düşmən tərəfindən müşahidə olunmasın. Eyni zamanda mövqenin cinahlarını, maneələrə yaxınlaşma yerlərini müşahidə etmək və onları atəşlə nəzarətdə saxlamaq mümkün olunsun.

Birinci növbədə düşmənlə bilavasitə təmas vəziyyətində manqanın mövqeyində avtomatçılar, pulemyotçular, qumbaraatanlar üçün tək (cüt) səngərlər, BMP (PDM – piyadaların döyüş maşını) və BTR-lərin (ZTR – zirehli transportyor) əsas atəş mövqeyində səngərləri qazılır, müşahidə və atəş zolaqlarının təmizlənməsi aparılır, kütləvi qırğın silahlardan qorunmaq üçün şəxsi heyətə tək və cüt səngərlərdə örtülü oyuqlar hazırlanır. Tək səngərlər əsgərin uzanıqlı vəziyyətdə atış aparmaq üçün hazırladığı səngərdən başlayır.

Əsgər öz komandirindən müdafiəyə əmr aldıqdan sonra atəş aparacağı sektoru dəqiqləşdirir və özünə uzanıqlı vəziyyətdə atış aparmaq üçün səngər qazmağa başlayır. O, səngər qazmaq üçün elə yer seçməlidir ki, düşməni uzaq məsafədən müşahidə edə və ona təsirli atəş apara bilsin.

Uzanıqlı vəziyyətdə avtomatdan atəş açmaq üçün səngər uzunluğu 170, eni 60, dərinliyi isə 30 sm olan çuxurdan ibarətdir. Səngər qazılarkən çıxarılmış torpağı ön tərəfə tökməklə (berma) səngərin sipəri yaradılır. Sipərin önündə dirsəkləri söykəyib atəş açmaq üçün yer olur (burusver). Ön kənarlarda sipərin hündürlüyü 30 sm, atəş sektorunda isə 10 sm olur. Səngər düşmənə cinah atəşinin aparılmasını təmin etməlidir.

İkinci növbədə uzanıqlı vəziyyətdə avtomatdan atəş açmaq üçün hazırlanmış səngərlər diz üstə atəş açmaq üçün 60 sm-ə qədər dərinləşdirilir, tək (cüt) səngərlər əlaqə xəndəkləri ilə bir-birinə birləşdirilir, BMP və BTR-lərin ehtiyat atəş mövqeyində səngərlər və örtülü oyuqlar (blindaj) qazılır.

Sonradan səngərlər və əlaqə xəndəkləri 110 sm-dək dərinləşdirilir, döyüş sursatları və ərzaq üçün taxçalar qurulur, arxa cəbhəyə, BMP və BTR-lərin səngərlərinədək əlaqə xəndəyi qazılır, manqa mövqelərinin maskalanması aparılır və mövqeyin təkmilləşdirilməsi keçirilir.

Manqa mövqeyinin belə ardıcıllıqla qurulması birinci növbə tapşırıqlarına 6 saatadək, ikinci növbə tapşırıqlarına 15 saatadək, sonrakı işlərə isə 12 saatadək vaxt tələb olunur. Ümumilikdə manqa mövqeyinin qurulmasına 3 sutkayadək vaxt tələb olunur. Səngər qazılarkən çıxarılan torpaqla cəbhə və cinahlardan atıcını düşmənin avtomat və pulemyot atəşindən, qəlpələrdən daha etibarlı qoruyacaq sipər yaradılır. 60°-dən çox olmayaraq atəş sektoru qurulur.

Şəxsi heyəti düşmənin yandırıcı və atəş vasitələrindən qorumaq məqsədi ilə səngərlədə bir-iki nəfərlik sipəraltı oyuqlar qazılır. Şəxsi heyətin və səngərlərdə olan silahların güllə və mərmilərin qəlpələrindən qorunması üçün səngərlərin sipərlərinə və örtülü qurğuların tavanlarına qalın torpaq tökülür.

Mühəndis baxımından yaxşı təchiz edilmiş mövqe şəxsi heyəti düşmənin yandırıcı və atəş vasitələrindən qoruduğu üçün onun döyüşaparma, manevretmə və müşahidəaparma imkanlarını artırır.

Düşmənlə bilavasitə təmas olmadığı hallarda manqanın mövqeyinin hazırlığı səngərin qazılacağı yerin işarələnməsi ilə başlanır. Belə hallarda yerqazıyan mühəndis maşınlarından da istifadə edilir. Bilavasitə təmas şəraitində isə hər bir döyüşçü özü üçün səngər qazmağa başlayır. Səngər qazarkən düşmənin müşahidəsi fasiləsiz aparılır (şəkil 1,2,3,4).

Bəzi terminlərin izahı (alman sözləri) :

• Berma – önə atılan torpaq;
• Burusver – atəş zamanı dirsək qoyulan yer;
• Tranşey – səngər;
• Blindaj – örtülü oyuq.

Şəkil

Şəkil

 

Şəkil

Şəkil

Şəkil

Şəkil

 

Şəkil

Şəkil

 

 

Ceyhun MƏMMƏDYAROV,
Ümumi təhsilin və məktəbdənkənar təhsilin
kurikulumu şöbəsinin böyük elmi işçisi

 

Filed in: DƏRS NÜMUNƏSİ ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ

Hələ şərh yoxdur

Şərh yazın