7:54 am - Çərşənbə Noyabr 22, 2017

İNTERAKTİV DƏRS

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə muxtar respublikanın ümumtəhsil məktəblərində 1 dərs saatı ümummilli lider Heydər Əliyevə həsr olunub, Heydər Əliyev muzeyi ilə əlaqə yaradılaraq interaktiv dərs keçirilib. 220 təhsil müəssisəsi canlı bağlantı vasitəsilə Heydər Əliyev muzeyinə qoşularaq Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda keçirilən interaktiv dərsi izləyiblər. Muzeyin direktoru Ramil Orucəliyev bağlantı vasitəsilə Ulu Öndərin həyat və fəaliyyəti, şəxsi arxivindən götürülmüş ayrı-ayrı dövrlərə aid fotolar, habelə müxtəlif eksponatlar barədə ətraflı məlumat verib.

Naxçıvan Muxtar  Respublikası

Naxçıvan Muxtar
Respublikası

Qeyd olunub ki, tarixdə elə şəxsiyyətlər var ki, onların həyat yolu bütöv bir xalqın və ölkənin taleyində mühüm rol oynayır. Xalqımızın ümummilli lideri Heydər Əliyev belə şəxsiyyətlərin fövqündə dayanır. Ulu öndərimiz xalqımızın daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali idealların gerçəkləşməsinə nail olub. Bu dahi insanın mənalı həyat yolu müstəqil Azərbaycanın siyasi bioqrafiyasına çevrilib. Ulu Öndərin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində dərin kök salıb. Xalqın qarşısında göstərdiyi misilsiz xidmətlər ümummilli liderimizi tariximizin şanlı səhifəsinə çevirib, ona əbədiyaşarlıq hüququ qazandırıb. Bu böyük insanın həyat yolu hər bir məktəbliyə, hər bir gəncə nümunədir.

Ulu öndər Heydər Əliyevin anadan olmasından 94 il ötür. Cismən aramızda olmasa da Heydər Əliyev mənən yenə xalqı ilə birlikdədir, öz parlaq ideyaları ilə yollarımızı işıqlandırmaqdadır. Qurduğu dövlət zamanın ən çətin sınaqlarına davam gətirə biləcək qədər güclü və qüdrətlidir. Ötən illər bu həqiqəti dönə-dönə təsdiqləyib. Ötən əsrin 90-cı illərində – o ağır günlərdə Ulu Öndər vətəni Azərbaycana qayıtdı. Kremlin köləsi olan rəhbərlik onun Bakıya yolunu kəsdiyi üçün doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu. Həmin vaxt çəkilmiş fotoşəkillərdə əhalinin onu necə coşqu ilə qarşıladığı açıq-aydın görünür. Heydər Əliyev ona bəslənilən ümidləri doğrultdu: Naxçıvanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Üçrəngli bayrağımız 70 ildən sonra ilk dəfə məhz Naxçıvanda ucaldıldı. Onun muxtar respublikaya rəhbərliyi dövründə qəbul olunmuş taleyüklü qərarlar Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. 1990-cı illərin əvvəllərində azadlıq və nicat küləkləri məhz Naxçıvandan əsirdi. Ağır günlər keçirən xalq gözünü Heydər Əliyevə dikdi və yanılmadı: Azərbaycan müstəqilliyə, davamlı inkişafa, sabitliyə qovuşdu. Heydər Əliyev Azərbaycanı Azərbaycana qaytardı.

Təbii ki, Heydər Əliyev fenomeni təkcə bir məkanla, Azərbaycanla məhdudlaşmır. O, hələ sağlığında əfsanələşən nadir şəxsiyyətlərdən biridir. Biz dünyanın məşhur simalarının – dövlət xadimlərinin, siyasətçilərin, elm, ədəbiyyat və incəsənət adamlarının bu dahi şəxsiyyət haqqında necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Heydər Əliyev siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir. O, siyasət olimpini fəth etmiş nadir insanlardandır. Zirvəyə yol ötən əsrin 70-ci illərindən başlayıb, Azərbaycanı XX əsrdən XXI əsrə adladıb.

Heydər Əliyev zəkası məkan və zaman anlayışı tanımayıb. Naxçıvanda sadə bir ailədə dünyaya gələn Heydər Əliyevin siyasət olimpinə yolu təlatümlərdən, çətin sınaqlardan, aramsız mübarizələrdən keçib. Heydər Əliyev ömrü insan ruhunun qüdrətinə, yenilməzliyinə, qalib gəlmək əzminə parlaq nümunədir.

Ulu Öndərin doğum günündə onun keçdiyi ömür yolu kitab kimi bir daha vərəqlənir, xatirələr dilə gəlir.

Şagirdlər həmçinin Heydər Əliyev muzeyi ilə canlı bağlantı vasitəsilə ümummilli liderimizin misilsiz xidmətləri ilə yaxından tanış olublar.

Pənah İSMAYILOV,
Naxçıvan Muxtar
Respublikası Təhsil Nazirliyinin əməkdaşı

Filed in: DERS-KİMYA

Hələ şərh yoxdur

Şərh yazın