7:58 am - Çərşənbə Noyabr 22, 2017

FÖVQƏLADƏ HALLARIN TƏSNİFATI

Fövqəladə hallar anlayışı

İnsanın həyat fəaliyyətinin min illik təcrübəsi göstərir ki, tam təhlükəsizliyə nail olmaq mümkün deyil. Bu səbəbdən istənilən fəaliyyəti potensial olaraq təhlükə mənbəyi hesab etmək olar. Azərbaycan dilində «fövqəladə hallar» söz birləşməsi – həyat fəaliyyətinin pozulması ilə nəticələnən qəziyyəni müəyyən edir.

Beləliklə, fövqəladə hallar müəyyən ərazidə qəza, bədbəxt hadisə, təbii və ekoloji fəlakət nəticəsində əhalinin sağlamlığına, mülkünə, xalq təsərrüfatına və ətraf mühitə təhlükə yaranması, onların həyat və fəaliyyət şəraitinin pozulmasıdır.

Fövqəladə halların mənbəyi – təhlükəli təbii, qəza, yaxud texnogen hadisələr, insanlar arasında, kənd təsərrüfatı heyvanları və bitkilərində geniş yayılmış infeksion xəstəliklər, müasir KQS-nin tətbiq edilməsi ola bilər. Tez-tez kütləvi informasiya vasitələrində eyni hadisəni qəza, yaxud fəlakət adlandırırlar. İlk baxışda adama elə gəlir ki, bunlar arasında heç bir fərq yoxdur. Yalnız hər şeyin aydınlaşdırılması üçün dəyən ziyana və insan itkisinə diqqət yetirmək kifayətdir.

Fövqəladə hadisələrin təsnifatı

Fövqəladə hadisələr tipinə, növünə, miqyasına, nəticələrinin ağırlığına, habelə digər əlamətlərinə görə təsnif edilir.

Əgər ehtimal olunan bütün fövqəladə hadisələri ümumilikdə götürsək, bu zaman onları iki növə ayırmaq olar:

• Münaqişəli;
• Münaqişəsiz.

Münaqişəli fövqəladə hadisələrə aiddir:

• hərbi toqquşmalar;
• ekstremist siyasi mübarizə;
• sosial partlayışlar;
• milli və dini zəmində olan münaqişələr;
• terrorizm;
• geniş vüsət almış cinayətkarlıq və s.

Münaqişəsiz fövqəladə hadisələrə:

• idarə üzrə, mənsubiyyətinə görə;
• təbii;
• texnogen;
• ekoloji xarakterli.

Belə hadisələri mənşəyini, xüsusiyyətlərini xarakterizə edən bir çox əlamətlərinə görə qruplaşdırıb, təsnif etmək mümkündür.

Respublikamızın ərazisində bütün bu növ fövqəladə hadisələrin başvermə ehtimalı mövcuddur.

Təsir dairəsinə (miqyasına) və nəticələrinin ağırlığına görə fövqəladə hadisələr:

1. Lokal (qismən);
2. Obyekt miqyaslı (səciyyəli);
3. Yerli;
4. Regional;
5. Dövlət əhəmiyyətli (milli);
6. Qlobal xarakterli.

 Lokal (qismən) hadisələr – iş yerindən (iş sahəsindən), mənzildən kənara yayılmır. Zərərçəkənlərin sayı 10 nəfərdən çox olmur.

Obyekt miqyaslı hadisələr – sənaye obyektində, bina və ya qurğu hüdudlarında məhdudlaşır. Həlak olanların sayı 10 nəfərə qədər, zərərçəkən əhalinin sayı 100-dən 1000-ə qədər olur.

Yerli hadisələr – ancaq yaşayış məntəqəsinin, təkcə bir şəhərin və ya kənd təsərrüfatı müəssisəsinin ərazisində baş verir. Həlak olanların sayı 100-dən 1000 nəfərə qədər, zərərçəkən əhalinin sayı 10.000-dən 125.000-ə qədər ola bilər.
Regional fövqəladə hadisə – bir neçə sənaye və ya kənd təsərrüfatı rayonlarını, bütünlüklə şəhəri və onun ətraflarını əhatə edir. Həlak olanların sayı 1.000-dən 25.000 nəfərə qədər, zərərçəkən əhalinin sayı 125.000-dən 500.000-ə qədər olur.

Dövlət əhəmiyyətli (milli miqyaslı) fövqəladə hadisələr – respublikanın xeyli ərazisini əhatə edən, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələrə deyilir. Həlak olanların sayı 25.000-dən 1.000.000 nəfərə qədər, zərərçəkən əhalinin sayı 500.000-dən 20.000.000-a qədər ola bilər.

Qlobal fövqəladə hadisələr – bir ölkənin ərazisində məhdudlaşmır, həmçinin qonşu dövlətlərin də ərazilərinə yayılır. Həlak olanların sayı 1.000.000-dən artıq, zərərçəkən əhalinin sayı 20.000.000-dən artıq olur.

Təsir dairəsindən (yayılma miqyasından) əlavə, fövqəladə hadisələr baş verən insan tələfatının miqdarına, zədələnmiş (köçürülməyə məruz qalan) əhalinin sayına, habelə dəymiş zərərin miqyasına görə də təsnif edilir.

İdarə üzrə, mənsubiyyətinə görə:

• tikintidə;
• sənayedə;
• mənzil və kommunal məişət sahələrində;
• kənd təsərrüfatında;
• meşə təsərrüfatında;
• nəqliyyatda (hava, su, yerüstü və yeraltı) olur.
Təbii xarakterli fövqəladə hadisələrin təsnifatı:
• Meteoroloji təhlükəli hadisələr – 9-11 ballıq fırtına, 12-15 ballıq qasırğa, tufan, burulğan, iri dolu, leysan yağışı, güclü qar, güclü buzlaşma, güclü çovğun, quraqlıq, donvurma və s.;
• Meofiziki təhlükəli hadisələr – zəlzələlər, vulkan püskürmələri;
• Hidroloji təhlükəli hadisələr – su səviyyəsinin qalxması (daşqın) və düşməsi, yeraltı suların səviyyəsinin qalxması (subasma);
• Kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəliklərə tutulması;
• İnsanların yoluxucu xəstəliklərə tutulması;
• Kortəbii yanğınlar – meşə yanğınları, yeraltı yanğınlar, zəmi və çöl yanğınları.
• Kənd təsərrüfatı bitkilərinin xəstəlik və ziyanvericilərin təsirinə məruz qalması;
• Təhlükəli geoloji hadisələr – sürüşmə, torpaq uçqunları, sel, marxal, tozlu qasırğa, karst suxurlarında yer səthinin çökməsi;
• Dənizdə hidroloji təhlükəli hadisələr – tropik qasırğa, sunami, 5 baldan yuxarı güclü dalğalanma, dəniz səviyyəsinin sürətlə dəyişməsi.

Texnogen xarakterli fövqəladə hadisələrin təsnifatı:

• Nəqliyyat qəzaları (fəlakətləri);
• Yanğınlar (partlayışlar);
• Binaların qəflətən uçması;
• GTZM-lər yayılmaqla, baş verən qəzalar;
• Radioaktiv maddələrin (RM) ətrafa yayılması ilə nəticələnən qəzalar;
• Bioloji təhlükəli maddələrin (BTM) ətrafa yayılması ilə nəticələnən qəzalar;
• Həyat təminatlı kommunal sistemlərdə (su, kanalizasiya, qaz, istilik şəbəkələri və elektrik-enerji sistemlərində), baş verən qəzalar;
• Hidrodinamik qəzalar (bəndlərin yarılması).

Ekoloji xarakterli fövqəladə hadisələrin təsnifatı:

1. Yerin (torpağın, yer təkinin və səthinin) vəziyyətinin dəyişməsi ilə əlaqədar fövqəladə hadisələr;
2. Atmosferin (mühitin) tərkibi və xassələrinin dəyişməsi ilə əlaqədar, fövqəladə hadisələr (iqlimin kəskin dəyişməsi, şəhərlərdə kəskin oksigen azlığı, azon qatının pozulması və s.);
3. Hidrosferin (su mühitinin) vəziyyətinin dəyişməsi ilə əlaqədar fövqəladə hadisələr (su mənbələrinin quruması, çirklənməsi və su ehtiyatlarının kəskin surətdə azalması);
4. Biosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar, fövqəladə hadisələr (yaşayış mühitinin dəyişməsinə həssas olan heyvan və bitki növlərinin yox olması, yerin bitki örtüyünün məhv olması və s.).

Fövqəladə hallar zamanı davranma qaydaları

İnsan həyatı üçün təhlükə yaradacaq fövqəladə hal baş verdikdə, əhali Fövqəladə Hallar Nazirliyinin regional Mülki Müdafiə bölmələri tərəfindən xüsusi xəbərdaretmə qurğuları və yaxud yerli radio qovşaqları vasitəsi ilə xəbərdar edilir. Xəbərdarlıq barədə siqnalı eşitdikdə dərhal vacibdir:

– hadisə haqqında məlumatı dinləmək üçün radio və ya televizoru açmaq;
– qonşuları və qohumları hadisə ilə bağlı məlumatlandırmaq, uşaqları evə gətirmək və alınmış təlimata uyğun hərəkət etmək;
– təxliyə olacağı təqdirdə vacib əhəmiyyətə malik əşyaları kiçik çantaya yığmaq: sənədləri, pulları, zinyət əşyalarını; quru ərzaq, konserv, su; mənzilin pəncərələrini, eyvanın qapısını bağlamaq, qazı, suyu və elektrik enerjisinin mənzilə daxil olan ana xətdən bağlamaq, lazımi geyim əşyalarını və fərdi mühafizə vasitələrini istifadəyə hazırlamaq;
– qonşuluqda yaşayan xəstə və qocalara hazırlanmalarında köməklik göstərmək.
Beləliklə, fövqəladə hallar zamanı göstərilmiş davranış qaydaları və vaxtında görülmüş təhlükəsizlik tədbirləri bədbəxt hadisələrin qarşısını alır.

Ceyhun MƏMMƏDYAROV,
Ümumi təhsilin və məktəbdənkənar təhsilin
kurikulumu şöbəsinin böyük elmi işçisi

Filed in: DƏRS NÜMUNƏSİ ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ

Hələ şərh yoxdur

Şərh yazın