7:54 am - Çərşənbə Noyabr 22, 2017

RİYAZİYYAT FƏNNİNDƏN DƏRS NÜMUNƏSİ

Ölkəmizdə həyata keçirilən kurikulum islahatı hər bir müəllimin qarşısında mühüm vəzifələr qoyur. Başlıca vəzifəmiz isə cəmiyyətimiz üçün savadlı olmaqla yanaşı, xalqımızın dünəni, bu günü və sabahı üçün çalışan, müxtəlif prinsipləri özündə əks etdirən yaradıcı şəxsiyyət yetişdirməkdir. Bunun üçün daim axtarışda olmalı, yenilikləri dərindən öyrənməli,öz fəaliyyətimizdə ondan geniş şəkildə istifadə etməliyik.

Müasir təlim nəticələrinə görə ibtidai təhsili başa vurmuş şagirdlər bir çox bacarıqlara yiyələndiklərini nümayiş etdirməlidirlər. Belə ki onlar sərbəst oxuyur, fikir yürüdür, qazandığı bilikləri həyatda gördükləri ilə müqayisə edir, əməkdaşlıq edir, şəxsi gigiyena, mədəni davranış qaydalarına əməl edir, dövlət əmlakına qayğı ilə yanaşmağın vacibliyini dərk edir, sadə əmək vərdişlərindən müxtəlif biliklər əldə edirlər. Bütün bunlara nail olmaq üçün işimizi günün tələbləri səviyyəsində qurmalıyıq.

Tədris etdiyim dərslərdə mərhələlərin təşkilinə xüsusi diqqət edirəm. Motivasiyanı düzgün seçmək əsas amillərdəndir. Fəal təlimin ilk mərhələsi şagirdin təfəkkürünü hərəkətə gətirir, idrak fəallığını artırır, şagirdlərin zehnini açır. Tədqiqat sualı və yönəldici suallar motivasiya ilə bağlı olur. İlk mərhələsinin düzgün və aydın seçilməsi, şagirdlərin tez başa düşməsinə, doğru fərziyyələrin irəli sürülməsinə, şagirdlərin fəallığa zəmin yaradır.

Dərsin bütün mərhələləri bir-birini tamamlamalı, təhsilalanların bilik və bacarıqlarının inkişafına nəzarət olunmalıdır. Fəal təlimdə şagirdlər sərbəst işləməyə üstünlük veirilər. Bu baxımdan müəllim bütün iş formalarında şagirdlərin əməkdaşlıq və mehribanlıq etməsinə fikir verməlidir. Cəmiyyətimiz üçün çiyin-çiyinə verib, birgə fəaliyyət göstərərən kadrlar çox vacibdir.

Riyaziyyat dərsinin oyun və modelləşdirməklə qurulması, şagirdlərin fəal iştirak edə biləcəyi tərzdə aparılması mövzuların tam mənimsənilməsinə şərait yaradır.

Kəmiyyətlər mövzusunu keçərkən dərsin adının oyun xarakterli məşğələ ilə açıqlanması təşkil edirəm.

Şəkil

Şəkil

Əvvəlcədən A4 vərəqinə çəkdiyim cədvəli lövhədən asıram.

Şagirdlər tez-tez lövhəyə çıxaraq verilmiş ədədlərin sırasına uyğun əlifbadakı hərfləri yazır, mövzunun adını əldə edirlər. Bu oyunla fənlərarası inteqrasiya yaradıram.

Sinif: III

Mövzu: “Kütlənin ölçülməsi”.

Standart: 4.2.2., 4.2.3., 2.3.2.

Məqsəd:

– Kütlənin ölçü vahidlərini tanıyır.

– Kütlə ölçü vahidlərinin qarşılıqlı əlaqəsindən hesablamalarda istifadə edir.

– Sadə halara uyğun əşyaların kütlələrini təxmin edir.

Metod: Şifahi sual-cavab, tapşırıqvermə, şifahi və yazılı təqdimat.

Dərsin tipi: İnduktiv.

Resurslar: Dərslik, iş dəftəri, cədvəllər, planşet, yapışqan, markerlər, stikerlər, müəllim üşün metodik vəsait, dəftərlər, tərzilər, çəki daşları, iş vərəqələri.

İş forması: Qrupla, fərdi, siniflə.

İş üsulu: Beyin həmləsi, suallar, oyun, müzakirə.

İnteqrasiya:

Ana dili 1.2. şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir.

Həyat bilgisi. 2.2.3 Verilmiş şərtlərə uyğun ailə büdcəsi tərtib edir.

Motivasiya: Oyun – Qutudan yazılı kartlar çıxarılır, oxunur, lövhədə yazılır. Bu oyun şagirdlər arasında aparılır.

Kartda yazılmış kütlə vahidləri ilə hansı cisimlərin çəkisinin ölçülməsi qeyd olunur.

Dərsi genişləndirmə sualları:

– Hansı kəmiyyətləri tanıyırsınız?

– Uzunluq vahidləri, kütlə vahidləri, tutum vahidi, zaman vahidi.

Uzunluq vahidləri iki yerə ayrılır:

– Şərti və standart uzunluq vahidləri.

Şərti uzunluq vahidləri – addım, ayaq, qarış, dirsək, qulac, arşın. Təxmini ölçülərdir.

Standart uzunluq vahidləri – millimetr, santimetr, desimetr, metr, kilometr

– Kütlə vahidləri hansıdır?

– Milliqram, qram, kiloqram, sentner, ton.

Tədqiqat sualı: Kütlə ölçü vahidlərinin qarşılıqlı əlaqəsindən hesablamalarda necə istifadə edirik?

Kütlə vahidləri haqqında geniş məlumat verirəm.

– Cismin çəkisi kütlə vahidləri ilə ölçürlər. Hələ qədim zamanlarda kütlə vahidlərindən istifadə olunmuşdur.

1 karat = 200 mq
1 batman = 8 kq
1 girvənkə = 409,5 q
1 pud = 16,380 kq

Bu vahidlərlə hesablamalar aparmaq bir qədər çətin olduğundan yeni kütlə vahidləri qəbul olunmuşdur – milliqram, qram, kiloqram, sentner, ton. Çəkisi az olan əşyalar qram və milliqramla ölçülür (qızıl, dərman). Çəkisi çox olan əşyalar sentnerlə, tonla ölçülür (taxıl, maşın). Gündəlik həyatımızda isə yarım və bir kiloqram adlı kütlə vahidindən istifadə edirik. Cisimlərin kütləsini tərəzi adlanan cihazla ölçürlər. Ən qədim tərəzi şəklini, daha sonra müxtəlif şəkilləri nümayiş etdirirəm. Əyaniliyə geniş yer verərərək əl tərəzisini, qollu tərəzini, çəki daşlarını təqdim edirəm. Bir neçə şagird əl tərzisi ilə çantasını çəkir və məlumatı təqdim edir.

Tədqiqatın aparılması: İş vərəqləri paylanır. Qrup işlərində əsas diqqət iş vərəqlərinə yönəldiyi üçün onların tərtibatını maraqlı və rəngarəng hazırıamaq lazımdır. Genişləndirmə sualları ilə iş vərəqlərini hazırlamaq məqsədə uyğundur.

Kütlə vahidləri öyrənilən bir dərsdə iş vərəqlərindəki tapşırıqlar bu cür verilə bilər:

Şəkil

Şəkil

Bu tapşırıqda kisədəki unun çəkisini tapmaq tələb olunur. Məchul tapmaq qaydasını yadımıza salırıq. Məchul toplanananı tapmaq üçün cəmdən məlum toplananı çıxmaq lazımdır. Eyni zamanda tənliyin yaranması qeyd olunur. Məchulu olan bərabərlik tənlik adlanır.

x + 25 kq = 90 kq
x = 90 kq – 25 kq
x = 65 kq

Deməli kisədə 65 kq un var.

2. Bu tapşırığa görə – 1000 q = 1 kq olduğu nəzərə alınaraq cədvəl doldurulur:

Şəkil

Şəkil

Şəkil

Şəkil

Vurma bacarıqları yoxlanılır:

Bu tapşırıqda isə 1000-ə tamamlama vərdişləri təkrar olunur.

Dərs zamanı şagirdlərin qrupla işləməsi, onları əməkdaşlığa, birgə səy göstərməyə, çalışqan şagirdlərin zəif şagirdlərə müsbət təsiri baxımından çox vacibdir. Problemlərin həlli zamanı müzakirə etmək, fikir mübadiləsi aparmaq şagirdlərin nitq bacarıqlarının inkişafına əsaslı təsir göstərir.

İnformasiya mübadiləsi: Qrup rəhbərləri təqdimat edirlər, cavabların düzgünlüyü yoxlanılır. Əvvəlcədən təyin olunmuş meyarlara əsasən qrupların qiymətləndirilməsi aparılır. Rəngli stikerlərdən istifadə etməklə şagirdləri həvəsləndirmək olar.

İnformasiya müzakirəsi: Dərsliklə iş aparılır.

Tapşırıq 1-də. Verilmiş şəkillərə uyğun kütlə vahidləri seçilərək, şagirdlərin təxminetmə bacarıqları yoxlanılır.

Tapşırıq 2-də. Tez vaxtda (2 dəqiqə) ərzində suallar ritmik sayma yolu ilə cavablandırılır.

Tapşırıq 3. Yazılır və yoxlanılır.

Tapşırıq 4 və 5 şifahi yerinə yetirilir.

Yaradıcı tətbiqetmə: Alınan bilikləri möhkəmləndirmək, necə mənimsənildiyini yoxlamaq məqsədi ilə İş dəftərində, mövzu ilə bağlı 1-ci tapşırıq yerinə yetirilməyə verilir, qiymətləndirilir.

Ümumiləşdirmə və nəticə: Gündəlik həyatımızda, iqtisadiyyatımızda, bir çox hesablamalarda kütlə vahidlərindən geniş istifadə olunur. Bəzən kq-ı qrama, tonu sentnerə çevirmək lazım olur.

1 q = 1000 mq
1 kq = 1000 q
1 s = 100 kq
1 t = 1000 kq
1 t = 10 s

Hesablamaları düzgün və tez yerinə yetirmək üçün kütlə vahidlərini bilmək lazımdır.

Ev tapşırığı: İş dəftərindəki tapşırıq 3-ün evdə yazılmağa,hər şagirdin öz çəkisini öyrənib vərəqdə qeyd etməyi tapşırılır.

Qiymətləndirmə: Təqdimata, dərs boyu şagirdlərin faəllığına, tətbiqetmənin nəticələrinə görə aparılır.

Biliyin kateqoriyaları (Deklorativ, Prosedural, Kontekstual) yolu ilə qazanılan biliklər, Fəaliyyətin növləri (idraki, ünsiyyət, psixomotor) – yəni bacarıqlar yolu ilə didaktik materiallarda tətbiq olunur.

“Bütün fənlər”, “Qiymətləndirmə”, “Yarpaq testlər” – kimi əlavə materiallardan istifadə olunması, biliklərin möhkəmləndirilməsinə və şagirdlərin fərdi iş qabiliyyətlərinin formalaşmasına müsbət təsir göstərir.

Nailə MAHMUDOVA,
Naxçıvan Muxtar Respublikası Şərur rayon 1 nömrəli
tam orta məktəbin
ibtidai sinif müəllimi

Filed in: DƏRS -RİYAZİYYAT

Hələ şərh yoxdur

Şərh yazın